Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Görkəmli şəxsiyyətlərin həyatından

  
 
ƏL-XARƏZMİ 
(787 - 850)

Orta əsr riyaziyyatçısı və astronomudur. Hesab haqqında traktatların müəllifidir. XII əsrdə onun əsərləri ərəb dilindən latın dilinə tərcümə olunmuşdur və onun əsasında avropalılar hind mövqeli hesablama sistemi ilə tanış olmuşlar.
Əl-Xarəzmi özünün «Kitabi müxtəsər əl-cəbr vəl-muğəbəla» əsərində ilk dəfə olaraq cəbrə riyaziyyatın müstəqil bir sahəsi kimi yanaşmış, 1 və 2 dərəcəli tənliklərin sistematik həllərini vermişdir. Bu əsər uzun əsrlər boyu Avropa alimlərinin stolüstü kitabı olmuşdur. İlk dəfə Əl-Xarəzmi hər hansı həddin bərabərliyin bir tərəfindən digər tərəfinə keçdikdə işarəsinin əksinə dəyişdiyini vermişdır. Onun astrolyabiya, günəş saatı, astronomiya, triqonometrik cədvəllər haqqında əsərləri vardır. Əl-Xarəzminin 1878-ci ildə tapılmış ən son əsəri «Yer Kürəsinin forması haqqında» adlanır. Müasir riyaziyyatda alqoritm anlayışı Əl-Xarəzminin avropalaşdırılmış adından götürülmüş və onun şərəfinə adlandırılmışdır.

ZENON
(b.e. 490 - 430 illər)

Qədim yunan filosofu, 40-dan artıq ziddiyyətli fikrin müəllifi kimi tanınır. Bu ziddiyyətli fikirlər çoxluqlara, sonsuzluqlara və hərəkətə aiddir. Məşhur «Axilles və tısbağa» ziddiyyətinin müəllifidir.
Bir dəfə tələbələri Zenona belə bir sualla müraciət edirlər: «Müəllim, siz bizə nisbətən daha artıq elmə sahibsiniz, lakin aşkar suallara da cavab verərkən xeyli fikirləşirsiniz. Nə üçün?»
Taxta üzərində bir böyük, bir kiçik dairə çəkən böyük alim deyir: «Kiçik dairənin sahəsi - bu sizin bildikləriniz, böyük dairənin sahəsi - bu mənim bildiklərim olsun. Gördüyünüz kimi mənim bildiklərim sizinkindən çoxdur. Lakin bu dairədən kənarda qalan hamısı nə mənim, nə də sizin dərk etmədiyimzdir. Bilirsiniz ki, böyük çevrənin uzunluğu kiçik çevrənin uzunluğundan çoxdur. Deməli, mənim bildiklərimin bilmədiklərimlə sərhədi sizinkindən çoxdur. Buna görə də mən həmişə çox fikirləşib, sonra cavab verirəm.

ÖMƏR XƏYYAM
(1048-1131)

Dahi fars-tacik şairi Ömər Xəyyam orta əsrlərin ən böyük cəbrşünas alimlərindən biri idi. Ömər Xəyyam Nişapur şəhərində çadraçı ailəsində anadan olmuş, İsfahanda, Səmərqənddə, İran və Orta Asiyanın bir sıra şəhərlərində yaşayıb yaratmışdır. Gənclik illərində Ömər Xəyyam astronomiya və riyaziyyat, daha sonra isə coğrafiya, fəlsəfə və poeziya ilə maraqlanmış və məşğul olmuşdur. Çox təəssüf ki, onun ilk işi olan «Hesabın çətinlikləri» əsəri bizə gəlib çatmamışdır. Daha sonra Ömər Xəyyam özünün ən samballı əsəri olan «Əl-cəbr və əlmüqəbala çalışmalarının isbatı haqqında» traktatını yazmışdır. Bu kitab da o dövrün demək olar ki, cəbr elminin bütün sahəsini əhatə edirdi. Bu əsərində Ömər Xəyyam cəbri tənlikləri siniflərə ayırmış; bir, iki, üç dərəcəli tənliklərin həlli yollarının geniş şəkildə təhlilini vermişdir. Bu isə cəbrə müstəqil elm kimi baxmaq idi. Üç dərəcəli tənliklərin həndəsi şərhini verməsi Ömər Xəyyama dünya şöhrəti gətirdi. Təsadüfi deyildir ki, Ömər Xəyyamın fikirlərinə istinad edən fransız riyaziyyatçısı R.Dekart riyaziyyatın yeni sahəsini - «Analitik həndəsə»ni yaratmışdır.
***
Ömər Xəyyamın şairliyindən söhbət düşəndə, dahi alim deyərdi:
-Mən şair deyiləm, mən aliməm, şair Firdovsidir.

SAMOSLU PİFAQOR
(e.d: 570 - 500)

Qədim yunan alimi və mütəfəkkiri, pifaqorizmin banisi olmuşdur. Həndəsənin inkişafında böyük xidmətləri var. Düzbucaqlı üçbucaq üçün - Pifaqor teoremini o vermişdir. Bir neçə çoxbucaqlının və çoxüzlünün qurulması qanunauyğunluğunu və oxşarlıq anlayışını elmə o daxil etmişdir. Tək və cüt, sadə və mürəkkəb ədədləri də elmə o gətirmişdir.

***
Riyaziyyatçı Pifaqor boks üzrə iki dəfə olimpiya çempionu olmuşdur.

***
Özünün adı ilə adlanan məşhur teoremi kəşf edərkən Pifaqor özünü o qədər xoşbəxt hesab etmişdir ki, sevindiyindən alim yüz öküz qurban kəsmişdir. Buna görə də bu teoremi bir neçə əsr «Heka, tobma» - yüz öküz teoremi adlandırmışlar.
***

Pifaqordan «dost nədir?» deyə soruşanda o, deyərdi: «Dost ikinci mən deməkdir» və 284 ilə 220 ədədlərinin dost ədədlər olduğunu bildirmişdi. Bu ədədlərdən biri o birinin bölənləri cəminə bərabərdir: 284 = 1 +2 + 4 + 5 + 10 + 11 + 20 + 22 + 44 + 55-;-110;
220 = 1 +2 + 4 + 71 + 142; Burada {1; 2; 4; 5; 10; 11; 20; 22; 44; 55; 110}ədədləri 220 - nin, {1;2; 4; 71; 142}ədədləri isə 284- ün bölənləridir.

***

Pifaqordan soruşdular ki, «necə oldu ki, siz, həndəsəşünas oldunuz?» Böyük alim zarafatla: - «Yəqin, məni uşaq vaxtı küncdə-bucaqda çox saxlayıblar, ona görə», - deyə cavab verir.


NİZAMİ GƏNCƏVİ
(1141-1209)

Dahi Nizami Gəncəvi «Sirlər xəzinəsi» əsərində riyaziyyatın ecazkarlığı və onun əxlaqi xüsusiyyətləri haqqında belə deyir:

Təbiət gümüşünü gəl zəhmətlə yoxla sən!
Təbiət qızılını riyaziyyatla bağla sən!
Ta ki, riyaziyyatla birkamala çatasan,
Nadanlığın daşını birdəfəlik atasan!

Nizami Gəncəvi özündən dörd əsr sonra yaşamış ingilis alimi İ.Nyutondan əvvəl ümumdünya cazibə qanununun riyazi yazılışına daxil olan qravitasiya sabiti haqqında özünün «İqbalnamə» əsərində belə yazır:

«Göyə atılan daş yerə tez düşər,
Bu qısa müddətdə işlər dəyişər!»

Daha sonra Nizami Nyutonun I qanunu ilə eynilik təşkil edən beytində yazır:

«Başlanğıc hərəkət olmasa əgər,
Hərəkət edərmi bir cəhrə məgər!»

ABBASQULU AĞA BAKIXANOV

Azərbaycanın böyük mütəfəkkir alimi A.A.Bakıxanov imperator Nikolay ilə oturub-durardı. Lakin heç vaxt onun məclisində şərab içməzdi. Günlərin birində bir məclisdə çarın arvadı Mariya Aleksandrovna qonaqlara deyir: «İndi mən Abbasqulu Ağaya şərab içirdərəm». O, qızıl podnosdan şərabla dolu bakalı götürür və Abbasqulu Ağaya yaxınlaşıb deyir:
-Hörmətli Abbasqulu Ağa, xahiş edirəm, bunu mənim xatirimə içəsiniz!
Abbasqulu Ağa o dəqiqə bakalı qaldırıb üzünü çevirir çara:
-Ey həşəmətli hökmdarım, siz deyirsiniz için, Allah deyir içmə. Hansınızın sözünə baxım? - deyə soruşur.
-Əlbəttə, Allahın! - deyə çar fikirləşmədən deyir...
Abbasqulu Ağa bakalı podnosa qoyur.

***

A.A. Bakıxanov müqəddəs Həcc ziyarətindən qayıdanda Məkkə ilə Mədinə arasında Vadeyi-Fatimə deyilən yerdə üzünü Allaha çevirib deyir:
-Ey böyük yaradan, mənim bütün padşahlardan nişanım var, bircə səndən yoxdur, sən də mənə bir nişan ver!
Yanındakı yoldaşlarından biri soruşur:
-Ağa, sən necə nişan istəyirşən?
-Bu müqəddəs yerdə ölmək nişanı!
... Üç gün çəkmir, böyük şair vəba xəstəliyindən vəfat edir və həmin yerdə də dəfn edilir.
***
Abbasqulu Ağa Kərbəla şəhərindən qayıdarkən yolda təsadüfən İran şahının vəliəhdinin çadırının yanında çadır qurdurur. Səhəri gün vəliəhdin çadırı üzərində belə bir yazı görür:

«Kaş o vaxt, o dəm də,
Ola idi Kərbəlada, bu gənc də».

Abbasqulu Ağa həmin sözlərin altından səliqəli xətlə yazır:

«Busati cəng olan saətdə qoyardı
Dini - imanı aradə qaçardı!»

Bu sözləri oxuyan vəliəhd Abbasqulu Ağanın boynunun vurulmasına fərman verir. Abbasqulu Ağa iki rükət namaz qılmaq üçün icazə istəyir, vəliəhd razılaşır. Bir azdan Abbasqulu Ağanı rus ordusunun generalı paltarında görən vəliəhd Abbasqulu Ağanın ayaqlarına düşüb yalvarır. Abbasqulu Ağa vəlihədi qaldırıb öz çadırına yola salır.

HÜSEYN CAVİD

Gözəllik aşiqi olan böyük şair Hüseyn Cavid universitetin ədəbiyyat fakültəsində qəbul imtahanı götürürdü. Abituriyentlərdən çox gözəl bir qız heç bir suala cavab verə bilmir və qızara-qızara deyir:
- Cavid əfəndi, xahiş edirəm, mənə «2» yazma!
Böyük şair deyir:
-Qızım, səni yaradan sənə «əla» yazıb, mən nəkarəyəm ki, yaradana qarşı çıxım!
...Və qıza «əla» qiymət yazır.

***
Repressiya dövründə Hüseyn Cavid yeni quruluşa aid şeir yazmadığına görə onu haqsız yerə tənqid edirlər. Yeri gəlmişkən Hüseyn Cavid o vaxtkı SSRİ dövründə bütün ittifaqda yeganə şair idi ki, kommunist partiyasına və Stalinə şeir həsr etməmişdi. Bunlara səbrlə dözən böyük şair onu tənqid edənlərə təmkinlə cavab verir:
-Mənim qəlbim çəkməçi dükanı deyil ki, istədiyin ölçüdə ayaqqabı sifariş verəsən. O, nədən ilham alır, ondan da yazır. Ona heç mən də zor edə bilmirəm.

SƏMƏD VURĞUNUN CAVABI:

Bir dəfə Mirzə İbrahimov Səməd Vurğundan soruşur:
-Ay Səməd, görəşən XXI əsrdə bizi yada salacaqlarmı?
Səməd Vurğun bir qədər fikirləşib deyir:
  - Mirzə, XXI əsr Azərbaycan oxucuları deyəcəklər ki, XX əsrdə Azərbaycanda böyük şairlər H.Cavid, M.Müşfiq və s. şairlər yaşayıb-yaratmışlar.  O «və s.» var ha, bax, Mirzə, biz o «və s.» şairlər olacağıq.


Tarix: 14-03-2017, 12:08

Xəbəri paylaş