Nazir müavini: Son 10 ildə elmin inkişafına ayrılan dövlət vəsaiti iki dəfə artıb

Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalının inkişafı dayanır. Təsadüfi deyildir ki, son 10 ildə elmin inkişafına ayrılan dövlət vəsaiti iki dəfə artıb. 2024-cü ildə Azərbaycanda təhsil xərclərinə 4,5 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı ilin büdcəsində isə təhsil xərcləri üçün 5 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
O bildirib ki, insan resurslarının inkişafı ilə bağlı qlobal çağırışlara cavab vermək üçün vətəndaşlara yeni bilik və bacarıqlar qazandırmağı hədəfləyən proqramlar həyata keçirilir. Təhsilin keyfiyyətinin artırılması, bütün təhsil səviyyələrində rəqəmsal biliklərin aşılanması, ömür boyu öyrənmək prinsipinin tətbiqi bu baxımdan xüsusi qeyd edilməlidir. Bununla yanaşı, xaricdə beynəlxalq təcrübə qazanmış on minlərlə gənc ölkəmizin iqtisadi inkişafına öz töhfələrini verir.
Nazir müavini, həmçinin bildirib ki, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, ABŞ-ın “Coursera” şirkətinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası”nı bu kontekstdə misal çəkə bilərik. İndiyədək “Coursera” platformasından 55 mindən çox vətəndaş faydalanıb.
Tarix: Bu gün, 12:39
