Məktəb coğrafiya fənninin məzmununda baş verən dəyişikliklər haqqında
Məlumdur ki, hər bir fənn elmin əsas, mübahisə doğurmayan termin və anlayışlarının sistemli şəkildə, yaş səviyyəsinə uyğun şəkildə tədris olunmasıdır. Coğrafiya elminin çoxsahəli olması məktəb coğrafiyasının da məzmununda özünü göstərir. Coğrafiya elminin yaranması cəmiyyətin inkişafının ilkin mərhələsi ilə uyğun gəlir. Dünyada ilkin coğrafi biliklərin hələ ibtidai icma quruluşu dovrundə eramızdan 3 min il əvvəl Misirdə formalaşdığı hesab edilir. O dövrdə mövcud olan təhsil ocaqlarında səma cisimlərinin hərəkəti, ətraf aləm (çayda suyun səviyyəsinin dəyişməsi, fəsillərin növbələşməsi və s) haqqında biliklər tədris olunurdu. Yazılı şəkildə ilk coğrafi elementlər anlayışlara müqəddəs hind kitabəsi olan «Vedalar»da rast gəlinir. Vedalar e.ə. 12-ci əsrlərdə yaradılmışdır. Okeanlar, çaylar, dağ və düzənliklər, musson küləklərinə dair ilk yazılı fikirlər bu kitabələrdədir.
Lakin coğrafiya elminin adı və onun formalaşması Erotesfenin adı ilə bağlıdır. Coğrafiya elminin formalaşmasında Kirenalı Erotosfenin (b.e.ə II-I əsrlər) xidməti böyükdür. Coğrafiya terminini ilk dəfə işlədən Erotosfen olmuşdur. O, həm də Yer kürəsinin bizə məlum olan ilk xəritəsinin müəllifidir. İlk coğrafiya kitabının müəllifi olan Erotosfen, Yer çevrəsinin ölçülərini ilk hesablayan alimdir.
Erotosfendən sonra yaşamış Strabon (b.e.ə. I - eramızın I əsrləri) daha böyük həcmli “Coğrafiya” kitabının müəllifidir. (17 cilddən ibarətdir, XI kitabda Qafqaz və Azərbaycan haqqında məlumat verilir).
Erotosfen və Strabonun davamçısı hesab edilən Ptolomey (I-II əsrlər) öz xəritəsində ilk dəfə meridian və paralellər cızmış, Yerin kürə formasında olmasını nəzərə almışdır. Ptolomeyin «Coğrafiya» adlı kitabında 8000-dən çox coğrafi addan istidifadə olunmuşdur. Elmin inkişafı eyni zamanda onun tədrisi üçün baza rolunu oynayırdı. Lakin uzun müddət coğrafiya sistemsiz, öyrədənlərin fərdi bacarığından asılı olaraq tədris edilmişdir.
Proqram əsasında yazılan coğrafiya bir fənn kimi Qərbi Avropada XVII əsrdən tədris olunmağa başlanmışdır. Fənnin məzmununda təsvirçilik əsas yer tuturdu. Xüsusilə ölkələrin təbiəti və iqtisadiyyatı təsvir edilirdi. Qərbi Avropada tədris ocaqlarında ayrı-ayrı fənnlərin, o cümlədən coğrafiyanın sistemli şəkildə tədris olunması çex pedaqoqu Yan Amons Komenskiyə (1592-1670) məxsusdur. Komeskiyə görə didaktika hər şeyi hamıya öyrətmək sənətidir. Y.A. Komenski «Pansofiya» (elmlər sistemini yaratmaq – müdriklik) ideyasını irəli sürmüşdür. Komenski təkcə nəyi öyrətmək və nəyi öyrənmək barədə deyil, eyni zamanda necə öyrətmək və öyrənmək barədə söz açırdı. O, təlimin prinsiplərinin və qaydalarını müəyyənləşdirmiş, təlimin təşkilinin əsaslarını (tədris ili, tətillər, tədris ilinin rüblərə bölünməsi, şagirdlərin eyni vaхtda məktəbə qəbulu, sinif-dərs sistemi, məktəblilərin biliklərinin hesaba alınması və qiymətləndirilməsi, tədris gününün davametmə müddəti və s.) qoymuşdur. Komenski həm də ətraf aləm və təbiətdə baş verən hadisə və prosesləri müşahidə etməklə fənnin öyrənilməsinə üstünlük verilməsini məqsədəuyğun hesab edirdi.
Rusiyada məktəb coğrafiyasının tədrisi Pyotrun adı ilə bağlıdır. O vaxta qədər kilsə məktəblərində fənnlər ayrıca deyil, ümumi şəklində tədris edilirdı. Qərbi Avropa ölkələri ilə ticarət əlaqələrinin güclənməsi coğrafi təhsilə olan marağın artmasına səbəb oldu. Dünyəvi məktəblərdə 1701-ci ildən coğrafiya fənni tədris olunmağa başladı. İlk illərdə fənnin tədrisində dərslik olmamışdır. İlk dəfə olaraq 1710-cu ildə Peterburqda dənizcilik məktəblərində coğrafiya fənni tədris olunmağa başladı. Fənnin adı «Coğrafiya və yaxud Yer kürəsinin qısa təsviri» idi. Kitabın müəllifi məlum deyildi. Kitabda cadəcə olaraq yer kürəsinin təsviri verilirdi. Rusiyada coğrafiya fənninin inkişaf etdirilməsində M.Lomonosovun, N.Tatişevin, K.Uşinskinin rolu böyük olmuşdur.
Azərbaycanda coğrafi təsəvvürlərin yaşı cox qədimlərə - Qobustan qayaustü rəsmlərə gedib çıxır. Antik dövrlərdə Azərbaycana aid məlumatlar çox olmuşdur. Yunan filosofu Herodot Xəzər sahilini təsvir etmiş, Strabonun coğrafiya kitablarında isə Albaniya, Xəzər dənizinin sahilləri və onun özü haqqında çox maraqlı məlumatlar yazılmışdır. Klavdiy Ptolemey, həmçinin yerli alban alimlərindən Moisey Kalankatlı (VII-VIII əsr) Azərbaycan haqqında xeyli bilgilər vermişlər. Eramızın III əsrindən başlayaraq, Azərbaycanda ilkin savad verən ayrıca məktəblər mövcud olmuşdur. VII əsrdə isə elmi təhsili daha yüksək məqama qaldıran İslam dininin təsiri ilə oxumaq istəyənləri əhatə edən təhsil sistemi yaranmışdır. Artıq X-XIII əsrlərdə Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Həmədan, Ərdəbil kimi şəhərlər elm və mədəniyyət mərkəzlərinə çevrilmişdi.
Azərbaycan ərazisində yerləşən coğrafi obyektlərin adları və onların təsviri Dədə Qorqud dastanında verilmişdir. Bunlar Azərbaycanda tədris ocaqlarında coğrafiyanın tədris edilməsinə baza yaratmışdır. Coğrafiya ayrıca fənn kimi olmasa da fənnin bəzi sahələrinin elementləri dini məktəblərdə, mədrəsələrdə tədris olunurdu. XI əsrdə böyük mütəfəkkir və şair Nizami Gəncəvi, xüısusilə “İsgəndərnamə” adlı misilsiz poemasında Yer kürəsinin yaranması, günəş sistemi, heliosentrik nəzəriyyə, ayr-ayrı ərazilərin iqlimi, təbii şəraiti, minerallar və s haqqında zəngin məlumat vermişdir. “Xəmsəyə” aid olan digər əsərlərində də qədim dünya xalqlarının həyat şəraiti, təsərrüfat fəaliyyəti və mədəniyyəti haqqında dolğun məlumatlar vermişdir.
XIX-XX əsrlərdə Azərbaycan alimi Əbdul Rəşid Bakuvinin yazdığı coğrafi əsərlər bu günədək öz əhəmiyyətini saxlamışdır. Azərbaycan coğrafiya elminə ən böyük töhvə verən coğrafiyaçılardan biri Hacı Zeynalabdin Şirvanidir. H. Z. Şirvani (XVII əsr) coğrafi təsvirlərin üstünlük təşkil etdiyi 350 çap vərəqi həcmində əsərlərini irs qoyub getmişdir.
XIX əsrin əvvəllərində Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə qatıldı, qısa müddət ərzində bütün milli məktəblər ləğv edildi, əvəzində təlim rus dilində olan tədris müəssisələri yaradılaraq, milli təhsil sistemimizin əsaslarına güclü zərbə vuruldu. Lakin bunula belə Azərbaycan məktəbləri də rus təhsil sistemini tətbiq etməklə Avropa sisteminə qoşuldu.
Azərbaycan coğrafiya alimlərinin fars və ya ərəb dilində yazdığı qiymətli əsərlərinin məktəb coğrafiyasının inkişafına təsiri az olmuşdur. Azərbaycan məktəblərində coğrafiya fənni yalnız XIX əsrin 30-cu illərindən etibarən burada rus, rus-tatar (Azərbaycan) və real məktəblər (Bakı, Şuşa, Gəncə, Şəki və s.) açılandan sonra özünə vətəndaşlıq hüququ qazana bildi. Bu məktəblərdə o zaman rus dilində mövcud olan coğrafiya dərsliklərindən və tədris metodiki ədəbiyyatından istifadə olunurdu. Sovet hakimiyyətinin qurulmasına qədərki dövrdə Azərbaycan coğrafi təhsilində H. Zərdabinin xidmətlərini qeyd etməmək olmaz. Görkəmli ədibin 1912-ci ildə yazdığı «Torpaq su və hava» adlı əsərində torpaqlardan istifadə, şoranlaşması və onlara aid nümunələr gətirilmişdir.
Azərbaycanda məktəb coğrafiyasının əsasını 1909-cu ildə Moskvada təbiət-coğrafiya kursunu, 1922-ci ildə isə Bakıda Ali Pedaqoji İnstitutu (hazırda ADPU) bitirmiş Qafur Rəşad Mirzəzadə qoymuşdur. 1911-ci ildə onun «Ümumi coğrafiya, (birinci hissə)», 1916-cı ildə isə «Ümumi coğrafiya, (ikinci hissə)» dərslikləri nəşr edilmişdir.. Onun 1919-cu ildə nəşr olunmuş «Qafqazın coğrafiyası» əsəri Rusiyada yaşayan bütün türkdilli xalqlar arasında milli dildə yazılmış ilk dərslik olmuşdur.
1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulması təhsil sistemində köklü dəyişiklərə əsəbəb oldu. 1920-ci ilin payızında sovet Azərbaycanının məktəbləri üçün «1920-21-ci dərs ili üçün bir və iki dərəcəli məktəblərin texniki dərs cədvəli» nəşr edildi. İlk tədris planında coğrafiya fəninin tədrisinə həftədə 3 saat, cəmi 12 saat tədris edilməsi müəyyən olundu. 1921-ci ildə Qafur Rəşid Mirzəzadənin bir dərəcəli məktəblərin IV qrupları üçün yazdığı «Azərbaycan coğrafiyası» (birinci hissə) tədris vəsaiti çap olundu. Burada əvvəlcə ümumi coğrafi məsələlərdən bəhs edilir, sonra isə Azərbaycanın mövqeyi, ərazisi, relyefi, faydalı qazıntıları, iqlimi və əhalisinin məşğuliyyəti haqqında qısa məlumatlar verilirdi. 1923-cü il proqramı üzrə bir dərəcəli məktəbin IV qrupunda ümumi coğrafi məlumatlar, I qrupunda isə əvvəlcə Zaqafqaziyanın ümumi coğrafi icmalı, sonra isə Azərbaycanın coğrafiyası ətraflı keçilirdi. Proqram yaxından uzağa prinsipi üzrə tərtib edilmişdi.
Azərbaycan SSR-dən sonra Gürcüstan SSR, Ermənistan SSR, daha sonra isə İttifaqın digər respublika və vilayətləri haqqındakı məlumatlar öyrənilirdi. 1924-cü ildə Qafur Rəşid Mirzəzadənin tədris proqramına uyğun tərtib etdiyi «Azərbaycan coğrafiyası» (ikinci hissə) tədris vəsaiti çap olundu. Vəsaitdə əvvəlcə Qafqazın ümumi coğrafi icmalı verilir, sonra Zaqafqaziya və Azərbaycan SSR-in təbii şəraiti, əhalisinin məşğuliyyəti haqqında ümumi məlumatlar verilirdi. Sonra isə respublikanın ayrı-ayrı qəzalarının təbii şəraiti və əhalisinin məşğuliyyətindən bəhs olunur. Proqrama uyğunluğu və verilən məlumatın genişliyi nəzərə alındığı təqdirdə Qafur Rəşadın bu kitabını Azərbaycan SSR coğrafiyası üzrə ilk tədris vəsaiti hesab etmək olar.
1925-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası Xalq Maarif Komissarlığı (XMK) bir və iki dərəcəli məktəblər üçün yeni tədris planları qəbul etdi. Yeni tədris planında coğrafiya fənninin bir dərəcəli məktəbin IV və V (3 saat), iki dərəcəli məktəbin isə bütün IV qruplarında (2 saat) həftədə 14 saat ərzində keçilməsi müəyyən edildi. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda coğrafiya elminin eləcə də məktəb coğrafiyasının inkişafında yeni simalar meydana gəlirdi. Bu sahədə Məhəmməd Vəliyevin (Baharlı) xidmətləri böyükdür. O, Kiyev Universitetinin yetirməsi idi. Azərbaycanda ilk ali təhsilli iqtisadi coğrafiya mütəxəssisi idi. Onun 1920-ci ildə yazdığı «Azərbaycanın coğrafiyası» kitabında ölkənin ümumi icmalı, təbii şəraiti, təbii ehtiyatları, əhalinin coğrafiyası və təsərrüfat ıninkişaf imkanları və s. geniş işıqlandırılmışdır.
1921-ci ildə görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin Azərbaycan iqtisadiyyatına həsr olunmuş «Tarixi, coğrafi və iqtisadi Azərbaycan» kitabı da öz dövrünün mükəmməl əsərlərindən biri sayılırdı. Kitab iki hissədən ibarət idi. Birinci hissə, Azərbaycanın sərhədləri daxilindən, ölkənin təbii şəraiti, təbii ehtiyatları, ikinci hissə isə Azərbaycan iqtisadiyyatından bəhs olunurdu. Kitabın özəlliyi ondadır ki, Azərbaycan ərazisi vahid ölkə - Şimali və Cənubi Azərbaycan kimi təsvir edilir. Proqram və dərsliklərdə diyarşünaslıq elementlərinin verilməsinə maraq böyük idi. 1925-ci ildə F. Rzabəylinin «Tənəzzəh (ekskursiya) haqqında» məqaləsində ekskursiyanın təlim-tərbiyə prosesində rolu, keçirilməsi qaydaları, onun əhəmiyyətindən bəhs olunurdu ki, bu da məktəb coğrafiyasında mühüm yenilik idi.
1920-30-cu illərdə Rusiyada və Azərbaycanda məktəb coğrafiyasının tədris vəziyyəti qənaətbəxş hesab oluna bilər. Bu dövrdə Abbas Quluyev, Bağır Axundov, İbrahim İbrahimbəyli, Hadı Əliyev, Qasım Gül, Ənvər Şıxlinski, Osman Osmanov və başqalarının Azərbaycanda məktəb coğrafiyasının inkişafinda rolu böyükdür. Azərbaycanda coğrafiyanın tədrisi metodikasının M.Ə. Zülfüqarov və onun davamçıları tərəfindən inkişaf etdirilməsində Azərbaycan Respublikası coğrafiyasına dair məktəb kursunun yaradılmasında mühüm işlər görmüşdür. Məktəb coğrafiyasının elmi şəkildə tətbiq edilməsi 15 may 1934–cü ildə Xalq Maarif nazirliyinin «Orta məktəblərdə coğrafiya fənninin tədrisinə dair» əmrinə əsaslanır. Bu əmrin icrası coğrafiyanın tədrisi metodikasının, coğrafiya üzrə mütəxəssis hazırlığının, coğrafiya proqram və dərsliklərinin davamlı olaraq yaradılmasına başlanğıc oldu.
Rusiyada baş verən dəyişiklik Azərbaycanda özünü büruzə verdi. Azərbaycan xalq maarifi və ilk təhsil tarixində ilk dəfə olaraq 1934-1935-ci tədris ilində V.İ.Lenin adına APİ-də coğrafiya ixtisası üzrə tələbə qəbulu edildi və bununla da ilk ali təhsilli coğrafiya müəllim kadrlarının hazırlanmasına başlandı. Respublikada ali təhsilli coğrafya müəllim kadrlarının hazırlanması ümumtəhsil məktəblərində coğrafiya fənninin tədrisi keyfiyyətinin yüksəldilməsinə səbəb olmaqla yanaşı, coğrafiya elminin, coğrafiya tədrisi metodikasınında inkişafına təkan verdi. V.İ.Lenin adına APİ-nin (hazırda M.Tusi adına ADPU) coğrafiya fakültəsinin məzunlarının elmi-tədqiqat fəaliyyəti nəticəsində respublikada coğrafiya tədrisi metodikası kimi xüsusi elm sahəsi yaranmışdır.
1950-ci ilə qədər ölkədə demək olar ki, milli dildə bir kitab belə işıq üzü görmədi. Məktəb coğrafiyasında milli respublikaların tədrisi demək olar ki, dayandırılmışdı. Lakin 1941-ci ildə qabaqcıl coğrafiya müəllimi və metodisti Vaqif Axundovun bilavasitə əsaslandırması ilə ölkədə ilk olaraq IV sinifdə SSRİ coğrafiyasının tərkibində Azərbaycan coğrafiyasının tədrisinə 16 saat vaxt ayrıldı. Tədris prosesində V. Axundova məxsus «Azərbaycan SSR coğrafiyası» vəsaitindən istifadə olunmağa başlandı. 1949-cu ildə Osman Osmanovun beş çap vərəqi həcmində olan «Azərbaycan SSR coğrafiyası» tədris vəsaiti də yenə həmin siniflər (IVsinif) üçün 16 saat həcmində nəzərdə tutulurdu. Lakin 1953-cü ildə Ənvər Şıxlinskinin yazdığı eyni adlı dərslik bundan əvvəlki vəsaitlə əvəz olundu.
1956-57-ci ildə Azərbaycan coğrafiyasınınI V siniflərdə tədris edilməsi dayandırıldı və VII sinifdə «Qafqaz» mövzusunun tərkibində (8 saatlıq) 4 saat həcmində Azərbaycan SSR-in fiziki coğrafiyası», VIII sinifdə «Zaqafqaziya» mövzusunun (11 saatlıq) tərkibində 6 saat həcmində «Azərbaycan SSR-in iqtisadi coğrafiyası» adı ilə tədris olunmağa başladı. Tədris prosesində Ə.Şıxlinskinin tərtib etdiyi dərsliyin təkmilləşdirilmiş variantından istifadə olunurdu. 1960-1982-ci illərdə Azərbaycan SSR fiziki coğrafiyası prof. Qasım Gülün «Azərbaycan SSR-in iqtisadi coğrafiyası” ilə prof. Hadı Əliyevin eyni adlı dərslikləri üzrə tədris edilmişdir. 1960-cı ilə qədər «Azərbaycan SSR fiziki və iqtisadi coğrafiyası» əsasən SSRİ fiziki və iqtisadi coğrafiya kurslarına verilən saatların sıxlaşdırılması hesabına əldə edilən vaxt əsasında tədris olmuşdur.
1971-72-ci dərs ilindən etibarən respublikanın coğrafiyasını daha dərindən, həm də xələl gətirmədən öyrənmək məqsədilə VII sinifdə Azərbaycan SSR məktəblərinin tədris planında Rusiya məktəblərindən fərqli olaraq coğrafiya fənninə dərs ilinin ikinci yarısında 2 saat əvəzinə, 3 saat vaxt verildi. VIII sinifdə isə əlavə vaxt ayırmaq mümkün olmadı. Bununla əlaqədar olaraq Azərbaycan SSR fiziki və iqtisadi coğrafiyası «Azərbaycan SSR coğrafiyası» adı altında birləşdirilərək 1972-1975-ciillərdə 24 saat həcmində VII sinifdə dərs ilinin sonunda tədris olundu.
Azərbaycan SSR Nazirlər Kabinetinin təsdiq etdiyi və 1979-cu ildə nəşr olunan yeni coğrafiya proqramında respublikanın fiziki coğrafiyasının VII sinifdə, SSRİ fiziki coğrafiyasının tədrisində, iqtisadi coğrafiyasının isə VIII sinifdə, SSRİ iqtisadi coğrafiyasının tərkibində öyrənilməsi müəyyən edildi. Yeni proqram üzrə Azərbaycan SSR fiziki coğrafiyasının əvvəlki kimi kursun sonunda deyil, bilavasitə respublikanın ərazisi daxil olan Qafqaz regionunu öyrənildikdən sonra tədris etmək nəzərdə tutuldu. Belə bir yanaşma Azərbaycan SSR ərazisini Qafqazla birlikdə kiçik miqyasda, ayrılıqda isə orta və iri miqyasda öyrənməyə və bunun əsasında şagirdlərə hər hansı bir ərazinin müxtəlif miqyaslarla tədqiqi və öyrənilməsi haqqında təsəvvür yaratmağa imkan verirdi və eyni zamanda tədris ilinin sonunda, təlim kəmiyyətlərinin aşağı düşdüyü bir vaxtda tətbiq edilməsinə son qoyuldu.
1990-cı illərə qədər Azərbaycanda məktəb coğrafiyasının strukturu və həcmi aşağıdakı kimi olmuşdur:
VI sinif - Fiziki coğrafiya - 64 saat;
VII sinif - Materik və okeanların coğrafiyası - 105 saat;
VIII sinif - SSRİ-nin fiziki coğrafiyası - 64 saat (tərkibində Azərbaycan SSR-nin fiziki coğrafiyası) - IV rübün sonunda 12 saat;
VIII sinif - SSRİ-nin iqtisadi coğrafiyası - 64 saat; (tərkibində Azərbaycan SSR-nin iqtisadi coğrafiyası) - (IV rübün sonunda 8 saat);
IX sinif - Xarici ölkələrin iqtisadi və sosial coğrafiyası - 64 saat.
1992-ci ildə Azərbaycanda müstəqillik elan olunduqdan sonra təhsil sistemində köklü dəyişikliklər baş verdi. Coğrafiya fənniının məktəbdə tədrisinə vaxt artırıldı. Yeni coğrafiya proqramları, dərslikləri, coğrafiya xəritələri, metodik vəsaitlərin yaradılması üzrə aparılan işlər nəticələrini verdi. Coğrafiya olimpiadalarının, “Ən yaxşı coğrafiya müəllimi” və “Ən yaxşı coğrafiya kabineti” müsabiqələrinin aparılması fənnin inkişafına güclü təkan verdi.
1992-ci ildən sonra Azərbaycanda məktəb coğrafiyasının strukturunda və məzmununda mühüm dəyişikliklər baş verdi. SSRİ-nin dağılması ilə əlaqədar olaraq sosializm qurluşunu əks etdirən mövzular proqram və dərsliklərdən çıxarıldı. İki pilləli təhsil sistemi tətbiq edildi. Buraxlış siniflərində coğrafiya tədris edilməyə başladı. Orta təhsil pilləsində (X-XI siniflərdə) indiyədək tədris edilməyən Yerşunaslıq və Türk dünyası coğrafiyası kursları keçilməyə başladı. Müstəqlliyin ilk iyirmi beş ilində məktəb coğrafiyasının strukturu və həcmi aşağıdakı kimi olmuşdur:
VI sinif - Ümumu fiziki coğrafiya - 68 saat;
VII sinif - Materik və okeanların coğrafiyası - 68 saat;
VIII sinif - Azərbaycan Respublikasının fiziki coğrafiyası (I yarımil) - 35 saat;
VIII sinif - Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası (II yarımil) - 17 saat;
IX sinif - Dünyanın iqtisadi və sosial coğrafiyası - 68 saat;
X sinif - Yerşunaslıq - 34 saat;
XI sinif – Türk dünyasının coğrafiyası - 34 saat.
Bu dövrdə məktəb coğrafiyası yüksək inkişaf dövrünə qədəm qoymuşdur. M.Müseyibov, N. Allahverdiyev, T.Gərayzadə, R.Babayev, R.Piriyev, B.Paşayev, E.Əlizadə, Ş.Göyçaylı, H.Soltanova, D.Ələsgərov və digərlərinin rolunu yüksək qiymətləndirmək olar. 1992-ci ildən Respublikada coğrafiya fənni üzrə Elmi-Metodik Şura fəaliyyətə başladı. Bölmənin sədri professor M.A.Müseyibov olmuşdur. M.Müseyibov 1992-2011-ci illər ərzində EMŞ-in “Cografiya” bölməsinə rəhbərlik etmiş, fənnin strukturunda, məzmununda köklü dəyişiklik etmiş qrupa başçılıq etmişdir və TQDK-nın elmi seminarına başçılıq etmişdir. Ali məktəblərin II və III ixtisas (2005-ci ildən III ixtisas qrupundan çıxarılmışdır) qruplarının qəbul imtahanlarına cöğrafiya fənninin salınması tədris prosesinə müsbət təsir etmişdir. Məktəblilərin coğrafi biliklərinin yoxlanılmasına istiqamətlənən test nümunələri abituriyentlər üçün dərs vəsaiti, «Abituriyent» jurnalında nəşr olunan metodik məqalələr, təhlil səciyyəli ali məktəblərə qəbul proqramlarının yüksək elmi-metodik səviyyəsi məktəb coğrafiyasının inkişafında yeni mərhələnin yaranmasına gətirib çıxarmışdır.
Coğrafiya kurikulumu ənənəvi proqramdan fərqli olaraq ayrı-ayrı kurslardan ibarət olmayıb, sadədən mürəkkəbə doğru bilik və bacarıqların genişlənməsini əks etdirən coğrafiyadan ibarətdir. Coğrafiya kurikulumunun, ona uyğun coğrafiya dərsliklərinin tərtib olunmasında, dərsliklərin qiymətləndirilməsində V.Əfəndiyev, F.İmanov, O.Alxasov, N.Seyfullayeva, Z.Eminov, Y.Qəribov, Ş.Hümmətova, Y.Şabanova, İ.Rakçiyeva yaxından iştirak etmişdir. Dərsliklərin hazırlanmasında orta məktəbin praktik coğrafiya müəllimlərinin cəlb edilməsi (T.İsmaylova, A.Əliyeva, M.Babayeva, Ş.Hüseynli və digərləri) onların keyfiyyətinə müsbət təsir edir.
Hazırda coğrafiya fənninin tədrisinin inkişafında bir sıra hazırlıq kurslarının nəşr etdirdiyi («Araz», «Bilik», «Hədəf» və s.) vəsaitlər də əhəmiyyətlidir. Bu vəsaitlərin hazırlanması gənc və yeni istedadlı müəllimlərin formalaşmasına müsbət təsir edir. Respublikanın 22 alı təhsıl müəssısəsındə coğrafıya ıxtısası üzrə mütəxəssıs - “coğrafıyaçı”, “coğrafıya müəllımı” və “tarıx-coğrafıya müəllımı” hazırlanır. Ölkədə 7000 nəfərdən çox coğrafıya müəllımı vardır.
Azərbaycanda məktəb coğrafiyasının inkişafında islahatlar davam etməkdədir. Yeni dərliklər, dərs vəsaitləri, tədris vəsaitləri, test-sorğu kitabları nəşr edilir. Nəticə olaraq respublikada məktəb coğrafiyasının inkişafında aşağıdakı mərhələlərin olması üzə çıxır:
1. Qədim dövrlərdə Azərbaycanda coğrafi fikirlərin yayılması;
2. Rus imperiyası dövründə Azərbaycanda məktəb coğrafiyasının tədrisi;
3. Sovet hakimiyyəti illərində məktəb coğrafiyasının tədrisi;
4. Müstəqillikdən sonrakı dövrdə məktəb coğrafiyasının tədrisi.
Coğrafiya tədrisi proqramı insanların yer üzərində necə yaşadıqları və ətraf aləmi necə dəyişdirdiklərini tanıtma məqsədi güdür. Sistemli müşahidələr, xəritələr və təbiət mənzərələri çalışmalar üçün lazımlıdır. Coğrafiya tədrisi proqramı digər elmlərdəki tədris proqramları ilə birlikdə təhsilin inkişafına şərait yaradır.
Tədris proqramında əsasən aşağıdakı mövzular əhatə olunur:
· Kənd, ərazi və şəhər mənzərələri, insanların, ticari mal və vasitələrin hərəkəti, iqtisadi mərkəzlər;
· Seçilmiş bir mövzu inkişafa kömək edir;
· Rayon və əyalət, xəritə çalışmaları Avropa Birliyində torpaqlar;
· Böyük coğrafi mənzərə tipləri;
· Regionlardakı fərqlər;
· Ölkələrin sərhədləri;
· Avropada topoqrafiya, hidroqrafiya və iqlim xüsusiyyətləri, xəritə çalışmaları;
· Ölkənin idarə etmə forması, xəritə çalışmaları;
· Rayon və əyalətlər;
· Avropa və yerli torpaqlar üzərində əhalinin məskunlaşması;
· Şəhərlər, əhalinin məskunlaşması və böyük şəhərlərin müəyyənləşdirilməsi və nəqliyyat sistemi;
· Hava limanları;
· Şose və TGV şəbəkəsi, dəmir yolu şəbəkəsinin xəritə çalışmaları;
· İstehsalat;
· Ssənaye-liman, xidmət, kənd təsərrüfatı, turizm mərkəzləri və bu dörd mərkəzdə sürətli inkişafdan əlavə ekoloji tarazılığın qorunmasının nəzərə alınması;
· Okeanlar və qitələr, dünyadaki önəmli topoqrafik xüsusiyyətlər, əsas iqlim qurşaqları, seyrək və sıx məskunlaşmış ərazilər, dünyadakı varlı və kasıb bölgələrə diqqət və s.
Məktəb coğrafiyasının konsepsiyası və istiqaməti dəfələrlə dəyişmişdir. Hazırda əksər ölkələrdə məktəb coğrafiyası qlobal coğrafi problemlərin yaranması və onun həlli yollarını əhatə edir. Regional coğrafiya kompleks coğrafi problemləri - urbanizasiya, ətraf mühütin dəyişməsi, tullantıların atrması, mədəniyyət, sosial fərqlərin mövcudluğu, cəmiyyət və ətraf mühütin qarşılıqlı əlaqəsini əhatə edir. Dünya ölkələrinə inteqrasiya edilməsi təhsil sistemində və eləcə də məktəb coğrafiyasında da özünü göstərməkdədir. Bu baxımdan 2006-cı ildə etibarən respublikada praktik yönümlü, nəticələrə əsaslanan ümumtəhsil kurikulumu qəbul edildi. Coğrafiya fənni üzrə fənn kurikulumu hazırlandı. Kurikulum tələblərinə görə coğrafiya fənninin məzmununka köklü dəyişiklik edildi. Bu əsas etibarı ilə fənn daxili inteqrasiyanın güclü olması ilə səciyyələnir.
Solmaya ƏMİRƏLİYEVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi
texnologiyaları kafedrasının müəllimi
Tarix: 16-10-2022, 16:15