Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Fəal təlim metodları

  
Sədrəddin Bədiyev,
ADPU-nun Şəki filialının kafedra müdiri, dosent

Respublikamızda istər ümumorta, istərsə də ali təhsilin səviyyəsinin  yaxşılaşdırılması dövlətimizin diqqət yetirdiyi sahələrdən biridir. Ümummilli lider Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir. Millətin, dövlətin gələcəyi, inkişafı təhsildən asılıdır”.
XX əsrin sonu, XXI əsrin ilk onilliklərinə nəzər yetirsək deyə bilərik ki, respublikamızda təhsil inkişaf etməkdədir. Bunun özünəməxsus səbəbləri vardır: 1. İndiki uşaq­larla 30-40 il əvvəlki uşaqları müqayisə etsək, deyə bilərik ki, elmi-texniki tərəqqi əsrində yaşayan müasir uşaq­lar hər şeylə maraqlanır, bilmək istəyirlər. Uşaqlarda olan öyrənmə maraqları həm də təhsilimizin Qərb təhsilinə inteqrasiya etməsi, onlarda olan qabaqcıl təhsil üsullarının təhsilimizə gətirilməsi ilə bağlıdır desək, səhv etmərik. 2. Dövlətimizin təhsilə göstərdiyi qayğı; müasir tələblərə cavab verən təhsil müəssisələrinin istifadəyə verilməsi, həmin müəssisələrin  lazım olan resurslarla təmin edilməsi- bir sözlə, müasir tələblərə cavab verəcək infrastrukturun yaradılması.
Bütün bunların əsasında dövlətimizin keçən əsrin 90-cı illərindən bu yana təhsilin inkişafı ilə bağlı olan qərar, qanun, sərəncamları durur.
Gənc nəslin formalaşmasında, səviyyəli təhsilə diqqətin artırılmasında müəllimlərimizin əməyini də unutmaq olmaz. Söhbət necə müəllimlərdən gedir? Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ”Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan, innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmu­nunun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənin formalaşdırılması” vacib hədəflərdən biri kimi göstərilir.
Dövlət strategiyasında  təlim prosesini səmərəli təşkil etməyə imkan verən yollardan biri kimi innovativ metodlar göstərilir. Aparılan çoxsaylı təcrübələr təsdiq etdi ki, innovativ metodlar təhsilə yeni ruh, maraq gətirdi, şagirdləri fəallaşdırdı, yaradıcılığını inkişaf etdirməyə təkan verdi.
Şagirdlərdə yuxarıda göstərilən xüsusiyyətləri inkişaf etdirməyə imkan verən, məktəblərimizdə bir o qədər də tətbiq edilməyən  bir neçə innovativ təlim metoduna diqqət yetirək. Bu metodlar “aktiv oxu üsulları” kimi adlandırıla bilər.
Aktiv (fəal) oxu üsulları şagirdlərin dərk etməsini, fantazi­yasını, yaradıcılıq qabiliyyətini inkişaf etdirməklə yanaşı, təlimə maraq formalaşdırır.                                                                                                  
Aktiv oxu üsulları o zaman faydalı olur ki:
- Şagirdlər öyrənmə məsuliyyətini öz üzərlərinə götürmək üçün həvəsləndirildikdə;
- Şagirdlər düşünməyə cəlb edildikdə;
- Rəngarəng formalı aktiv oxu üsulları təklif edildikdə;
- Hər bir şagird öyrənmədə şəxsən iştirak etdikdə;
- Fəaliyyətlərini planlı şəkildə həyata keçirdikdə;
- Problem ətrafında qrupdaxili müzakirə təşkil etdikdə;
- Öz işlərini kollektiv şəkildə qiymətləndirdikdə.
Aktiv oxu üsullarından həm ibtidai, həm də yuxarı si­nif­lərdə istifadə edilə bilər. Bir neçə fəal (aktiv) oxu üsuluna diqqət yetirək.
1. Sistemləşdirmə (ardıcıllaşdırma)
Effektiv üsuldur. Proqram üzrə keçirilməsi nəzərdə tutulan möv­zu şagirdlərə bir neçə dəfə oxutdurulur. Mətnlər qrup­lardan götürülür. Mətndəki hər bir cüm­l­ə ayrı-ayrı sətirlərdə yazdırılır (bu prosesə müəllim dərsdən qa­baq hazırlıq görür). Cümlələr qayçı ilə kəsilərək bir-birindən ayrılır. Kəsmə əməliyyatını qruplar özləri də edə bilər. Cümlələr ya­zılmış hissələr qarışdırılaraq qruplara verilir. Təklif edilir ki, mət­ni əvvəlki kimi  bərpa edərək, başqa vərəqə yapışdırsınlar. Sonda qruplar təq­dimatla çıxış edirlər.
Məsələn, ibtidai siniflər üçün nəzərdə tutulmuş belə bir möv­zu­ya diqqət yetirək:
Yay istirahətim
Babam kənddə yaşayır. Mən yay istirahətimi kənddə ke­çir­məyi xoşlayıram. Ona görə də hər yay istirahətimi babamın kən­din­də keçirirəm. Babamın yaşadığı kənd yaşıl meşəli dağın ətəyində yer­ləşir. Kəndin hər iki tərəfindən çay axır.
Mən kəndə istirahətə gedəndə günümün çox hissəsini kənd uşaq­ları ilə keçirirəm. Onlar mənimlə oynamağı, mənim yanımda ol­mağı çox xoşlayırlar. Onlar həmişə mənim məsləhətimə, təkliflə­ri­mə, göstərişimə əməl etməyə çalışırlar. Kənd uşaqları ilə müxtəlif oyun­lar oynayır, çayın kənarına gəzintiyə gedirik. Çayda daşlarla qa­ba­ğını kəsdiyimiz göldə çimməyi bütün uşaqlar kimi mən də xoş­layıram. İstirahət günlərimin necə gəlib keçdiyini bilmirəm. Kənd­dən və kənd uşaqlarından təəssüf hissi ilə ayrılıram.
Şəhərə qayıtdıqdan sonra sinif yoldaşlarıma kənddə gördüklərimi sevinc hissi ilə danışıram. Onlar maraqla mənə qulaq asırlar.
Mətnin tələb olunan qaydada yazılış forması:
Yay istirahətim
Babam kənddə yaşayır.
Mən yay istirahətimi kənddə keçirməyi xoşlayıram.
Ona görə də hər yay istirahətimi babamın kəndində keçirirəm.
Babamın yaşadığı kənd yaşıl meşəli dağın ətəyində yerləşir.
Kəndin hər iki tərəfindən çay axır.
Mən kəndə istirahətə gedəndə günümün çox hissəsini kənd uşaq­ları ilə keçirirəm.
Onlar mənimlə oynamağı, mənim yanımda çox olmağı xoşla­yır­lar.
Onlar həmişə mənim məsləhətimə, təkliflərimə, göstərişimə əməl etməyə çalışırlar.
Kənd uşaqları ilə müxtəlif oyunlar oynayır, çayın kənarına gəzintiyə gedirik.
Çayda daşlarla qabağını kəsdiyimiz göldə çimməyi bütün uşaqlar kimi mən də xoşlayıram.
İstirahət günlərimin necə gəlib keçdiyini bilmirəm.
Kənddən və kənd uşaqlarından təəssüf hissi ilə ayrılıram.
Şəhərə qayıtdıqdan sonra sinif yoldaşlarıma kənd təəssü­ra­tım­dan sevinc hissi ilə danışıram.
Onlar maraqla mənə qulaq asırlar.
Qrup şagirdləri ikinci formanı sətirbəsətir qayçı ilə kəsir, qa­rış­dırır və başqa vərəqə ardıcıl olaraq yapışdırmaqla mətni bərpa edir­lər. Qrupların təqdimatı ilə qiymətləndirmə aparılır.
2. Kloz.
Kloz öncəgörmə xarakterli üsuldur. Şagirdlərin öyrənəcəyi mətn­dəki sözlər müəyyən intervallarla silinir. Şagirdlərdən tələb olu­nur ki, silinmiş sözləri tapıb yerinə yazmaqla mətni əvvəlki kimi bər­pa etsinlər. Bu zaman hazır mətn qruplarda olmamalıdır. Buraxı­la­sı sözlər əsas sözlər olmalıdır. Mətnin ilk iki və son iki cüm­­lə­sin­dən söz buraxmaq məsləhət deyildir. Bu ona görə lazımdır ki, şa­gird­lər mətnin üslubunu və müəyyən dərəcədə məzmunu “tuta” bil­sin­lər.
Buraxılan sözlərin müxtəlifləşdirilməsi və həmin sözlərin ve­ril­miş bir neçə söz arasından seçilə bilməsi imkanı yaratmaqla, bu üsul­dan fərqli qabiliy­yətlərə malik olan qruplar üçün fərqləndirilmiş for­mada istifadə etmək imkanı qazanılır.
Məsələn:
Bozdar
Əli baba kənddə yaşayırdı. O çoban idi. Onun Bozdar adında bir iti var idi. Əli baba qoyun sürüsünü yaylağa çıxaranda it onun kö­məkçisi olurdu. Əli baba bəzən çadırda istirahət edərkən Bozdar sü­rüyə nəzarət edir, sürünü qurd-quşdan qoruyurdu.
Günlərin bir günü Əli baba gördü ki, it kefsizdir. Gün­bə­gün itin vəziyyəti ağırlaşır. İt hətta yemək də yemirdi. Əli baba ba­şa düşdü ki, it ağır xəstələnmişdir. Bildiyi müalicə üsullarına əl at­sa da iti sağalda bilmir. O kəndin baytar həkiminə müraciət etməli olur. Baytar həkim yaylağa gəlir. İti diqqətlə müayinə edir. İtə key­ləş­dirici iynə vurduqdan sonra ağzını açır. Görür ki, itin boğazında sü­mük qalıb. Həkim sümüyü çıxarır.
Bir neçə gün sonra itin baxışında Əli baba ona qarşı olan məm­nunluq hissini duyur, sanki bununla it Əli babaya öz min­nə­t­dar­lı­ğını bildirirdi.
Əli babanın iti əvvəlki kimi onun köməkçisinə çevrildi.
Mətnin bəzi sözlər buraxıldıqdan sonrakı forması:
Bozdar
Əli baba .......... yaşayırdı. O çoban idi. Onun ....... adında bir iti var idi. Əli baba qoyun sürüsünü ........... çıxaranda it onun kö­mək­çisi olurdu. Əli baba bəzən ........... istirahət edərkən Bozdar ........... nəzarət edir, sürünü .................... qoruyurdu.
Günlərin bir günü Əli baba gördü ki, it kefsizdir. Gün­bə­gün itin vəziyyəti ağırlaşır. İt hətta ......... də yemirdi. Əli baba ba­şa düşdü ki, it ağır xəstələnmişdir. Bildiyi ......... üsullarına əl atsa da iti sağalda bilmir. O kənd .......... həkiminə müraciət etməli olur. Bay­tar .......... yaylağa gəlir. İti diqqətlə .......... edir. İtə keyləşdirici ....... vurduqdan sonra ağzını açır. Görür ki, itin ............ sümük qa­lıb. Həkim .............. çıxarır.
Bir neçə gün sonra itin baxışında Əli baba ona qarşı olan ................ hissini duyur, sanki bununla it Əli babaya öz ........................bildirirdi. ........................... iti əvvəlki kimi onun kö­mək­çisinə çevrildi.
Təlim fəaliyyətinin sonunda qruplar təqdimatla çıxış edirlər, qiymətləndirilirlər.
3. Vurğulama.
Bu üsuldan ayrı-ayrı sözləri, ifadələri, cümlələri və ya digər mə­lu­matları seçmək üçün istifadə olunur. Vurğulanası sözlərin, an­la­yışların, ifadələrin altından kodlaşdırılmış rəngli xətlər çəkmək la­zım­dır. Bu zaman flamasterlərdən istifadə etmək olar. Vurğulamanı di­gər fəal oxu üsulları ilə (adlandırma, cədvəlləşdirmə və s.) birgə apa­rıldıqda - mətnlə əlaqədar istiqamətləndirilmiş çalış­manın həlli şa­girdlər tərəfindən müvəffəqiyyətlə həyata keçirilə bilər.
Misal:
Beş çörək (özbək nağılı)
Bir kişi hər gün bazara gedib beş dənə çörək alarmış.
Bir dəfə dostlarından birinə rast gəlir. Dostu ondan soruşur:
- De görək ki, sən nə üçün beş dənə çörək alırsan?
Kişi ona belə cavab verir:
- Birini mən özüm yeyirəm, ikisini borc verirəm, ikisini də bor­cuma verirəm.
-Başa düşmürəm, - deyə dostu dillənir. - Bir əməlli - başlı da­nış ki, səni başa düşə bilim.
-Məsələ belədir. Çörəyin birini mən özüm yeyirəm, ikisini uşaq­larıma verirəm, ikisini də atamla - anama.
Göstərilən mətn şagirdlərə təqdim edilir. Şagirdlər mətnlə ta­nış olduqdan sonra müəllim qruplara təklif edir ki, mətndəki aparıcı (əsas mahiyyət daşıyan) sözün altından qırmızı flamasterlə, növbəti əhə­miyyətə malik sözün altından göy flamasterlə və s. xətt çəksin­lər. Təqdim edilən mətndə əsas mahiyyət daşıyan söz ki­mi çörəyi, növbəti əhəmiyyətə malik söz kimi kişini götürmək olar. Belə seçim qrup­ların problemi həll etmək qabiliyyətindən asılı ol­du­ğu üçün müxtəlif nəticələr verə bilər. Təqdimatların təhlili sonda məq­sədə uyğun nəticənin alınmasına səbəb olur. Bu üsulla mətn­də­ki nitq hissələrini, sadə və mürəkkəb cümlələri; birinci və ikinci də­rə­cəli cümlə üzvlərini də müəyyənləşdirmək mümkündür. Bunlar mü­əllimin qruplar qarşısında qoyduğu problemlərdən asılıdır. Son­da qiymətləndirmə aparılır.
4. Adlandırma.
Şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməyə imkan ve­rən aktiv oxu üsullarından biridir. Qrup şagirdləri proqram üzrə verilmiş mət­ni bir neçə dəfə oxuyur, müzakirə edirlər. Mətnin ayrı-ayrı his­sələrinin (bunlar abzaslar da ola bilər) məzmununa uyğun qrup şa­gird­ləri “ad” müəyyən edirlər. Seçdikləri adı kiçik vərəqlərə yazaraq mət­nin müvafiq yerinə yapışdırırlar. Üzərində ad yazılmış və­rəq­cik “yar­lıq” adlanır. Yarlıqların həddindən çox olması məs­lə­hət bilin­mir. Lazım olarsa mətnin məzmununa uyğun cədvəllərdən, di­aq­ram­lardan istifadə etmək və ya hazırlamağı qruplara təklif et­mək olar.
Nümunəyə diqqət yetirək.  L.Tolstoyun “Qartal” he­ka­yəsini qrup şagirdlərinə bir neçə dəfə oxutduqdan sonra müəllim tək­lif edir ki, hekayənin ayrı-ayrı hissələrinə (bu hissələr abzaslar da ola bilər), məzmununa uyğun ad qoysunlar.
Məsələn, aşağıdakı kimi:
Qartal
Qartal dənizdən uzaqda, dağda uca bir ağacda yuva qurub bala çıxardı. Odunqıranlar              Qartal yuvası
gördülər ki, qartal caynaqlarında yekə bir balıq yuvaya uçdu.
Adamlar balığı görüb, ağacı dövrəyə aldılar.
Onlar qışqırdılar, qartala daş atdılar.             Balıq uğrunda mü­ba­rizə
Qartal balığı aşağı buraxdı. Adamlar balığı götürüb getdilər.
Qartal yuvanın yanına qondu. Balalar başlarını qaldırıb cikkildəməyə başladılar.
Onlar yemək istəyirdilər.
Qartal yuvaya enib, qanadları ilə balalarının üstünü örtdü, sığalladı ki, bir qədər gözləsinlər.           Ac qartal bala­ları
Balalar ucadan cikkildədilər. Qartal ağacın ən uca budağına qondu. Balaları şikayətlə daha bərkdən cikkildədilər.
Qartal birdən qıy çəkdi, qanadlarını qaldırıb, ağır-ağır dənizə tərəf uçdu.
Qayıdanda                 Balıq ovu
caynaqlarında balıq var idi. Qartal balığı parçalayıb balalarına yedizdirdi.
Göstərilən üsullar şagirdlərin idraki fəallığını təmin edir.


Tarix: 6-11-2019, 20:10

Xəbəri paylaş