"Uşaqların mobil vasitələrdən istifadə müddəti qısaldılmalıdır"
Qloballaşan dünya özünün müxtəlif texnologiyaları ilə yanaşı bir sıra texnogen fəsadları ilə də özünü göstərməkdədir. Bunlardan ən qabarığı isə hər birimizin həyatının ayrılmaz hissəsi olan mobil qurğular və onların insan orqanizminə, xüsusən də azyaşlı uşaqlar, şagirdlər üçün yaratdığı oftalmoloji problemlərdir. Son illərdə oftalmoloji problemlərin sürətlə artması fonunda şagirdlərin görmə qabiliyyətində də fəsadların çoxalması diqqətimizi bir daha bu problemə yönəltdi. Müsahibimiz isə Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının dosenti, tibb elmləri namizədi Hafiz Qəhrəmanovdur.
- Bu gün uşaqlar arasında ən çox rast gəlinən hansı oftalmoloji problemləri qeyd edə bilərsiniz?
- Bu gün uşaqlar arasında daha çox görünən oftalmoloji problemlərdən, ilk növbədə, miopiya (yaxın görmə), hipermetropiya (uzaq görmə), astiqmatizm kimi refraksiya qüsurlarını, çəpgözlüyü, anadangəlmə kataraktaları göstərmək olar. Bununla yanaşı, son dövrlərdə vaxtından əvvəl doğulmuş uşaqların sayının artması ilə əlaqədar retinopatiya hallarının da artması müşahidə olunur.
Uşaqlar arasında oftalmoloji problemlərin artması bir çox amillərlə şərtlənir: buraya telefonlar, planşetlər, kompüterlər kimi texnogen amillərin həyatımıza daha erkən daxil olması, ekologiya və ətraf mühitin həddən artıq çirklənməsi, yetərsiz və keyfiyyətsiz qidalanma, kiçikyaşlı uşaqların gözlərinin normanın çox üstündə yüklənməsi kimi amilləri göstərmək olar.
-Hansı əlamətlərə görə valideyn anlaya bilər ki, onun uşağında görmə pisləşir? Necə müəyyən etmək olar ki, uşağın görməsi qaydasında deyil? Uşaq özü şikayət etməyə başlayacaq?
- Əlbəttə uşaqlarda görmə qabiliyyətinin az olmasını adi gözlə təsbit etmək həm asan, həm də bir o qədər çətindir. Bunun üçün valideynin müşahidə qabiliyyətinin nə dərəcədə yüksək olmasından çox şey asılıdır. Çox vaxt valideynlər uşaqlarının televizora çox yaxından baxmalarından şikayət edirlər. Əlbəttə ki, bu hal görmə zəifliyinin göstəricisi ola bilər. Ancaq unutmayaq ki, kiçikyaşlı uşaqların televizora yaxından baxmalarının əsas səbəblərindən biri onların verilişə anlaya biləcəkləri məsafədən baxmaları səbəb olur. Bəzən də kiçikyaşlı uşaqlar pis görürəm və ya tor görürəm, ya da görmürəm kimi böyüklərdən eşitdikləri şikayətləri də təkrar edə bilirlər. İstənilən halda, hətta uşağında görmə zəifliyinə kiçik bir şübhəsi olan valideyn uşağı mütəxəssis müayinəsinə aparmalıdır.
- Göz xəstəlikləri, xüsusən də bu gün çox yayılmış uzağıgörməmə irsiyyətlə bağlıdırmı? Çox yayılmış çəpgözlükə hansı yaşdan ciddi məşğul olmaq lazımdır?
- Bu gün qeyd etdiyim kimi refraksiya qüsurları, o cümlədən yaxıngörmə-miopiya uşaqlar arasında zəif görmənin əsas səbəblərindən sayılır. Bəli, bu əksər hallarda irsiyyətlə-genetik amillərlə sıx bağlıdır. Çəpgözlük elə bir problemdir ki, onunla göründüyü andan məşğul olunmalıdır. Valideyn övladında çəpgözlük aşkar edərsə mütləq oftalmoloqa müraciət etməlidir. Çünki çəpgözlüyün səbəbləri təkcə əzələ zəifliyi, gözü hərəkət etdirən əzələlərin sinir təchizatında olan problemlər, müxtəlif refraksiya qüsurlar olmaya bilər. Eyni zamanda müxtəlif göz xəstəlikləri-anadangəlmə kataraktalar, retinopatiyalar və hətta uşağın həyatını belə təhlükə altına ala bilən retinoblas-toma kimi bədxassəli şişlər də ola bilər. Ona görə də çəpgözlüyü olan uşaqlar vaxtında ciddi müayinə olunub müvafiq müalicə tədbirləri aparılmalıdır.
- Görmənin pisləşməsinə hansı faktorlar təsir edə bilər? Görmə qabiliyyətinin qorunub saxlanması üçün biz real olaraq uşağa necə kömək edə bilərik?
- Görmənin pisləşməsi bir sıra amillərin təsiri altında baş verə bilər. Əvvəldə sadaladığım kimi bu amillərə irsi meyillik, texnogen amillər, görmə işinin normadan artıq olması, qaranlıqda və uzanmış vəziyyətdə dərs çalışması, gecə yuxu əvəzinə dərs çalışması, yetərsiz qidalanma, yuxusuzluq və s. aid oluna bilər. Görmə qabiliyyətini sağlam səviyyədə saxlamaq üçün ilk növbədə sağlam rejimi təmin etmək lazımdır: yetərli yuxu, düzgün qidalanma, görmə yükünün fasilələrlə olması, xüsusilə kiçikyaşlı uşaqların telefon istifadəsinə qadağa qoyulması, kompüterlərdən limitli istifadə, vitaminlərlə zəngin qidalanma, refraksiya qüsurları və digər göz xəstəliklərinin vaxtında aşkar edilib adekvat müalicə aparılması və s.
- Bugünkü şagirdləri mobil qurğulardan ayırmaq problemə çevrilib. Onların uşaq orqanizminə mənfi təsiri barədə nə deyə bilərsiniz?
- Əlbəttə, bugünkü dünyada texniki vasitələrdən istifadə etmədən həyatı təsəvvür etmək mümkün deyil. Təbii ki, uşaqların bu vasitələrdən istifadə etmək qaydalarına nə qədər erkən yiyələnmələrində elə bir zərər yoxdur. Ancaq bu vasitələrin istifadəsi valideyn tərəfindən ciddi məhdudlaşdırılmalı və nəzarət altında olmalıdır. Uşağın yaşı kiçik olduqca texnogen, mobil vasitələrdən istifadə müddəti qısaldılmalıdır. Əks təqdirdə uşaqda qısa müddətdə refraksiya qüsurunun ortaya çıxması kimi bir sürprizlə qarşılaşa bilərsiniz.
- Şagirdlərdə görmənin yüklənməsi baş verir. Bu yükü azaltmaq mümkünmü?
- Bəli, bu gün tək şagird deyil, tələbələr də, həkimlər, müəllimlər, jurnalistlər və digərləri də gözlərini normadan artıq yükləyirlər. Bu yaxşıdırmı?! Təbii ki, yox. Ona görə də əhalinin bütün yaşlarında olan təbəqələri görmə yorğunluğu deyilən sindromdan əziyyət çəkirlər. Şagirdlərdə bu yükü azaltmaq mümkündürmü? Bunun sadə həlli ola bilər: görmə işini azaltmaq, yəni oxumağı, yazmağı azaltmaq. Bu da işə yaramaz, verilən tapşırıqlar yarımçıq qalar. Digər daha rasional yolu isə, yaxın işini (oxuma-yazmanı) fasilələrlə görməkdir. Yəni, hər 1 saat dərs çalışması 5-10 dəqiqəlik fasilə ilə əvəzlənməlidir.
- Eynək və ya kontakt linzaları: sizin fikrinizcə, onlardan hansı uşaqlar üçün daha təhlükəsizdir? Və ümumiyyətlə uşaqlar linza gəzdirə bilərmi?
- Ümumiyyətlə, kontakt linzaları istənilən yaşda istifadə oluna bilər və müasir kontakt linzalar dizayn və hazırlandığı material baxımından göz üçün bir problem törətmir. Eynək və kontakt linzaları müqayisə etdikdə eynəklər çox təhlükəsiz vasitə sayılır. Əgər kontakt linzası gəzdirmək üçün özəl bir tələbat, durum, tibbi göstəriş yoxdursa, o halda eynək istifadəsi birinci seçim olmalıdır; belə halda kontakt linzası bir alternativ vasitə kimi istifadə oluna bilər.
- Bu gün yeniyetmələrdə rəngli linzalara həvəs çoxdur. Onlara necə baxırsınız?
- Yeniyetmələrin rəngli linza gəzdirmələrini tibbi baxımdan doğru hesab etmirəm. Bilmək lazımdır ki, kontakt linzası birbaşa gözün buynuz qişası üzərinə qoyulur və onun hava ilə birbaşa təmasını kəsir. Bu, normal şəraitdə heç bir əsas olmadan əleyhiqaz geyib bütün günümüzü əleyhiqazda keçirməyə bənzəyir. Ancaq digər tərəfdən də zövq, müasir dəb və yeniyetmə yaş: nə demək olar? Bəlkə də 1-2 dəfə özəl bir mərasimdə istifadə etmək olar.
- Bir çox valideynlər hesab edirlər ki, göz xəstəliklərinin profilaktikası üçün kök və ya qaragilədən fəal istifadə etmək lazımdır. Bu fikirlə razısınız?
- Əlbəttə yox. Tək qaragilə və ya kök yeməklə heç də göz xəstəliklərini profilaktika etmək olmaz. Düzünə qalsa, uşaq orqanizmi sağlamdırsa və sağlam yetərli qidalanırsa, yetərlidir. Düzgün qidalanma, vitaminlərlə bol qida uşağın ümumi sağlamlığına, o cümlədən gözünün sağlam qalmasına da müsbət təsir edir.
Oruc MUSTAFAYEV
Tarix: 2-04-2018, 11:00