Musiqi təhsili sahəsində ustad pedaqoq
Hər bir xalq bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə fəxr edir. Tanınmış Azərbaycan bəstəkarı və dirijoru, xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmov xalqın milli iftixarına çevrilmiş belə şəxsiyyətlərdəndir. Xalq üçün yaşayıb yaratmağı ən böyük səadət sayan bəstəkar Azərbaycan milli musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində mühüm xidmətlər göstərmişdir. S.Rüstəmov yarım əsrdən çox bir müddət ərzində respublikamızda musiqi mədəniyyətinin, musiqi təhsilinin inkişafı naminə yorulmadan çalışmış, musiqi təhsili sistemimizin fəal qurucularından biri olmuşdur. Onun müxtəlif vaxtlarda Müəllimlər seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji institutunu bitirməsi, pedaqogikanı, habelə ayrı–ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaratmışdır.
Respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Dövlət mahnı və rəqs ansamblının rəhbəri vəzifələrində çalışan Səid Rüstəmov eyni zamanda pedaqoji fəaliyyəti ilə də ustad pedaqoq kimi tanınmışdır. Azərbaycan Dövlət Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrların hazırlanmasında onun xüsusi əməyi olmuşdur. Xalq musiqi sənətinə, onun ayrı – ayrı janr və formalarına qəlbən bağlanan bəstəkar ali təhsilli gənc musiqiçi kadrların hazırlanmasını özünün ən şərəfli işi hesab etmişdir.
Səid Rüstəmov istedadlı tələbələrə xüsusi diqqət və qayğı göstərirdi. 1973 – 1978-ci illərdə Səid müəllimin tar sinfində oxuduğum illərdə onu çox savadlı, aydın, səlis nitq mədəniyyəti, geniş dünyagörüşünə malik pedaqoq kimi tanımışam. O, tələbələrinə bütün sahələr üzrə bilik və bacarıqlarını artırmağı tövsiyə edir, əsl musiqiçinin əsl xalq ziyalısı olduğunu deyirdi. Bir gün Səid müəllim E.Abbasovanın onun haqqında yazdığı kitabçanı mənə təqdim edərkən: “Tanış olarsan, vaxt gələr titul vərəqinə yazdığım sözləri xatırlayarsan” dedi. Orada yazılmışdı:
“Çox qabiliyyətli, həssas musiqiçi – həm sənət, həm də taleyin gərdişi ilə mənim tələbəm Nazim Kazımova ən böyük arzularla!...
Səid müəllim
5 may 1977-ci il”.
Görkəmli bəstəkar, musiqi pedaqoqu Səid Rüstəmovun musiqi mədəniyyətimizin tərəqqisi naminə göstərdiyi ən böyük xidmətlərdən, başlıca nailiyyətlərindən biri onun böyük vətəndaş təəssübkeşliyi ilə yaratdığı “Tar məktəbi” dərsliyidir. 1935 – ci ildə bu dərsliyin nəşr olunması musiqi təhsili sistemində mütərəqqi mahiyyət kəsb edən çox böyük hadisə kimi qiymətləndirilərək musiqi ictimaiyyətinin dərin rəğbətini qazandı. Dərsliyn yazılmasında Avropa musiqi alətləri, xüsusilə viola üçün yazılmış mənbələrə müraciət etsə də, S.Rüstəmov tarın özünəməxsus ifa tərzini nəzərə alaraq mükəmməl bir tədris vəsaiti hazırlamışdır. Belə ki, tarda yeni çalmağa başlayan tələbənin birdən-birə bütöv notu çalmaq iqtidarında olmadığından, dərsliyin başlanğıc hissəsində çərək notdan istifadə edərək ayrı-ayrı barmaqların qoyulub götürülməsini və bu yolla tremolo hazırlamaq məqsədini əsas götürmüşdür.
“Tar məktəbi” sözün həqiqi mənasında ayrı-ayrı ölkələrin musiqi aləmində istinad olunan tara yeni “həyat” verdi. Tarda notla çalmaq imkanlarının genişliyini inandırıcı şəkildə nəzərə çatdırdı. Ümumilikdə “Tar məktəbi” 9 dəfə nəşr olunmuşdur. Hər nəşrində əhəmiyyətli dəyişikliklər edilmiş, təcrübəvi və bədii mənası az olan bir sıra parçalar tamamilə çıxarılmış, sadədən – mürəkkəbə prinsipinə riayət edilərək bəzi musiqi parçalarının yerləri dəyişdirilmiş, bir sıra applikatura çətinlikləri islah edilmişdir.
“Tar məktəbi” dərsliyi əsasında təhsil alan, yetişən istedadlı tarzənlər Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərini mükəmməl ifa etmiş, bununla da milli musiqi alətimizin bədii – texniki imkanlarını dünyanın bütün sivil ölkələrində nümayiş etdirmişlər.
Səid Rüstəmovun yaradıcılığının ən mühüm dövrü Azərbaycan xalq çalğı alətləri orkestri ilə bağlı olmuşdur. Əsası 1931-ci ildə Üzeyir Hacıbəyli tərəfindən qoyulan ilk notlu xalq çalğı alətləri orkestrinin əvvəl dirijor köməkçisi və konsertmeysteri olan S.Rüstəmov, 1935-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru təyin olunmuş, 1973-cü ilin sonuna kimi bu şərəfli, eyni zamanda məsuliyyətli işi layiqincə yerinə yetirmişdir. Bir bəstəkar kimi əsərlərinin əksəriyyəti xalq çalğı alətləri orkestri üçün yazılmışdır. S.Rüstəmov bu məşhur kollektiv üçün “Bayatı – Kürd” fantaziyasını, dörd süita, xor, solist və orkestr üçün üç kantata, tar və orkestr üçün konsert, bir çox pyeslər, mahnılar yazmışdır. Orkestri genişləndirmək, ifaçılıq diapazonunu yeniləşdirmək, ifaçıların mədəniyyətini yüksəltmək, texniki cəhətdən kamil ifaya nail olmaq, repertuarı daha da genişləndirmək və bu kimi məsələlərin həllinə sərf edilən gərgin əmək sayəsində 1960-cı ildə xalq çalğı alətləri orkestri “Əməkdar kollektiv” kimi fəxri ada layiq görülmüşdür. Kollektivin rəhbəri S.Rüstəmova “Qırmızı Əmək Bayrağı” ordeni və orkestr üzvlərinin bir çoxu fəxri adlar və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.
Xalq çalğı alətlərinin bədii və texniki imkanlarının, tembr xüsusiyyətlərinin gözəl bilicisi olan bəstəkar bu vasitələrdən öz əsərlərində ustalıqla istifadə etmişdir. Məsələn, xalq hərbi nümunəsi əsasında orkestr üçün yazdığı “Qəhrəmani” pyesində qara zurnadan istifadə etmişdir. Eləcə də “Azərbaycan” süitasında partiturada solo alət kimi – tar, balaban, tütək, saz, kamançaya geniş yer vermişdir. Tarın bir alət kimi bütün registr gözəlliklərini, texniki imkanlarını nümayiş etdirmək məqsədilə orkestr üçün yazılmış ilk irihəcmli əsərin – “Tar ilə xalq çalğı alətləri üçün konsert”in müəllifi də Səid Rüstəmov olmuşdur.
Azərbaycan xalq musiqi nümunələrinin nota köçürülməsi sahəsində misilsiz xidmətləri olan bəstəkar bütün həyatı boyu bu sahəyə xüsusi diqqət yetirmişdir. Səid Rüstəmovun 1938-ci ildə “Cabbar Qaryağdıoğlunun oxumalarından 50 xalq mahnısı” və “Aşıq mahnısı” adı ilə çap etdirdiyi 4 məcmuə musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. Onun, eləcə də görkəmli bəstəkarlar F.Əmirov, T.Quliyevin nota köçürdüyü Azərbaycan xalq mahnıları Bülbülün tərtibatı əsasında iki cilddə nəşr olunmuşdur. I cilddə S.Rüstəmovun nota köçürdüyü 61 Azərbaycan xalq mahnısı, o cümlədən “Qaçaq Nəbi”, “Çalpapaq”, “Neylərsən”, “Küçələrə su səpmişəm”, “Evləri var xana – xana”, “Aman kəklik əlindən”, “Yaxan düymələ”, “Bülbüllər oxur”, “Ay qız sənə mailəm” və s. II cilddə 72 mahnı, o cümlədən “Ay qadası”, “İstəkanın sarısı”, “Ağacda leylək”, “Ay dilbər”, “Xumar oldum”, “Bu gələn yara bənzər”, “Ölürəm ay ellər qızı” və digər mahnılar daxil edilmişdir. Muğam ifaçılığında mühüm rol oynayan rənglərin nota köçürülməsinə də S.Rüstəmov gərgin əmək sərf etmişdir. Azərbaycan xalq rənglərindən ibarət I dəftər 1954-cü ildə, II dəftər isə 1956-cı ildə nəşr olunmuşdur. Səid Rüstəmov tərəfindən nota köçürülən Azərbaycan xalq musiqi nümunələri – mahnı, rəqs melodiyaları, rənglər yazılı mənbələrə keçirilərək tədris prosesinə tətbiq edilmiş, musiqi təhsilinin milli zəmində davam etməsinə şərait yaratmışdır.
Səid Rüstəmov bir bəstəkar kimi Azərbaycan mahnıları antologiyasının zənginləşməsində çox böyük rol oynamışdır. Böyük Vətən müharibəsi illərində yazdığı “Cəbhəyə”, “Sərhədçilər mahnısı”, “Şanlı ordumuz”, “İrəli” mahnıları, “Dinlə, cəbhə” kantatası insanlarda qələbə əzmini qüvvətləndirir, böyük qələbənin yaxınlaşdığından xəbər verirdi. “Sürəyya”, “Neftçi qız”, “Həkim qız”, “Toxucu qız” mahnılarında qabaqcıl Azərbaycan qadını obrazı musiqi dili ilə vəsf olunmuşdur. Bəstəkarın doğma Azərbaycana, onun gözəl guşələrinə, ayrı-ayrı şəhərlərinə həsr etdiyi mahnılar – “Bakı”, Sumqayıt”, “Quba” – dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. Mahnı janrında yazılan bir neçə əsərə görə yüksək dövlət mükafatına layiq görülmək hər bəstəkara nəsib olmamışdır. 1951-ci ildə Səid Rüstəmov “Komsomol”, “Sürəyya”, “Mən sülhə səs verirəm”, “Sumqayıt” mahnılarına görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Bəstəkarın mahnı yaradıcılığının mühüm bir istiqamətini onun uşaqlar üçün yazdığı mahnılar təşkil edir. Səid Rüstəmov Azərbaycan professional musiqi sənətində uşaq mahnı janrının təməlini qoyanlardan biri olmuşdur. “Ana məktəb”, “Dəstə rəhbəri”, “Şaxta baba”, “Kəpənəyim”, “Qaranquşum”, “Sarmaşıq”, “Uşaq və buz”, “Yaz günləri”, “Şəhər nəğməsi”, “Əmək nəğməsi” müxtəlif yaş qruplarına aid olan uşaqlar, məktəblilər üçün nəzərdə tutulmaqla onların musiqi – estetik tərbiyəsində mühüm rol oynamışdır. Bəstəkarın “Sənindir”, “Bənövşə”, “Qurban adına”, “Gəlmədin”, “Şeir deyilmi”, “Oxu gözəl” və digər bu kimi mahnıları lirika, melodiya əlvanlığı, orijinallıq baxımından vokal musiqimizin uzunömürlü parlaq inciləridir. Səid Rüstəmov mahnı janrının korifeyi kimi yaddaşlarda, qəlblərdə özünə möhkəm yer tutmuşdur.
Səid Rüstəmovun yaradıcılığında teatr tamaşalarına yazılmış musiqi xüsusi yer tutur. Bu sahəyə bəstəkar hələ yaradıcılığının ilk illərində böyük maraq göstərmiş, sənət dostlarının səhnə əsərlərinin uğurlu alınmasına çalışmışdır. O, ilk dəfə M.İbrahimovun “Həyat” pyesinin səhnə həyatının musiqi tərtibatını vermişdir. M.F.Axundovun “Hacı Qara”, “Xırsquldurbasan”, C.Cabbarlının “Almaz”, “Od gəlini”, A.Şaiqin “Nüşabə”, S.Vurğunun “Vaqif”, M.Hüseynin “Nizami”, R.Rzanın “Vəfa”, S.Rəhmanın “Toy”, “Aydınlıq”, “Nişanlı qız” və digər səhnə əsərlərinə yazdığı musiqi bu tamaşaların bədii – estetik təsir qüvvəsinin artmasına zəmin yaratmışdır.
Səid Rüstəmovun musiqi mədəniyyətimizin tarixində ictimai xadim kimi də xidmətləri əvəzsizdir. Dahi Üzeyir Hacıbəylinin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi, 1951-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilməsi ilə bütün fəaliyyətini xalqımızın mədəni səviyyəsinin daha da inkişaf etdirilməsinə yönəltmişdir. Səid Rüstəmov dəfələrlə xalq çalğı alətləri ittifaqları üçün keçirilən ümumdünya və ümumittifaq festivallarında münsiflər heyətinin sədri və üzvü olmuşdur. İştirak etdiyi bütün tədbirlərdə öz səsi, sözü, məzmunlu çıxışları ilə tanınmışdır. Böyük sənət fədaisi, alovlu vətənpərvər Səid Rüstəmovun geniş, çoxşaxəli fəaliyyəti layiqincə qiymətləndirilmiş, 1938-ci ildə əməkdar incəsənət xadimi, 1957-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. O, iki dəfə Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüş, eyni zamanda Xalqlar Dostluğu ordeni və bir sıra medallarla da təltif olunmuşdur.
Nazim Kazımov,
əməkdar incəsənət xadimi, professor
Tarix: 8-05-2017, 12:29