Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qəlbimizin aynası olan gözlərimizin qayğısına necə qalırıq?

 

Dilimizin deyə bilmədiyini qəlbimizin aynası olan gözlərimiz deyir. Sevinci də, kədəri də bu aynadan görürük. Nə qədər şeirlər, bəstələr, elmi məqalələr həsr olunub bu sirli-sehirli, cazibəli gözlərə. Bizim bu zərif orqanımız daha çox qayğı və diqqət tələb edir. Gəlin, Allahın bəxş etdiyi bu əvəzolunmaz nemətin qədrini vaxtında bilək ki, sonradan dünya işığının həsrətini çəkməyək. Tanrı bizə göz həkimi kimi xilaskarlar da bəxş edib ki, bu neməti qoruyub saxlayaq. Bu danılmaz bir həqiqətdir ki, zəngin tarixi olan dövlətimizin tibb sahəsində də yüksək istedad və biliyi ilə seçilən kifayət qədər alimləri, ictimai xadimləri olub və indi də var. Elə «Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir» deyən akademik Zərifə Əliyevanın bir ictimai xadim kimi bu sahədə sonsuz xidmətləri olub. Onun bu sahə üzrə xidmətlərinin nəticəsidir ki, bu gün Azərbaycan oftalmologiyasının uğurları durmadan artır. Bu uğurları artıran, onu inkişaf etdirən alimlərdən biri də tibb elmləri doktoru, professor Çin­giz Cərrulla oğlu Cərullazadədir. O, 45 ildən çox həkimlik fəaliyəti zamanı 30 mindən artıq göz əməliy­yatı keçirmişdir. Bu günlərdə Avrasiya Hospitalının oftalmologiya şöbəsində çalışan məşhur göz həkimi Ç.Cərullazadə ilə görüşüb suallarımızın cavablandırılmasını xahiş etdik.

- Çingiz həkim, öncə sizə ənənəvi bir sualla müraciət etmək istəyirəm. Necə oldu ki, siz məhz göz həkimi oldunuz?
- Sizin bu ilk sualınızın cavabının həqiqətən maraqlı bir tarixçəsi var. Mən Tibb Universitetinin müalicə işi fakültəsini bitirəndən sonra (1971) Almaniyanın Padzam şəhərinə həkim-zabit kimi orduda xidmət etməyə göndərildim. Ordu sıralarında xidməti borcumu bitirib geri qayıdanda artıq göz həkimi olmağa qərar vermişdim. Bu da təsadüfi deyildi. Mənim xidmət etdiyim hərbi hissə məşhur Elba çayının yaxınlığında idi. Bir gün bizim hərbi hissənin bir tankı Elba çayının üzərindəki körpüdən keçərkən suya düşmüşdü. Əs­gərlərin ikisi xilas olsa da, birinin vəziyyətinin həddindən artıq ağır olduğundan onu xilas etməyin mümkün olmadığı deyilirdi. Xəstəni müayinə etmək üçün oftalmoskopu əlimə alıb diqqətlə xəstənin gözlərinin içinə baxdım. Gözlərinin içindəki qan damarlarının fəaliy­yətdə olduğunu görüb xəstənin sağ olduğunu bildirdim. Bundan sonra əsgəri müalicə etmək üçün xəstəxanaya apardılar. Nəhayət, əsgər sağaldı. Mənə bu fədakar işimə görə mükafat və əlavə məzuniyyət verdilər. Bax, elə bundan sonra da göz həkimi olmaq barədə qəti qərar qəbul etdim. Onu da deyim ki, indi ailədə təkcə mən göz həkimi deyiləm. Həyat yoldaşım, oğ­lanlarım İmran və Cəmşid də bu sahədə aktiv fəaliyyət göstərirlər.
- Həkim, valideynlər Sizə, əsasən övladlarındakı hansı göz xəstəlikləri ilə bağlı müraciət edirlər?
- Körpə dünyaya gələndə onun gözləri doğum evində müayinə edilməlidir. Sonra 3-6 aylıq olarkən və 1 yaşında müayinə olunmalıdır. Daha sonra isə mütəmadi olaraq hər il uşaqlar müayinə edilməlidirlər. Bəzi uşaqlarda anadangəlmə görmə zəifliyi olur, yəni, 2 metrədən artıq uzaq məsafəni görməkdə çətinlik çəkirlər. Uşaqlar arasında gözdə qızartılar, sulanmalar hazırda geniş yayılıb. Bu cür xəstəliklərlə bağlı bizə yüzlərlə valideyn müraciət edir. Daha çox müraciətlər isə əsasən uşaq­lar məktəbə gedəndən sonra başlayır. Mən istərdim ki, valideynlər övladlarındakı hər hansı göz xəstəliklərinin müalicəsini vaxtında, xəstəlik ağırlaşmadan etdirsinlər. Valideynlər uşaqlarının gözlərində hər hansı qeyri-adi halla rastlaşarsa, həkim məsləhəti olmadan özbaşına müalicə etməsi başqa ağır fəsadlara gətirib çıxara bilər. Əgər uşaqda göz rənginin ağ, sarımtıl, boz rəngə çalması müşahidə edilərsə, göz qapaqlarının tam bağlanmaması və yaxud da aşağıya doğru sallanması, gözdə hər hansısa bir qızartı halları müşahidə edilərsə, mütləq göz həkiminə müraciət edilməlidir.
- Adətən, məktəb illəri uşaq və yeniyetmələr üçün məsuliyyətli dövr kimi dəyərləndirilir. Həmin dövr ərzində uşaqlar daha çox oxuyur, zehni işlə məşğul olurlar. Eyni zamanda, uşaqların kompüterdən, planşetdən, mobil telefondan istifadəsi, xüsusilə də artıq dərəcədə istifadə onların gözlərində problem yaradır, görməsini zəiflədir. Ümumiyyətlə, valideynlər övladlarının gözlərinin zəif gördüyünü necə bilər?
- Hazırkı dövrdə 3-4 yaşlı uşaqlar televizora, kompüterə, mobil telefona, planşetə daha çox maraq göstərir. Bu isə uşağın gözlərinə nəinki mənfi təsir edir, hətta mərkəzi sinir sisteminə də həddən artıq zərərlidir. 7 yaşınadək uşaqlara 30-40 dəqiqədən artıq televiziya verilişlərini izləməsinə icazə verilməməlidir. Çünki görmə orqanlarına düşən uzunmüddətli gərginlik gözlərə zərər verməklə yanaşı, həm də yorğunluq, baş ağrıları və s. bu kimi hallar yaradır. Bu yaşda da məktəb dövrü başlayır. Məktəbdə daha çox müəllimlər tərəfindən aydın olur ki, şagirdin görməsi zəifdir. Təcrübəli müəllimlər 1-ci sinifdən belə şagirdin görməsinin zəif olduğunu müəyyən edirlər. Çünki zəif görən şagirdin lövhə ilə münasibəti olmur. Bir sinifdə bəzən 40-a yaxın şagird olur ki, həmin şagirdlər arasında da fəal və zəifləri olur. Lövhəni yaxşı görə bilməyən şagirddə yavaş-yavaş dərsdən yayınma halları başlayır. Həmin şagird ruhdan düşərək dərslərə həvəssiz yanaşır. Təcrübəli, mən deyərdim ki, əsl müəllimin gözündən şagirddəki bu problem yayınmır. Və həmin müəllim şagirdin valideyninə bu barədə məlumat verir. Bundan sonra valideynlərin üzərində məsuliyyət ikiqat artır. Uşaqlarda göz xəstəliklərinin profilaktikası hər bir valideyn üçün ən vacib vəzifələrdən biri olmalıdır. Çünki 1-ci sinfə gedən şagirdlərin arasında 7 faizi zəif görürsə, həmin şagirdlərin 70 faizi məktəbi bitirəndə artıq eynəkli olur. Ümumiyyətlə, çox oxuyan, durmadan mütaliə edən uşağın gözü zəif olur. Çünki dərs oxuyan zaman bütün fikri kitabda olan şagird fərqinə belə varmadan kitabı çox yaxın məsafədən oxuyur. Bu problem bütün dünyada mövcuddur. Lakin təbiətdə isə bu yaxın məsafədə heç nə yoxdu. Məsələn, ağacda bitən meyvə ilə, çəməndə bitən çiçəklə insan arasındakı məsafə normal məsafədir. Uşaq parta arxasında kitab oxuyarkən belini düz tutmalı, kitabı gözlərindən 35-40 sm məsafədə saxlamalıdır. Uşaqlara dərsləri məcburən, zorla öyrədəndə o qədər də müsbət nəticəsi olmur. Uşaqları həvəsləndirmək, onlara qayğı ilə yanaşmaq lazımdır. Keyfiyyətli, iri hərflərlə çap edilən, rəngarəng, çox maraqlı Azərbaycan və dünya xalqlarının nağılları və s. bu kimi kitablar almaqla uşaqları qismən də olsa bu kompüter, planşet və s. şüalarından uzaq tutmaq daha məsləhətlidir. İndiki dövrdə daha çox valideynlərə təlimatlar verilməlidir. Uşaqların gözünə mütləq günəş şüaları düşməlidir. Çünki günəş şüası gözdə müxtəlif fermentlər əmələ gətirir. Məsələn, günəş şüası göz dibinə düşərkən endarfin fermenti əmələ gəlir, bu da gözün vasitəsilə beyində əhvali-ruhiyyə oyadır. Əgər hər hansı uşağın gözündə problem varsa, gözün optik hissəsi günəş şüasını lazımi miqdarda həmin nöqtəyə çatdıra bilməyəcək.
- Çingiz həkim, hamımıza yaxşı məlumdur ki, müasir dövrdə bir çox insanların iş fəaliyyəti məhz kompüterlə bağlıdır. Hər birimiz günün demək olar ki, çox hissəsini kompüter arxasında keçiririk və sonradan səhhətimizdə, xüsusilə, gözlərimizdə bir yorğunluq hiss edirik. Bununla bağlı nə deyə bilərsiniz?
- Kompüter cəmiyyətin intellektindən yaranıb. Dünya elmini kompüterlə əldə edirik. Ölkəyə elm mütləq lazımdı... Kompüteri yandıran zaman havadakı bütün gözlə görünməyən tozları ekrandakı cərəyan kompüterin ətrafına toplayır. İnsan gözünü 1 dəqiqədə 25-30 dəfə qırpmalıdı. Lakin kompüter arxasında oturan insan gözünü 1 dəqiqədə 25-30 dəfə qırpa bilmir. Çünki kompüterin boz rəngli fonu, boz rəng­li hərfləri ilə göz arasındakı əlaqə insanı yorur. Həm də insanlar kompüterə o qədər diqqətlə baxırlar ki, göz qırpmasına imkan vermirlər. Bunun nəticəsində də, insanın başı ətrafında olan tozlar gözün üzərinə rahatlıqla düşə bilir.
- Gözlər qəlbin aynasıdır deyirlər və ya gözlər hisslərimizi və əhvali-ruhiyyəmizi bildirir. İnsan sevinəndə və kədərlənəndə göz yaşlarına hakim ola bilmir. Bu necə baş verir?
- Mən deyərdim ki, göz yaşlarımız gözlərimizin dilidir. O həm də qəlbimizin incəliyinin bir nişanəsidir. Göz yaşı hər hansı psixoloji hisslərin yaratdığı refleksdən əmələ gəlir. Göz yaşı yanaqlardan aşağı süzülən adi maye, su damcısı deyil. Göz yaşı vəzisi göz qapağının altında yerləşir. Həmin vəz 1 dəqiqədə müəyyən qədər maye ifraz edir və həmin maye gözün üstündən 3 qatlı pərdə kimi aşağıya doğru yayılır. Göz qırpıldıqca göz yaşı ifraz olunaraq gözü tozdan təmizləyir, havadan oksigeni götürərək göz qişasını qidalandırır. Göz yaşının çox hissəsi göz yaşı kanalı tərəfindən burun boşluğuna çatdırılır. Ağlayarkən burnumuzun axmasının səbəbi göz yaşının bu kanaldan burunun içinə boşalmasıdır.
- Professor, valideynləri narahat edən məsələlərdən biri də çəpgözlükdür. Ümumiy­yətlə, çəpgözlüyün müalicəsində yaş məhdudiyyəti varmı? Bir də çəpgözlük olan zaman həkimlər əsasən, eynəklə müalicəyə üstünlük verirlər. Bu barədə oxucularımıza məlumat verməyiniz xahiş edirik.
- Çəpgözlük ciddi xəstəlik deyil. Bu, anadangəlmə və sonradan yaranır. Çəpgözlük bədəndə yüksək hərarət olanda, güclü stress hallarında baş verə bilir. Əgər uşağın gözləri axarsa, bu, çəpgözlüyün əlamətlərindən sayılır. Anadangəlmə çəpgözlüyün vaxtında üzərinə düşülərsə, bu problemi aradan qaldırmaq mümkündür. Göz birbaşa beyinlə bağlıdır. Çəpgözlük əsasən, əzələdə və beyində əlaqə pozulanda baş verir. Çox vaxt bu, əzələ ilə bağlı olur. Çəpgözlük anadan­gəlmə və sonradan yaranmış olsa da, vaxtında və düzgün müayinə-müalicə nəticəsində eynəklə və əməliyyatla bu problemi aradan qaldırmaq mümkündür. Çox az hallarda böyüklərdə çəpgözlük hallarına rast gəlinir.
- Ən zərif orqanımız olan gözlərimizə fəsillər də öz təsirini göstərir. Bir həkim kimi məsləhətlərinizi eşitmək istərdik.
- Fəsil dəyişikliyi zamanı orqanizmdə immunitetin zəifləməsi, allergiya, günəş şüalarına qarşı həssaslıq halları baş verir. Allergiya halları, əsasən, təbiətlə əlaqədardır. Yaz-yay aylarına xas olan bahar konyuktivi havalar istiləşdikcə daha da fəallaşır. Bu cür xəstəliyə daha çox isti regionlarda yaşayanlar arasında tez-tez rast gəlinir. Xəstəliyin digər oxşar cəhətlərindən sayılan gözdə qamaşma, qaşınma, yuxarı nəfəs yollarının qıcıqlanması hallarıdır. Uşaqlarda bu xəstəlik daha kəskin formada olur. Yaş artdıqca xəstəlik zəifləməyə başlayır. Konyuktivitin müalicəsi xəstəlik tam yox olana kimi davam edilməlidir. Yoxsa, bu, xroniki hal ala bilər.
- Biz eynək seçərkən nələrə diqqət yetirməliyik?
- Optik və günəşə qarşı eynəklər olur. Bunların funksiyaları ayrı-ayrıdı. Havaların isinməsi günəş eynəklərinə olan ehtiyacı artırır. Gün eynəyi səhv seçilərsə, göz təzyiqi, baş ağrısı, gözdə zəifləmə yaranar. Gözün zərərli şüalardan qorunması mütləq vacibdir. Eynək seçərkən həm eynəyin ultrabənövşəyi şüa keçirmə faizinə baxılmalı, həm də tündlük dərəcəsinə fikir verilməlidir. Çox tünd eynəklər o qədər də məsləhətli deyil. Əslində, gün eynəklərinin də həkim məsləhəti ilə alınması lazımdır. Elə şüşələr var ki, günəşin iti şüalarını gözə buraxır. Həmin eynəklərin gözə xeyrindən çox zərəri var. Optik eynəklərə gəldikdə isə bu eynəkləri seçərkən əsasən bəbəkarası məsafə dəqiq ölçülməlidir. Bu işdə gərək mütəxəssis həkimlərə müraciət olunsun. Dəqiq ölçünü də götürmək üçün azı 1 saat vaxt sərf olunmalıdır. Bəzən çox vaxt hazır optik eynəklərə üstünlük verilir. Bu düzgün deyil. Çünki üz quruluşu və s. hallar bəbə­k­ara­sı məsafənin tarazlığı ilə eyni olmalıdır.
- Müəyyən bir yaşdan sonra gözlərdə istər-istəməz prob­lemlər yaranır. Gözlərimizin sağlam, nurlu və parlaq qalması üçün hansı mütəmadi qulluqları məsləhət görərdiniz?
- Göz beyinin önə çıxmış hissəsidir. Bu orqanla çox nəzakətlə rəftar etmək lazımdır. Uşaqların ildə 2 dəfə, böyüklərin isə ildə 1 dəfə göz həkiminə müraciət etmələrini məsləhət görərdim. Çünki Allahın gözlərimizə bəxş etdiyi o nurun qədrini vaxtında bilmək lazımdır. Göz üçün ən qiymətli qida balıqdır. Göz xəstəlikləri zamanı balıq yağını uşaqların və böyük­lərin qəbul etməsi məsləhətdir. Qara qarağat, kök, böyürtikən, qarğıdalı, kahı, şüyüd, göy soğan, bibər göz üçün ən xeyirli qidalardır. Bu məhsulların görməsi zəif olan uşaqların qida rasionuna əlavə edilməsi xüsusilə vacibdir. Zəfəranı çay kimi dəmləyib gündə 1 stəkan içmək də gözlərimizin sağlam qalmasına kömək edir. Yemək yeyərkən və uzanmış vəziyyətdə kitab oxumaq məsləhət görülmür. Nəqliyyatda gedərkən kitab oxumağı isə uşağa qəti şəkildə qadağan etmək lazımdır. Daha çox kompüterlə, mütaliə ilə məşğul olan hər kəsin 2 saatdan az olmayaraq açıq havada olması vacibdir.
- Çingiz həkim, həyatda mavi, yaşıl, ala, qara gözlü insanlar olur. Bu rənglərin insan gözlərinə nə kimi mənfi və müsbət təsiri var?
- Gözlərdəki rənglər iqlimdən asılıdır. Günəşi bol olan ölkələrdə insanların gözləri, əsasən tünd rəngdə olur. Gözlərin rənglərinin sağlamlığa heç bir mənfi təsiri yoxdur. Gözlərin rəngi hər bir insanın öz təbiətini göstərir. Amma gözlərdə sevgi, atəş, hiyləgərlik, sədaqət, kin olur. Bu da insan haqqında məlumat almağa imkan yaradır.
- Sonda yüzlərlə insanın gözlərinə nur verən siz həkimlərə xəstələr «gözlərimin işığı sənsən» deyəndə hansı hissləri yaşayırsınız?
- Ən xoşbəxt insan o insandır ki, peşəsindən ləzzət alır. Əgər bir insanın həyatını nura qərq edirəmsə, əlbəttə ki, fərqli hisslər keçirirəm - həm peşəmlə fəxr edirəm, həm kövrəlirəm. Çünki xəstələr mənə minnətdarlığını bildirən zaman mən də bu güclü zəkanı, şəfalı əlləri mənə bəxş edən tanrıma minnətdar oluram. Çünki bu zəkam və şəfalı əllərim mənə dünyanın müxtəlif ölkələrinin fəxri adlarını, mükafatlarını, neçə-neçə insanın «gözlərimin işığı sənsən» deməsini bəxş edib.
- Həkim, suallarımızı son dərəcə maraqlı və ətraflı cavablandırdığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun.
- Siz də sağ olun.
Günel Şirvanlı


Tarix: 4-08-2017, 12:41

Xəbəri paylaş