Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” kitabı haqqında düşüncələr

 


Aşıq şeiri tarixində Dirili Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Ələsgər və b. saz-söz ustaları öz oxucu və dinləyicilərinin psixologiyasını dərindən duyub, dərk etmiş, əsərləri ilə zaman-zaman xalqın yaddaşına hakim kəsilmiş, el sevgisini, məhəbbətini qazanmışlar. Belə görkəmli sənətkarlardan biri də yaradıcılığında məhəbbət lirikasına geniş yer verib, dövrünün ictimai-siyasi hadisələrinə açıq və dolayısı şəkildə toxunan, təbiətin “qüdrətdən yaranan gözəlliyindən” ilham alıb aşıq şeirinin şəkillərindən məharətlə istifadə edən, mənsub olduğu xalqın arzu-istəklərini bədii sözün qüdrəti ilə təmsil və tərənnüm edən Aşıq Şəmşirdir. Təsadüfi deyildir ki, onun yaradıcılığı bir çox tədqiqat əsərlərinin möv­zusuna çevrilmiş, haqqında çoxlu sayda məqalələr yazılmış, dil-nitq xüsusiyyətləri ətraflı şəkildə araşdırılmışdır. Bu baxımdan Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Nağdəli Zamanovun 2018-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunan “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” kitabı diqqəti cəlb edir. AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə işıq üzü görən kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi, Aərbaycan Aşıqlar birliyinin sədri, Dövlət mükafatı laureatı, professor M. Qasımlı, rəyçilər; AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, AMEA Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədli, şair-publisist Adil Cəmil, redaktoru Füzuli Ramazanoğludur.
Ciddi elmi təhlil və araşdırmalardan ibarət monoqrafiyanın birinci fəslində aşığın yaradıcılığındakı ümumfəlsəfi fikirlər, dialektik qanunlar-zaman və məkan, forma və məzmun, səbəb-nəticə kimi kateqoriyalar aşığın şeirləri əsasında araşdırılır, insan və cəmiyyət problemlərinə geniş yer verilir, elm, ümumbəşərilik, tarix fəlsəfəsi müqayisəli şəkildə təhlil olunur.
Həyata baxış filosofların nəzərində tarixən müxtəlif olmuşdur. Həyat və ölüm barədə Şəmşir yaradıcılığında istənilən qədər şeirlərə təsadüf edirik. Monoqrafiyada həmin qanunauyğunluğun müəyyən formada təzahü­ründən bəhs edən müəllif haqlı olaraq qeyd edir ki, “Son məkanımız, əzəlimiz və sonumuz” olan, ana deyə müraciət etdiyimiz torpaqla bağlı Aşıq Şəmşirin yaradıcılığını Ömər Xəyyam fəlsəfəsindən yan keçərək izah etmək Ömər ruhunu incik salardı. Bu dahilərin torpaqla bağlı fikirlərinin müqayisəsini, paralelini oxucuların diqqətinə yönəltmək yerinə düşər. Məkan fəlsəfi anlayışı hər iki sənətkarın poeziyasında, əsasən, torpaq anlamındadır. Ömər Xəyyama görə insanın cismi son anda çamıra-palçığa çevrilir, Şəmşirdə isə torpağa qarışan cisimlər sonda bitkilər üçün gübrə rolunu oynayır:
Xəyyamda:

Dünən bir bazarda gördüm
guzəgər,
Çamırı təpiklə yoğurub əzər.
Çamır kuzəgərə dedi:
“Yaxşı bax,
Mən də sənin kimi deyildim
məgər?”

Aşıq Şəmşirdə:
Teymuri Ləng hanı,
İsgəndər hanı,
Nadir, Bəhram tutmadılar
dünyanı?!
Gübrə yaradıbsan fani
insanı,
Dəhr üstündə gəştibanlar
dağıldı.

Göründüyü kimi, müəllif bu fikri Aşıq Şəmşir yaradıcılığında islam fəlsəfəsi prizmasından izah etməklə yanaşı onun elmi dəyərlərlə də sıx bağlı olduğunu vurğulayır. Müəllifin fikrincə, alman estetiki F. Şiller gözəlliyi və ülviliyi kəskin şəkildə qarşı-qarşıya qoyursa, Aşıq Şəmşir yaradıcılığında məkan gözəlliyin ülvilik kateqoriyası ilə vəhdətdədir. Bir sözlə, məkan Şəmşir üçün ana yurddur: məkan “atamızın atası, babamızın babası” anlamındadır.
N.Zamanovun fikrincə, aşığın şeirlərində “insanlıq”, mərifət“, “doğru qəlb”, “pak ürək”, “düz söz”, “xoş xasiyyət” kimi etik-əxlaqi fəlsəfi terminlərə geniş yer verilir. Aşığın bu yolla etik fəlsəfəmizin lüğət fondunu zən­ginləşdirdiyini vurğulayır. Çünki Aşıq Şəmşir yaradıcılığında estetik və etik fəlsəfə həmişə dialektik vəhdətdə götürülərək müəllif tərəfindən izah və şərh edilir. Qrasiyadan məharətlə istifadə edən aşığın yaradıcılığında gözəllik islam əxlaqında əks olunduğu kimi təsvir edilir. Müəllif haqlı olaraq göstərir ki, Kanta görə xalis formadırsa, bu Şəmşirdə etik dəyərlərlə ölçülür. Ustad aşıq insanın əmək prosesində məkanı gəzəllik baxımından dəyişdirməsi fikrini Kanta qarşı qoyur. Gözəlliyi reallıqdan, həyatdan ayrı təsəvvür edə bilmir. Kəmiyyət dəyişmələrinin keyfiyyətə keçməsi qanunu ilə uzlaşdırır. Aşıq Şəmşir yaradıcılığında kəmiyyət dəyişmələrinin yeni keyfiyyət yaratmasını “zaman” kateqoriyası ilə bağlayır.
Aşığın şeirlərinin fəlsəfi baxımdan geniş elmi təhlilini verən N.Zamanov kitabın II hissəsini “Aşıq Şəmşir yaradıcılığında etika” adlandırmışdır. Ədalət, mərdlik, kişilik, cəsarət, səxavət, gözütoxluq, halallıq, dostluq, zəhmət Aşıq Şəmşir yaradıcılığının əsasını təşkil edir. Bütün bunları köklü şəkildə nəzərdən keçirən müəllif öz müşahidələrini əsaslandıraraq yazır: “Xalqı düzlüyə, saflığa, təmizliyə, mərdliyə, namuslu əməyə, tərəqqiyə çağırmaq Şəmşir yaradıcılığının başlıca məziyyətlərindəndir. Belə ki, Aşıq Şəmşir yaradıcılığında etik dəyərlər estetik dəyərlərlə vəhdət halında verilir”. Müəllif ustad aşığın etik dəyərlərlə bağlı kredosunu Aris­totel və Kantın, o cümlədən Şərq filosoflarının etik və estetik kredoları ilə müqayisəli şəkildə izah etməyi özünə mənəvi borc hesab edir. Onun antietik fikirlərlə etik dəyərlər arasındakı təzadlardan yerli-yerində istifadə etməklə kəskin qrotesk vəziyyət yaratmaq məharətindən danışır.
Ana dilinin imkanlarından böyük sənətkarlıqla bəhrələnən aşığın sözümüzün məna yükündən gen-bol istifadə etdiyini qeyd edən müəllif onun şeirlərində misraların ahənginə, gözəlliyinə diqqəti yönəldrək yazır: “...aşığın misralarında sözlər, səslər bir-birinə muncuq düzümü qədər yaxındır və bu şeirlər qanadlı, ürəkli, diri şeirlərdir”.
“Aşıq Şəmşir yaradıcılığında dil etikası” yarımbaşlığında Aşıq Şəmşirin antroponimik sıralanmalardan istifadə edərək yunan filosofu Platonu da, Yaqub və Yusif peyğəmbərləri də, XIX-XX əsrlərin görkəmli saz-söz ustaları Aışq Alı, Aşıq Ələs­gər, Ağdabanlı şair Qurbanı da özünə ustad hesab etdiyini fəxrlə qələmə alır:

Ustadım Qurbandı,
Ələsgər, Alı,
Qismətim beçənin ağappağ
balı.
Əflatun kamallı, Yusif
həyalı
İlk madərim, nurlu
gözüm ikidi.

Göründüyü kimi, Şəmşir poeziyasında dil etikası özündə sözə qiyməti ehtiva edir. Dil-təfəkkür, dil-həqiqət anlayışları dilçi-filosoflar tərəfindən son vaxtlar araşdırma mövzusuna çevrilmişdir. Nağdəli Zamanov da Şəmşir dilinin incəliklərinə baş vuraraq bu dilin özünəməxsus tərzdə oxuculara estetik zövq verməsini açıqlayır. Bu bir aksiomadır ki, aşıq poeziyasında islam dini ilə bağlı təsəvvürləri “Aşıq Şəmşir yaradıcılığında dini etika” yarımbaşlığında, tibb və ekologiya ilə bağlı düşüncələri, ustad-şagird münasibətləri, aşıq sənəti etikası da müəllifin nəzərindən qaçmamışdır.
Monoqrafiyanın III fəsli “Aşıq Şəmşir yaradıcılığında estetika” adlanır. Dörd yarımbaşlıqdan-“Aşıq Şəmşir yaradıcılığında gözəllik və onun modifikasiyaları”, “Aşıq Şəmşir yaradıcılığında faciə”, “Aşıq Şəmşir yaradıcılığında komizm”, “Aşıq Şəmşir yaradıcılığında sözün estetik tutumu” başlıqlı yazılarda da Şəmşir yaradıcılığındakı estetik dünyabaxış şairin şeirlərindən gətirilən nümunələrlə təhlil edilmiş, bir daha elmi faktlarla qələmə alınmışdır.
Üç fəsil və otuz yarımbaşlıqdan ibarət olan “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” monoqrafiyasında Aşıq Şəmşirin əsərlərinin fəlsəfi tutumu, bu şeirlərin dil-üslub xüsusiyyətləri, etik və estetik dünyagörüşünün formalaşmasına xidmət edən insan fəlsəfəsi ilə bağlı fikirləri araşdırma predmetinə çevrilmişdir.
Bütün bunları nəzərə alaraq qeyd etmək yerinə düşər ki, kitab geniş oxucu auditoriyası, ali məktəb tələbələri, müəllimlər, fəlsəfə, etika, estetika və eləcə də Aşıq Şəmşir yaradıcılığı ilə maraqlananlar üçün dəyərli vəsaitdir.

Mütəllim HƏSƏNOV,
Zəngilan rayon 20 nömrəli tam orta məktəbin
dil-ədəbiyyat müəllimi


Tarix: 11-12-2018, 14:17

Xəbəri paylaş