Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ceyhun Bayramov: “Nazirlər Kabinetinə bütün məqamlar nəzərə alınaraq, ölçülüb-biçilmiş təklif təqdim edəcəyik”

Dünyada tüğyan edən COVİD-19 virusu və onun yaratdığı epidemiya insanlardan praqmatik yanaşmalar tələb edir. Ayrı-ayrı ölkələr bir-birinə oxşar addımlarla virusun yayılmasının və daha ağır nəticələrə səbəb olmasının qarşısını almağa çalışır. Bu sahədə Azərbaycan da müsbət təcrübə əldə edib. Belə ki, dünyada olduğu kimi, ölkəmiz üçün də hər keçən gün təhlükə daha da artır. Odur ki, riski minimuma endirəcək qabaqlayıcı tədbirlər həyata keçirilir. Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən operativ qərargahın bu məqsədlə atdığı addımlardan biri də ölkədəki təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı qərar olub. Təhsil naziri Ceyhun Bayramov martın 10-da AzTV-nin “Hədəf” verilişinə müsahibəsində bu qərara səbəb olan şəraiti qiymətləndirib, itirilmiş dərs saatlarının kompensasiyası məqsədilə görülən işlərdən və I sinfə qəbul prosesinin gedişindən danışıb.
- Tədris prosesinin martın 27-dək dayandırılması hansı zərurətdən doğdu?
- Martın 2-dən Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınması, bu sahədə tibbi-profilaktik, dezinfeksiyaedici və başqa qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə tədris, təlim-tərbiyə prosesinin dayandırılması və kütləvi tədbirlərin təxirə salınmasına qərar verilib. Nazirlər Kabinetinin qərarı ilə fasilə ilkin olaraq 3-9 mart müddətində nəzərdə tutulsa da, sonradan bu müddət martın 20-dək uzadılıb. Martın 20-dən bayram olduğundan ilk dərs günü martın 27-si olaraq müəyyənləşdirilib. Bu müddət ərzində Azərbaycan Respublikası ərazisində olan bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və tədbirlərin təxirə salınmasına dair qərar qəbul edilib. Dünya ölkələrinə nəzər salanda görürük ki, sözügedən virus infeksiyası ilə mübarizədə ayrı-ayrı dövlətlər oxşar tədbirlər həyata keçirirlər. Azərbaycanda da qabaqlayıcı tədbir üçün bir neçə məqam nəzərə alınıb.
Ölkəmizdəki ümumtəhsil müəssisələrində təhsil alan 1.6 milyona yaxın şagird, 200 minə yaxın tələbə var. Müəllimlər və övladlarını məktəblərə gətirən valideynləri nəzərə alanda, hər gün məktəblə əlaqəsi olan 2 milyondan artıq böyük bir kontingentdən söhbət gedir.
Onların təhlükəsizliyi məqsədi ilə tədris prosesi dayandırılmadan öncə də dezinfeksiya tədbirləri həyata keçirilirdi. Ancaq fasilə elan edilməsi bu prosesin daha sistemli, daha sürətli həyata keçirilməsinə imkan yaradıb. Eyni zamanda, tədrisin dayandırılması insanların nəinki təhsil müəssisələrində, eyni zamanda başqa ictimai yerlərdə, nəqliyyatda bir yerdə olmasının qarşısını alır. Bu, həm də şəhərdaxili və şəhərlərarası nəqliyyatdan istifadə edənlərin azalması deməkdir. Yəni, nəqliyyatda yükün azalması dezinfeksiyaedici tədbirlər həyata keçirən həmin qurumların da işini asanlaşdırır. Nəticə etibarilə, bu tədbirlərin görülməsi səhiyyə işçilərinə öz işlərini rahat şəkildə həyata keçirmələri üçün əlavə imkanlar yaradır. Bu da vəziyyətin lokallaşdırılması, nəzarətə götürülməsi üçün əlverişlidir.
- Dezinfeksiyaedici tədbirlər necə həyata keçirilir: birdəfəlik, yoxsa sistemli?
- Dezinfeksiyaedici tədbirlər ilboyu həmişə həyata keçirilsə də, vəziyyətlə əlaqədar olaraq, hələ tədris prosesinə fasilə verilmədən öncə də xüsusi ixtisaslaşdırılmış qurumlar tərəfindən bu proses gücləndirilmiş rejimdə həyata keçirilib. Ancaq tədris prosesi dayandırıldıqdan sonra səmərəliliyi və sürəti artırmaq imkanı əldə etdik. Onu qeyd edə bilərəm ki, bu müddət ərzində 4352 təhsil müəssisəsində dezinfeksiya işləri həyata keçirilib.
Bundan başqa, mütəxəssislərin iştirakı ilə xüsusi tövsiyələr hazırlanaraq təhsil müəssisələrinə göndərilib.
Özündə iki istiqaməti ehtiva edən tövsiyələrdə xüsusi qurumların həyata keçirdiyi dezinfeksiya zamanı və ondan sonra təhsil müəssisələrində diqqət edilməli olan məqamlar əksini tapıb. Dezinfeksiyaedici tədbirlər zamanı hansı məqamlara diqqət yetirilməlidir? Dezinfeksiya zamanı hansı əşyalar qorunmalıdır? Bir sözlə, tövsiyələrdə prioritet olaraq nələrə önəm verilməli olduğu əksini tapıb. Hətta havalandırmanın dezinfeksiyadan öncə, yoxsa sonra həyata keçirilməsi, dezinfeksiyadan sonra təmizliyin hansı formada, hansı ardıcıllıqla aparılmalı olduğu tövsiyə olunub. Eyni zamanda, hazırda aidiyyəti qurumlarla məsləhətləşmələr davam edir. Dezinfeksiyanın hansı müddətdən bir aparılması müzakirə olunur. Həmin müzakirələrin nəticəsi olaraq, növbəti mərhələdə dezinfeksiya işlərinin aparılması vaxtı və forması müəyyən edilərək ona uyğun işlər həyata keçiriləcək.
- İlk dəfədir ki, belə bir vəziyyətlə üzləşirik. Ona görə də buraxılan dərs saatlarının necə kompensasiya ediləcəyi ilə bağlı cəmiyyətdə narahatlıq var.
- Tədrisdə fasilə ilə bağlı qərar veriləndən dərhal sonra Təhsil Nazirliyi tərəfindən şəhər, rayon təhsil şöbələrinə, yerli təhsili idarəetmə orqanları vasitəsi ilə təhsil müəssisələri rəhbərlərinə tövsiyələr göndərilib. Onlara mövcud olan resurslardan istifadə etməklə valideynlərin də məlumatlandırılması tövsiyə edilib. Ötən həftədən başlayaraq, mütəxəssislərlə birlikdə yeni yanaşmaya start verdik. I-XI siniflərdə martın 3-dən başlayaraq buraxılmış günlərə uyğun olaraq ayrı-ayrı fənlər üzrə müxtəlif siniflərdə aidiyyəti fənn proqramlarına uyğun olaraq videodərslərin çəkilməsi prosesinə başladıq. Həmin videodərslərdə izahat tələb edən mövzular seçilib və mövzulara uyğun tapşırıqlar verilib. Videodərslər mart ayının 11-dən başlayaraq “Mədəniyyət” kanalında yayımlanır. Səhər saat 10.00-dan 16.00-dək bütün sinifləri əhatə etməklə xüsusi videobloqlar təqdim edilir. Bir videoblokda bir sinfə aid 3-4 fənnə dair videodərslər olur. “Mədəniyyət” kanalının bütün ölkə ərazisində yayımlanması videodərslərdən bütün məktəblilərin yararlanmasına imkan verir. Yeri gəlmişkən, müraciətimizə operativ qaydada müsbət cavab verərək kifayət qədər böyük efir vaxtı ayıran Azərbaycan Televiziyasına minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, Təhsil Nazirliyinin digər elektron portalları və sosial şəbəkə hesablarından da videodərslərə baxmaq mümkün olacaq. Odur ki, “Mədəniyyət” kanalında baxa bilməyənlər həmin səhifələrdə dərsləri istədiyi vaxt açıb izləyə biləcəklər. Hesab edirik ki, ölkənin təcrübəli müəllimləri tərəfindən hazırlanan videodərslər müəllim və valideynlər üçün çox böyük əlavə resursdur. Qeyd edim ki, indiyədək də müəllimlərimizin çoxu bir çox vasitələrdən, sosial şəbəkələrdən istifadə edərək şagirdlərinə tapşırıqlar verib.
Bu sahədə həyata keçirilən tədbirlərdən danışarkən onu da qeyd etməliyəm ki, təcrübəli mütəxəssislərin iştirakı ilə videodərslərdə qoyulan mövzular üzrə şagirdlərin çətinliyinin ortaya çıxa biləcəyi də nəzərə alınıb. Ona görə də təcrübəli mütəxəssislərin iştirakı ilə canlı bağlantıların qurulması nəzərdə tutulub.
Qoyulan mövzularla əlaqədar sual yaranarsa, canlı bağlantıya qoşularaq şagirdlər daha ətraflı izahat əldə edə biləcək, mütəxəssislərlə mövzunu müzakirə edəcəklər. Hesab edirik ki, mövcud vəziyyətdə bu, şagirdlərimiz üçün yaxşı çıxış yoludur və onlar kifayət qədər çox olan asudə vaxtını səmərəli dəyərləndirərək proqramda olan boşluqları doldurmaq üçün istifadə edəcəklər.
- Çox funksional bir sistem fikirləşmisiniz. Mənə elə gəlir ki, onun səmərəsi heç kimdə şübhə doğurmalı deyil. Bəs, dərs ilinin uzadılması nəzərdə tutulurmu? Belə bir fikir varsa, nə qədər müddətə ola bilər?
- Hazırda Təhsil Nazirliyində mütəxəssislər buraxılmış dərslərin əvəzlənməsi, bərpa olunması ilə bağlı müxtəlif variantları nəzərdən keçirirlər.
Tədris prosesi bərpa olunandan sonra şagirdlərin videodərslər vasitəsilə buraxılan mövzuları nə qədər mənimsəyə bildikləri ilə bağlı ola bilsin, siniflərdə müəllimlərimizlə qiymətləndirmələr həyata keçirəcək, boşluğun şərti olaraq neçə faiz təşkil etdiyini müəyyənləşdirəcəyik.
Bu və digər məsələlərlə bağlı əlimizdə daha ətraflı məlumatımız olacaq və bu məlumat əsasında yekun təklifi hökumətə təqdim edəcəyik. Ölkədə tədris prosesinin müddəti ilə bağlı qərar hökumət tərəfindən verildiyindən müddətin uzadılması ilə bağlı qərarı da Nazirlər Kabineti verəcək. Biz Nazirlər Kabinetinə bütün məqamlar nəzərə alınaraq, ölçülüb-biçilmiş təklif təqdim edəcəyik.
- Təhsil müəssisələri məcburi tətildədir. Bu vəziyyət müəllimlərlə yanaşı, təhsil müəssisələrində çalışan insanların əməkhaqqına, sosial vəziyyətinə necə təsir göstərəcək?
- Sualınıza cavab olaraq qeyd etməliyəm ki, Azərbaycan qanunvericiliyinə əsasən, işçinin günahı olmadan hər hansı fasilə yaranırsa, həmin müddət üçün əməkhaqqının ödənilməsi adi qaydada həyata keçirilir.
Xüsusi olaraq onu da vurğulamaq istərdim ki, insanların əməkhaqqının vaxtlı-vaxtında hesablanması və ödənilməsi hər zaman Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan ümdə məsələlərdən biridir. Ona görə də təhsil işçilərinin əməkhaqqının vaxtında hesablanması və ödənilməsində hər hansı problem olmayacaq.
- Prosesi valideynlər də kifayət qədər həyəcanla izləyir. Onlara tövsiyələriniz varmı?
- Onu deməliyəm ki, bu vəziyyətlə qarşılaşdığımız andan etibarən həmkar qurumlarla əlaqədəyik. Müvafiq məlumatları toplayırıq. Təhsilverənlərə, şagirdlərə və valideynlərə onlara aid formada cəmləşdirib mütəmadi şəkildə təhsil müəssisələrinə təqdim edirik.
Eyni zamanda, televiziyanın imkanlarından istifadə edərək şagirdlərə və onların valideynlərinə gigiyenik qaydalara ciddi şəkildə əməl etmələrini, qrip və başqa respirator xəstəliklərə yoluxan insanlardan uzaq durmalarını, öz sağlamlıqlarını qorumalarını tövsiyə edirəm.
Öz səhhətində hər hansı problem müşahidə etdikdə dərhal həkimə müraciət etsinlər. Məcbur olmadıqca bu günlərdə kütləvi tədbirlərə, xüsusən qapalı yerlərdə təşkil edilən tədbirlərə qatılmasınlar. Ümid edirəm ki, məktəblilər də təqdim edilən imkanlardan maksimum istifadə edəcək, istər “Mədəniyyət” kanalında yayımlanan videodərslərdən, istərsə də, digər elektron portallarımızda yerləşdirilən müxtəlif fənləri əhatə edən videolardan, xaricdən adaptasiya edilmiş elektron resurslardan, özündə bir sıra əlavə öyrənmə materiallarını ehtiva edən 256 elektron dərslikdən istifadə edərək yaranmış fasiləni səmərəli dəyərləndirəcəklər. Ümumiyyətlə, hər kəsə müraciət edərək bildirirəm ki, yalnız rəsmi mənbələrdə olan məlumatlara əsaslansınlar. Sosial şəbəkələrdə həqiqəti əks etdirməyən başqa məlumatlar da yayılır. Ümid edirəm ki, bu vəziyyət uzun çəkməyəcək və hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməklə ölkəmizdə vəziyyətin daha qısa müddətdə nəzarətə alınması, bu problemin həll olunmasına öz töhfəsini verəcək.
- I sinfə qəbul başlayıb. İstərdik ki, bu sahədə vəziyyətlə bağlı məlumat verəsiniz.
- Birinci sinfə qəbul hər il həyata keçirilən böyük tədbirlərdən biridir. Artıq bir neçə ildir elekton qaydada həyata keçirilən prosesin ildən-ilə miqyası genişlənir. Builki qəbulda yenilik ondan ibarətdir ki, artıq qəbul bütün ölkə ərazisində elektron qaydada həyata keçirilir. Eyni zamanda, ötən ildən etibarən məktəbəhazırlıq qruplarına qəbulun da elektron qaydada həyata keçirildiyini nəzərə alsaq, deyə bilərik ki, bu il 100 mindən artıq şagird avtomatik qaydada I sinfə adlayır. Hazırda davam edən birinci sinfə qəbul prosesi övladları məktəbəhazırlıq qruplarına cəlb edilməmiş valideynlər üçün nəzərdə tutulan bir mərhələdir. Martın 10-dan başlayaraq 3 gün ərzində həmin valideynlər öz şəxsi kabinetlərini yaradıblar. Martın 13-dən şəxsi kabinetinə daxil olaraq hər kəs öz uşağı üçün məktəb, müəllim seçimini həyata keçirəcək. Məktəbəhazırlıq qruplarına cəlb edilənlərin əhatəsi isə ildən-ilə genişlənir. Bu ildən məktəbəhazırlıq qruplarının 5 yaşlıların 85 faizini əhatə etdiyini nəzərə alsaq, birbaşa birinci sinfə gələnlərin sayı hər il azalır. Əsas məqsədimiz göstərilən xidmətin maksimum rahat şəkildə həyata keçirilməsidir. Onu da qeyd edim ki, tədris üçün digər dilləri seçənlər müsahibədən keçməlidirlər. Onların da məktəbəhazırlıqdan gələn hissəsi artıq müsahibələrdə iştirak ediblər. Qalanları isə növbəti aylarda bu mərhələdən keçəcəklər.
- Tədrisdə fasilə sizin üçün, Nazirliyin bütün əməkdaşları üçün ağır, riskli dövrdür. Sizə uğurlar diləyirəm.


Tarix: 4-06-2020, 14:01

Xəbəri paylaş