“Seysulanda döyüş”
Bu günlərdə yazıçı-publisist, tarix müəllimi Təranə Cəbiyevanın “Seysulanda döyüş” kitabı işıq üzü görüb. Kitabda 2016-cı il aprelin 2-də Tərtərin Seysulan kəndinin erməni işğalından azad olunmasında şəhid olan Rəşad Niftalılının keçdiyi ömür yolundan bəhs edilir.
Kitabın ilk səhifəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir” sözləri ilə açılır.
Əməkdar mədəniyyət işçisi Məsaim Abdullayev “Seysulanda döyüş” kitabına yazdığı “Ön söz”də qeyd edir ki, “Seysulanda, Lələtəpədə, başqa müqəddəs yurd yerlərində mənfur erməni quldurlarına qarşı əsl türk, azərbaycanlı kişisi kimi ölüm-dirim savaşına atılan Rəşad kimi ölməz qəhrəmanların adı, şücaəti heç vaxt yaddan çıxmayacaq”. Həqiqətən də torpaqlarımızın erməni işğalından azad olunmasında böyük şücaət göstərən oğullarımızın hər biri qəhrəmandır. Belə oğullardan biri də 22 yaşında Aprel döyüşlərində şəhid olan Rəşad Niftalılıdır. Onun atası Şakir Niftalıyev 1993-cü ildə erməni separatçıları tərəfindən işğal olunan Zəngilan rayonunun Həkəri kəndində doğulub. İlk övladı Rəşadı da vətən həsrəti, nisgili ilə böyüdüb. İndi də atası Şakir müəllim Rəşadın uşaqlıq illərində Qarabağ müharibəsində iştirak etmiş əmisinə dediyi “əmi, sən Qarabağı ala bilmədin, vaxt gələr mən Qarabağı ermənilərdən azad edərəm” sözlərini unutmayıb. Rəşad Şakir oğlu Niftalılı 1993-cü il avqustun 19-da Bakıda dünyaya gəlib. Bakının Xətai rayonundakı 64 nömrəli tam orta məktəbdə təhsil alıb. Yuxarı siniflərdə oxuyarkən həmişə çalışqanlığı, dərsə hazırlıq səviyyəsinə görə seçilib. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra sənədlərini Gəncə Dövlət Texnologiya Universitetinə verib, 400 balla həmin ali məktəbə daxil olub. Tələbəlik illərində nümunəvi davranışı, intellekti və yüksək təhsili ilə müəllimlərin, qrup yoldaşlarının etimadını qazanıb.
Kitabda Rəşad Niftalılı ilə bağlı xatirələrdən də söhbət açılır. Bu xatirələr içərisində Rəşadın hərbi xidmətdən öncə valideynlərinə dediyi “mən də Mübariz İbrahimov kimi ermənilərdən şəhidlərin qisasını alacağam!” fikirləri diqqətçəkəndir. Kitabda bu sətirləri oxuyarkən Rəşadın qəlbinə düşməndən qisas almaq istəyinin hakim olduğunu hiss edirsən. Daha sonra Rəşadın düşmənlə sərhəddə torpaqlarımızı mətin qoruması, gecə-gündüz keşik çəkməsi arzusu həyata keçir. Tale elə gətirir ki, Rəşad Tərtər rayonunda hərbi xidmətdə olur. Vətən torpağını 9 ay ermənilərlə sərhəddə şərəflə qoruyur. Aprel döyüşlərində Rəşadla bərabər əsgər yoldaşları qəhrəmancasına döyüşərək, düşmənə ağır itkilər verirlər. “Seysulanda döyüş” kitabında müəllif səngərdə döyüşən vətən oğullarının hər birinin adını iftixar hissi ilə qeyd edir. Xüsusən Seysulan döyüşündə fədakarlıqlar göstərən Samir Qaçayevin bölməsi ilə bərabər, bölmə komandiri Rəşad Niftalılının döyüş rəşadətlərindən, ölümün gözünə dik baxdıqlarından danışır.
Cəmi 4 gün davam edən Aprel döyüşləri xalqımızın hərb tarixinə qızıl hərflərlə yazıldı. Məhz Azərbaycan ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqlar sayəsində Seysulana, Talış yüksəkliyinə və Lələtəpəyə Azərbaycanın müstəqilliyinin və milli mənsubiyyətimizin nişanəsi olan üçrəngli bayrağımız sancıldı! Həmin tarixi günlərdə torpaq yolunda, el yolunda oğullarımız şəhid oldular ki, təki Vətən yaşasın! Aprel döyüşlərində Rəşad Niftalılı ilə bərabər, Samir Qaçayev, Mikayıl Vahabzadə, Əbdülməcid Axundov, Rəvan Nurayev, Xaliq Əzizzadə, Elşən Səmədov, Nazim Zəkəralıyev, Şulan Bayramov, Orxan Əliyev, Firdovsi Bağırlı, Mahir Quliyev, Tural Dadaşov və digər oğullarımız sinələrini sipər edərək əbədiyyətə qovuşdular.
Bu qeyrətli vətən övladları ilə bərabər Rəşad Niftalılı da Azərbaycan gəncliyinin bir nümayəndəsi idi. Kitabda ölməzliyə qovuşan Rəşadla bağlı olan fotoşəkillər, onun haqqında anası Fərqanə xanımın, atası Şakir müəllimin söylədikləri bu gəncin doğulduğu, qoynunda göz açdığı vətəninə layiq övlad olduğunu təsdiqləyir. Ölümündən sonra Rəşad Niftalılının xatirəsini əbədiləşdirmək üçün oxuduğu məktəbdə, 4 il təhsil aldığı ali məktəbdə anım tədbirinin keçirilməsi, xatirə guşəsinin açılması bir daha xalqımızın Aprel döyüşlərində şəhid olan Rəşad Niftalılının xatirəsinin əziz tutulduğunu, şəhidlərimizə olan böyük ehtiram nişanəsidir. Sonda qeyd edək ki, Təranə Cəbiyevanın “Seysulanda döyüş” kitabı gənclərimizə doğma yurda məhəbbət, vətənpərvərlik hissinin aşılanmasında dəyərli kitablardan biridir.
Ədalət
Tarix: 11-12-2017, 13:35