Qarsda Azərbaycan dili və ədəbiyyatı ilə bağlı elmi simpozium keçirilib



Türkiyənin Qars Qafqaz Universitetində Müasir Türk ləhcələri və ədəbiyyatı bölməsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının 20 illik yubileyinə həsr olunan beynəlxalq elmi simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, Qarabağ Zəfərinin 5-ci ildönümü və 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təşkil olunan tədbir Qars Qafqaz Universitetinin təşəbbüsü, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə baş tutub.
Tədbirin açılışında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin əziz xatirəsi yad olunub, Qarabağ Zəfəri və adıçəkilən ixtisasın tarixçəsi ilə bağlı videoçarxlar göstərilib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev, Qars Qafqaz Universitetinin prorektoru Engin Kılıç, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Səttar Kaya və başqaları çıxış edərək, Qarabağ Zəfərinin 5-ci ildönümü və Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb, simpoziumun işinə uğurlar arzulayıblar.
Simpozium Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə panellər şəklində davam edib.
Qars şəhərində “Prof. Dr. Fahrettin Kırzıoğlu adına Elm və Sənət Mərkəzi”ndə “Bir millət, iki dövlət” adlı musiqi otağı da açılıb. Açılış mərasimində Azərbaycan-Türkiyə qardaşlığının güclənməsində Ulu Öndər Heydər Əliyevin rolundan söz açılıb, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri ilə iki ölkənin qardaşlıq münasibətlərinin möhkəmlənməsindən məmnunluq ifadə olunub. Digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Tarix: Dünən, 20:12
