AKADEMİK MÖHSÜN NAĞISOYLUNUN YARADICILIĞINDA YAZILI ABİDƏLƏRİMİZİN TƏDQİQİ

Namaz Rizvan oğlu MANAFOV,
Mingəçevir Dövlət Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru
Möhsün Zellabdin oglu Nağısoylu Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, tanınmış şərqşünas alim, tərcüməçi və pedaqoqdur.
Möhsün Nağısoylu 1946-cı ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xök kəndində anadan olmuşdur. Orta təhsilini Xök kənd orta məktəbində alan M. Nağısoylu 1971-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı şöbəsini fərqlənmə diplomu ilə bitirərək, AMEA –nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik, 1994-cü ildə “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi, tərcümə və dil xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Möhsün Nağısoylunun bir dilçi alim kimi ən böyük xidməti qədim və orta əsrlərin yazılı abidələrini - xalqımızın qiymətli mənəvi sərvəti olan əlyazmaları tədqiq etməsidir. Bildiyimiz kimi, uzun müddət Azərbaycan şairləri o dövrün ənənəsinə uyğun olaraq, əsasən fars və ərəb dillərində yazmışlar. Həmin əlyazmaların tərcüməsi, mətnləri üzrə tədqiqatlar aparmaqla, ədəbiyyatımızın və dilimizin daha aydın tarixi mənzərəsini verə bilərik.
Akademik Möhsün Nağısoylu Azərbaycan, türk, fars dillərində yazılmış 70-dən artıq kitabın – monoqrafiyanın, dərs vəsaitinin müəllifi, 15-dən artıq kitabın, lüğətin tərtibçisi olmuşdur. O, “Azərbaycanca – farsca”, “Farsca - azərbaycanca” lüğətlərinin tərtibçisi, təkmilləşdirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin (2021-ci il) redaktorudur. Akademik həmçinin, 500-dən artıq elmi məqalənin və konfrans materiallarının müəllifidir.
Görkəmli alimin tədqiqatlarının mühüm bir hissəsini mətnşünaslıq - mətn linqvistikası təşkil edir.
Məhəmməd Füzulinin, Sədi Şirazinin, Şeyx Mahmud Şirazının, Şeyx Mahmud Şəbüstərinin, Həzininin, Abbasqulu aqa Bakıxanovun tərcümə yaradıcılığını alim məhz əsl mətnşünas həssaslığı ilə təhlil etmişdir.
Möhsün Nağısoylunun “Orta əsrlərdə “Azərbaycanda tərcümə sənəti” monoqrafiyası dilçi alimlərin yekdil fikrinə görə ölkəmizdə bu sahədə yazılmış ən sanballı tədqiqat əsəridir.
Akademik Möhsün Nağısoylu orta əsrlərdə üzü köçürülmüş çox qiymətli yazılı abidələr üzərində tədqiqatlar aparmış, bəzi nadir və çox dəyərli əlyazmaları fars dilindən Azərbaycan dilinə tərcümə edərək, nəşr etdirmişdir. Onların sırasında "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə”, Əhmədinin “Əsrarnamə”, S. Bəlağinin “Quran qissələri”, Ə. Baxşayeşinin “Siddiqeyi-Tahirə”, Şəbüstərinin “Gülşəni-raz” (“Sirr bağçası”), S. Bakuvinin “Gülşəni-əsrar” və b. xüsusi yer tutur.
Akademik İsa Həbibbəyli qeyd edir ki, Möhsün Nağısoylunun hələ 1992-ci ildə fars dilindən səlis və axıcı bir dildə tərcümə etdiyi Sədrəddin Balağinin “Quran qissələri” kitabı ona böyük şöhrət qazandırmışdır. Klassik ədəbiyyatımız üçün böyük əhəmiyyət daşıyan bu əsər sonralar 2001 və 2006-cı illərdə İranın paytaxtı Tehranda və Qum şəhərində təkrar nəşr olunmuşdur.
M. Nağısoylunun XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” üzərində tədqiqatları Azərbaycanda paleoqrafiya və tərcümə tarixinə həsr olunmuş ilk ciddi elmi araşdırma kimi diqqəti cəlb etmiş, yüksək qiymətləndirilmişdir.
M. Nağısoylunun sanballı araşdırmalarından biri “Şirazinin “Gülşəni-raz” tərcüməsi” kitabıdır. Azərbaycan filologiyasında bu barədə ilk dəfə araşdırmalar aparan, necə deyərlər, ilk söz deyən Möhsün Nağısoyludur. Müəllifin kitaba yazdığı ön sözdən məlum olur ki, Şirazinin 1426-cı ildə tamamladığı “Gülşəni-raz” tərcüməsi ana dilimizdə təsəvvüf simvollarını açıqlayan ilk dəyərli və sanballı qaynaqdır. Orta yüzilliklərdə böyük şöhrət qazanmasına və geniş yayılmasına baxmayaraq, “Gülşəni-raz” tərcüməsi indiyədək istər Azərbaycanda, istərsə də başqa ölkələrdə ayrıca olaraq nə araşdırılmış, nə də nəşr olunmuşdur. Bu mənada M. Nağısoylunun “Gülşəni-raz” tərcüməsinə həsr etdiyi filoloji-tekstoloji araşdırmasını, xüsusilə də tərcümənin üç əlyazması əsasında nəşrə hazırladığı mətnini Azərbaycan filologiya elmi üçün çox təqdirəlayiq və əlamətdar bir hadisə kimi yüksək qiymətləndirmək lazım gəlir.
Azərbaycan şərqşünaslığında ilk dəfə Möhsün Nağısoylunun çapa hazırladığı “Şeyx Səfi təzkirəsi” (Bakı, 2006, “Nurlan” 932 səh.) xüsusilə əhəmiyyətlidir. Bu kitabın dəyərini, böyük əhəmiyyətini geyd edən görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyev yazırdı: “Bu kitab Azərbaycan tarixındə misilsiz xidmətləri olan qüdrətli dövlət başçısı, görkəmli şair Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin Ərdəbil haqqındadır. Səfəviyyə təriqətinin qurucusu olmuş Şeyx Səfiəddin dövrünün nüfuzlu şəxsiyyətlərindən sayılmış, hətta hökmdarlar belə onun fikirləri ilə hesablaşmışlar.
M. Nağısoylunun digər əsərləri də elmi yeniliyi və aktuallığı ilə diqqəti cəlb edir. Görkəmli tədqiqatçı alimin bu kitabları ədəbiyyat tariximiz üçün nə dərəcədə önəmlidirsə, ədəbi dil tariximizin, xüsusilə də tarixi leksikologiyanın hərtərəfli araşdırılması baxımından bir o qədər dəyərli və əhəmiyyətlidir.
Ömrünün düz əlli ilini xalqımızın qiymətli mənəvi sərvətinin – yazılı abidələrin tədqiqinə həsr edən akademik Möhsün Nağısoylu bu sahədə ədəbi məktəb yaratmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru Möhsün Zellabdin oğlu Nağısoylunun bu ilin sentyabr ayında 80 yaşı tamam olur. Görkəmli dilçi alimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Tarix: Bu gün, 16:20
Xəbəri paylaş
