Akademik Şahin Mustafayev: Birinci Türkoloji Qurultay türk xalqlarının latın əlifbasına keçidi kimi önəmli bir vəzifənin öhdəsindən gəlib

Birinci Türkoloji Qurultay həm Azərbaycanın, həm də ümumilikdə bütün Türk dünyasının tarixində olduqca önəmli yer tutan bir hadisədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində çıxışında deyib. Onun sözlərinə görə, Birinci Türkoloji Qurultay XX əsr mədəni tariximizdə müstəsna rol oynayıb. Qurultay bir neçə cəhətdən türk xalqları tarixində çox mühüm yer tutur.
“Bəlkə ilk baxışda qəribə görünə bilər, ancaq Qurultayın sənədlərilə diqqətlə tanış olduqda, aydın olur ki, onun təşkilatçıları, çox vaxt xidmət etdikləri bolşevik ideologiyasına baxmayaraq, bu cəhətlərə xüsusi diqqət yetirərmişlər və Qurultayın türk xalqlarının tarixindəki əhəmiyyətinə həm elmi, həm də siyasi baxımdan bir çox hallarda sərrast və düzgün qiymət vermişdilər. Görünür, 1920-ci illərin ortalarında Sovet İttifaqında hələ nisbətən söz və ifadə azadlığının mövcud olduğu bir dövrdə bu mümkün idi”, - deyə Şahin Mustafayev bildirib. Akademik vurğulayıb ki, Birinci Türkoloji Qurultay Türk xalqlarının elmi və mədəni həyatında qarşıda duran önəmli məsələləri həll etməyə çalışıb və xüsusilə xalqlarımızın latın əlifbasına keçidi kimi önəmli bir vəzifənin öhdəsindən gəlib:
“1939-cu ildə siyasi repressiyalar dövründə əldə edilən bu nailiyyətlərə son verilsə də, Qurultayın bu böyük zəfəri unudulmayıb. Təsadüfi deyil ki, 1991-ci ildə bir sıra türk xalqları öz müstəilliklərini yenidən əldə etdikdən dərhal sonra latın əlifbasına keçid məsələsi bir daha gündəmə gətirilmişdir. Böyük qürür və iftixar hissilə demək istəyirəm ki, 2023-cü ildə məhz Beynəlxalq Türk Akademiyasının səyləri və əlaqələləndirməsi ilə Türk Dövlətlər Təşkilatının təşəbbüsü ilə yaradılmış dövlətlərarası Ortaq Türk Əlifbası Komissiyası öz işinə başlayıb. Bu işdə Akademiya digər tərəfdaş təşkilatlarla, tanınmış dilçi alimlərimizlə yaxın əməkdaşlıq etmişdir.2024-cü ilin sentyabr ayının 11-də yenə də Bakıda keçirilən Komissiyanın 3-cü toplantısında latın əsaslı 34 hərfli Ortaq Türk Əlifbası qəbul edilib. Bununla Beynəlxalq Türk Akademiyası və onun tərəfdaşları, 1926-cı il Türkoloji Qurultayın bütün iştirakçılarının, ümumilikdə xalqımızın maariflənməsi və milli mədəniyyətimizin inkişafı naminə həyatlarını sərf etmiş bütün böyük ziyalılarımızın xatirəsi qarşısında öz borcunu qismən də olsa yerinə yetirmişdir”.
Tarix: Dünən, 21:00
