Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Uşağın məktəbəqədər yaş xüsusiyyətləri

Pərvanə Əsədova
Ali peşə-ixtisas dərəcəli məktəbəqədər təlim-tərbiyə  üzrə mütəxəssis.
E-mail: [email protected]   



Uşağın məktəbəqədər yaş mərhələsi onun  fiziki, psixi və sosial inkişafı baxımından aktuallıq kəsb edib tədqiqat problemi kimi daim əhəmiyyət daşıyır. Məktəbəqədər təhsil uşaq şəxsiyyətinin formalaşmasına və inkişafına, daim dəyişən mühitə müvəffəqiyyətlə uyğunlaşmasına şərait yaradır. Aparılmış tədqiqatlar sübut etmişdir ki, məhz məktəbəqədər yaş dövrü insanın intellektinin, şəxsiyyətinin formalaşması, sosial və emosional inkişafı üçün çox mühüm mərhələdir. Məktəbəqədər yaşlı uşaqların inkişafının milli inkişaf strategiyası ilə qırılmaz şəkildə bağlılığı və dövlət siyasətinin tərkib hissəsi olması məktəbəqədər təhsilin dövlət standartının tətbiqinə və daim yenilənməsinə ehtiyac yaradır. Məktəbəqədər təhsilin dövlət standartı məktəbəqədər təhsil müəssisələrində uşaqların təlim- tərbiyəsinin psixoloji və pedaqoji əsaslarına dair tələblər sistemini ehtiva edir. Standart pedaqoji prosesin təşkili qaydalarını, onun iştirakçılarının rolunu və yerini müəyyən edir, məktəbəqədər təhsil müəssisəsi ilə ailə və icma arasında münasibətlər sistemini tənzimləyir. Milli təhsil konsepsiyası əsasında fəal təlim metod və texnologiyalarından istifadə olunmaqla müasir tələblərə cavab verən yeni gənc nəsil yetişdirilir. Məktəbəqədər təhsil proqramında (kurikulumda) fəal təlim metodları ilə qurulan məşğələlər ənənəvi məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəkildə fəaliyyət göstərməsinə imkan yaratmaqla yanaşı, onların bilik, bacarıq və istedadlarının üzə çıxarılmasına da şərait yaradır. Fəal təlim uşaqların idraki fəallığını təmin edir. Məktəbəqədər yaş mərhələsi uşağın fiziki, psixi və sosial inkişafı baxımından əhəmiyyətli bir dövrdür. Erkən dövrdə sensor və hərəki funksiyalar, nitqə yiyələnməyə hazırlıq böyüklərlə bilavasitə qarşılıqlı təsir prosesində intensiv imkanları əldə edir. Körpəlik dövründə böyüklərlə bilavasitə - emosional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir. Ana və digər böyüklərlə bu cür ünsiyyət körpənin tələbatını ödəməklə onun fiziki və psixi inkişafında mühüm rol oynayır.
Uşaq 1 yaşının sonuna qədər gəzməyə, danışmağa və əşyalarla hərəkət etməyə başlayır. Bu göstəricilər onun həyatının ikinci ilindəki inkişafını müəyyən edir. Əlverişli şəraitdə iki yaşlı uşağın çəkisi hər ayda 170-190 q, boyu isə 1 sm artır. İki yaşına qədər uşağın çəkisi orta hesabla 12-12,7 kq, boyu isə 85-86 sm. çatır. İki yaşlı uşağın təxminən 20 süd dişi çıxır. Erkən yaş dövrü uşaqların intensiv fiziki inkişaf dövrüdür. Bu dövrdə kollektivdə uşaqların birgə fəalliyyəti tədricən xeyirxah, emosional ünsiyyət münasibətləri yaradır. Bu dövrdə uşağın nitqinin inkişafı onun sonrakı illəri üçün xüsusi əhəmiyyət kəsb edir. Söz ehtiyatı 1 yaşda təxminən 10-20 söz, 1,5 yaşda 30-40 söz, 2 yaşda isə 300-ə qədər olur. İki yaşlı uşaqlar musiqiyə, bədii sözə qarşı çox həssasdır.  Onlar sadə nağılları, mahnıları dinləyir, böyüklər oxuyarkən onlara qoşulur. Özü sevdiyi mahnını oxuyur və rəqs edir. Bu keyfiyyətlər uşaqları yeni inkişaf dövrünə hazırlayır.
 2-3 yaşda uşaq daha müstəqil olur. Hərəkətlərini əlaqələndirməyi bacarır. Uşaq öz sadə təcrübəsi əsasında müşahidə aparmağı, əşya və hadisələri müqayisə etməyi öyrənir. Onda ətraf aləm, ətrafdakılar haqqında sadə müşahidələr yaranır. О, “ Bu kimdir?”, “ Bu nədir?”, “Niyə?”, “Harada?”, “Necə?” kimi suallar verir. Əşya və hadisə haqqında fikir söyləyir. Onun lüğət ehtiyatı sürətlə zənginləşir. Tədricən hal şəkilçilərini, feilin zamanlarını, sifətin dərəcələrini, bağlayıcıları yerində işlətməyi öyrənir. Beləliklə, uşaq nitqin qrammatik quruluşuna yiyələnir. Uşaq başqasının nitqini izləyir, onu başa düşməyə başlayır. Öz tələffüzündəki bəzi yanlışlıqları hiss edir, rabitəli nitqi  inkişaf edir. Kiçikhəcmli nağılların məzmununu başa düşür, şeirlər əzbərləyir. Öyrəndikləri, eşitdikləri haqqında rabitəli danışır. Bu yaş dövründə uşağın musiqiyə də münasibəti dəyişir. O, özünə yaxın musiqiyə, mahnılara maraqla qulaq asır,mahnı oxumağa həvəs yaranır. Həyatının üçüncü ilində uşaq öz bacarıqları ilə (böyüklərin sözünə qulaq asmaq, səliqəlilik, oyuncaqlarla rəftar etmək, müstəqil geyinmək, şeir söyləmək, “çətin” səsləri tələffüz etmək) fəxr edir. Uşağın 3 yaşındakı böhran dövründə də oyunlar çox əhəmiyyətlidir. Maraqlı oyunlar böhran dövrünün daha rahat keçməsinə kömək edir. Onun həyatında həm insanlar, həm də oyuncaq və canlı təbiət müxtəlif hislər oyadır. 2-3 yaşda uşaqlar əşyaların forması, ölçüsü, rəngi ilə tanış olur. Müqayisə edir, ümumi cəhətləri göstərməyə çalışırlar. Uşaqlar tədricən əşyaların əlamətlərini və keyfiyyətini sözlə ifadə edir. Üç yaşında uşaqda özü haqqında təsəvvür yaranır. Nəticədə uşaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri ilə adlandırmağa başlayır.Uşaq “mən” kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Bununla da uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət etməyə, “mən özüm” deyə şəxsi fəallıq göstərməyə başlayır.1-3 yaşda uşaq artıq “mənim” və “sənin” arasındakı fərqi anlamağa başlayır. Buna görə də uşaq dostları ilə nəyi isə paylaşmaqda çətinlik çəkə bilər. Kimin nə ilə oynamasına siz qərar verməyin, uşağın bu seçimi özünün etməsinə icazə verin. Qaçan, tullanan, dırmanan, dayanmadan hərəkətdə olan uşaqla ayaqlaşmaq çətin ola bilər. Onlara daim “bir yerdə dayan” deməyin. Əksinə mümkün qədər uşaqlara sərbəst şəkildə qaçmağa, tullanmağa, dırmanmağa icazə verilməlidir. 1-3 yaşlı uşaq öz bacarıqlarını məşq etdirməlidir. 
3-4 yaş. Həyatının dördüncü ilində uşağın fiziki inkişafı sürətlənir. 3 yaşı tamam olmuş uşaqların təkcə boyu və çəkisi yox, həm də kiçik və böyük motor bacarıqları da inkişaf edir. Bu bacarıqların mənimsənilməsi uşağın qabiliyyət və fiziki ölçülərinə görə dəyişəcəkdir. Bu yaş dövründə uşaqların əksəriyyəti fiziki inkişafı üzrə böyük motor bacarıqlar olan bir xətt üzrə gəzmək, tarazlığı saxlamaq, hoppanmaq, sürətli qaçmaq, iki ayaq üstə tullanmaq, topu atmağı və tutmağı bacarırlar. Kiçik motor bacarıqları üzrə uşaqlar əllərini yuyub qurulaya, geyinib soyuna və kitab səhifələrini vərəqləyə bilirlər. Uşaqlar rəsm çəkərkən artıq əksəriyyəti qələmi, karandaşı və s. barmaqları ilə düzgün tutur. Plastilindən hissələr qoparıb, yumşaldaraq fiqur yapmağı bacarır. 
3-4 yaşında uşaq artıq kim olduğunu anlamağa başlayır. Üç yaşlı körpənin daxili dünyası ziddiyyətlərlə dolu olması ilə xarakterizə olunur. Uşaq əvvəllər olmadığı qədər müstəqilliyə can atır. Böyüklərin köməyi olmadan işin öhdəsindən  gələ bilmir. Uşaq bəzən böyüyün tapşırığına  qarşı dözümsüzlük nümayiş etdirir. Bu vaxt uşağın müstəqilliyini təmin etmək lazımdır. Uşağın “Mən özüməm” istəklərini dəstəkləyin, səhv və təcrübəsiz hərəkətlərini tənqid etməyin. Əks təqdirdə bu onu müstəqil olmaq arzusundan çəkindirə bilər. Uşaq oyun, rəsm, quraşdırma və s. fəaliyyətlər zamanı məqsədəuyğun hərəkət etməyə təşəbbüs göstərir. Bu dövrdə sujetli-rollu oyunlara meyil artır. 3-4 yaşında gələcək şəxsiyyətin təməlləri meydana gəlir. Uşaq mənəvi cəhətdən inkişaf edir. Uşaq şəxsiyyətinin uğurlu formalaşması üçün  valideynlər,  məktəbəqədər müəssisələrdə tərbiyəçi-müəllimlər  düzgün rəhbərlik etməlidirlər. Uşaqlar fərqli fəaliyyət növləri üzrə də müxtəlif bacarıqlar nümayiş etdirirlər. Bu yaşda uşaqlar təsviri fəaliyyət və quraşdırma məşğələlərində əşyaların düşünülmüş təsvirini əks etdirmək üçün öyrəndikləri metod və üsulları hələ tam tətbiq etməyi bacarmırlar. Rəsm çəkmə prosesində uşağın təsəvvürlərinə görə qrafik obrazlarla təsvir olunan material kağız üzərində olduğu kimi görünür. Tədricən o, təsvir edəcəyi əşyaya uyğun oxşar cizgi və ştrixlərin sayını artırır. Əşyanın nisbətən canlı təsvirini verir. Dörd yaşında uşaqda bədii nümunələri praktik şəkildə mənimsəmə qabiliyyəti artır. Şeirləri, nağılları dinləməyi xoşlayır, öz yaşıdlarının nitqini təqlid etməyə çalışır. Bu dövrdə uşaqda musiqini dinləməyə və qavramağa emosional həssaslıq artır. Musiqi əsərlərindəki ziddiyəti (şən, sakit) fərqləndirir. 
4-5  yaşda uşaqlarda bir çox emosional ifadələr, yeni dostluqlar, fərqli oyunlar, müxtəlif maraqlar, uzun hekayələr, çox sayda fiziki fəaliyyət özünü göstərir. Bu, təlimə maraq, daxili, xarici, yaradıcı və dialoqlu oyunlar birlikdə fəaliyyət göstərmək kimi qabiliyyətlərin inkişafı üçün məqsədəuyğun yaş dövrüdür. Beşyaşlının həyatında qaydalı oyunlar tədricən daha çox maraq kəsb edir. Sujetli-rollu oyunlar beşyaşlının əsl fəalliyyət növü olmaqla onun həyatında əsaslı dəyişikliklər yaradır. Bir çox hallarda oyunların məzmununu uşaqların özləri müəyyənləşdirir və rolları bölüşdürürlər. Mütəhərrik oyunlar uşaqda özünü aparma, qaydaları gözləmə bacarığını təkmilləşdirir. Didaktik oyunlar isə uşaqda müşahidəetmə qabiliyyətini artırır və öyrənmə prosesini sadələşdirir. Həyatının beşinci ilində uşaq əşyaların məkanda yerləşdirilməsini də dərk edir. Əşyaları ümumi xassəsinə, formasına, nə üçün lazım olmasına görə qruplaşdırmağı bacarır. Hadisələr əsasında sadə səbəb-nəticə əlaqələrini başa düşür. Bir çox sualların cavabını araşdırır. Beşyaşlının söz ehtiyatı daha sürətlə zənginləşir, rabitəli nitqi formalaşır. Bu yaşda uşaq kiçikhəcmli bədii əsərlərin məzmununu yadda saxlayıb nəql edir. Oyuncaqlar, başına gələn əhvalatlar, ətraf aləm haqqında danışmağı bacarır. Bu yaşda uşağın hissetmə qabiliyyəti daha sabit olur. Müxtəlif situasiyalarda emosiya özünü göstərir. Uşaqda, öz arzularını böyüklərin istəklərinə uyğunlaşdırmaq, onların tapşırıqlarına  diqqət və məsuliyyətlə yanaşmaq, yaşıdlarına qayğıkeş münasibət formalaşır.
 Həyatının altıncı ilində uşaqların fiziki inkişafında çox mühüm dəyişikliklər baş verir. Onun fəaliyyətinin formaları artır və rəngarəngliyi zənginləşir. Beş yaşlı uşağın əzələ və sümük sistemi yaxşı inkişaf etmiş olur. Onun əl və ayaq əzələlərində hələ sümükləşməmiş qığırdaqlar qalır. Məktəbəqədər yaşlı uşaqların skeleti əsasən qığırdaq toxumalarından ibarət olur. Bununla əlaqədar uşağı həddindən artıq ayaq üstə saxlamaq, çox oturtmaq, boyuna uyğun olmayan avadanlıqlardan istifadə etmək olmaz. 
Bu yaş dövründə uşağın əzələləri kifayət qədər inkişaf etmədiyindən və zəif olduğundan o, tez-tez düzgün olmayan vəziyyətlər alır; başını aşağı sallayır, çiyinlərini yaxınlaşdırır, belini əyir, sinəsini çökdürür və s. Məktəbəqədər yaş dövrü şərti reflekslərin əmələ gəlməsi, sadə reflekslərdən mürəkkəb reflekslərə doğru inkişaf dövrü kimi xarakterizə olunur. Baş beyin yarımkürələrinin qabığında proseslərin möhkəmliyi, daxili ləngimənin qüvvəsi, getdikcə davamlı şərti reflekslər kimi qalır. Məktəbəqədər dövrün axırlarında ləngimə prosesinin qüvvəsi xeyli artır, müvazinətlilik inkişaf edir. Həyatının altıncı ilində uşağın təfəkkürünün ən yüksək əyani-obrazlı təfəkkür forması inkişaf edir. Bunun əsasında da ümumiləşdirilmiş biliklərin formalaşdırılması təmin edilir. Uşaq əşyanın oxşar və fərqli xüsusiyyətlərini öyrənir, onu qorumağı, mühafizə etməyi bacarır. Bu yaşda uşağın nitqi hərtərəfli inkişaf edir. Belə ki, o sözləri düzgün tələffüz edir. Uşağın rabitəli nitqi formalaşır, o sadə süjetli və kiçikhəcmli hekayələr qura bilir.
 5-6 yaş arası uşaq kifayət qədər sosialdır. Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaq nitq, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər, dostluq münasibətləri məktəbəqədər müəssisə və məktəb həyatı ilə davam edir.
3-4 yaşlı uşaqlar eyni zamanda ekspansiv (açıq sözlü), zərif və kobud ola bilirlər. Onlar ətraf aləmi anlamağa çalışırlar. Bu yaş dövründə onlar üçün öz fantaziyalarını reallıqdan ayırmaq çox çətindir. Başa düşməyə başlayırlar ki, onların hərəkətləri müəyyən nəticələrə gətirir və özləri üçün davranış məhdudiyyətləri yaratmağı öyrənirlər. Buna diqqətlə yanaşmaq tövsiyə edilir. 
4-5 yaşda uşaq özünü qüdrətli hesab edir və istənilən yeni problemin həllinə çalışır. Kiçiklərdən fərqli olaraq, bu yaş qrupundan olan uşaqlar bütün iştirakçıların qarşılıqlı anlayışını tələb edən mürəkkəb qrup oyunları oynayırlar. Onlar bir-birinin fikrinə şərik çıxır, öz hisləri və digər insanların hisləri barədə danışa bilirlər. Bu mərhələnin təsəvvür, yaddaş, diqqət, təxəyyül və qavrayışın inkişaf etdiyi mühüm mərhələ olduğunu nəzərə almaq lazımdır. Yanlış hərəkətlər ilə bu təbii proses pozula bilər. 5-6 yaşlı uşaq bu dövrdə həyatı boyu ona lazım olacaq mühüm keyfiyyətlərə yiyələnir. Belə ki, böyüklərlə qarşılıqlı anlaşmaya əsaslanan şəxsi ünsiyyət qurur, onların danışdıqlarını anlayır, öz fikrini onlara başa salır. Uşaq öz şəxsi keyfiyyətləri haqqında böyüklərın fikrini bilmək istəyir. Bu cəhətlərə diqqət yetirilməsi vacibdir. Unutmaq olmaz ki, məktəbəqədər yaşlı uşaqların skeleti əsasən qığırdaq toxumalarından ibarət olduğu üçün uşağı həddindən artıq ayaq üstə saxlamaq, çox oturtmaq, boyuna uyğun olmayan avadanlıqlardan istifadə etməyə imkan vermək olmaz. Əgər əməl olunmazsa, uşağın qaməti düzgün inkişaf etməyəcək, bu isə öz növbəsində sümüklərin inkişafına, qan dövranına və tənəffüsə mənfi təsir göstərəcəkdir. 
Məktəbəqədər təhsil müəssisələrində uşaqların hərtərəfli inkişafının təmin edilməsi, məktəbə hazırlanmaları üçün ilkin bacarıqlara yiyələnmələri, məktəbəqədər təhsil müəssisəsi və məktəb arasında varisliyin, ardıcıllığın həyata keçirilməsi işi tərbiyəçi-müəllimlər tərəfindən həyata keçirilir. Tərbiyəçi-müəllim pedaqoji prosesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, tərbiyəçi-müəllimin üzərinə düşür. Müasir təhsil yeni inkişaf və modernləşdirilmə mərhələsindədir. Buna cəmiyyətdə baş verən həm sosial, həm də iqtisadi dəyişikliklər səbəb olur. Respublikamızda aparılan müasir dəyişikliklər bu sahədə yeni perspektivlər açır. Təhsilin yeni məzmun kəsb etməsi, pedaqoji kadrların hazırlanmasına verilən yeni tələblər onların peşəkarlığının rolunu artırır. İlk növbədə təhsil müəssisəsi çərçivəsində pedaqoji prosesin təşkilinə, təlimin təşkilat formasına, təhsilalanlarda öyrənməyi öyrənmək bacarığının formalaşmasına, ünsiyyətin qurulmasına yanaşmada dəyişikliyin aparılması irəli sürülür. Bütün bu bacarıqlar tərbiyəçi-müəllimlə birgə fəaliyyətlərdə qazanılır.
Məktəbəqədər təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:
məzmunun nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirilməsi;
uşaqların meyil və maraqları, potensial imkanları, təhlükəsizliyi, yaşı nəzərə alınmaqla, öyrədici mühit yaradılması, onlarda əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətlərinin inkişaf etdirilməsi; 
uşaqların fərdi, psixofizioloji və yaş xüsusiyyətlərinin nəzərə alınması;  uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların sağlam həyat tərzi keçirməsinin təmin edilməsi; 
uşaqların şəxsiyyətinin harmonik inkişafının, onların maraqlarının, milli və ümumbəşəri dəyərlər əsasında qabiliyyətlərinin inkişafının təmin edilməsi;  uşaqlarda, onlara ictimai-sosial və təbii mühitdə yaşamağa və məhsuldar fəaliyyət göstərməyə imkan verən sosial-mənəvi keyfiyyətlərin formalaşdırılması;
sağlamlıq imkanları məhdud olan uşaqlarla müvafiq korreksiya işinin təşkil edilməsi; 
kommunikativ, əqli, oyun və digər fəaliyyətlərin stimullaşdırılması. 
İnkişaf və təlim strategiyaları təlim prosesinin təşkilinə verilən tələbləri, istifadə edilən forma, üsul və vasitələri əhatə edir. Məktəbəqədər təhsil proqramında (kurikulumunda) təlim strategiyaları anlayışının işlənməsi və pedaqoji prosesin təşkilində ondan daha səmərəli şəkildə istifadə olunması, ilk növbədə, əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələblər baxımından izahını zəruri edir. 
Təlim strategiyasının uşağın yaş, fərdi, həmçinin inkişaf xüsusiyyətlərinə uyğunluğu çox vacibdir. Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilər uşaqların yaş, həm də fərdi inkişaf xüsusiyyətlərini bilməli, təlim strategiyası seçimində və fəaliyyət növlərinin planlaşdırılmasında nəzərə almalıdır. 
Uşaqların inkişafı haqqında müşahidənin və uşağın ailəsindən alınan məlumatların köməyi ilə fəaliyyətin təşkili zamanı aşağıdakı tələblər nəzərə alınmalıdır: təlim strategiyasının uşaqların fərdi təlim üslubuna (vizual, eşitmə və kinestetik) uyğunlaşdırılması; 
təlimin differensiallaşdıırılması (bu zaman tərbiyəçi-müəllimlər uşaqlara onların hazırlıq səviyyələrinə uyğun tapşırıqlar verir); 
müxtəlif iş formaları (kollektiv, kiçik qruplarda, həmçinin fərdi), tapşırıq imkanlarının və təlim vəziyyətlərinin təklif olunması ilə uşaqların müxtəlif təlabatlarının nəzərə alınması; 
uşaqların fərdi təlabatlarına uyğun olan təlim mühitinin və təlim vəziyyətinin yaradılması;
uşaqların təlim məqsədlərinə çatması, onlarda müvafiq bacarıq səviyyələrinin formalaşması üçün müxtəlif təlim materialları ilə təmin olunması.
Tərbiyəçi-müəllimintəlim strategiyalarından peşəkarlıqla istifadə etməlidir.Təlim strategiyaları “mövqe”, “yol” mənasını ifadə edir. Tərbiyəçi-müəllimin təlim zamanı mövzuya uyğun olaraq müxtəlif mövqe və yollardan istifadə etməsi uşaqların yeni öyrədilən bilikləri daha asanlıqla mənimsəmələrini təmin edir və təlimin səmərəliliyini yüksəldir. Təlim prosesində öyrədənin (tərbiyəçi-müəllimin) hər hansı mövqedən çıxış edərək öyrənənə (uşağa) yeni materialı daha yaxşı mənimsətməsi nəzərdə tutulur. Bəzən təlim zamanı uşaqların maraq və ehtiyaclarının, bacarıqlarının nəzərə alınmaması onların ümumi inkişafına mənfi təsir göstərir. Bu da uşaqların müstəqil fikir yürütmək və fəaliyyət göstərmək, öz istəklərinə uyğun bacarıqlarını nümayiş etdirmək və həyatda öz yerlərini tutmaqda çətinlik çəkmələrinə səbəb olur. Buna görə də tərbiyəçi-müəllimlər təlimin bütün mərhələlərini uşaqların ümumi inkişafı, maraq və ehtiyacları çərçivəsində qurmaq üçün strategiyaları düzgün müəyyənləşdirməlidirlər. Müxtəlif təlim strategiyalarından istifadə uşaqların öyrənmə prosesini müsbət surətdə gücləndirir. Təlim strategiyaları hər hansı bir məşğələnin təlim məqsədinə uyğun müəyyən edilməlidir
Uşaq şəxsiyyətinin inkişafı üçün şərait yaradan sosial mühitdə ünsiyyətin rolu böyükdür. Ünsiyyət prosesində maddi və mənəvi dünyanın, təbiət, əşya və sosial aləmin dərk olunması, şəxsiyyətlərarası münasibətlərin inkişafı, emosional və iradi mədəniyyətin təşəkkül tapması baş verir. Ünsiyyət yeni sosial mühitə uyğunlaşmaya imkan yaradır. Ünsiyyət vasitəsilə uşaq özünü ifadə edir, digərlərini başa düşür, cəmiyyətdə  yerini və vacibliyini dərk etməyiə çalışır. Bunun üçün müvafiq bacarıqların mənimsənilməsi zəruri hesab edilir. Kommunikativ bacarıqlara nail olmaq uşağın sosial davranışını  yaxşılaşdırır: digərini başa düşüb qəbul etməyə, məlumat verməyə, hisslərini ifadə etməyə, bütövlükdə nitq inkişafına imkan yaradır. İlkin qazanılan bacarıq və vərdişlər, milli-mənəvi keyfiyyətlər şəxsiyyətin həyat mövqeyini müəyyənləşdirir. Müasir təhsil modelində məktəbəqə­dər təhsilə ümumi təhsilin birinci pilləsi, uşaqların məktəb təliminə müvəffəqiyyətlə keçidi üçün bərabər imkanların yaradılmasının əsası kimi baxılır.
Bu yaş mərhələsində  nəinki bütün uşaqlar üçün ümumi olan xarakter cizgiləri, həm də xüsusi, fərdi psixi və davranış xüsusiyyətlərinin aşılanmasına və inkişafına nail olunur. Məktəbəqədər yaş dövründə uşaqlarda fəaliyyətə tələbat güclənir, operativ hafizə inkişaf edir, hərəkətlərin dəqiqliyi, uyğunluğu, ayrılmazlığı yaranır. Bütün hərəki fəaliyyətlər dərk olunur, dinamik və məqsədyönlü xarakter daşıyır. Fiziki və idraki çalışqanlıq artır. Xarakter, əqli və iradi keyfiyyətlər, motiv formalaşır. Məktəbəqədər təhsil ibtidai məktəbə keçid ərəfəsində (5-6 yaş dövrü) uşağın  məktəbdə, həm də sonrakı həyatda uğurlar qazanmasında həlledici rol oynayır.
Məktəbəqədər təhsilin məqsəd və vəzifələri bir-birini tamamlayır. Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir. Bunlarla yanaşı, uşaqların ümumi inkişafı, onların şəxsiyyətinin formalaşdırılması, təlim-tərbiyənin səmərəliliyinin artırılması, inkişaf və davranışda baş verə biləcək ləngimələrin, pozuntuların aradan qaldırılması, “uşaq-uşaq”, “tərbiyəçi-uşaq”, “valideyn-tərbiyəçi” münasibətlərinin, eləcə də kollektivdə qarşılıqlı münasibətlərin düzgün qurulması mühüm istiqamətlər kimi diqqət mərkəzində saxlanılır.
Məktəbəqədər təhsilin məqsədi uşağın fiziki, psixi, emosional, sosial və idraki inkişafı üçün şərait yaratmaq, sadə əmək vərdişlərinə yiyələnməsini, məntiqi və yaradıcı təfəkkürün ilkin elementlərini formalaşdırmaq və istedadlıların erkən yaşdan üzə çıxarılmasını təmin etməkdən ibarətdir.
Məqsədlərin reallaşdırılması üçün aşağıdakı vəzifələr həyata keçirilməlidir: ailədə və məktəbəqədər müəssisələrdə uşaqların təhlükəsizliyinin qorunması;uşaqlarda sağlam həyat tərzinə aid müvafiq bacarıq və vərdişlərin formalaşdırılması;uşaqların fiziki, psixi, sosial-emosional, idraki inkişafının təmin edilməsi;uşaqlarda Vətənə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların milli-mənəvi dəyərlərinə hörmət hissinin yaranması və inkişafı;uşağın tələbat və maraqlarının müəyyən edilməsi, təhsildə bu amillərin nəzərə alınması;uşaqların məktəb təliminə hazırlanması.
Məktəbəqədər təhsil proqramında (kurikulumunda) məktəbəqədər yaşlı uşaqların ilkin həyati bacarıq və vərdişlərə yiyələnməsi tələb olunur. Onlara gələcək həyat fəaliyyətində lazım olacaq bacarıq və vərdişlərin, qabiliyyətlərin aşılanması ön plana çəkilir. Məktəbəqədər təhsil proqramında (kurikulumunda) uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil şəraitinin yaradılması nəzərdə tutulur.
Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi məqsədəmüvafiq görülür:məktəbəqədər dövrdə uşaqların inkişafının tənzimlənməsi;uşaqların məktəb təliminə hazırlığının məzmununun tənzimlənməsi;məktəbəhazırlığın təşkili qaydalarını təqdim etməklə keyfiyyətin təmin olunması; məktəbəqədər təhsil sahəsində çalışan mütəxəssislərin səriştəliliyinin artırılması;bütün maraqlı tərəflərin (məktəbədər təhsil mütəxəssisləri, ailələr, valideynlər və s.) rollarının müəyyənləşdirilməsilə məktəbəqədər təhsilin keyfiyyətinin təmin edilməsi.
Məktəbəqədər təhsilin kurikulumu hazırlanarkən aşağıdakı prinsiplər əsas götürülmüşdür:uşaqyönümlülük;nəticəyönümlülük;inkişafyönümlülük;
inteqrativlik;hər bir uşağın inkişafı üçün bərabər şəraitin yaradılması;millilik və dünyəviliyin nəzərə alınması;uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi.
Məktəbəqədər təhsil proqramı (kurikulumu) şəxsiyyətyönüm­lü xarakter daşıyır. Şəxsiyyətyönümlülük proqramın (kurikulu­mun) məqsəd və məzmunu ilə bağlı olub, cəmiyyət üçün yararlı şəxsiyyətin formalaşdırılmasının yerinə yetirilməsini təmin edir.
Şəxsiyyətyönümlü təhsil proqramına (kurikulumuna) görə uşaqlarla gələcək həyat fəaliyyətində ona lazım olacaq ən zəruri ilkin həyati bacarıq və qabiliyyətlərin yaradılması istiqamətində iş aparılır, bacarıq və vərdişlər aşılanır, qabiliyyətlərin formalaşması ön plana çəkilir. Onların bir şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. İnkişaf sahələri üzrə bütün nəticələr uşaqlara, onların inkişafının təmin olunmasına yönəldilir və inkişafı əks etdirir.
Məktəbəqədər təhsil proqramı (kurikulumu) hazırlanarkən uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil şəraitinin yaradılması nəzərə alınmışdır. Məzmunda standartların verilməsi və bu standartların təhsilalanlara yönəldilməsi uşaqyönümlülüyü ifadə edir. Bu keyfiyyət uşaqlara nəyi, necə və kiminlə öyrənmək və oynamaq istədiklərinə imkan yaradır. Bu yanaşma uşaqları fəaliyyətlərə təşəbbüs etməyə, öz yollarını müəyyənləşdirməyə istiqamət verir. Öz təcrübələrinə, onları əhatə edən ətraf mühitlə fəal ünsiyyətə əsaslanaraq yeni bilik və bacarıqlar   əldə etməkdə və bütöv şəxsiyyət kimi inkişaf etməkdə uşaqlara şərait yaradır.
Məktəbəqədər təhsil proqramı (kurikulumu)  nəticəyönümlüdür. Onun məzmunu nəticələr formasında ifadə edilmişdir. Nəzərdə tutulmuş bütün bilik və fəaliyyətlər həmin nəticələrdə əhatə olunmuşdur. Nəticəyönümlülük son nəticəni görməyə, əldə olunacaq nailiyyətləri əvvəlcədən təsəvvür etməyə imkan yaradır. Bu isə uşaqların inkişafını müşahidə etmək, istiqamətləndirmək üçün qiymətləndirmə aparmaq baxımından əhəmiyyət daşıyır.
Uşaqların idrak fəallığının izlənilməsi, inkişaf səviyyələri və nailiyyətlərinin təhlil edilməsi, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsinin tənzimlənməsi onun inkişafyönümlülüyünü meydana çıxarır. Uşaqlar eyni olmayan yollarla öyrənir və öyrəndiklərini də müxtəlif vasitələrlə ifadə edirlər. Ona görə də kiçikyaşlı uşaqların öyrənmə prosesi səmərəli təşkil olunmalıdır.Planlaşdırmada və təlim zamanı hər bir uşağın inkişaf səviyyəsi və maraq dairəsi, inkişaf prinsipləri nəzərə alınmalı, onların yeni məlumatlar əldə etməsi və hərtərəfli inkişafı təmin olunmalıdır. 
Məzmunun inteqrativliyi məktəbəqədər yaşlı uşaqların bütün inkişaf sahələrinin əlaqəli inkişafını təmin etmək məqsədinə xidmət edir. Təlimin məzmununun fiziki, sosial-emosional, idraki və estetik bacarıqların ifadə olunmasına yönəlməsi onun inteqrativ xarakterinin bir cəhətidir.
Məktəbə hazırlıq mərhələsində uşaqların inkişafı, tərbiyəsi və təhsili prosesinin məqsədəuyğun təşkili məktəbəqədər təhsilin səmərəliliyinin yüksəldilməsinə xidmət edir. Bu isə həm də hər bir uşağın inkişafı üçün bərabər imkanların yaradılması zərurətini meydana çıxır. Beləliklə, keyfiyyətli təhsil baxımından bütün uşaqlar üçün eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanlarını nəzərə almaqla tənzimlənir. Məktəbəqədər təhsil proqramı (kurikulumu) sənədində ümumi təlim nəticələrini reallaşdırmaq üçün uşaqların inkişafında bərabər imkanların yaradılması xüsusi prinsiplərdən biridir.
Millilik və dünyəvilik milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsidir.
Məktəbəqədər təhsil kurikulumunun məqsədlərindən biri də uşaqların məktəb təliminə hazırlanmasıdır. Uşaqların məktəb təliminə hazırlığı onlarda oxumaq həvəsini, məktəbə müsbət emosional münasibəti inkişaf etdirir və möhkəmləndirir. Uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda sosial keyfiyyətləri formalaşdırır. Məktəb təliminə hazırlığın əsas məqsədi uşaqların tələb və imkanlarını nəzərə almaqla onların inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbəqədər təhsil proqramında (kurikulumunda) bu mühüm məsələlər xüsusi olaraq nəzərə alınmışdır. Pedaqoji-psixoloji elmdə oyun fəal, yaradıcı, məqsədyönlü fəaliyyət hesab edilir. Məktəbəqədər dövrdə oyunun tərbiyənin başlıca növüdür. Birinci növbədə bunun uşaqların əqli tərbiyəsini inkişaf etdirir.  Ətraf aləm haqqındakı təsəvvür və anlayışların oyun prosesində inkişaf edir, təkmilləşir, dürüstləşir və bunların əsasında əqli qabiliyyət formalaşır. Oyun zamanı uşaqlar istədikləri əşyalarla yaxından tanış olur, gəlinciklərin geyiminə, cinsinə, yaşına görə fərqləndirə bilirlər. Oyunun uşaqların nitqinə də güclü təsir göstərir.  Oyunun sözlə müşayiət olunması, hərəkətlərin sözlə ifadə edilməsi, obrazların yaradılması, uşaqların lüğət tərkibinin zənginləşməsinə kömək edir.  Xüsusilə kollektiv oyun zamanı sözün ünsiyyət vasitəsi, hərəkətlərin razılaşdırılması və oyunlar arasında qarşılıqlı razılıq faktoruna çevrilir.  Uşaq oyunlarının öz növlərinə, rəngarəngliyinə, məzmununa, təşkilinə, xarakterinə və s. görə fərqlənir.  Hər oyun növünün bu və ya digər yaşa daxil etmək olmaz. Məktəbəqədər yaşda müxtəlif oyunlara rast gəlmək  mümkündür.  Məktəbəqədər yaşlı uşaqların özləri tərəfindən yaradılan oyunlar xüsusi əhəmiyyət kəsb edir. Oyunların uşaqların özləri tərəfindən düşünüb tapmaları, qarşılarına ev tikmək, xörək bişirmək və s. məqsədlər qoymalarına tərbiyəçilər tərəfindən xüsusi diqqət yetirilməlidir. Oyun prosesi qarşıya qoyulan məqsədin həyata keçirməsindən ibarətdir. Uşaqlar işləyib hazırlamalı, onu həyata keçirmək üçün vasitələr seçilməlidir. Onların minib getdiyi qatarlar stullardan ibarət olsa da, oyun prosesində çətinlikləri aradan qaldırmağa öyrənmələri, ətrafdakıları dərk etmələri, vəziyyətdən çıxış rolu axtarılmalıdır. Oyunun səhər yeməyindən əvvəl və sonra gəzintidə, məşğələdən sonra, axşam üstü evə gələnə kimi davam etdirilməlidir.  Səhər çox hərəkət edən oyunların keçirilməsinin məsləhət görülmür. Belə oyunların fərdi və ya çox da böyük olmayan qrupla keçirilə bilər.  Bu cür oyunların məzmununun didaktik oyuncaqlar, stolüstü çap olunmuş, süjetli-rollu oyunların daxil edilməsinin məqsədəuyğundur.  Gəzinti zamanı hərəki oyunların təşkilinə geniş yer verilməsi və bu zaman təbiət materiallarından istifadə faydalıdır.  Bu zaman çox da material tələb etməyən tikinti quraşdırma, konstruktiv oyunların da keçirilməsinin mümkündür. Axşam vaxtı məzmunlu və geniş səviyyəli oyunları keçirmək, yaradıcı, hərəki və didatik oyun növlərinə geniş yer vermək olar. Oyun üçün müəyyən edilmiş vaxt rejimi uşaqların müstəqil oyun fəaliyyətinin təşkilində, ondan uşaq həyatının təşkili və tərbiyə vasitəsi kimi istifadə etməkdə mühüm əhəmiyyət kəsb edir.  Pedaqoji prosesdə oyunun yerini müəyyən etmək və onu uşaqların əmək işləri və təlimi ilə əlaqələndirməyin mühüm cəhətlərdən biri hesab olunur. Məşğələ zamanı əldə edilmiş bilik, dərin təəssüratın uşaqlarda oyuna marağı gücləndirir. Bu rəngarəng oyunlarda öz ifadəsini tapır. Uşaqların məktəb təliminə hazırlanmalarının effektivliyini artırmaq üçün təlim məşğələlərində oyunların tətbiq edilməsinin əhəmiyyəti çoxdur.Oyunun uşaqların əmək tərbiyəsində və gələcəkdə peşə seçməsində rolu vardır. “Uşaq həyatda sürücü olmaq istəyir, tərbiyəçi olmaq istəyir, amma onun buna imkanı yoxdur, lakin oyun prosesində isə o istəsə həkim, istəsə sürücü və ya tərbiyəçi ola bilər” (Z.Freyd). Oyun prosesində uşaqların böyükləri təqlid edərək onların əmək fəaliyyətini, hərəkətlərini, danışıqlarını yamsılaması və bu yolla yaşlıların təcrübəsini mənimsəmələri. Böyük qruplarda idman oyunları, dama, domino və müxtəlif tapmacalar geniş yer tutur. Kiçik qruplarda tərbiyəçinin özünün uşaqlarla oynamalı və qaydaları onlara öyrətməlidir. Böyük qrupda isə uşaqların oyun başlananadək onun qaydalarını yaxşı başa düşmələrinin zəruriliyinə diqqət yetirilməlidir. 
 Uşağın məktəbəqədər yaş xüsusiyyətlərinə qoyulan tələblərdə onların   şəxsiyyət kimi formalaşmasında oyun,təlim və əməkdə tərbiyəsi mühüm əhəmiyyət daşıyır.Məktəbəqədər yaşlı uşaqların ilkin fəaliyyəti oyunla bağlı olub onların bu prosesdə həyati dərk etmək,cisim və hadisələrlə tanış olmaq,materialların xassələrini,rəngini,formasını,canlı və cansız aləmlə bağlı biliklər qazanmaq imkanı öyrənmədə əldə edirlər.Makarenkonun yaxşı oyunu həmişə iş səyi olması fikri məntiqi cəhətdən əhəmiyyət kəsb edərək onların (oyun-əmək) heç də eyni mahiyyət daşıması qənaətində olmamışdır.Oyun və əmək öz xarakteri,məzmunu,yaranma səbəbləri və maraqlara görə fərqli olmuşdur.
  Oyunda uşaqlar xüsusi olaraq yaradılan şəraitdə yaşlıların fəaliyyətinin və onlrın arasındakı münasibəti təsvir edirlər.
  Əmək prosesində işə həmişə qarşıya məqsəd  qoyulur.Buna görə müəyyən vasitələr axtarılır,hərəkətlərin ardıcıllığı düşünülür,sonda nəticə əldə olunur.Burada güman olunan situasiya yoxdur,uşağın hər bir addımı real xarakter daşıyır.Çünki uşaq qarşıya qoyduğu məqsədyönlü fəaliyyətə uyğun olaraq hər hansı materialı dəyişmək üçün konkret əşyalarla iş görür.
  Oyun uşaqlara daha çox sevinc bəxş etsə də,heç bir zahiri nəticə vermir.Bundan başqa oyun və əmək prosesində tərbiyəçinin uşaqlar arasında qarşılıqlı münasibətin  formalaşmasında keyfiyyət baxımdan müxtəliflik vardır.Uşaq üçün oyun bir fəaliyyət növü olub,onu daim özü inkişaf etdirir.Tərbiyəçi əsasən müşahidəçi rolundadır.Uşaqların təklifləri ilə daim hesablaşır,çox vaxt sadəcə iştirakçı olmur.Oyun fərdi və ya başqa uşaqlarla ünsiyyətdə həyata keçirilir.Oyun özünün hər hnsı inkişaf mərhələsində başa çatdırıla bilər.Bu heçdə oyunun əhəmiyyətinə xələl gətirmir.Çünki istənilən vaxt həmin oyuna yenidən qayıtmaq mümkündür.
  Oyundan fərqli olaraq əməyin əsas mənası isə həmişə son nəticəyə malik olmasıdır.M.Qorki qeyd edir ki,”Oyun uşaqların yaşadıqları və dəyişməli olduqları aləmi dərketmə yoludur”.
  Oyun və əmək uşaqlarda fiziki və əqli inkişafını,psixoloji xüsusiyyətlərini formalaşdıraraq,onlarda fikir fəallığı iradi səy reallaşdırır. Oyun və əmək uşaqlar üçün fəallıq,yaradıcılıq,məqsədyönlü fəaliyyət kimi şərtləndirilərək tərbiyədə başlıca vasitədir.
  Uşaq oyunları rəngarəngliyinə məzmununa,təşkilinə,xarakterinə və bir çox cəhətinə görə müxtəlif növlərə bölünür.
  Pedaqoji ədəbiyyatda məktəbəqədər yaş dövrü üçün oyunları yaradıcı və qaydalı olmaqla iki qrupa bölünür. 
  Yaradıcı oyunları adətən uşaqlar öz təfəkkürləri nəticəsində düşünülərək həyata keçirilir.Uşaqlar həyat hadisələri,müşahidələri düşünərək ona uyğun şəkildə oyuna gətirirlər.Tərbiyəçi belə oyunlarda müvafiq rol verməklə təqlid etmələrinə şərait yaradır.
  Qaydalı oyunlar tərbiyəçi tərəfindən keçirilir.Oyunun məzmunun və qaydalarının mürəkkəbliyindən asılı olaraq yaşa uyğun prinsipi əsasında qaydalı oyunlar qruplaşdırılır.Xalq oyunları da onlardandır. Qaydalı oyunlar mütəhərrik və didaktik olur.
 Mütəhərrik oyunlarda əsasən hərəkilik üstünlük təşkil edir:tutmaq,atmaq,qaçmaq və s.
  Didaktik oyunlarda əsas tələb öyrənmək məqsədilə oynayanın qarşısında əqli vəzifə qoymaqdır.Bu zaman baş verən dəyişikliklərdə səbəb və nəticəni bildirən bilikləri aşılamaqla öyrədici xarakter daşıyır.Tədqiqatçıların fikrinə görə uşaq hər şeyi təlim fəaliyyəti əl ilə yoxlamalı,onu iyləməli,on dəfələrlə onu nəzərdən keçirməli və on dəfələrlə onun adını təkrar etməlidir.
 Didaktik oyunun mühüm xüsusiyyəti qaydalı olmasındadır.Yəni,planlı,mütəşəkkil,məqsədyönlü həyata keçirilməlidir.
Qaydalar müxtəlif olur.Onlardan biri oyun fəaliyyətini və ardıcıllığını təmin edirsə,digər qayda oyuncaqlara uşaqların münasibətini tənzimləyir.
  Xarakterinə görə didaktik oyunlar üç qrupa bölünür:oyuncaqlarla oyunlar;stolüstü çap oyunları;şifahi oyunlar.
  Oyuncaqlarla oyunlar uşaqların həmin əşyalarla bağlı xüsusiyyətləri qavramaqdan ibarətdir.Stolüstü oyunlar əyanilik prinsipinə əsaslanır.Məsələn:”İlin fəsilləri” oyunu uşaqları təbiət hadisələri,fəsillərin xüsusiyyətləri ilə tanış edir.Şifahi oyunlarda uşaqlar öz təsəvvürlərindən istifadə edirlər.Bu oyunlarda məktəbəhazırlıq qrupların uşaqları iştirak edirlər.Belə oyunların motivi verilən suallara müvafiq olaraq sürətlə cavabların verilməsidir.Tapmacalar şifahi oyunlar üçün daha çox xarakterikdir.
  Didaktik oyunlara verilən pedaqoji tələblərdə yaşauyğunluq,qarşıya qoyulan vəzifələrin tədricən mürəkkəbləşdirilməsi cisim və hadisələrdə eyni,oxşar və fərqli cəhətlərin,müqayisənin aparılması,nəticənin çıxarılmasını bacarmaq,əlamətlərə görə ayırmağı bacarmaq və s.daxildir.
  Didaktik oyunların keçirilməsi üçün müvafiq metodik yanaşmanın xüsusiyyətləri nəzərə alınmalıdır.Şən əhvalın yaradılması,bütün uşaqların iştirakını təmin etmək.
  Yaradıcı oyun süjütli,rollu,dramlaşdırılmış oyunu və tikinti quraşdırıcı (konstruktor) oyunu əhatə edir.Oyunun quruluşu çox cəhətlidir.Oyunun təsiri ilə uşaqlarda xarakterik xüsusiyyətlər keyfiyyətcə inkişaf edir.Bura daxildir:məqsəd qoymaq,onu həyata keçirmək əzmi,motiv,planlı hərəkət etmək,nəticədən sevinmək (və ya kədərlənmək) kimi hallar onları düşünməyə,dərk etməyə sövq etdirir.
  Əmək prosesi məqsədyönlü olduğu üçün məşğələlərin imkanlarından istifadə etmək zərurəti yaranır.Məsələn:süfrə salmaq,təbiətdəki müxtəlif əmək prosesləri,şitilin,toxumların əkilməsi məşğələ formasında həyata keçirilir.Əmək məşğələləri idrak məzmunu daşımalı,uşaqlar tərbiyəçinin tapşırıqlarını dəqiq icra etməli,onlara görüləcək işlər göstərməli və izah edilməlidir.
  Uşaqların məşğələlərindəki təlim ilə əmək arasında müəyyən fərq mövcuddur.Məşğələlərdə uşaqların fəaliyyəti bütovlükdə tərbiyəçi tərəfindən istiqamətləndirilir.Əmək prosesində tərbiyəçi uşaqları öyrədir.Ancaq fəaliyyət zamanı əməkdaşlıq yaranmır.Məsələn:Beş yaşlı uşaqlar noxud əkirlər,tərbiyəçi əvvəlcədən uşaqların sayına görə ləklərdə çubuqlar basdırır.Uşaqlar əmələ gəlmiş çuxurlara noxud dənəsi qoyub,torpaqla örtürlər (torpağın necə tökülməsi uşaqlara göstərilir).Bundan sonra noxud dənəsi əkilən yeri suvarırlar.İşin fərdi təşkili zamanı hər uşaq bir noxud dənəsi əkir.Bu proses bir neçə saniyə çəkdiyi üçün uşağın səyi lazım gəlmir.
  Məşğələlərdə əmək tərbiyəsi zamanı uşaqlar yaşlıların fəaliyyəti ilə tanış edilir.Pedaqoji və psixoloji tədqiqatlar göstərir ki,uşaqlara biliklər müəyyən ardıcıllıqla verildikdə,gerçəkliyin və ya hadisələrinin əsas qanunauyğunluqları onlar üçün asan,anlaşıqlı şəkildə aydınlaşdırdıqda onların mənəvi və əqli inkişafında ciddi dəyişikliklər baş verir.Məktəbəqədər müəssisələrdə uşaqların əməyi bir fəaliyyət kimi təşkil edilir.Tədricən nəticə ilə tamamlanan fəaliyyət oyundan ayrılır.Bu fəaliyyət məşğələlərdən seçilir və müstəqil əhəmiyyət daşıyır.Məktəb təliminə hazırlıq üçün bu iradi keyfiyyətin uşağın gələcəkdə gücü daxilində öhdəsinə düşən vəzifələrin müntəzəm yerinə yetirmə qabiliyyətinin tərbiyəsində mühüm şərtdir.Bununla da uşaq məktəbin onun qarşısına qoyduğu daha çətin işlərin icrasında dözüm nümayiş etdirməyə hazır olduğunu tərbiyə etdirmiş olur.
  Məktəbəqədər  yaşlı uşaqların əməyin əsas məzmunu gündəlik həyatda özünəxidmətdən ibarətdir.Uşaq kiçik yaşlarından özünəxidmət vərdişlərinə yiyələnməklə özünü müstəqil hiss etməklə,yaşlılardan asılılığı olmur.Özünəxidmət üçün səy və fikrin cəmləşdirilməsi tələbi uşaqlar üçün çətinlik törədir.Bəzən bu yaşda uşaqlar əməkdən daha çox özünəxidmət prosesində oyun obrazı maraqlandırır.Oyun vasitəsilə uşaqlar vərdişə yiyələnir hərəkətlərində inam yaranır.Formalaşan vərdişlər imkan verir ki,uşaq müstəqil olaraq əl-üzünü yusun,geyinsin,xörəyini yesin.Qeyd olinan yanaşma özünəxidmət vərdişlərinin formalaşmasında məqbul variant deyil.Çünki burada proses hər hansı nəticə verməyən oyun priyomlarına gətirib çıxara bilər.Düzgün təlim uşağın gündəlik olaraq özünəxidmətlə əlaqədar olan ilk əmək vərdişlərinin formalaşması prosesində hərəkətin göstərilməsinə,müstəqil surətdə geyinmək,əl-üz yumaq təşəbbüsnün həvəsləndirilməsinə diqqətin artırılması vacibdir.
  Məktəbəqədər orta yaşda uşaqların müstəqil əmək fəaliyyətini axıra qədər davam etdirə bilirlər.Bir çox hallarda əməyin məzmunu onları oyun fəaliyyətinə gətirir.Bu yaşda olan uşaqların oyununda əmək prosesi epizodik xarakter daşıyaraq,onların şəxsi təşəbbüsü ilə yaranır.Nə qədər ki,uşaqlarda əmək alətlərdən istifadə etmək qabiliyyəti formalaşmır,onlarda oyun fəaliyyəti üstünlük təşkil etmış olar.Biz aləətləri müvafiq materialları uşaqlara təqdim edərkən onlar prosedural xarakterli iş göməyə başlayırlar.Yəni çəkicdən məqsədəuyğun olaraq nəyi isə mıxlamaq deyil stola çırparaq ritmik səslər almaqla ondan oyun vasitəsi kimi faydalanmağa üstünlük verirlər.Bu cür yanaşma qanunauyğun sayılmalıdır.Çünki uşaqlar alət və materialların xassə və keyfiyyətləri ilə əlaqədar müvafiq biliyə malik olmadıqları üçün maraqlarına uyğun olan oyun fəaliyyətinə sövq edirlər.Uşaqlar alətlərlə işləmə vərdişlərini aşıladıqca və materiallardan praktik şəkildə isrifadə etməyi öyrəndikcə prosessual oyun hərəkətləri tədricən az müşahidə edilir.Nəticədə oyun və əməyin  qarşılıqlı münasibəti dəyişir.Əmək üstünlük təşkil etməli olur.Tərbiyəçi qeyd olunan dəyişikliyi daim diqqətdə saxlamalıdır.Əgər uşaq əmək alətindən yalnız oynayırsa,demək müvafiq vərdişə yiyələnməmişdir.Onda tərbiyəçi lazımi bacarıq aşılamaq üçün səmərəli yollar axtarmalıdır.Məsələn:Uşaqlara əriştə düzəltmək üçün qayçı ilə kağız zolaqalrını kəsmək təklif olunur.Təkrarlanan bu hərəkət öz nəticəsini verir.Yəni uşaqlar qayçını tutmaq,açıb-bağlamaq,kəsmə vərdişlərinə yiyələnirlər.
  Tərbiyəçi uşaqları ruhlandıraraq deyir:gör nə qədər əriştə var,ondan oyunda istifadə etmək xörək bişirmək,gəlincikləri qonaq çağırmaq olar.Demək hər hansı vərdişin mənimsənilməsini tərbiyə etmək üçün eyni hərəkətlər dəfələrlə təkrar olunmalıdır.Brlə hərəkətlərə oyun xarakteri verməklə gözlənilən nəticə alınır.
  Əmək və oyunun qarşılıqlı əlaqəsi mühüm vasitə kimi uşaqları əməyə maraq yaratmağa təhrik edir.Məsələn:Oyuncaq düzəltdikdə (əmək) uşaqlar oyun üçün lazım olan əşyaları seçmək istəyi ilə məqsədli fəaliyyətə maraq göstərirlər.Məktəbə hazırlıq qrupunun uşaqları nazik kartondan kiçik vaqonlar düzəldərək onlara təkər yapışdırıb oynamağa başlayırlar.Burada yaradıcı əməyin nəticəsi olan hazırlanan oyuncaqları düzəltməyə şagirdlərin marağı onlardan istifadə edib tez bir zamanda oynamalarındadır.
  Uşaqlar düzəltdikləri əşyaların sosial əhəmiyyətini dərk etdikdən sonra öz əmək məhsullarına ciddi yanaşmalı olurlar.Buna baxmayaraq düzəltdikləri oyuncaqları öz gələcək oyunları üçün lazım olduğunu  dərk edirlər.   
Oyuncaqların tipləri, materialı, hazırlanma texnologiyası fərqlidir. Oyuncaq uşağın müxtəlif təcrübə əldə etməsinə kömək edən bir vasitə olub görüş dairəsini genişləndirir. Gəlincik vasitəsilə uşağın insanların həyat və əmək tərzinə daxil olması və məişət münasibətlərini öyrənməsi maraq doğurur. Müasir dövrdə uşaq oyuncaqlarının qruplar üzrə seçilməsində milli tərtibatda olanlara üstünlük verilir. Oyuncaqların düzəldilməsində uşaqların özlərinin fəaliyyətlərindən istifadə olunmalıdır. Müxtəlif materiallardan düzəldilən oyuncaqların tərbiyəvi əhəmiyyətinə görə fərqləndirilməlidir(mütəhərrikli, sensor, quraşdırma). Oyuncaqların A.S.Makarenkonun təsnifatında: hazır, yarımhazır və oyun üçün materiallar şəklində verilməsinin zəruri sayılır. Müasir elmi-tərəqqi dövründə kompyüter oyuncaqlarından istifadənin əhəmiyyəti və zərərli tərəfləri nəzərə alınmalıdır. Bu oyuncaqlardan istifadəyə qoyulan pedaqoji və tibbi tələblər daim gözlənilməlidir.Bilmək lazımdır ki, öyrənmə prosesində uşaqlar elmin əsaslarını öyrənmirlər, əksinə ətraf aləm haqqında sistemləşdirilmiş təsəvvürlər alır və xüsusi bacarıqlara yiyələnirlər (tərbiyəçi-müəllimə qulaq asmaq, suallara cavab vermək, onlara müraciət etmək, göstərişlərə uyğun hərəkət etmək, böyük məktəbəqədər yaşlarda müəyyən idraki- təlim vəzifəsini qoymaq və ya qəbul etmək, onun nailiyyətini planlaşdırmaq, öz işinizin nəticələrini qiymətləndirmək və digərləri ilə müqayisə etmək). Məktəbəqədər yaş dövründə diqqətin davamlılığının artması uşağın cisim və hadisələrə dərindən bələd olması, onlar haqqında müəyyən biliklər əldə etməsilə sıx bağlıdır. Bu yaş dövründə diqqətin həcmi tədricən genişlənməyə başlayır. Məktəbəqədər yaş dövründə uşağın hafizəsi də müəyyən qədər inkişaf edir. Bununla əlaqədar laborator eksperimenti şəraitində, həmçinin oyun prosesində yaddasaxlama və yadasalmanın xüsusiyyətləri tədqiq olunmuşdur. Söz hafizəni genişləndirir və təsəvvürləri sistemləşdirir, yaddasaxlanan materialı ümumiləşdirir, onları müəyyən məna qruplarında birləşdirməyə imkan verir. Ona görə də yaddasaxlama və yadasalmanın inkişafinda nitqdən bir vasitə kimi istifadə edilməsi olduqca zəruridir. Məktəbəqədər yaş dövründə uşağın təfəkkürü əsasən əyani-əməli xarakter daşıyıb, icra etdiyi işlərlə, dərk etdiyi konkret cisim və hadisələrlə bağlı olur. Qavrayış materialları əsasında fikirləşməklə yanaşı, uşağın da geniş söz ehtiyatına yiyələnməsi ilə əlaqədar onda obrazlı, nəzəri və mücərrəd təfəkkürə keçid üçün imkanlar yaranır. Psixoloqların tədqiqatları göstərir ki, 3-4 yaşlı uşaqlar bəzən hadisənin mahiyyətini başa düşə bilmədiklərinə görə , həqiqətə uyğun olmayan hökmlər irəli sürürlər, düzgün olmayan nəticələr çıxarırlar. Uşağın bilik və təcrübəsinin artması, onun təfəkküründə özünü göstərən bu cür halların tədricən aradan qalxmasına, hökmlərin dəqiqləşməsinə səbəb olur. Məktəbəqədər dövrdə, şifahi nitq sürətlə inkişaf edib zənginləşir, lüğət ehtiyatı artır. Uşaq, ana dilinin qramatik qanunları əsasında danışmağa başlayır. Məktəbəqədər dövrdə uşaqların nitqi ünsiyyət vasitəsi kimi inkişaf edir.Bu, ailədə, bağçada, yaxın adamlarla, onu əhatə edənlərlə ünsiyyət zamanı olur. Nitqin bu cür ünsiyyət formasına situativ nitq deyilir. Uşaq qarşısına sual çıxdıqda, yeni cisim və hadisələrlə qarşılaşdıqda ondan istifadə edir. Məktəbəqədər dövrdə uşağın yiyələndiyi nitq formalarından biri də izahlı nitqdir. Uşaq bu nitqlə oyunun məzmunu yoldaşlarına izah edir. Rabitəli nitqin bir forması olan izahlı nitq uşağın həyat fəaliyyətində böyük əhəmiyyətə malikdir. Məktəbəqədər dövrdə bu nitq yenicə təşəkkül tapıb inkişafa başlayır. Bu dövrdə həmçinin uşağın nitqində fonetik cəhətdən bəzi qüsurlara təsadüf olunur. “R” səsini uşağın düzgün tələffüz etməməsini xüsusi ədəbiyyatda rotatsizm adlandırırlar. Bu qüsuru aradan qaldırmaq üçün uşağı güzgü qabağında oturtmaq və ona təklif etmək lazımdır ki, ağzını geniş açsın, dilinin ucunu dişlərinin dibinə yaxınlaşdırsın və bu vəziyyətdə “z” səsini ifadə etsin. Bu vaxt uşağın dili altdan çay qaşığı ilə yuxarı qaldırılır və “z” səsini ifadə etməsi tapşırılır. Bu zaman “r” səsinə oxşar səs yaranır. “l” səsinin düzgün tələffüz olunmaması lambdatizm adlanır. Bu səsin düzgün tələffüzü üçün uşağa tapşırmaq lazımdır ki, o, dilini yastılaşmış halda kəsici dişlərin arasına soxsun, sonra dilin uc hissəsini yavaşca dişləsin və bu vəziyyətdə “l” səsini ifadə etsin.“ş” səsini düzgün tələffüz etmək üçün uşağa tapşırmaq lazımdır ki, “s” səsini tələffüz edərkən dilinin ucunu dişlərin ucuna deyil, üst dişlərin dibinə tərəf yaxınlaşdırsın.
Bir çox hallarda nitq orqanlarında heç bir qüsur olmadıqda belə uşaq qüsurlu danışır. Bunun səbəbi uşağın səsə uyğun, düzgün fizioloji mexanizm yarada bilməməsi, mənfi tərbiyəvi təsirlər, yamsılamaq və yerli ləhcələrdir. Bunların qarşısı erkən alınmazsa, uşağın nitqində özünə uzun zaman yer edər. Bəzən bu cür nöqsanlar şirindillik hesab edilərək, qarşısı alınmır, böyük yaşlarda isə qarşısının alınması çətinləşir.
Uşağın məktəbəqədər yaş xüsusiyyətləri son dərəcə mürəkkəb olduğu üçün maraqlı tərəflər bu cəhəti daim diqqətdə saxlamalıdırlar.
 
 
 
İstifadə olunan ədəbiyyat
1.Həmzəyev M. Yaş və pedoqoji psixologiyanın əsasları. Bakı- 2003.
2. Nəzərov A. Məktəbəqədər pedaqogika fənni üzrə proqram. 
Bakı-2013. 
3.Azərbaycan  Respublikasında  məktəbəqədər   təh­­silin proqramı (kurikulumu) 3 – 6 yaş, Bakı, 2012. 
4.Ş.Ağayev. Məktəbəqədər yaşlı uşaqların qu­raş­dır­ma işlərinin təşkili metodikası, Bakı,  2005. 
5.L.Cəfərova və b. Müasir uşaq bağçalarında təli­min təşkili, Bakı, 2011.
6.M.Həsənov, Ş.Ağayev. Məktəbəqədər yaşlı uşaq­ların oyun və əmək fəaliyyətinin təşkili, Bakı, 2001.
7.Məktəbəqədər yaşlı uşağın əməkdə tərbiyəsi, Bakı,  1983.

"Təhsil" jurnalı
18 fevral 2024-cü il


Tarix: 18-02-2024, 21:06

Xəbəri paylaş