1918-ci ilin müsəlman soyqırımları bədii yaddaşımızda
Rusiya-İran, Rusiya-Türkiyə müharibələrinin nəticəsi olaraq bağlanmış “Gülüstan”, “Türkmənçay”, “Ədirnə” müqavilələrinə əsasən tarixi Azərbaycan torpaqları Rusiya ilə İran arasında bölüşdürülmüş və Türkiyə Cənubi Qafqazın şimal hissəsinin Rusiyaya tabe etdirilməsini tanıdıqdan sonra Azərbaycan xalqına qarşı soyqırımlar dövrü başlanmışdı. Rusiya İran və Türkiyədən gələ biləcək təhlükələrin qarşısını almaq üçün müttəfiqi olan xristian erməniləri Azərbaycana köçürməyə başlamışdı: “Təkcə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40 mindən, Türkiyədən 84 mindən çox erməni köçürülərək Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ən münbit torpaqlarında yerləşdirildi. ... yerli azərbaycanlılarla müqayisədə xeyli azlıq təşkil etmələrinə baxmayaraq, çar Rusiyasının himayəsi altında 1828-ci il martın 21-də “Erməni vilayəti” adlanan süni inzibati bölgü yaradılmasına nail oldular. Bununla da, azərbaycanlıların əzəli torpaqlarından qovulmasının və soyqırımı siyasətinin əsası qoyuldu”. 1905-1908-ci illərdə davam etmiş soyqırımlardan böyük Azərbaycançı ədib Cəlil Məmmədquluzadə erməni-müsəlman davası, müharibəsi kimi söz açmışdır. 1918-ci ilin köhnə təqvimlə martın 17-də, indiki təqvimlə 31-də erməni “Daşnaksütyun” partiyası Bakı “Soveti” ilə hərbi ittifaqa girərək türk-müsəlmanların kütləvi şəkildə soyqırımına başladılar. 1918-ci ilin mart hadisələri zamanı Bakının və ətraf rayonların İnqilabi Müdafiə Komitəsinə başçılıq edən S.Şaumyan qırğında bilavasitə məsuliyyət daşıyırdı. Sinfi mübarizə adıyla öz vəhşiliklərini pərdələməyə çalışanlar Bakıda “Təzə pir” məscidi, “Bakının bəzəyi və Bakı müsəlmanlarının iftixarı olan” “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını, “Açıq söz” qəzeti idarəsini, “Kaspi” qəzetinin mətbəəsini yandırmış, amansızlıqla dağıtmış, silahsız və günahsız insanları xüsusi qəddarlıqla, tarixdə misli görülməmiş faciəvi şəkildə qətlə yetirmiş, ziyalıların bir çoxunu məhv və ya həbs etmişdilər. Türkiyə Ermənistanı yaratmağı planlayan belə dəhşətli soyqırım Şamaxı, Lənkəran, Salyan, Quba, Kürdəmirdə, həmçinin Qars və İrəvan vilayətlərində həyata keçirilmişdir.
Erməni vandalizmi, törədilmiş dəhşətli faciələr, insanlıq adına ləkə gətirən soyqırım amansızlığı, xalqın sonsuz kədəri ilk növbədə bu dövrün tarixi mənbələrində, daha sonra mətbuatında və bədii ədəbiyyatında öz ifadəsini tapmışdır. Bu ümumxalq faciəsinin müxtəlif məqamlarını əks etdirən Cəlil Məmmədquluzadənin “Kamança” pyesi, Qurban Səidin “Əli və Nino” romanı, Seyid Hüseynin “İsmailiyyə” hekayəsi, Cəfər Cabbarlının “Əhməd və Qumru” hekayəsi, “Dur, ey xar olan millət” mərsiyəsi, Hacı Səlim Səyyahın “Mart ayı”, Əlabbas Müznibin “Fəryad” şeirləri, Məhəmməd Hadinin “Şühadeyi hürriyyətimizin ərvahinə ithaf” şeiri, Türkiyəyə mühacirət etmiş yazıçı Məmməd Altunbayın Gəncədəki soyqırım hadisələri və sovet dövrünə dair xatirələrindən ibarət “Azadlığa uçan türk” əsəri və digər müəllif şahidliyi əsasında qələmə alınmış əsərləri qəhərsiz, həyəcansız oxumaq mümkün deyil. Ziddiyyətlərlə dolu, son dərəcə mürəkkəb və qarışıq, müharibə və soyqırımlarla yaddaşlara yazılan XX əsrin əvvəllərində yaşamış adlarını qeyd etdiyimiz bu ədiblərdən daha çox C.Cabbarlının yaradıcılığında – 1919-cu ildə tamaşaya qoyulmuş “Bakı müharibəsi”ndə, nəsr və lirik əsərlərində bu mövzu bir ana xətt olaraq keçmişdir. İlk növbədə məhz o səbəbdən ki, bu müəlliflərin əksəriyyəti kimi 19 yaşlı gənc Cəfər həmin faciənin bilavasitə şahidi olmuş və insanlar onun gözləri önündə işgəncələrə məruz qoyulmuş, xüsusi amansızlıqla qətlə yetirilmişdir. Cabbarlı həyatı və bədii irsinin layiqli tədqiqatçısı professor Asif Rüstəmli yazmışdır: “Təşvişə düşmüş əhali imdad üçün “İsmailiyyə” – Xeyriyyə Cəmiyyətinin binasına yığışır. Qanlı qırğınların müəllifləri İçərişəhəri, mədəniyyət abidələrini, məktəbləri, məscidləri, mətbəələri, əhalinin sıx yaşayış yerlərini hədəf seçmişdilər. Dənizdən atılan tоp mərmiləri Çəmbərəkəndə və C.Cabbarlının yaşadığı məhəlləyə də yağış kimi yağırdı”. Bu qeydlərdən aydın olur ki, onlar qadınları, uşaq və qocaları sığınacaqlarda gizlətməyə məcbur qalmış və daha sonra Xızıya köçürmüş, yolda dəfələrlə güllə yağışına düşmüşlər. C.Cabbarlının özü və ailə üzvləri, tənqidçi, nasir, jurnalist S.Hüseyn, “Əli və Nino” əsərinin müəllifi Q.Səid, böyük romantik ədib H.Cavid təsadüf nəticəsində ölüm kabusundan xilas ola bilmişlər. Cabbarlışünas alim A.Rüstəmlinin qeyd etdiyi kimi, C.Cabbarlı bu zaman qətlə yetirilmiş insanların simasında öz xalqının faciəsinə, matəminə şərik çıxaraq “Dur, ey xar olan millət” adlı bir mərsiyə yazmışdır: “Dərvişlər, əsasən gənclər bu mərsiyəni şəhidlərin 7-də və 40-da məscidlərdə və küçələrdə günahsız qurbanlar üçün göz yaşı tökmək, əslində isə xalqı maskalı düşmənə qarşı səfərbərliyə çağırmaq məqsədilə оxuyurdular:
Gülzari-vətən sоldu,
Millət xari-zar оldu,
Hamı payimal оldu,
Dur, ey xar оlan millət.
Şeir şəxsi deyil, bütün xalqı əhatə edən kədər, qəm, qüssə, həm də qəzəb, düşmənə nifrət hissinin ifadəsini tapdığı ictimai məzmunlu mərsiyədir. Əsrin əvvəllərində dahi ədib, böyük Turançı Əli bəy Hüseynzadə “Vətənin əbədi bir kədər səhnəsinə çevrildiyi çağda” yazdığı “Hali-vətən” şeirində də eyni düşməndən və onun məkrli planlarından bəhs edir və xalqı ancaq və ancaq birləşməyə çağırırdı. İstedadlı sənətkar C.Cabbarlının “Əhməd və Qumru” hekayəsi xüsusilə, yığcamlığı, maraqlı süjet quruluşu, təsirliliyi, çox güclü bədii təzadları, az sözlə yaradılmış yüksək kədər və həyəcan hissinin məharətlə bədii əksi ilə diqqəti cəlb edir. İlk baxışda əsər iki gəncin ülvi məhəbbəti və onların xoşbəxt gələcəkləri haqqında qurduqları xəyallardan bəhs edən məhəbbət mövzusunda bir hekayə təsiri bağışlayır. İki gəncin faciəvi taleyi fonunda ümumxalq faciəsi əsərdə böyük ustalıqla ümumiləşdirilmişdir. Gənclərin bütün planlarının, xəyallarının puç olması bircə anın içində, tamamilə məsum və heç bir səbəbi olmadan baş verən bir faciənin nəticəsində baş verir. Amansız soyqırımı hadisəsinin özünün və təfərrüatlarının əsərdə təqdiminə ehtiyac belə duymadan müəllif xoşbəxt ikən bədbəxt, zənginkən son dərəcə fəqir, gün çörəyinə möhtac hala salınmış və üstəgəl sapsağlam vücuda malikkən bədən üzvlərini belə itirmiş iki insanın timsalında nəticələrini təsvir edir. Vətənpərvər ədib heç də təsadüfi olmayaraq, bu iki gənci bir neçə həftə öncə Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən sayılan, indi ancaq qapqara divarları qalmış “İsmailiyyə” binasının qarşısında görüşdürür. Soyqırıma məruz qoyulan təkcə günahsız xalq, qadın, körpə, qoca deyil, həm də türk-Azərbaycan xalqının mədəniyyəti, mədəni ocaqları, elm adamları, ziyalıları, hərbiçiləri olmasını bir daha yaddaşlara əbədi həkk etmək məqsədilə. Təbii ki, ən acınacaqlısı və bərpa oluna bilməyəni insanlara vurulmuş ziyanlar idi. Faciədən sonra hər iki gənc şikəst və başqalarının həm maddi, həm də fiziki yardımına möhtac vəziyyətdədirlər. Hekayənin Qumrunun dilindən verilmiş son cümlələri rəsmən ürəkləri parçalayır: “Əhməd! Atamı, anamı öldürdülər, evimizi dağıtdılar, yalnız bən qaldım” – deyə nə üçünsə bir qоlunu qaldırdı. Kim bilir bəlkə də sevdiyini qucmaq istəyirdi. Amma bunu yapmadı. Daha dоğrusu, yapammadı, zira yazıq Qumrunun martda bir qоlu kəsilmiş, yalnız bir qоlciyəzi varmış”. C.Cabbarlının 1923-cü ildə həbsi zamanı müsadirə olunmuş, bu gün də əlimizdə olmayan əsərlərindən biri olan “Bakı müharibəsi” əsəri türkçülüyün mərkəzi şəhərində törədilmiş mart soyqırımından, Bakı şəhərinin xilasından və Nuru Paşanın qəhrəmanlığından bəhs edir. “Bəsirət” qəzeti bu əsərin tamaşaya qoyulacağı haqqında elan vermişdir: “Həmin faciədə Bakı şəhərində mart hadiseyi-ələmiyyəsindən sonra müsəlmanlara edilən zülm göstəriləcəkdir. Faciədə iştirak edəcəklər: Nuru Paşa, Mürsəl Paşa, Məhəmməd Tofiq bəy, Nuru Paşanın cəbhədə olması və Bakıya hucum planı yapılması göstəriləcəkdir. Bu faciə Bakının mart hadiseyi-ələmiyyəsindən ta xilas olana qədər nə günlər gördüyü müfəssəl surətdə göstəriləcəkdir”. “Bakı müharibəsi” - əzəli və əbədi qardaş Türkiyə xalqının yaxın keçmişinə istedadlı gənc dramaturq Cəfər Cabbarlının həsr etdiyi trilogiyanın – “Ulduz” və “Ədirnə fəthi” pyeslərindən sonra üçüncü dəyərli hissəsidir.
XX əsr Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, həm lirik, həm də satirik məzmunlu şeirlər müəllifi, rənglərlə yaşayan şair Səməd Mənsurun:
Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman,
Hüquqa malik olur millət, gülür vətənim -
misralarında bütöv yaradıcılığında olduğu kimi, vətəndaşlıq mövqeyi, vətənin azad olacağına sonsuz inam ifadə olunmuşdur. Filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli əsasən, mollanəsrəddinçi, satirik şair kimi tanınan Səməd Mənsurun “Qaçmaq günüdür”, “Hazırlıq” və s. satiralarında “ermənilərin törətdiyi qətl və qarətlər”in bədii əksini tapdığını vurğulamışdır. Qeyd edək ki, ciddi lirik poeziyadan fərqli olaraq, satirik şeirlərdə bu faciənin, xalq matəminin, qəminin bədii əksi sənətkardan daha böyük ustalıq tələb edir. Müstəzad janrında yazılmış ikinci satiradan bir hissəyə diqqət yetirək:
Düşmənlərimiz əhlimizə hər nələr etmiş,
Küllən bilir aləm.
Evimiz dağılıb, var-yoxumuz qarətə getmiş,
Canəş becəhənnəm!
Mart hadisələri ərəfəsində Bakıda faciənin iştirakçısına çevrilən görkəmli maarif xadimi, pedaqoq, unudulmuş şairimiz Hacı Səlim Səyyah bu mövzuda bir neçə şeir və məqalə yazmışdır. Bunlardan ən təsirlisi “Mart ayı” sərlövhəli təxmisidir. Şairin təsvir etdiyi hadisəni Şamaxı sakini Cəmo Cəbrayılbəyli Azərbaycan Xalq Cümhuriyyətinin 15 iyul 1918-ci il tarixli qərarı ilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasına verdiyi izahatında belə yazmışdır: “1918-ci ilin martında ermənilər top mərmiləri ilə Cümə məscidini və onunla üzbəüz yerləşən mədrəsəni xarabalığa çevirdilər. O zaman məsciddə çoxlu qadınlar, uşaqlar, qocalar gizlənmişdi. Onların arasında şəhərin ən hörmətli ağsaqqallarından olan axund Molla Cəfərqulu da var idi. Erməni bandaları məscidə soxulur, axundu tapıb gözlərini çıxarırlar, dilini, burnunu və qulaqlarını kəsirlər, üzünün və başının dərisini diri-diri soyurlar. Sonra işgəncə ilə öldürürlər. Məsciddə gizlənən arvad-uşaqları isə qatillər diri-diri yandırırlar. Bu tükürpərdici dəhşətli mənzərə yazıçı təxəyyülünün məhsulu deyil, şahid ifadəsi, tarixi faktdır. Bu həqiqətlər amansızlığın və qəddarlığın miqyası baxımından yalnız erməni təfəkkürünün məhsulu, erməni cəza və işgəncə üsulunun növləridir. Dünyada analoqu olmayan, təkrarsız işgəncə növlərinin, vəhşilik nümunələrinin şahidi olan Hacı Səlim Səyyah “Mart ayı” şeirində yazırdı:
Mart ayı... Allah amandır, əlhəzər, min əlhəzər!
Mart ayı çox qəmli aysan, tez qurtar get müxtəsər.
Sən kimi mənhus bir aydan deyil məmnun bəşər.
Olmamış bəd yövmn sən tək nə məhərrəm, nə səfər.
Ərləri məğlub edib, əğyarə sən verdin zəfər.
Bu günün misli keçən il, Allahım, gözdən iraq,
Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,
Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,
Südəmərlər nizə nukində çalardı əl-ayaq.
Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.
Həmin dövrdə erməni vandalizminin törətdiyi mart qırğınlarının digər bir şahidi istedadlı nasir Seyid Hüseyn mart hadiseyi-ələmiyyəsi mövzusunda iki xatirə-hekayə yazmışdır: “Həzin bir xatirə. İsmailiyyə” və “İsmailiyyə”. Professor A.Rüstəmlinin fikrincə: “Xatirələrdə “İsmailiyyə” canlı obraz, əsərin baş qəhrəmanı, namus rəmzi, mədəniyyət etalonu kimi təsvir edilmişdir. Seyid Hüseyn Azərbaycan oxucusuna “İsmailiyyə”ni memarlıq abidəsi, istiqlal məfkurəsinin beşiyi kimi təqdim edərək onu yandıranlara nifrət aşılamağa nail olmuşdur. S.Hüseyn yazırdı: “İsmailiyyə - o milli əməllərimizin doğulduğu yer, o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyəti-məfkurəsini bir ana kimi bəsləyib tərbiyə verən, millət arasında nəşr edən mərkəz, o gözəl və sevimli bina qəzəbli, həm də xəyanət nəticəsi olaraq məğlubiyyətdən dolayı qəzəbli bir qəhrəman kibi, məğlub olmuş bir qəhrəman kibi ərzi-vücud etməkdə, ona tamaşa edənlərə kinli-kinli baxmaqda idi. Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu hər iki əsəri transliterasiya etmiş, bu dövrə dair çoxsaylı bədii nümunələrlə yanaşı toplayıb nəşr etdirmiş və əsaslı tədqiqata cəlb etmişdir. “Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat” kitabının bu dövrün nəsrindən bəhs edən hissəsini “milli istiqlaliyyətimizin qərargahı olan, tarixdə “İsmailiyyə” adı ilə məşhur olan binanın” yandırılması və sökülməsinə qərar verilməsindən doğan narahatlıqları ifadə edən bu əsərlərin təhlili ilə başlayır. Əsərdə bu möhtəşəm, əzəmətli bina türklüyün, müstəqilliyin, siyasi cərəyanların mərkəzi, xalqın haqq səsinin rəmzi kimi diqqəti cəlb edir. Müstəqil Azərbaycanın simvolu kimi binanın 18-20 illik həyatına xəyali səyahət edən Səməd Mənsur düşmənin nə üçün məhz bu binaya nifrət bəsləməsinin səbəblərini onun xalqımız qarşısındakı misilsiz xidmətlərində görür.
XX əsr ədəbiyyatımızın digər görkəmli nümayəndəsi Əlabbas Müznibin “Fəryad” şeirində də erməni daşnakları ilə bolşeviklərin birləşərək azərbaycanlılara qarşı törətdikləri əməllər çox təsirli ifadələrlə əks olunmuşdur:
Vətəndə daşnak ilə bolşeviklər əlbir olmuşlar,
Qırırlar ölkənin aşiqlərin dəryadə, səhradə.
Cahanda çox olub qan təşnəsi talan edib xəlqi,
Və lakin görməmiş kimsə belə talan bu dünyadə.
Şair bədii sözün imkanlarından o qədər məharətlə istifadə etmişdir ki, xatirələrdə, o dövrün tarixi sənədlərində təsvir olunan dəhşətli mənzərələri oxucunun xəyalında canlandıra bilmişdir. Əsərin sonunda müəllif bu qəhrəman, igid xalqın bir gün yenə də öz müstəqilliyinə qovuşacağına dərin inam hissini ifadə etmişdir. Həyatda olmasa da, ruhunun bu şad xəbəri səbirsizliklə gözləyəcəyini yazmışdır.
1918-ci il soyqırımı zamanı böyük maddi və mənəvi zərər görmüş şəxsiyyətlərdən biri də Azərbaycan romantizminin görkəmli nümayəndəsi, türkçü ədib, dramaturq Hüseyn Cavid olmuşdur. Həmin bu yanğınlar nəticəsində Cavidin yeni nəşr olunmuş kitabları ilə bərabər səkkiz min nüsxədən çox kitab yanmışdır. Və böyük ədibin həyat yoldaşı Mişkinaz xanımın “Cavid haqqında xatirimdə qalanlar” memuarına əsaslanaraq tənqidçi, publisist Azər Turanın da təsdiq etdiyi 1918-ci ilin martında “Təbriz” mehmanxanasında yaşadığı vaxt oradakı 70 nəfərlə birlikdə ermənilər tərəfindən əsir alınan Cavid bir təsadüf nəticəsində sağ qalan on nəfərdən biri olur. Bu faktı “İblis” əsərini tənqid edənlərə qarşı çıxarkən romantik şair Abdulla Şaiq də təsdiqləmişdir.
Qeyd etdiyimiz əsərlərdə 1918-ci il mart soyqırımının səbəbləri, kökü və məqsədi düzgün müəyyənləşdirilmiş, erməni vəhşiliyi, erməni qəddarlığı inandırıcı, tünd boyalarla əks etdirilmişdir. Zorakılığa, zülmə və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin aşılanması azərbaycanlıların soyqırımından bəhs edən bədii əsərlərin əsas qayəsini təşkil edir. Bu əsərlər vətənpərvər ədiblərimizin ürək yanğısını, fəryadını sözdə, sətirlərdə yaşadan əvəzsiz nümunələrdir.
Beləliklə, yuxarıdakı qeydlərimizdən aydın olduğu kimi, 1918-ci ilin mart hadisələri türkçülüyün mərkəzi kimi Bakını və türk-müsəlman dünyasının milli tərkibini dəyişmək, ziyalılarını məhv etmək, azadlıq meyllərini boğmaq və s. məqsədləri daşıyan əvvəlcədən planlaşdırılmış bir soyqırım hadisəsi olmuşdur. Günahsız adi insanlar kimi, Azərbaycanın düşünən beyinləri, yazarları, müxtəlif elm sahələrindən olan istedadlı şəxsiyyətləri bu düşmən münasibətin zərərçəkənləri olmuşlar. Böyük Azərbaycançı ədib, dövlət xadimi M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” adlı kitabında “Azərbaycan qurbanlarından bir listə” adlı hissədə “kitabımızın mətnində isimləri zikr olunan şühədayi-istiqlaldan maəda, bolşeviklər tərəfindən qurşuna düzülən Azərbaycan qurbanlarının listəsini təmamilə elan edəcək olursaq, bu xüsusda müstəqil bir risalə nəşr etmək zərurətində bulunuruz. Məmafih, bu edamların nə kibi bir məqsəd və hədəfə tovcih edildiyinə bir nümunə olmaq üzrə müdafieyi-istiqlal yolunda fədai-can edənlərin əsamiyyəsini qismən ehtiva edən bir listəyi buraya dərc ediyoruz” - deyərək 46 nəfər dövrünün tanınmış şəxsinin adını qeyd etmişdir. Azərbaycan xalqına misli görülməmiş maddi və mənəvi ziyan vurulmuş, insanlara həm də psixoloji cəhətdən zərbə endirilmiş, türkü daimi bir erməni qorxusu ilə yaşamağa məhkum etmək məqsəd olaraq nəzərdə tutulmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin aşağıdakı fikirləri hər bir türk qanı daşıyan vətənpərvər insançün həyat amalına çevrilməlidir: “Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur”. Qan yaddaşımız olan bu faciənin gələcək nəsillərin incəliklərinə qədər mənimsəməsi, daim xatırlaması və araşdırması, dünyada tanıdılması daim diqqət mərkəzində saxlanılmalıdır.
AYGÜN ORUCOVA,
AMEA Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Tarix: 31-03-2022, 00:00