Astara Pedaqoji Kollecində tədrisin təşkili və kadr hazırlığı: perspektivlər və vəzifələr
Astara Pedaqoji Kolleci son vaxtlar təhsil sahəsində aparılan köklü dəyişikliklər nəticəsində təhsilin məzmunu, keyfiyyəti və elmi-pedaqoji potensialı ilə yanaşı kadr hazırlığı sahəsində fəaliyyəti baxımından da təkmilləşməkdədir. Əldə etdiyimiz uğurlarla kifayətlənməyərək 2025/2026-cı tədris ilinin əvvəlindən bütün sahələrdə innovativ təşəbbüslərə imkan yaradaraq tələbkarlığı artırmaqla kollecimizi ölkənin ən qabaqcıl və ən nümunəvi orta ixtisas təhsili müəssisələri siyahısında öncül mövqedə saxlamaq istiqamətində konkret və əməli tədbirlər həyata keçiririk.
Müasir dövrdə dünyada gedən proseslər iqtisadi həyatımızda təhsilin rolunun əhəmiyyətli dərəcədə artmasını mühüm bir faktor olaraq şərtləndirir. Hazırda təhsil qarşısında duran vəzifələr sırasında iqtisadi sahədə lazım olan bilik və bacarıqların aşılanması ilə bərabər, gəncləri gələcək həyata və cəmiyyətə inteqrasiyaya hərtərəfli hazırlamaq kimi tələbləri də vardır. Son vaxtlar iqtisadiyyatın inkişafı ilə strateji hədəflərin müəyyənləşdirilməsi və dövlət dəstəyinin gücləndirilməsi təhsil işçilərinin fəaliyyətinin yeni mərhələyə keçməsinin güclü təməlini qoyub.
Dövlət əmək bazarının tələblərinə uyğun оlaraq təhsil müəssisələrinə iхtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin оlunmasına şərait yaradır. Azərbaycan artıq yeni dövrə - modernləşdirmə dövrünə qədəm qoyub. Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir. Xalqımızın müstəqil yaşamaq kimi tarixi haqqının gerçəkləşməsi gələcək inkişaf perspektivlərinin aydın şəkildə müəyyənləşdirilməsinə imkan verir. Güclü və dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəflərin gerçəkləşməsi də xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı missiya ilə bağlıdır.
Orta ixtisas təhsilinin ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində və cəmiyyətin peşə-ixtisas təhsilinə olan tələbatının ödənilməsində özünəməxsus yeri var. Təhsilin bu pilləsi qısa müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında xüsusi missiya daşıyır. Əgər ali məktəblər kadr hazırlığına 4-6 il vaxt sərf edirlərsə, orta ixtisas təhsili müəssisələri operativ olaraq tam orta təhsil bazasından 2 il ərzində mütəxəssis hazırlığını başa çatdırır və istehsalata göndərir.
Müasir dünya təhsilin gücü, biliklərin vəhdəti ilə idarə olunur, dəyişilir və inkişaf edir. Nelson Mandelanın təbirincə desək, təhsil dünyanı dəyişmək üçün istifadə olunan ən güclü “silah”dır.
Bu baxımdan Astara Pedaqoji Kollecində günün tələblərinə müvafiq surətdə təhsilin keyfiyyətinin daha da artırılması ilə kadr hazırlığını həyata keçirmək qarşıda duran ən mühüm vəzifələrdir. Təhsilin keyfiyyətli formada təhsilalanlara ötürülməsi bir çox komponentlərlə üzvi surətdə bağlıdır. Buraya təhsil müəssisəsinin maddi-texniki və tədris bazası, mövcud infrastruktur, təhsilverənlərin bilik və bacarıq səviyyəsi və bir çox digər faktlar daxildir. Təbii ki, təhsil ocağının dövlətin maraqları və ölkə iqtisadiyyatı üçün səmərəli şəkildə fəaliyyət göstərməsi, uğurla inkişaf etməsi idarəetmənin təşkilindən, eləcə də bu işi həyata keçirən rəhbərliyin bilik, bacarıq və şəxsi keyfiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır.
Hər yerdə, hər sahədə olduğu kimi Astara Pedaqoji Kollecində də qarşıya qoyulan əsas məqsəd, fəth olunması nəzərdə tutulan hədəf dəyişməzdir. Fəaliyyət göstərdiyi 35 ilə yaxın müddət ərzində adı, öyrədilən ixtisasların sayı, növü bir neçə dəfə dəyişsə də dövrün tələblərinə cavab verən kadr hazırlamaq hədəfi dəyişməz qalıb. Təbii ki, dəyişən kontingenti olub - yeni tələbələr gəlib, məzunlar gedib. Müəssisədəki pedaqoji mühit dəyişib. Hər dövrün tələblərinə uyğun mühit formalaşdırılıb. Ənənələr dəyişib, keçmişin mütərəqqi addımları saxlanmaqla yeniləri yaradılıb. Bir də dəyişən, özü də artıma, inkişafa doğru dəyişən idarəetmənin operativliyi və təhsilin keyfiyyətidir.
Bugünkü yaşadığımız dövrdə və biz əhatə edən şəraitdə kollecin qarşısında duran vəzifələr də yeni keyfiyyət qazanır: ölkə iqtisadiyyatının müəyyən sahələrində bacarıqla çalışa biləcək kadrlar hazırlamaq, təhsilin keyfiyyətini artırmaq üçün təlim-tərbiyə prosesində müasir dövrün çağırışlarına imkan verən yeni texnologiyalardan daha geniş və səmərəli istifadə etmək.
Bu vəzifələri həyata keçirmək üçün hazırda kollecdə yüksək təhsil mühiti, hazırlıqlı müəllim kollektivi, ən əsası isə bu kollektivin hər bir üzvündə yaradıcılıq, innovasiyalı çalışmaq əzmi vardır.
Əsas strateji məqsəd kolleci elmi-innovasiya kollecinə çevirməkdir. Bu məqsədin reallaşması üçün tədris prosesi, müəllimlərin elmi potensialının yüksəldilməsi, tələbələrin hazırlıq səviyyəsinin artırılması və s. istiqamətlər üzrə tədbirlər müəyyənləşdirilir. Bu sahədə tədbirləri həyata keçirən kollecin pedaqoji kollektivi ən yeni təhsil texnologiyalarına əsaslanan təhsil modelinin yaradılması və inkişaf etdirilməsi, ənənəvi tədris modelindən müasir interaktiv tədris-metodik təhsil modelinə keçilməsi, tələbələrin tədris fəaliyyətinin qiymətləndirilməsi üzrə resursların hazırlanması və s. bu kimi məsələlər üzrə axtarışlar aparır və əldə olunmuş nəticələri tədris prosesində tətbiq edir.
Kollecdə innovativ təlim metodunun yaradılmasında, təhsilin və mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsində əsas ağırlıq, şübhəsiz, pedaqoji kollektivin üzərinə düşür. Həmişə təhsildə mühüm rol oynamış müəllim amili bu gün də öyrənmə və öyrətmə prosesində əsas yer tutur.
Kollecdə yaradılmış ekollec.az (tələbələr üçün şəxsi kabinet) üzərində kollokvium və imtahan tarixlərini tələbələrin şəxsi kabinetləri vasitəsilə sərbəst seçmək imkanı yaradır. Məqsəd obyektivlik və aşkarlıqla yanaşı tədrisin keyfiyyətini yüksəldərək müasir tələblərə cavab verən müstəviyə çıxarmaqdır. Bu tətbiq kollokviumların, imtahan sessiyasının keçirilməsinin təşkili və ona nəzarət prosesini, imtahan suallarının sistemləşdirilməsi və tyutorların işinin əlaqələndirilməsi sahəsində də mühüm rol oynayır. Bu tədris ilində bu sahədəki fəaliyyətimizi daha da təkmilləşdirməyi nəzərdə tutmuşuq.
Tədris prosesinin gedişinin izlənilməsi ilə əlaqədar nəzarət qrupu yaratmaq, onun hesabatını müntəzəm olaraq dinlənilməsi və müzakirəsini təşkil etmək qarşıda duran vəzifələrdəndir. Həmin nəzarət qrupuna bütün gün boyu, əgər varsa, dərsə gecikmələri, əvəz olunan, vaxtından əvvəl qurtaran dərsləri qeydə alınması həvalə edilir. Ayın sonunda keçirilən yekun aylıq iclasda yol verdikləri nöqsanlara görə əməkdaşlar direktorun əmrilə intizam tənbeh olunurlar. Qrup bundan başqa dərslərin keyfiyyətinə də nəzarət edir. Keyfiyyətsiz dərslər haqqında məlumat müzakirə üçün metodiki şuraya təqdim edilir.
Qarşııda duran mühüm vəzifələrdən biri də kollecdə təhsil alan tələbələrin vahid elektron bazasını yaratmaq məqsədilə proqram təminatını hazırlamaq və daha təkmilləşdirməkdir. Bu proqram vasitəsilə təhsil alan bütün tələbələrin siyahısı və onlar haqqında zəruri məlumatlar (qəbul əmrinin nömrəsi və tarixi, təhsil ili, qrup, şöbə, qəbul balı və s., eyni zamanda təvəllüdü, doğulduğu yer, ünvanı, telefonu, elektron ünvanı, şəxsiyyət vəsiqəsi, attestat balı, şəkli və s.) tyutorlar tərəfindən bazaya daxil edilir. Tələblərin kollecdə təhsil aldıqları müddətdə onlara aid olan bütün hərəkət sistemi və əmrlərinin mütəmadi olaraq bazaya işlənməsi müxanizmi yaradılacaq ki, bunun da nəticəsində tələb kontingenti haqqında bütün məlumatların operativliyi təmin ediləcəkdir. Hər bir şöbədə ixtisaslar üzrə tədris planları tədris ilinə, semestrə uyğun olaraq bazaya daxil edilir. Bunun nəticəsində tədris ili üzrə bütün tədris planlarını istənilən vaxt çap etmək və kredit borcu olan tələbələri alt qruplarda (akademik borcu olan tələbələr nəzərdə tutulur) yerləşdirmək üçün istifadə etmək mümkün olur. Hazırda jurnalların elektron variantı hazırlanır, nəticədə davamiyyət və qiymətlərin izlənməsinin mümkünlüyü həyata keçirilir.
Publik hüquqi şəxs statusuna keçilməsi ilə əlaqədar olaraq bu tədris ilinin başlanğıcında bir sıra struktur dəyişikliklər edilib.
Yeni təyin olunmuş müəllimlər də diqqət mərkəzindədir. Hər gənc və yeni müəllim daha təcrübəli müəllimlərə təhkim olunub. Bu metod gənc müəllimlərin tezliklə daha da püxtələşməsinə səbəb olar..
Kollec Publik Hüquqi Şəxsi statusu aldıqdan sonra bir sıra imkan və üstünlüklərə nail olub. Odur ki, biz kollektiv olaraq bu imkanlardan istifadə etməyə çalışırıq. Sonuncu kurs tələbələrinin İstehsalat təcrübəsi zamanı qarşılaşdığımız bəzi çətinlikləri öz gücümüz hesabına aradan qaldırmağa çalışırıq. Məlimdur ki, son vaxtlar təcrübə saatları azalıb və təcrübə saatları üçün maliyyə də ayrılmır. Bizdə imkan var ki, təcrübə prosesini öz kollecimizdə təşkil edək. Məsələn, keçən tədris ilində bir sıra ixtisaslar üzrə (“Mühafizə xidməti” və s.) təcrübəni kollecdə təşkil təşkil etmək mümkün oldu. Gələcəkdə də bu məsələ üzrə təkmilləşmələr aparmağı qarşımıza məqsəd qoymuşuq.
Hər il kollec məzunlarından bir qismi kollecdə qazandığı Ümumi Orta Göstəricilərinə görə ali məktəblərə qəbul olur. Məsələn, bu tədris ilində 52 nəfər məzunumuz ölkənin müxtəlif ali məktəblərinə daxil olub. Bu nəticə bizi sevindirməyə bilməz.
Bu tədris ilindən şəhid ailələrinin, qazilərin, həssas qrupa malik ailələrin uşaqlarının yataqxanada ödənişsiz qalmalarına şərait yaratmışıq. Gələcəkdə də bu istiqamətdə bir sıra mühüm işlər həyata keçirməyi nəzərdə tutmuşuq.
Yekun olaraq qeyd etmək istərdim ki, Astara Pedaqoji Kolleci orta ixtisaslı kadrların hazırlığı istiqamətində Azərbaycan təhsilinə və iqtisadiyyatına öz töhfəsini verir. Kollecdə ölkənin bir çox yaxın şəhər və rayonundan gəlmiş gənclər təhsil alır.
Bəzən bir sıra Kütləvi İnformasiya Vasitələrində bölgələrdə təhsilin səviyyəsinin guya aşağı olması barədə fikirlər səsləndirilir. Astara Pedaqoji Kollecində qurulmuş müasir sistemdə təhsilin keyfiyyətinin “bölgə” və ya “mərkəz” anlamına gətirmək istəyənlərə nümunəmiz əsasında hər yerdə keyfiyyətli yəhsilə nail olmağın mümkün olduğunu əməli işdə göstərə bilərik. Sadəcə, buna bacarıq, istək və həvəs olmalıdır. Gənc nəslin yaxşı təhsil alması üçün hər cür şərait var və ürək yandıraraq bu şəraitdən istifadə etməklə, istədiyimizə nail də ola bilərik.
Belə ki, təhsil ocağı sosial sistemin bir parçasıdır. Burada əlverişli təhsil mühiti yaratmaq istəyiriksə, mütləq valideynlərlə əlaqə və münasibətlər normal şəkildə qurulmalıdır. Bu baxımdan kollecin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədilə kollecdə təhsil alan tələbələrin valideynləri ilə müntəzəm olaraq görüşlər keçirməyi bu tədris ilində də davam etdirməyi nəzərdə tutmuşuq. Durumunda müəyyən problem olan tələbələrin ailələri ilə görüşmək, onların sosial vəziyyəti, yaşayış tərzi, asudə vaxtlarını necə keçirmələrini öyrənmək məqsədi ilə kollecdə “Valideynlər günü” təşkil edilir.
Kollektivimiz bu gün Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verməkdədir. Qarşıda hələ görüləsi çoxlu işlər və perspektiv vəzifələr var. Daha yüksək status əldə etmək, yeni müasir ixtisaslar hazırlığını həyata keçirmək və profili genişləndirmək kollec rəhbərliyinin daim diqqət mərkəzindədir.
Kamran Kazımov,
Tarix: Dünən, 15:41