ADNSU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin aparıcı universitetlərində görüşlər keçirib




Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdə olub. Səfər çərçivəsində ADNSU nümayəndələri Yıldız Texniki Universiteti, Gebze Texniki Universiteti və İstanbul Texniki Universitetində olub, burada görüşlər keçirərək akademik və elmi əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşlərdə universitet rektorları ilə yanaşı, kafedra müdirləri və professor-müəllim heyəti də iştirak edib. Müzakirələr zamanı ADNSU ilə Türkiyənin aparıcı texniki universitetləri arasında ikili əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, innovativ təhsil proqramlarının təşviqi və akademik təcrübə mübadiləsi əsas mövzulardan olub.
Rektor Rüfət Əzizov çıxışında mövcud əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin iki ölkənin ali təhsil müəssisələrinin təcrübələrinin paylaşılmasının qarşılıqlı faydalı olduğunu qeyd edib.
ADNSU-nun nümayəndə heyəti qeyd olunan ali təhsil müəssisələrinin laboratoriyaları və kompüter mərkəzlərini gəzərək universitetlərin maddi-texniki imkanları ilə daha da yaxından tanış olublar.
Görüşlərin nəticəsi olaraq tərəflər gələcəkdə birgə elmi-tədqiqat layihələrinin icrası, tələbə və müəllim mübadiləsinin artırılması, innovativ texnologiyalar və təhsil proqramları üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində razılaşmalar əldə ediblər.
Tarix: Bu gün, 21:18
