Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“MICROSOFT – UN BEYNƏLXALQ STEM DƏRSLƏRİ” - LAYİHƏ VƏ PROBLEM ƏSASLI ÖYRƏNMƏYƏ DƏSTƏK MƏQSƏDİLƏ ÖYRƏDİCİ VİDEO - ÇARXLARIN ÇƏKİLMƏSİ


 
 
REYHAN BAXŞIYEVA
Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin direktoru
 
Gəlin, xarici ölkələrin birində real həyat probleminin tədris prosesinə gətirən və onun həlli istiqamətində layihə hazırlayan bir şagirdin situasiyasına nəzər salaq: “9-cu sinif şagirdlərindən biri maşın qəzasına düşür. Qəza qarşıdan gələn maşının işığının şagird olan maşının sürücüsünün gözünə düşməsi nəticəsində baş vermişdi. Qəzadan təsirlənən şagird məktəbdə digər yoldaşlarından ibarət qrup təşkil edərək fənn müəllimlərinin dəstəyi ilə bu problemin həll edilməsi istiqamətində layihə hazırlamağa başladı. Layihədə qaranlıqda hərəkət edən maşınların öz işıqlarını hansısa məsafədən tənzimləməsi üçün proqramın yazılması və mobil telefonlar üçün tətbiqetməsinin hazırlanması nəzərdə tutulmuşdu. Bu layihəyə əsasən təhlükə yaranan kimi şagirdin yazdığı mobil tətbiqetməyə məlumat gəlir, sürücü xəbərdar olunur, sonra isə işıqlar avtomatik olaraq tənzimlənirdi. Şagirdlər 6 ay müddətində bu proqramı hazırladıqdan sonra müəyyən iş adamlarından da dəstək alaraq layihəni genişləndirdilər və istifadəyə verdilər. Şagirdin layihənin təqdimatı zamanı söylədiyi fikir olduqca maraqlı idi: “Bu proqram təhlükəsizlik tədbiri kimi bahalı maşınlarda mövcuddur, amma mən düşünürəm ki, maddi imkanından asılı olmayaraq istənilən insanın həyatı dəyərli və qiymətlidir. Bu proqramı sırf maddi imkanı aşağı olan insanların təhlükəsizliyi üçün yazmışıq”.
     


    
Real həyat problemlərinin həllinə, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn daha qlobal problemlərin həllinə yönəldilmiş bu tip layihələrin hazırlanması xarici ölkə məktəblərinin əksəriyyətində həyata keçirilir. Qeyd edək ki, yuxarıda çəkilən nümunədə layihənin mövzusu DİM-nin 3-cü “Yaxşı səhiyyə və rifah”, 9-cu “Sənaye, innovasiya və infrastruktur” və 11-ci məqsədi “Dayanıqlı şəhərlər və icmalar” üzrə hədəfləri reallaşdırmağa yönəlmişdir. Şagirdlər bu tip layihələri bir neçə fənn müəlliminin dəstəyi ilə dərs vaxtı və məktəbdənkənar fəaliyyətləri zamanı, həmçinin asudə vaxtlarında da həyata keçirirlər. Bu tip layihələrin hazırlanması məktəblərdə layihə və problem əsaslı öyrənmə metodikasının tətbiqini zəruri edir. Layihə və problem əsaslı öyrənmə mühiti fənlərarası inteqrasiya, öyrənilənlərin real həyatla əlaqələndirilməsi, öyrənilənlərin real həyat problemlərində istifadəsi kimi vacib pedaqoji anlayışları özündə əks etdirir. Yuxarıda qeyd olunan bu nümunədə şagirdin elmi bilikləri ilə texnoloji bacarıqları birləşir və konkret olaraq məhsulun hazırlanmasına yönələn fəaliyyət meydana gəlir. İnkişaf etmiş ölkələrin dərslərindən götürülən bu nümunələr bizə çox uzaq gələ bilər. Amma bir məsələni də unutmayaq ki, texnoloji inkişaf sürətləndikcə biz də bu yeni axına qoşulmalı, şagirdləri real həyat problemlərinin həllinə və gələcəyin peşələrinə hazırlamağa indidən başlamalıyıq.
 
  

 
Son illər Azərbaycan təhsil sistemində də STEM-in geniş miqyasda tətbiqinə dəstək vermək məqsədilə bir çox layihələr həyata keçirilir. Tətbiq olunan layihələr daha çox robotik kodlaşdırma sahəsinə yönəldiyindən, bu layihəni təklif etməklə real həyat problemlərinin həllinə yönələn layihə əsaslı dərs nümunələrini təhsil ictimaiyyətinin nəzərinə çatdırmaq istədik. Microsoftun STEM dərsləri üçün nəzərdə tutduğu real həyat problemlərinin həllinə yönəlmiş, süni intellekt anlayışının ilkin tətbiqini nəzərdə tutan bu layihələr şagirdlərdə bu istiqamətdə ilkin bacarıqlar formalaşdıracaq, onları gələcəkdə daha yaradıcı layihələr hazırlamağa sövq edəcək. Ən əsası isə bu dərslərdən yararlanan şagirdlər real həyatda qarşısına çıxan problemin həllinə baş sındıracaq və onun həlli üçün müəyyən addımlar atacaq. Bu fəaliyyətləri yerinə yetirən şagird artıq XXI əsrin bacarıqlarına yiyələnmiş olacaq.
Lakin, məlum məsələdir ki, şagirdləri bu bacarıqlara yiyələndirmək üçün müəllim özü də bu təfəkkür tərzinə malik olmalı, eyni zamanda layihə və problem əsaslı dərsləri təşkil etməyi bilməli, ilkin də olsa kodlaşdırma bacarığına malik olmalıdır. Bir məsələni də vurğulayaq ki, xaricdə bu tip dərslər bir fənn müəllimi tərəfindən deyil, bir neçə fənn müəllifi tərəfindən inteqrativ olaraq həyata keçirilir. Bu layihələrin icrasında da həm fənn, həm informatika müəllimi birgə fəaliyyət göstərə bilərlər. Elə bu məqsədlə də layihə çərçivəsində Microsftun beynəlxalq STEM dərslərindən istifadə üzrə öyrədici video-çarxlar hazırlayaraq müəllimlərə bu istiqamətdə dəstək göstərməyi nəzərdə tutduq.
Layihə çərçivəsində müəllimlərin Microsoftun beynəlxalq STEM dərslərindən istifadəsini dəstəkləmək məqsədilə 10 dərs üzrə öyrədici video-çarxın hazırlandı və layihənin YouTube kanalında yerləşdirildi. Bu öyrədici video-çarxlar vasitəsilə müəllimlərin STEM üzrə layihə və problem əsaslı dərs qurmaq bacarıqlarının təkmilləşməsi gözlənilir. Layihədən yararlanan müəllimlər bundan sonra real həyat problemlərinin həllinə yönəlmiş, süni intellekt anlayışının ilkin tətbiqini nəzərdə tutan dərs nümunələrindən istifadə etməyə maraqlı olacaqlar. Layihə vasitəsilə müəllimlər şagirdləri yaradıcı layihələr hazırlamağa sövq ediləcəklər və bu dərslər vasitəsilə şagirdlər 
XXI əsr bacarıqlarına yiyələnəcəklər. Bu video-çarxlar vasitəsilə STEM, layihə və problemli əsaslı dərslərin qurulması istiqamətində müəllimlərə istiqamət verildi, onlarda müvafiq bilik və bacarıqlar aşılandı. Layihə həm də Azərbaycan dilində STEM üzrə resurs bazasının zənginləşməsinə töhfə verdi. Müəllimlər öyrədici video-çarxlardan istifadə etməklə mühəndislik, qurmaq, yaratmaq, dizayn etmək, kodlaşdırmaq, hesablamaq kimi praktik bacarıqlar əldə etdilər və sərbəst öyrənmə vərdişinə yiyələndilər.


Tarix: 24-01-2023, 17:20

Xəbəri paylaş