Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində silsilə tədbirlər keçirilməkdədir.
Bu günlərdə Təhsil Mərkəzində şair, yazıçı, dramaturq, romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin 135 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin mühəndis-pedaqoji kollektivi və şagir kontingenti iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Məmmədova vurğuladı ki, bu gün istər poeziyada, istərsə də dramaturgiyada orijinallığı ilə seçilən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasından 135 il ötür. Hüseyn Cavid 1937-ci ilin iyun ayında “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə günahsız yerə səkkizillik həbs cəzasına məhkum olunub. Həmin ildən onun bütün əsərlərinin nəşri və tamaşaya qoyulması qadağan edilib.
Ulu öndər Heydər Əliyevin qayğısı ilə ötən əsrin 70-ci illərindən etibarən Cavidin əsərləri nəşr olunmağa başlayıb, rus dilində 2 cildliyi işıq üzü görüb. Ümummilli lider Heydər Əliyev çox böyük cəsarət tələb edən addım atıb, Cavidin cənazəsi 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilib. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir.
1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilib, həmin dövrdə Naxçıvanda Ali Məclisin Sədri işləyən ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu nitq söyləyib, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra da Cavid şəxsiyyətinə, irsinə, ailəsinə diqqət və qayğısını əsirgəməyib.
1996-cı il oktyabrın 29-da Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılış mərasimi böyük Cavidə qayğı və məhəbbətin təntənəsi, məqbərənin yaradılması isə təkcə böyük sənətkara deyil, Cavidlərə ucaldılan abidə idi.
“Hüseyn Cavidin anadan olmasının 120 illiyinin qeyd olunması haqqında ulu öndərin 2002-ci il 23 oktyabr tarixli Sərəncamı sübut edir ki, görkəmli dövlət xadimi Heydər Əliyev böyük sənətkarın irsinin öyrənilməsinə həmişə diqqətlə yanaşıb”, – deyən Aybəniz Məmmədova vurğulayıb ki, bu sərəncam Cavid şəxsiyyətinə və yaradıcılığına tükənməz məhəbbətin, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin ev-muzeyinin yaradılması, 1993-cü ildə Bakıda görkəmli ədibin abidəsinin ucaldılması dövlət qayğısının parlaq ifadəsidir.
Ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Hüseyn Cavidin 125, 130 və nəhayət 135 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar dahi sənətkara göstərilən dövlət qayğısının davamı kimi qiymətləndirilməlidir.
Bu onu göstərir ki, Hüseyn Cavid sənəti və şəxsiyyəti bu gün də yaşayır. Tədbirlər planlarına əsasən Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Mərkəzdə yüksək səviyyədə tədbir təşkil olunub, “Hüseyn Cavid dərsləri” keçirilib.
Tədbirdə Mərkəzin ədəbiyyat müəllimi Hacıyeva Səbinə Cavidin yaradıcılığından geniş bəhs edib. Sonda tədbir iştirakçılarına Mərkəzin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədris İnnovasiya şöbəsinin əməkdaşı Zeynəb Mikayıl qızı Atakişiyeva
Tarix: 12-02-2018, 11:21