Təhsildə süni intellekt: risklər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
Ümumelmi fənlər kafedrasının baş müəllimi
Aygün Musayeva Cavanşir qızı
mobil nöm.055.665-42-32
Süni intellekt bu gün sağlamlıq, iqtisadiyyat, ticarət, hərbi sahə, təhlükəsizlik və robot texnologiyaları kimi müxtəlif sahələrdə intensiv şəkildə tətbiq olunan, nisbətən yeni, lakin sürətlə inkişaf edən bir texnologiyadır. Bu anlayışın elmi əsasları ilk dəfə 1940–1950-ci illərdə bir qrup alim tərəfindən “süni beyin” yaratmaq ehtimalını araşdırmaq məqsədilə aparılan tədqiqatlarla qoyulmuşdur. Daha sonra 1956-cı ildə beynəlxalq miqyasda keçirilən Darmut Konfransı zamanı Con Makkarti və həmkarları tərəfindən rəsmi olaraq akademik sahəyə gətirilmişdir.
Türkiyədə isə süni intellekt anlayışı ilk dəfə 1958-ci ildə Cahid Arf tərəfindən Erzurumda keçirilən bir konfransda “Maşın düşünə bilərmi və necə düşünə bilər?” adlı məqalə əsasında ictimaiyyətə təqdim olunmuşdur.
Süni intellektin təhsildə istifadəsinə dair müzakirələrdə, əvvəlcə “Süni intellekt nədir?” sualına cavab tapmaq mühüm əhəmiyyət kəsb edir. Çünki bu texnologiya haqqında vahid, yekdil qəbul edilmiş tərif mövcud deyildir. Hər bir tədqiqatçı və ya praktik mütəxəssis süni intellekti fərqli aspektlərdən təsvir etmişdir. Bunun nəticəsində çoxsaylı müxtəlif təriflər formalaşmışdır. Bununla belə, bütün təriflərdə ortaq olan əsas ifadə belədir: “Süni intellekt – yeni vəziyyətlər qarşısında əvvəlcədən müəyyən edilməmiş reaksiyalar verə bilən sistemdir” (Nəbiyev, 2012).
Bu məqalədə süni intellektin təhsil sahəsində istifadəsinin yaratdığı və ya yarada biləcəyi təhlükələr və risklər ümumi çərçivədə araşdırılacaqdır. Burada məqsəd mövcud risklər barədə ilkin konseptual baxış yaratmaq və gələcək araşdırmalar üçün istiqamət müəyyənləşdirməkdir.
Risklər
1. İdrak qabiliyyətlərinin zəifləməsi
İnsan zəkasını dəstəkləmək və gücləndirmək məqsədilə hazırlanmış süni intellekt, əksinə, şagirdlərin bilişsel potensialını zəiflədə bilər. Təhsil prosesində bütün tapşırıqları süni intellektə həvalə etmək, insanın özünü asılı vəziyyətə salır və müstəqil öyrənmə bacarıqlarını zəiflədir.
2. Məlumat məxfiliyi və təhlükəsizliyi
Süni intellektin əsasını məlumat təşkil edir. Təhsil prosesinə süni intellektin daxil edilməsi şagirdlərin şəxsi, sosial və akademik məlumatlarının bu sistemlərdə toplanması deməkdir. Bu isə ciddi məlumat sızması və icazəsiz müdaxilə risklərini doğurur.
3. Rəqəmsal bərabərsizliklərin dərinləşməsi
Texnologiyaya çıxış imkanları qlobal və regional səviyyədə fərqli olduğu üçün süni intellekt təhsildə mövcud rəqəmsal uçurumları daha da dərinləşdirə bilər. Yüksək qiymətli cihazlara və sürətli internetə malik olmayan ölkələr və sosial qruplar bu texnologiyalardan yararlana bilməzlər.
4. Müəllim–şagird qarşılıqlı əlaqəsinin azalması
Öyrənmə prosesi sosial mühitdə baş verir. Təhsildə süni intellektin geniş tətbiqi müəllim və şagird arasındakı insani münasibətlərin zəifləməsinə səbəb ola bilər. Halbuki şagirdlərin sosial və emosional inkişafı üçün müəllimlərlə olan birbaşa ünsiyyət əvəzolunmazdır.
5. Alqoritmik qərəz və ədalətsizlik
Süni intellekt sistemləri böyük verilər üzərində qurulduğu üçün, həmin verilərdəki sosial qərəzlər və səhvlər nəticəsində ədalətsiz qərarlar verə bilər. Təhsil kontekstində bu, müəyyən şagird qruplarının haqsız qiymətləndirilməsi və sosial ayrı-seçkiliklə üzləşməsi deməkdir.
Süni intellekt bir çox sahələrdə insan həyatını asanlaşdıran, gündəlik işlərdə məhsuldarlığı artıran mühüm texnologiyadır. Bununla belə, təhsil sahəsi xüsusi həssaslıq tələb edir. Təhsildə süni intellektin qeyri-məhdud və nəzarətsiz tətbiqi ciddi təhlükələr yarada bilər. Ona görə də bu texnologiyanın istifadəsi zamanı diqqətli yanaşma, məsuliyyətli planlaşdırma və güclü nəzarət mexanizmləri vacibdir.
Tarix: 6-10-2025, 22:34