Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

TEXNОLОGİYA DƏRSLƏRİNDƏ TƏLİM FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI METОDİKASI




 

Səadət MUSAYEVA

Azərbaycan Dövlət Pedaqoji Universiteti Fizika fakültəsi 

Əməyin texnologiyası kafedrasının dosenti


Əsbət TEYMUROVA

Azərbaycan Dövlət Pedaqoji Universiteti Fizika fakültəsi

Əməyin texnologiyası kafedrasının baş müəllimi

 


Xülasə:

Məqalədə "Texnologiya" fənninin ümumtəhsil məktəblərində tədrisinin əhəmiyyəti, təlim prosesinin planlaşdırılması və müasir dərsin təşkili məsələləri araşdırılır. Planlaşdırmanın təlim məqsədlərinin müəyyənləşdirilməsi, məzmunun sistemləşdirilməsi və təlim fəaliyyətinin düzgün istiqamətləndirilməsində rolu əsaslandırılır. Müəllimin "Nə öyrədilməlidir?" və "Necə öyrədilməlidir?" suallarına cavab verməklə təlim məzmununu və müvafiq metod, forma və resursları məqsədyönlü şəkildə seçməsinin zəruriliyi göstərilir.

Məqalədə interaktiv dərsin imkanları, şagirdlərin idrak fəallığının inkişaf etdirilməsi və bilik, anlama, tətbiqetmə, analiz, sintez və qiymətləndirmə kimi idrak səviyyələrinin təlim prosesində nəzərə alınmasının əhəmiyyəti şərh edilir. Eyni zamanda müasir təlimin humanistləşmə, humanitarlaşma və informatlaşma prinsipləri nəzərdən keçirilir. Bu prinsiplərin tətbiqinin şagirdin fərdi xüsusiyyətlərinin nəzərə alınmasına, şəxsiyyət kimi inkişafına, yaradıcılıq və müstəqil düşünmə qabiliyyətlərinin formalaşdırılmasına, eləcə də informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinə imkan yaratdığı qeyd olunur.

Məqalədə belə nəticəyə gəlinir ki, "Texnologiya" fənninin səmərəli tədrisi düzgün planlaşdırma, məqsədəuyğun metod və texnologiyaların seçilməsi, fərdi yanaşma və müasir pedaqoji prinsiplərin vəhdəti əsasında təşkil edilməlidir.


Açar sözlər: Texnologiya fənni, planlaşdırma, müasir dərs, interaktiv təlim, humanistləşmə, humanitarlaşma, informatlaşma, informasiya-kommunikasiya texnologiyaları, idrak bacarıqları, şagird şəxsiyyəti, yaradıcılıq, təlim metodları.

 


            "Texnologiya" fənninin ümumtəhsil məktəblərində tədrisinin planlaşdırılması və müasir təlim prinsipləri


"Texnologiya" fənninin bir fənn kimi ümumtəhsil məktəblərində tədris olunması, ilk növbədə, müasir dövrün tələblərindən və şagirdlərin həyati bacarıqlara yiyələnməsi zərurətindən irəli gəlir. Bu fənnin tədrisi şagirdlərin praktik fəaliyyətə hazırlanması, əmək və texnoloji bacarıqlarının inkişaf etdirilməsi, yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


Ümumtəhsil məktəblərində "Texnologiya" fənninin tədrisi şagirdlərin emal texnologiyalarından müstəqil həyatda istifadə etmələrinə, müxtəlif praktik məsələləri həll etmələrinə, yaradıcı düşüncə və fəaliyyət qabiliyyətlərinin formalaşdırılmasına hərtərəfli şərait yaradır.

Planlaşdırma hər bir fənn müəlliminin, o cümlədən texnologiya müəlliminin qarşısında duran mühüm vəzifələrdəndir. Planlaşdırma dərsin məqsədlərini müəyyənləşdirir, müəllimin mövzu ilə əlaqədar fəaliyyətini düzgün istiqamətləndirir və təlim prosesinin sistemli şəkildə təşkilinə imkan verir.


İllik planlaşdırmada tədris vahidlərinə uyğun olaraq hər bir dərsin mövzusu və ona ayrılan saatların miqdarı qeyd edilir. Tədris vahidləri məzmun standartlarına uyğun olaraq müəyyənləşdirilir və onların ardıcıllıq prinsipləri əsaslandırılır. Bu zaman məzmunun sadədən mürəkkəbə doğru inkişaf ardıcıllığı, zamanla əlaqədar xronoloji ardıcıllıq və məntiqi ardıcıllıq gözlənilməlidir. Tədris vahidlərinə uyğun saatlar müəyyənləşdirilərkən mövzuların əhəmiyyətliliyi, həcmi, mürəkkəblik səviyyəsi və eyni zamanda şagirdlərin maraqları nəzərə alınmalıdır.



Təlimin planlaşdırılmasında əsas suallar

Planlaşdırma apararkən müəllim, əsasən, dörd mühüm məsələ üzərində düşünməlidir. Bunlardan birincisi "Nə öyrədilməlidir?" sualıdır. Bu sualın cavabı tədris proqramı və təlimin məzmunu ilə bağlıdır və fənn kurikulumlarında müəyyənləşdirilmiş məzmun xətlərini əhatə edir.


Proqramda əks olunan mövzular bu suala cavab verməkdə müəllimə istiqamət verir. Müəllim, ilk növbədə, həmin mövzularda əhatə olunan bilikləri şagirdlərə çatdırmalıdır. Burada müəllimin yaradıcılığı ondan ibarət ola bilər ki, o, axtarışlar apararaq tədris edəcəyi mövzu ilə bağlı əlavə materiallar əldə etsin və şagirdlərin biliklərini həmin məlumatlar hesabına daha da zənginləşdirsin.


İkinci mühüm məsələ "Necə öyrədilməlidir?" sualıdır. Bu sual, əsasən, təlim formaları və metodları ilə bağlıdır və müəllimin yaradıcılığı üçün geniş imkanlar yaradır.

Təlimin müxtəlif təşkil formalarına dərs-mühazirə, dərs-ekskursiya və qeyri-ənənəvi dərs formaları aid edilə bilər. Müəllim tədris etdiyi mövzunun xüsusiyyətlərindən asılı olaraq oyun-dərs, dərs-tapmaca, təbiət qoynunda dərs, dərs-debat və digər formalardan istifadə edə bilər. Qabaqcıl müəllimlər bu dərs formalarından məqsədyönlü və bacarıqla istifadə edirlər.

Bu dərs formalarından istifadə zamanı mövzunun xüsusiyyətləri, sinfin səviyyəsi, məktəbin maddi-texniki bazası və bir sıra digər amillər nəzərə alınmalıdır. Müəllimin yaradıcı yanaşması da məhz bu amilləri təlim prosesində necə nəzərə almasında özünü göstərir.

Burada müasir təlim metodlarının düzgün seçilməsi də mühüm rol oynayır. Hazırda çoxsaylı müasir təlim metodları, yeni tədris texnologiyaları və müxtəlif tədris resursları, xüsusilə elektron resurslar mövcuddur və onların əksəriyyəti müəllimlər üçün əlçatandır. Müəllimlər də bu imkanlardan geniş istifadə edirlər.

Lakin yaxşı dərs o dərs deyil ki, burada daha çox təlim metod və üsulundan istifadə olunur. Yaxşı dərs müasir metod və üsullardan optimal və səmərəli istifadə edilən dərsdir. Burada müəllimin yaradıcılığı müasir təlim metodlarını tədris etdiyi fənnə, mövzuya, dərsin məqsədinə və sinfin hazırlıq səviyyəsinə uyğun seçib tətbiq etməsində özünü göstərir.

Texnologiya müəllimi illik, yarımillik və gündəlik dərs planlaşdırmasını apararkən Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq normativ-metodik sənədlərə, məzmun və qiymətləndirmə standartlarına, tədris planına, dərsliyə və müəllim üçün nəzərdə tutulmuş metodik vəsaitlərə əsaslanmalıdır.


İnteraktiv dərs və şagird fəallığı

İnteraktiv dərs sanki elm aləminə edilən bir səyahətdir. Şagirdlər burada tədqiqatçı kimi tanımadıqları bir istiqamətdə addımlayır, yeni bilik və bacarıqlar əldə edirlər. Müəllim isə onlara düzgün istiqamət göstərən bələdçi rolunu oynayır.

Dərs elmə və praktik fəaliyyətə əsaslanan, eyni zamanda maraqlı və əyləncəli şəkildə təşkil olunarsa, şagirdlərin yeni informasiyaları öyrənməyə marağı artır. Bu isə əldə edilmiş biliklərin onların yaddaşında daha möhkəm yer almasına şərait yaradır.

Müəllim gündəlik dərsləri planlaşdırarkən bu qaydaları gözləməklə yanaşı, hər bir şagirdin maraq və fərdi xüsusiyyətlərini də nəzərə almağa çalışmalıdır. Belə olduqda onların bacarıq və potensialını üzə çıxarmaq daha asan olur. Bu isə sinifdə daha səmərəli qiymətləndirmə aparılmasına imkan yaradır.


Müasir dərsin planlaşdırılması və idrak səviyyələri

Müasir dərsin planlaşdırılmasından sonra dərsə qədərki hazırlıq mərhələsi, dərs prosesi və dərsdən sonrakı mərhələlər geniş təhlil edilməlidir. Dərsin məzmununa keçməzdən əvvəl mövzunun əhəmiyyəti, eləcə də onun qarşıya qoyduğu məqsəd və vəzifələr müəyyənləşdirilməli, bunlara uyğun suallar formalaşdırılmalıdır.

Bundan başqa, sualların məzmunu və tipləri elə seçilməlidir ki, şagirdlərdə müxtəlif idrak səviyyələrinə uyğun bacarıqlar formalaşsın. Bu baxımdan aşağıdakı idrak səviyyələrinin nəzərə alınması məqsədəuyğundur:

  • Bilik - öyrənilmiş informasiya və faktların xatırlanması və ifadə edilməsi;
  • Anlama - mövzuya dair fikrin öz sözləri ilə izah edilməsi və ya başqa formada ifadə olunması;
  • Tətbiqetmə - yeni öyrənilmiş üsul və qaydalardan istifadə etməklə verilmiş tapşırığın yerinə yetirilməsi;
  • Analiz - mürəkkəb ideyanın, hadisənin və ya prosesin tərkib hissələrinə ayrılması, səbəb və nəticələrin müəyyənləşdirilməsi;
  • Sintez - müxtəlif ideya və məlumatların birləşdirilərək yeni ideya, həll və ya məhsulun yaradılması;
  • Qiymətləndirmə - konkret ideyanın, prosesin və ya həll variantının müəyyən meyarlar əsasında qiymətləndirilməsi.

Bu idrak səviyyələrinin təlim prosesində nəzərə alınması şagirdlərin yalnız məlumatları yadda saxlamasına deyil, həm də onları anlama, tətbiq etmə, təhlil, sintez və qiymətləndirmə bacarıqlarının inkişafına imkan yaradır. Dərsin düşünmə mərhələsində şagirdlər özləri üçün müəyyən nəticələr çıxara bilməlidirlər.

Tədris-təlim prosesində müasir dərsin əsas prinsiplərinin həyata keçirilməsində üç istiqamətin - humanistləşmə, humanitarlaşma və informatlaşmanın nəzərə alınması mühüm əhəmiyyət daşıyır.


Humanistləşmə prinsipi

Müasir ekzistensial-fəlsəfi baxışlarda öyrənənlərə, bütövlükdə insanlara subyekt kimi yanaşılması, onların unikal, fəal, daxilən azad və mənəviyyatlı şəxsiyyət kimi qəbul edilməsi əsas amillərdən biri hesab olunur.

Öyrənənlərin unikallığı dedikdə hər bir fərdin təkrarolunmazlığı və bənzərsizliyi başa düşülür. Unikallıq texnokratik yanaşmanın, yəni öyrənənə yalnız obyekt kimi yanaşmanın əksidir. Təhsilalanlara və təhsilverənlərə yalnız obyekt kimi münasibət göstərilməsi subyekt-subyekt münasibətlərinin mahiyyəti ilə uzlaşmır.

Bu baxımdan fərdi xüsusiyyətləri və qabiliyyətləri müxtəlif olan öyrənənlər üçün müvafiq və çevik təhsil imkanlarının yaradılması, tədris-təlim prosesinin fərdiləşdirilməsi və diferensiallaşdırılması zəruridir.

Şəxsiyyətin fəallığı dedikdə təşəbbüskar, fəaliyyətsevər, öz hərəkətlərində və davranışında müstəqil olan öyrənən nəzərdə tutulur. Daxili azadlıq isə öyrənənin seçim hüququnu ifadə edir. Hər bir öyrənənin təhsil alacağı məktəbi, fənn proqramını, təlim prosesində fəaliyyət istiqamətini və problemin həll variantını seçmək imkanının olması diqqət mərkəzində saxlanılmalı və buna hörmətlə yanaşılmalıdır.

Mənəviyyatlılıq öyrənənin hörmət, məhəbbət, qarşılıqlı anlaşma, inkişafa və yaradıcılığa meyil kimi dəyərlərə əsaslanan həyat tərzi ilə bağlıdır.

Deməli, müasir dərsin humanistləşdirilməsi zor və güc tətbiqinə əsaslanan pedaqogika və psixologiyadan uzaqlaşmanı tələb edir. Buna görə də humanistləşmə prinsipi, hər şeydən əvvəl, obyekt yönümlü dünyagörüşünün subyekt yönümlü dünyagörüşü ilə əvəz edilməsini nəzərdə tutur.

Bu prinsip, həmçinin, tədris-təlim prosesində dialoji münasibətlərin qurulması ilə reallaşdırılır.

Dialoji fəaliyyət formaları - frontal sorğu, cütlərlə və qruplarla iş, müzakirə və s. - subyekt-subyekt münasibətlərinin formalaşdırılmasına xidmət edir. Dialoq zamanı qarşılıqlı hörmət və anlaşma, bir-birinin biliklərinin zənginləşdirilməsi, birgə yaradıcılıq və digər insani münasibətlər inkişaf edir. Dialoq eyni zamanda çoxaspektli - şaquli, üfüqi, intellektual və emosional ünsiyyət formasıdır.


Humanitarlaşma prinsipi

Humanitarlaşma prinsipi tədris-təlim prosesinin və dərsin mahiyyətcə dəyişdirilməsini nəzərdə tutur. Fəlsəfi və didaktik səviyyədə dərs prosesinin humanitarlaşdırılması hər hansı fənnə aid tədris materialında ümumbəşəri dəyərlərin və şəxsiyyətə aid mənəvi keyfiyyətlərin üzə çıxarılmasını və onların öyrənənin inkişafına yönəldilməsini tələb edir.

Humanitarlaşma, əslində, humanistləşmənin vasitələrindən biri olmaqla təbii-texniki mədəniyyətin humanitar istiqamətdə inkişafına xidmət edir. Eyni zamanda humanitarlaşma humanitar problematikaya və humanitar mədəniyyətə yönəlişi ifadə edir.

Bu, ümumelmi və ümumtexniki fənlərin məzmununda olan humanitar dəyərlərdən istifadə etməklə tədris-təlim prosesinin yenidən qurulmasını və onun təbii-texniki, sosial və humanitar komponentləri arasında uyğunluğun təmin edilməsini nəzərdə tutur.

Bu halda öyrənənin idrak fəaliyyətinin xarakteri də dəyişir. Tədris materialının məzmununun yalnız yadda saxlanılması deyil, həm də onun mahiyyətinin qavranılması ön plana keçir.

Humanitarlaşma dərsin əsas məqsədinin müəyyənləşdirilməsi və həmin məqsədin öyrənənin şəxsiyyət kimi inkişafı ilə sıx əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ənənəvi dərsdə tədris fənləri həm məqsəd, həm də məqsədə nail olma vasitəsi kimi çıxış edə bilər. Bu isə bəzi hallarda öyrənəni fəal idrak fəaliyyətindən uzaqlaşdırır, onun inkişafını ləngidir, faktları, hadisələri, qanun və qanunauyğunluqları dərindən dərk etmədən əzbərləməyə sövq edir.

Öyrədən fəaliyyətinin səmərəliliyi yalnız öyrənənin qazandığı bilik və bacarıqların səviyyəsi ilə deyil, həmçinin onun şəxsi keyfiyyətlərinin və inkişaf dinamikasının nəzərə alınması ilə qiymətləndirilməlidir.

Demokratik cəmiyyətdə məktəbdə tədris-təlim və dərs prosesinin başlıca vəzifəsi öyrənənin bütöv şəxsiyyət kimi inkişafına nail olmaq və onu sonrakı həyata hazırlamaqdır.

Bütün bu məsələlərin həllində humanitarlaşma prinsipi xüsusi rol oynayır və müəllimdən tədris etdiyi fənni fəlsəfi, kulturoloji, pedaqoji-psixoloji və elmi baxımdan təhlil etmək bacarığı tələb edir.


İnformatlaşma prinsipi

İnformatlaşma prinsipi informatika, informasiya və informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən təlim prosesində, idarəetmədə və pedaqoji tədqiqatlarda geniş istifadə edilməsini nəzərdə tutur.

İnformatlaşdırma müxtəlif informasiyaların kompüter vasitəsilə yaddaşa alınması, saxlanılması, emalı, təhlili və təqdim edilməsinə əsaslanır.

Təlim prosesində tətbiq olunan müasir informasiya-kommunikasiya texnologiyalarının əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

  • birbaşa kompüterdə və çap formasında pedaqoji testləşdirmənin təşkili;
  • təlim prosesinin müxtəlif informasiyalarla - pedaqoji məzmunlu materiallar, yeni texnologiyalarla bağlı məlumatlar, məktəb və tədris prosesi üçün zəruri informasiyalarla - təmin edilməsi;
  • öyrədici və görüntüləri nümayiş etdirən kompüter və multimedia sistemlərindən istifadə;
  • elektron tədris resurslarının və rəqəmsal təlim materiallarının tətbiqi;
  • video, animasiya, təqdimat və digər vizual vasitələrdən istifadə.

Multimedia sistemləri tədris materialının əyaniliyini artırır, onun müxtəlif formalarda təqdim edilməsinə və vizual qavranılmasına imkan verir. Bu vasitələr şagirdlərin tədris materialını daha yaxşı qavramasına, mövzunun mahiyyətini əyani şəkildə dərk etməsinə və təlimə marağının yüksəlməsinə şərait yaradır.


Nəticə:

Beləliklə, qeyd olunan prinsiplər əsasında qurulan müasir təlim prosesi şagird şəxsiyyətinin hərtərəfli inkişafına, ümumbəşəri və milli dəyərlərin mənimsənilməsinə, fundamental və eyni zamanda praktik yönümlü bilik və bacarıqların formalaşdırılmasına xidmət edir.

«Texnologiya» fənninin tədrisində planlaşdırmanın düzgün qurulması, müasir təlim metod və formalarının məqsədəuyğun seçilməsi, şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə və humanist pedaqoji münasibətlərin formalaşdırılması təlimin keyfiyyətinə əhəmiyyətli təsir göstərir.

Müasir texnologiya təliminin əsas məqsədi yalnız müəyyən texnoloji bilik və bacarıqların mənimsədilməsi deyil, həm də müstəqil düşünən, yaradıcı, praktik fəaliyyətə hazır, sosial məsuliyyətli və rəqabətqabiliyyətli şəxsiyyətin formalaşdırılmasıdır. Bu baxımdan «Texnologiya» fənni şagirdlərin gələcək həyat və əmək fəaliyyətinə hazırlanmasında mühüm pedaqoji imkanlara malikdir.

 

ƏDƏBİYYAT:

1. Kərimоva F,Əhmədоva M. və b. İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Baki “Adilоğlu”, 2005.

2. Mərdanоv M., Şahbazlı F. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab, Bakı, “Təhsil” , 2005.

3. Texnоlоgiya VI sinif ,dərslik.

4. Texnоlоgiya VII sinif, metоdik vəsait.

5.  Kurikulumların hazırlanması və tətbiqi məsələləri. Bakı, “Kövsər” , 2008.

6. Texnоlоgiya VI sinif, metоdikvəsait.

7. Texnоlоgiya IX  sinif metоdik vəsait.

8. Texnоlоgiya VII sinif dərslik.

9.Texnоlоgiya IX  sinif dərslik.

10. Ümumi təhsilin fənn standartları (I-XI siniflər). Bakı, “Mütərcim”, 2012

11. Azərbaycan respublikasının ümumtəhsil məktəbləri üçün texnоlоgiya fənni üzrə təhsil prоqramı (kurrikulumu) (ı-ıx siniflər), Bakı 2013.

12. Hüseynzadə R.L. Məktəbdə pedaqoji prosesin təşkili. Bakı, Aktiv, 2013



"Təhsil" jurnalı
10 sentyabr 2026-cı il



Tarix: Bu gün, 17:01

Xəbəri paylaş