FƏNLƏRİN TƏDRİiSİNDƏ QEYRİ - ƏNƏNƏVİ DƏRSLƏRİN KEÇİRİLMƏSİ
TƏRANƏ TAĞIYEVA
Azəpbaycan Dövlət Pedaqoji Universitetinin
“İbtidai təhsilin pedaqogikası” kafedrasının
baş müəllimi
Müasir təhsil sistemi müəllimlərin qarşısında çox boyük tələblər qoyur. Bu gün müəllim günün tələblərinə cavab verən, maraqlı dərslər qurmaq üçün daim axtarışda olmalı və yenilikləri tətbiq etməlidir. Tədris prosesi elə təşkil edilməlidir ki, şagirddə yeni biliklərə yiyələnmək həvəsi yaratsın. Təlimin məzmununun yeniləşməsi təlim prosesində şagirdlərin fəallığını artırmaq, onların yaradıcı mövqedən çıxış etmələrini təmin etmək və sərbəst, müstəqil şəkildə fikirlərini ifadə etmək üçün yeni üsul və vasitələrdən istifadə olunmasını zəruri edir. Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə elmi biliklərlə deyil, həm də təfəkkürün inkişaf etdirilməsi əsasında biliklərin daha çox müstəqil əldə edilməsi və mənimsənilməsinə, ən mühim bacarıq və vərdişlərin, şəxsi keyfiyyətin qazanılmasına yönəlmişdir. Bu məqsədlə fəal təlim üsullarından istifadə edilməsi şagirddə idrak fəallığının yüksəlməsini, yaradıcılıq və tədqiqatçılıq imkanlarını, əməkdaşlıq münasibətlərinin yaradılmasını və digər zəruri keyfiyyətlərin formalaşmasını təmin edir. Dərsin qeyri-ənənəvi formalarını fəal dərsin formalarından biri hesab etmək olar. Bu, öyrənmənin səmərəliliyini müxtəlif tədris vasitələrindən və metodlardan istifadə edərək öyrənmənin bütün prinsiplərini araya gətirmək və tətbiq etmək bacarığını artırmaq cəhdididr.
Qeyri-ənənəvi təhsil formalarına layihələr, rollu oyunlar, mətbuat konfransları, müsabiqələr, fantaziya dərsləri, nağıl-dərslər, dərs-məhkəmələr. inteqrasiya edilmiş dərslər, yaradıcı hesabatlar, təlim-tematik konfranslar aiddir.
Təlim - tematik konfransların keçirilməsi.
Əvvəlcədən tərtib edilmiş suallarla tanış edilən şagirdlərin içərisindən məruzə edənlər seçilir. Konfransa hazırlaşarkən bütün şagirdlər dərsliyin materialını dərindən mənimsəyir, qoyulmuş suallara əlavə ədəbiyyatdan cavab axtararaq öz mövqeyi ilə ona yanaşmağı öyrənirlər. Məruzə edən şagirdlərə digər şagirdlər suallar verir və öz əlavələrini edirlər.
Rollu oyunlar.
Bu üsulda iştirakçılar müxtəlif rolları öz üzərlərinə götürürlər və hər hansı bir hadisəni bu mövqedən qiymətləndirirlər. Burada şagirdlərin tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirilir və üzə çıxarılır, rola girmək və ifadə etmək bacarıqları formalaşdırılır, əməkdaşlıq, tolerantlıq və qarşılıqlı ünsiyyət yaranır. Bu üsulda simulyasiyadan istifadə oluna bilər. Simulyasiya - təqlid etmək, fəaliyyət və hadisələri yaratmaq, üzə çıxarmaq deməkdir. Bu isə dərsin gedişində informasiyanın daha yaxşı qavranılmasında böyük əhəmiyyətə malikdir.
Dərsin mətbuat konfransı şəklində keçirilməsi.
Bu üsul böyük marağa səbəb olur. Bu zaman sinif "müxbirlərə və mütəxəssislərə" bölünür. Hərdən bu cür məşğələlərə professional mütəxəssisləri, (həkimləri, hüquqşünasları və s.) dəvət etmək olar. Dərsin bu forması şagirdlərdə əlavə ədəbiyyata maraq yaradır, intellektual səviyyələrini artırır, öz fikirlərini konkret izah etməyə, düzgün inandırıcı dəlillərdən istifadə etməyə imkan verir. Qazanılmış biliklərin səhnələşdirilmiş formada nümayiş etdirilməsi, bu prosesdə şagirdlərin fəal iştirakı, rollu oyunlar vasitəsilə biliklərin ötürülməsi bu materialların uzun müddət yaddaşda qalmasına və təlimin keyfiyyətinə müsbət təsir edir.
Bu məqalədə mən dərsin qeyri-ənənəvi formada keçirilməsinə dair bir nümunə təqdim etmək istəyirəm. Bu dərsi tədris müəssisələrində “Həyat bilgisi” bə biologiya dərslərində həyata keçirmək olar.
Dərs – konfrans.
Mövzu: “Papaqlı göbələklər”.
Məqsəd:
- Papaqlı göbələklər haqqında bilikləri dərinləşdirmək və genişləndirmək;
- Göbələkləri yığmaq və qida kimi istifadə etmək qaydaları ilə tanışlıq;
- Şagirdlərdə təbiətə qayğılı münasibət və sevgi formalaşdırmağı davam etdirmək;
- Təbii ehtiyatlardan səmərəli istifadə barədə məlumat vermək.
Tədbirin keçirilməsi üçün lazım olan avadanlıq:
- şampinyon göbələkləri;
- Göbələklərin mulyajları və şəkilləri:
- Göbələklərdən hazırlanmış dərmanlar - antibiotiklər.
Dərsin gedişi:
Müəllimin çıxışı:
- Məqsədimiz çox maraqlı, bir çox insanlar üçün bəzi cəhətlərdən məlum olmayan canlı orqanizmlər - göbələklər haqqında biliklərimizi genişləndirməkdir. Bu məqsədlə biz buraya bir çox mütəxəssisləri dəvət etmişik. Əvvəlcə qeyd edim ki, göbələklər haqqında elm-mikologiya XVIII əsrədək çox zəif inkişaf edir və botanikanın bir şöbəsi hesab edilirdi. Çünki göbələkləri ibtidai bitkilərə aid edirdilər. Hazırda bir çox sistematiklər göbələkləri canlı orqanizmlərin xüsusi aləminə mənsub olduğunu deyirlər. Bu canlılar özlərində həm bitkilərin (hərəkətsizlik, qeyri - məhdud təpə hissəsi ilə böyümə, vitamin sintez etmək qabilliyəti və s), həm də heyvanların xüsusiyyətlərini (hazır üzvi maddələrlə qidalanma, hüceyrə divarında xitinin olması və s) özündə birləşdirir. Göbələklərin 100 min, o cümlədən, 100 yeməli növü məlumdur. Göbələklərə inkişaflarının müxtəlif dövrlərində havada, torpaqda, suda, canlı orqanizmlərin daxilində və səthində təsadüf olunur, onların təbiətdə və insan həyatında böyük rolu vardır.
İndi gəlin, göbələkləri öyrənən mütəxəssislərin fikrini dinləyək.
Mütəxəssis – mikoloq:
- Göbələklər bir hüceyrəli və çox hüceyrəli olub, quruluş və ölçülərinə görə çox müxtəlifdirlər. Göbələklərin torpaqaltı hissəsi hər tərəfə şaxələnən və uclardan böyüyərək torpagın içərisinə tor şəklində yayılan, mitseli adlanan ağ rəngli tellərdən ibarətdir. Göbələyin yerüstü hissəsi həmin nütseli tellərinin üzərində yerləşir və meyvə cismi adlanır. Meyvə cismi papaq və kötükcükdən ibarətdir. Papaqlı göbələklərə ag, qırmızıbaş göbələklər, tozağacı göbələyi, yağlı göbələk və s. aiddir.
Heterotrof orqanizmlər kimi göbələklər hazır üzvi maddələrlə qidalanır. Qidalanmalarına görə onlar üç qrupa bölünür:
- saprofitlər:
- simbiontlar;
- parazitlər.
Saprofit göbələklər məhv olmuş bitki qalıqlarının parçalanması hesabına qidalanırlar. Göbələklərin ifraz etdikləri fermentlər substrata təsir edir və göbələk hüceyrəsindən xaricdə onun qismən həzm olunmasına səbəb olur. Bu cür yarı həzm olunmuş məhsul göbələyin bütün səthi tərəfindən sorulur.
Simbiont göbələklər qida maddələrini yalnız meşə döşənəyindən deyil, həm də ağacların köklərindən alırlar. Bəzi göbələklər ali bitkilərin kökləri ilə simbioz münasibətdədirlər ki, buna mikoriza deyilir. Göbələk ağacı su və mineral maddələrlə, xüsusən, fosforla təmin edir. Xlorofili olmadığı üçün göbələk özü üzvi maddə yarada bilmir. Ona görə də ağaclar göbələkləri lazım olan üzvi maddələrlə təchiz edirlər. Qeyd etmək lazımdır ki, ağ göbələklər 50 növ ağacla mikoriza əmələ gətirir.
Parazit göbələklər isə digər göbələk, yosun, ali bitkilər, eləcə də insanlarin orqanizmində yaşayaraq, onların hüceyrələrindəki üzvi maddələr hesabına qidalanırlar. Bəzi göbələklər insan və heyvanlarda, o cümlədən balıq və arılarda xəstəlik törədirlər. Belə ki, bitkilər üzərində parazitlik edərək kənd təsərrüfatına və meşə təsərrüfatına böyük iqtisadi ziyan vururlar.
Həvəskar göbələk yıgan:
- İnsanlar çoxdan fikir vermişlər ki, göbələklər böyüyərkən düzgün formalı dairə əmələ gətirirlər. Maraqlıdır ki, bu cür dairənin mərkəzində otlar solur, məhv olur. Qədimdə bu cür dairələri əmələ gətirən göbələkləri yığmırdılar və bunu cin-şəyatinlə əlaqələndirirdilər. Belə ki, Hollandiyada deyirdilər ki, burada şeytanlar yuva qurub. İsveçdə güman edirdilər ki, burada yalnız sehrbazlar tərəfindən sirri açila biləcək tilsimlənmiş xəzinə vardır. Almaniyada isə belə hesab edirdilər ki, burada küpəgirən qarılar rəqs edirlər.
İndi isə alimlər bunu onunla izah edirlər ki, mitselilər ortada məhv olaraq yalnız dairə boyu inkişaf edirlər, bu dairələr üzrə meyvə cismi - “göbələk” əmələ gəlir. Mitselilər inkişaf edərkən çoxlu miqdarda su, mineral və üzvi maddələrdən istifadə edir. Məhz bunların çatışmazlığından burada heç bir ot bitkisi inkişaf edə bilmir. Bəzən bu göbələk dairələri 70-200 m diametr ərazini əhatə edir.
Elmi tədqiqat instutunun əməkdaşı:
- Burada artıq qeyd edilmişdir ki, göbələklər təbiətdə geniş yayılmışdır. Belə bir sual meydana çıxır: “Bəs göbələklər nə cür çoxalırlar?”
Göbələklər vegetativ (mitseli hissələri və ya tumurcuqlanma ilə), qeyri cinsi (sporla) və cinsi yolla (xüsusi cinsi hüceyrələrin qovuşması) çoxalırlar. Papaqlı göbələklərin bəzilərində, məsələn, nəmişlik göbələyində, sarımtıl göbələk, şampinyonda papağın altında lövhəciklərdə sporlar olur. Belə göbələklər löhvəcikli göbələklər adlanır. Ağ və qırmızı göbələklər borucuqlu göbələklərə aid olub, borucuqların daxilində spor əmələ gətirirlər. Göbələklər bu sporlar vasitəsilə çoxalırlar. Xırda və yüngül yetişmiş sporlar lövhəciklərin arasından və borucuqların içərisindən tökülür, külək, ilbiz və həşərat vasitəsilə yayılırlar.
Müxbir (suallar verir):
- Bizim meşələrdə hansı yeməli göbələklər olur?
- Hansı göbələklərdən qida kimi istifadə etmək olmaz?
- Ən zəhərli göbələk hansıdır?
Elmi işçi (göbələklərin mulyajlarını və şəkillərini göstərir):
- Yeməli göbələklərdən ağ və qırmızıbaş göbələyi, tozagacı göbələyini, yaglı göbələyi, sarı-qırmızı göbələyi, sarımtıl göbələyi və tülküqulagı göbələyini göstərmək olar. Ən zəhərli göbələk solğun əzvay göbələyi hesab edilir. Digər zəhərli növlərə milçəkqıranı, yalançı tülküqulağinı, yalançı kötük göbələyini və s. göstərmək olar. Göbələkləri yığarkən zəhərli göbələkləri yeməlilərdən fərqləndirməyi bacarmaq lazımdır.
Həvəskar göbələk yığan:
- Göbələk yıgmaq dünyanın bir çox adamlarını cəlb edir. Göbələk axtararmaq və yığmaq meşədə gəzmək, yaxşı dincəlmək vasitəsi sayılır. Lakin hansı göbələkləri və nə cür yığmağı bilmək lazımdır. Buna görə mən sizə bir neçə məsləhət vermək istərdim:
1. El məsəlində deyilir ki, göbələk yığmaq üçün tezdən durmaq lazımdır. Düzdür, meşəyə gün çıxanacan çatmaq lazımdır. Dan yeri ağararkən göbələklər möhkəm, ətirli və təravətli olurlar;
2. Göbələyin ömrü az olur, o tez böyüyur. Üç saat ərzində göbələk yerin üstündə əmələ gəlir və bir neçə saatdan sonra cavan göbələklər yiğıma yararlı olur. Bu vaxtı ötürsən, göbələk ölüvay, süst, solğun və çox zaman qurdlu olur. Bunları yığmaq olmaz, onlar dadsız və çox zaman zərərli olur;
3. Müəyyən olunmuşdur ki, göbələklər adətən, ağaclarin şimal tərəfində bitir. Əgər yay çox quraqlıq keçmişdirsə, göbələk kölgəlikdə, agacın altında gizlənir. Yox əgər yay yağışlıdırsa, göbələklər açıqlığa “çıxırlar”;
4. Göbələyi tapdın, dibindən qırmağa tələsmə, bıçaqla kəs. Meşə döşənəyini dağıtma, çünki sən mitselini zədələyə bilərsən və gələn dəfə bu yerdə göbələk tapa bilməzsən;
5. Yığılmış göbələkləri torpaqdan təmizləmək və səbətə papağı aşağı olmaqla yığmaq lazımdır. Göbələkləri çantaya, torbaya yığmaq olmaz, çünki burada onlar əzilir və ovulurlar;
6. Göbələkləri yığarkən diqqətli ol!Bəzi göbələklər zəhərlənməyə səbəb ola bilərlər;
Həkim-diyetoloq:
- Göbələk qiymətli ərzaq məhsuludur. Onlarda bir çox mikroelementlər, vitaminlər vardır. Ancaq göbələk yığımı zamanı həkimlərin işi zəhərlənmələrə görə artır. Yalnız zəhərli deyil, yeməli göbələklər də təhlükə törədə bilər. İlk olaraq, meşələrimizdə quzugöbələyi əmələ gəlir. Amma məlum olur ki, bu göbələyin tərkibində zəhərli toksiki maddə vardır. Bunu qida kimi işlətmək üçün 15-20 dəqiqə müddətində onları qaynadır, suyunu atır, göbələkləri yuyur və yalnız bundan sonra onları qızardır və ya bişirirlər. Xoşa gəlməyən hallardan uzaq olmaq üçün biz aşağıdakı yaddaşı oxumağı məsləhət görürük:
1. Yalnız tanıdığınız göbələkləri yığın;
2. Göbələklərin aşağı hissəsində yumru yoğunlaşmalar varsa, belə göbələkləri yiğmayın. Onların dadına baxmayin;
3. Göbələyi kötükcüyü ilə birgə yığın, xüsusən, zolaqlı papaqlı göbələkləri;
4. Şanpinyona oxşar, lakin papağının alt tərəfi ağ olan göbələkləri yığmayın;
5. Qırmızımtıl-narıncı rəngli zəhərli tülküqulağına da fikir verin;
6. Heç bir zaman bişməmiş göbələyin dadına baxmayın;
7. Vaxtı ötmüş, süst, xarab və qurdlu göbələklərdən istifadə etməyin;
8. Göbələklərin konservləşdirilməsi zamanı sanitar-gigiyenik qaydalara riayət etmədikdə bakterial xəstəliklərin yarana biləcəyini nəzərə alın;
9. Hər bir göbələk növünü ayrıca konservləşdirmək lazımdır.
Təcili yardım həkimi:
- Göbələkdən zəhərlənmiş insanın sağlamlığı ona göstərilən ilk yardımdan asılıdır. Ona görə də mən bir neçə məsləhət vermək istəyirəm.
Göbələklə zəhərlənmənin ilk əlamətləri (ürəkbulanma, qarın nahiyəsində ağrılar, qanlı ishal, susuzluq, qıcolmalar, ümumi zəiflik) üzə çıxan kimi təcili yardımı dəvət etmək və ya zəhərlənmiş adamı təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Həkim gələnə kimi mədə və bağırsaqları qidadan təmizləmək lazımdır. Bunun üçün zərərçəkmiş adama ya 4-5 stəkan soyuq qaynanmış su və ya sodalı məhlul (1stəkan qaynanmış suya 1 çay qaşığı soda əlavə etməklə) içirtmək lazımdır. Bundan sonra qaşığın ucu ilə dilin dibini qıcıqlandırmaqla (məcburən) yediklərini qaytardırlar. Bunu bir neçə dəfə təkrar etmək lazımdır.
Farmasevt:
- Son vaxtlar kimyaçılar göbələklərə daha çox diqqət yetirirlər, belə ki, onlardan bir çoxu (250 növ) həyat fəaliyyətində antibiotiklər sintez edirlər ki, bunlar insanın müxtəlif xəstəlik törədicilərinin: difteriya, meningit, vərəm, taun və s. inkişafının qarşısını alır. Məsələn, sarı göbələkdən laktariviolen, ağ göbələkdən isə vərəm xəstəliyinə qarşı antibiotiklər əldə edilir. Hindistanda yatalaq xəstəliklərinin müalicəsində istifadə edilən antibiotikləri şampinyon göbələyindən almışlar. Öd göbələyindən alınmış preparatlar qaraciyərin işini yaxşılaşdırır, yaşıl göbələkdən alınmış dərmanlar qanın laxtalanmasının qarşısını alır. Bir çox irinli xəstəlikləri törədən stafilokoklara qarşı mübarizədə bəzi papaqlı göbələklərin cövhərindən istifadə edilir. Ağ göbələk şiş xəstəliklərinin qarşısını alır. Yəqin ki, xərçəng xəstəliyinin müalicəsində də göbələkdən alınmış dərmanlardan istifadə ediləcəkdir.
Müxbir:
- Siz göbələkdən hazırlanmış dərmanları göstərə bilərsinizmi?
Farmasevt dərmanları nümayiş etdirir və onların xüsusiyyətləri haqqında məlumat verir.
Restoranın baş aşpazı:
- Müxtəlif ölkələrin xalqlarının mətbəxində göbələklərdən geniş istifadə olunur. Sağlam insanlara göbələklərdən hazırlanmış hər cür qida xeyirlidir. Lakin qaraciyər, bağırsaq, öd kisəsi, mədəaltı vəzi və böyrək çatışmazlığı xəstəliklərində göbələklərdən istifadə etmək məsləhət deyildir. İndi mən sizə göbələkdən hazırlanmış bir neçə xörək resepti təqdim edəcəyəm.
1) Konservləşdirilmiş göbələkdən salat:
- Konservləşdirilmiş göbələkləri doğramaq;
- Üzərinə bişirilmiş və xırdalanmış yumurta, konservləşdirilmiş yaşıl noxud, soğan, duz və xama əlavə etmək;
- Hamısını qarışdıraraq qaba yığıb, üzərinə xama yaxıb, soğan və yumurta ilə bəzəmək.
170 qram göbələyə 70 qram soğan, 75 qram xama, 1 yumurta, duz və yaşıl konservləşdirilmiş noxud götürülür.
2) Sarımsaqlı göbələk:
200 qram göbələyi doğramaq, üzərinə 4 diş sarımsaq əlavə edib bitki yağında qızartmaq.Yaşıl kahı ilə masaya vermək.
Göbələk yetişdirmək üzrə mütəxəssis:
- Bu gün göbələklər yalnız həvəskarların marağına səbəb olmur. Bütün il boyu ekoloji təmiz məhsul əldə etmək üçün artıq neçə illərdir ki, göbələklər süni şəraitdə yetişdirilir. Hazırda şampinyonları və digər göbələkləri mədəni şəraitdə yetişdirmək məqsədilə ayrılmış sexlərdə rəflərə düzür və buradakı hava və torpağa xüsusi lazımi temperatur və rütubətlilik yaradırlar ki, bu şəraitdə meyvə cisimləri yaxşı inkişaf edir. Torpağin bir kvadrat metr sahəsindən 20 kq-a qədər şampinyon əldə edilir. İldə bu cür 5 dəfə göbələk məhsulu əldə olunur.
Ekoloq;
- Meşənin həyatında göbələklər xüsusi əhəmiyyətə malikdir. Bakteriya və digər mikroorqanizmlərlə birgə onlar məhv olmuş qalıqları bitkilər tərəfindən mənimsəniləcək maddələrə çevirirlər. Göbələklər olmasa idi, hər il tökülən yarpaqlar çoxlu miqdarda yığılaraq meşənin təzələnməsinə maneçilik törədərdi. Göbələklər ağaclarla simbioz münasibətdə olaraq onların daha yaxşı böyuməsinə şərait yaradırlar. Bunları nəzərə alaraq yalnız yeməli yox, digər göbələklərə də qayğılı münasibət bəsləmək, onları qorumaq və çoxaltmaq lazımdır.
Müəllimin yekun çıxışı:
- Konfransın iştirakçıları bu gün bizə maraqlı, yeni faktlar söylədilər. Bununla da göbələklər haqqında biliklərimizi daha da genişləndirmiş olduq.
Evə tapşırıq:
Göbələklər haqqında atalar sözləri, tapmacalar tapmaq və göbələklərdən hazırlanan xörək, salat reseptləri hazırlamaq.
Beləliklə, müasir dərsin qurulmasında, səmərəliliyinin artırılmasında fəal təlim üsullarından, xüsusilə qeyri-ənənəvi təlim formalarından istifadə etmək şagirdlərin təşəbbüs və ünsiyyət bacarıqlarının inkişafına kömək edir, yaradıcılıq imkanlarını və dərsə olan marağını artırır. Bu isə öz növbəsində proqpam materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir.
ƏDƏBIYYAT:
1. Azərbaycan Respublikasının Təhsil qanunu, Bakı, 2009.
2. Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları), Bakı, 2010.
3. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənn kurikulumu (VI – XI siniflər).
4. Veysova Z. Fəal və interaktiv təlim. Müəllimlər üçün vəsait. Bakı, 2007.
5. “Общая биология” - Учебник для 10-11 классов с углубленным изучением биологии в школе. Mосквa, 1995.
6. Топунoв А.Ф. “Биологиянапоpoге XXI века”. “Биология в школе” N-1. Mосквa, 2000.
7. Ümumtəhsil məktəblərinin VI - XI sinifləri üçün biologiya dərslikləri.
8. “Kurikulum” jurnalı. 2011, № 4.
9. Ümumtəhsil məktəblərinin I - IV sinifləri üçün “Həyat bilgisi” dərslikləri