Xarıbülbülün sevindi, Şuşanda azan verildi...
ŞUŞA! Bizim vüqarımız, qürurumuz. Bu şəhərin tarixinə nəzər salsaq, bizim üçün önəmini də anlamış olarıq. 1752-ci ildə Pənahəli xan tərəfindən salınmış, 17 məhəllədən, hər məhəlləsində məscidi, hamamı, bulağı olan bir müsəlman şəhəridir Şuşa. Seyidli, Culfalar, Quyuluq, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Köçərli, Xoca Mərcanlı, Hamamqabağı, Təzə məhəllə, Dəmirçilər və s. kimi məhəllələri olan Şuşa strateji baxımdan da önəmli yerdə salınmışdır.
1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra Qarabağa köçürülən erməni əhalinin artması gələcəkdə ermənilərin Qarabağa iddia qaldırmasına səbəb oldu. 1905-1918-ci illərdə düşmən arzusuna çata bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu ildə Qarabağ General Qubernatorluğu yaradıldı və Xosrov bəy Sultanov Qarabağın General Qubernatoru oldu. Ermənilərin hərəkətlərinə, terrorlarına göz yummayacaq bir şəxs idi Xosrov bəy. Ermənilərə layiqli cavablarını verən Azərbaycan ordusu, Qarabağda ermənilərin artmasının qarşısını ciddi şəkildə aldı. Hər zaman fürsət gözləyən, əhalisi arasında təbliğat aparan erməni təşkilatları Sovet İttifaqı qurulduqdan sonrada pis niyyətləri üçün çalışdılar.
Əsrin əvvəllərində Nəriman Nərimanovun səyi, əsrin II yarısında isə ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində düşmən hədəfinə nail ola bilmədi. Heydər Əliyev dəfələrlə Şuşada olmuş Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı ev-muzeylərində eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. O eyni zamanda, Şuşa məscidinə getmişdir. Ümummilli Lider dini dəyərlərə olan etiramını, bağlılığını göstərməklə yanaşı, azərbaycanlıların milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyini göstərmişdir. Qeyd etməliyik ki, həmin dövr erməni millətçilərinin ona böhtan atdığı bir dövr idi. Qarabağın Ermənistana birləşdirilməsi niyyəti bu dəfə də baş tutmadı. Heydər Əliyev 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolunun istifadəyə verilməsində iştirak etdi, belə kommunikasiyaların sayının artırılması Aran Qarabağla Dağlıq Qarabağın arasındakı əlaqəni sıxlaşdırmaq məqsədi daşıyırdı. Elə həmin gün Şuşada olan lider Şuşa rayonunun rəhbərləri ilə görüş keçirmiş tövsiyə edərək demişdir: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Məhs bu səylər nəticəsində Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. 1982-ci ildə Qarabağa bir il içərisində iki dəfə səfər edərək Şuşada olmuş, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etmiş, oranın tarixi önəmini, qədim türk yurdu olduğunu, bizim babalarımız tərəfindən salındığını o dövrün məhdud imkanlarına baxmayaraq unutdurmamışdır. Onun göstərişi ilə Xankəndində Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, azərbaycanlı əhalinin ali təhsil almasına və doğma yurdlarına sıx bağlanmasına əlverişli şərait yaratmışdı.
Ümummilli Lider 1982-ci ilin qışında qarlı bir gündə, öz ailəsi ilə, ziyalılarla birlikdə Şuşada Vaqifin məqbərəsini açmağa getmişdir. Molla Pənah Vaqif bizim üçün yalnız şair deyildi, Vaqif Qarabağ xanının vəziri idi. Onun abidəsinin qoyulması tariximizi xatırlatmaq üçün çalışmaq idi. Təəssüf ki, illərin pis niyyətinə düşmən 1992-ci il 8 mayda nail oldu. Azərbaycandakı qarışıqlıdan istifadə edən ermənilər ilk dəfə olaraq bizi Şuşadan uzaq sala bildilər. Ali Baş Komandanımızın güclü siyasəti, Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində uzun həsrətə 2020-ci il 8 noyabrda son qoyuldu. Prezidentimiz cənab İlham Əliyev tərəfindən Şuşa 2021-ci il mədəniyyət Mərkəzi seçildi, sürətli şəkildə quruculuq işlərinə başlanıldı. Ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Vaqifin məqbərəsi tez bir zamanda bərpa olundu.
Məqbərənin açılışı zamanı möhtərəm Prezident İlham Əliyev 1982-ci ili xatırlayıb: “ ...təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. O zaman atamın 59 yaşı var idi, bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”. 2021-ci il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə xalqı təbrik edən Prezident İlham Əliyev çıxışında yeni ili “Şuşa İli” elan etdi və 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini təntənəli şəkildə qeyd edəcəyimizi bildirdi. Bu gündən sonra bizim ən böyük borcumuz Vaqiflər, Üzeyirlər, Natəvanlar, Firidunlar, Cabbarlar yurdunu – qorumaq, yaşatmaq, gözəlləşdirməkdir!
Səmayə Nəcəfova,
Bakı şəhəri, 322 nömrəli tam orta məktəbin
tarix müəllimi
Tarix: 25-04-2022, 15:36