Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Prezident İlham Əliyev: «Bakı-Tbilisi-Qars tarixi layihədir. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq»

 

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi sözsüz ki, öz miq­yasına görə həm iqtisadi, həm də geoiqtisadi mənada çox böyük hadisədir. Bu münasibətlə oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdo­ğan, Qazaxıstan Res­publikasının Baş naziri Bakit­jan Saqintayev, Gürcüs­tanın Baş naziri Gior­gi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarının nümayən­də heyətləri iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki çıxışında layihəyə çox böyük dəyər verərək deyib: “Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik”.
Mərasimdə çıxış edən dövlət və hökumət rəhbərləri də Bakı-Tbilisi-Qars layihəsinin əhəmiy­yətini yüksək qiymətləndiriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihəni reallaşdıran 3 ölkənin rəhbərinin qətiyyətinin və uzaqgörənliyinin əsəri, hamının birgə uğuru adlandırıb və qeyd edib ki, “layihənin əhəmiyyətli tarixi İpək yolu üzərində vaxt və məsafə baxımından nəqliyyatçılarımız üçün ən sərfəli imkanları təqdim etməsindədir. Sürətli qatar xətlərimizin hamısının istifadəyə verilməsindən sonra Çindən gələn yük Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sayəsində “Orta dəhliz” vasitəsilə 12-15 gündə Avropa İttifaqı ölkələrinə çatacaq”.
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili öz çıxışında bu dəmir yolunun təkcə regionda deyil, onun ətrafında da hazırkı iqtisadi şəraiti dəyişəcəyinə inandığını bildirib: “Əminliklə demək olar ki, bu gün yeni Avrasiya körpüsünün təməli qoyulur. Bu, təkcə bizim iqtisadiyyatımızı deyil, həmçinin vətəndaşlarımızı bir-birinə bağlayacaq, onların rifah halını daha da yaxşılaşdıracaq”.
Onu da qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı saziş 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib.
Bakı-Tbilisi-Qars dəmir yolunun uzunluğu təxminən 850 kilometrdir. Onun 504 kilometrlik hissəsi Azərbaycanın ərazisindən, 263 kilometri Gürcüstandan keçir, 79 kilometri isə Türkiyə ərazisindədir.
Proqnozlara əsasən, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə birinci mərhələdə ildə 5 milyon ton yük və 1 milyon nəfər sərnişin, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Əlbəttə bu da regionda turizmin inkişafına güclü təsir göstərəcək. Ölkə başçısı İlham Əliyev də məhz bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini xüsusi vurğulayaraq deyib: “Bu yolun istifadəsi zamanı, əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq”.
Prezident onu da vurğulayıb ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırmış. Hesab edirmişlər ki, layihənin reallaşması mümkün deyil, lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. “Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”, - deyə İlham Əliyev bildirib.
Bu dəmir yolunun Avropa üçün də böyük əhəmiyyəti olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparıb. Artıq bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Onu da qeyd edək ki, bu yol istifadəyə veriləndən sonra indi yükdaşımalara sərf olunan vaxt iki dəfəyədək azalacaq və eyni zamanda əlavə maliyyə sərfinin qarşısı xeyli alınacaq.
Bu danılmaz bir həqiqətdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin böyük perspektivləri var. Layihənin tarixi İpək yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıs­tan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya ba­zarlarına çıxışını asanlaşdırır.
BTQ layihəsinin əsas üstün­lüklərindən biri də ondan ibarətdir ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu da iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Layihənin başqa bir üstün cəhəti isə Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.
Dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır. Ona görə ki, bu dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir.
Azərbaycan Prezidenti İlham Əliyevin böyük əməyi sayəsində reallığa çevrilən BTQ dəmir yolu xətti həm ölkəmizin böyük tarixi uğurudur və həm də onun iqtisadi inkişafına böyük töhfədir.

«TƏHSİL»


Tarix: 11-12-2017, 11:21

Xəbəri paylaş