Texnologiya fənninin tədrisində motivasiya
Səyyad Vəliyev,
Naxçıvan Müəllimlər İnstitutunun
“Ümumi fənlər” kafedrasının baş müəllimi
Naxçıvan Müəllimlər İnstitutunun
“Ümumi fənlər” kafedrasının baş müəllimi
e-mail: [email protected]
Texnologiya (yunancadan olub sənət, peşə haqqında elm) istehsalat proseslərinin üsul və vasitələri haqqında biliklərin məcmusudur. Texnologiya materialları yarımfabrikat məmulat istehsal etmək üçün üsul və prinsiplərdən bəhs edən elmdir. Pedaqoji texnologiya dedikdə, prosesin təsviri, məzmunlu texnikası, birgə fəaliyyət olub modelini müəyyən edən kimi başa düşülür.
“Texnologiya” fənni texniki tərəqqinin böyük vüsət aldığı, elektron və informasiya texnologiyalarının rolunun artdığı və bazar iqtisadiyyatı şəraitində rəqabətin gündən-günə gücləndiyi müasir dövrdə ümumtəhsil məktəbləri şagirdlərinin texnoloji təfəkkürünün inkişafına, onlarda texnoloji bacarıqların formalaşmasına, təhsilin sonrakı mərhələlərində zəruri bilik və bacarıqlara yiyələnmələrinə xidmət edir. Şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnmələri, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri mühüm vəzifə kimi meydana çıxır. Ümumtəhsil məktəblərində bu fənnin tədris olunması qeyd olunan zərurətdən irəli gəlir.
”Texnologiya” fənninin tədrisi şagirdlərin emal texnologiyalarından müstəqil həyatda istifadə etmələrinə, onlarda yaradıcılıq qabiliyyətinin formalaşdırılmasına, texniki sahələr üzrə təhsillərini davam etdirmələrinə hərtərəfli şərait yaradır və onların xarakterinin formalaşdırılmasına, onların mənəvi, intellektual və estetik inkişafına, müasir texnoloji bacarıqlar əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmalarını təmin edir. Milli və dünya təcrübəsinin öyrənilməsi, onların müqayisəsi, təhlil edilməsi nəticəsində “Texnologiya” fənninin aşağıda qeyd olunan məzmun xətləri müəyyənləşdirilmişdir ki, bu da şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə xidmət edir:
Emal texnologiyaları; Texnika elementləri; Məişət mədəniyyəti; Qrafika.
“Texnologiya” fənninin məzmunu sinifdən-sinfə, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri və əsas standartlar dəyişməz qalır. Motivləşdirmə - anlayışı çox aspektli və geniş istiqamətlidir. Fred Lyutens qeyd edir ki, ayrı-ayrı müəlliflərin əsərlərində bu anlayış müxtəlif cür ifadə edilir: zərurət, motivlər, məqsədlər, arzu, ehtiras, tələbat, sövqetmə, mükafatlandırma, məramlar. Motivləşdirmə latın sözü olub sövqetmə, oyatmaq mənası verir.
Dərsdə müsbət istiqamətdə motivasiya aşılamağın əsas yollarına daxildir:
- şagirddə özünə inam duyğusu formalaşdırmaq;
-şagirdin maraqları nöqteyi-nəzərindən çıxış etmək;
-öyrənməni şagird üçün mənalı və dəyərli etmək;
-hər kəsin özünə uyğun hədəflər seçməsinə yardım etmək;
-sinifdə öyrənmək üçün zövqverici bir mühit hazırlamaq;
- şagirdlərin ideallarından və arzularından faydalanmalarını təmin etmək;
- gərəkli anlarda həvəsləndirici çalışmalar təşkil etmək;
-şagirdin özünə olan hörmətini, güvənini və qürur hissini gücləndirmək.
Qədim yunan filosofu Aristotel (b.e.ə. 384-322) qeyd edir ki, insanın davranışı musbət və ya mənfi yükə malik olan, fikir və ya təsəvvür formasında təzahür olunan məqsədlərlə bilavasitə əlaqəlidir. O, insanın niyyətlərinin tələbatlardan, məmnunluq və ya narazılıq hisslərindən qaynaqlandığını bildirir. Uzun illərin təcrübəsindən aydın olurmuşdur ki, motivasiya ibtidai siniflərdə şagirdin fəaliyyətində mükəmməl inkişafına iki cəhətdən daha çox önəmlidir: birincisi, bəşəriyyətin əldə etdiyi təcrübəni öyrənməklə müasir mədəniyyətə yiyələnib inkişaf etmək, cəmiyyətdə yaşamaq üçün zəruri olan bilik və bacarıqları şagird tədrisdə fəaliyyəti zamanı qazanmaq; ikincisi, şagirdin şəxsi yaradıcılığı hesabına onun daxili imkanlarını müstəqil şəkildə gerçəkləşdirmək.
Motivasiya, problemin qoyulması (çətinliyə düşmək), problemin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi ardıcıllığı şərhdə induktiv yoldur. İnduktiv metod fikrin inkişafının xüsusi mühakimələrdən ümumi nəticələrə doğru getməsini nəzərdə tutur. Deduktiv metodda əksinə olur, fikir ümumi mühakimədən xüsusi nəticəyə oğru inkişaf edir.
Müəllim fəal dərsdə şagirdləri tədqiqata yönəltmək ücün mövzu ilə əlaqədar köməkçi suallarla ardıcıl olaraq onlari induktiv yolla həqiqətin dərk olunmasına istiqamətləndirir. Təlimdə eşitmə, anlama, danışma prinsipi lazımınca tətbiq olunmadığından şagirdlərin düşünmə fəallığı qənaətləndirici deyildir.
T.Edison deyirdi: ”Sivilizasiyanın başlıca məqsədi insana fikirləşməyi öyrətməkdir”. Qloballaşmanın genişləndiyi bir vaxtda informasiya yükü həddindən artiq çoxdur. İbtidai sinifdə oxuyan şagirdin təbiət və ətraf aləmlə bağlı məlumatı alimdən çox olsa da, düşunmək, fikirləşmək qabiliyyəti aşağı səviyyədədir. Fəal dərs tədqiqat xarakteri daşıyaraq, qazanılan biliyin müstəqil olaraq “kəşf”i ilə nəticələnməlidir.
Lev Tolstoy deyirdi: “Biliyi yaddaşa gorə deyil, mühakiməyə görə qiymətləndirmək lazımdır.” Yəni, bilik yaddaşa yox, fikrin səyi ilə mənimsənilməlidir. Müasir təhsil konsepsiyası şagirdlərin əqli (ağıl) inkişafını təfəkkürün formalaşması ilə gerçəkləşdirməyi mühüm məqsəd kimi qarşıya qoyur. Fəal dərsdə fikir fəaliyyəti sürətləndirməklə bütün lazım olan əməliyyatları təhlil (analiz), tərkib (sintez), müqayisə, ümümiləşdirmə aparmaqla optimallaşdırılır. Aparılan müşahidələr göstərir ki, fəal təlimin didaktik tələblərinə əməl olunduqda şagirdlərin ağıllılıq dərəcəsi yüksəlir. Onların fikri əməliyyatların empirik surətdə müəyyənləşdirilməsi imkanlarını təlim məşğələlərinin həlli ilə öyrənmək asanlaşır. Müəllimin təlim nəticələrinə görə aparılan tədqiqat, irəli sürülən problem, ilk növbədə, çoxşaxəli fərziyyələr, ehtimallar doğurmalıdır. Bu məntiqə söykənərək tədqiqat sualı irəli sürülməlidir. Sual öz təsir dairəsinə görə şagirdlərin yeni biliklərin qazanılmasında işıq saçmalıdır. Həmin mərhələnin dərsdə motivasiya adlanması təsadüfi deyildir. Çunki tədqiqat sualının yaratdığı motivasiya öyrənənlərdə fəaliyyət mexanizmini hərəkətə gətirən qüvvədir.
Açıq etiraf etməliyik ki, problemin həllinə yönələn tədqiqat suallarının düzgün qoyulmasında ən təcrübəli müəllimlərin pedaqoji prosesdə çaşqınlığına rast gəlirik. Təlimdə problemin qoyulması anlayışı heç də yeni hadisə deyil. Problem şagirdin təlim zamanı çətinliyə düşməsidir. Müəllimin pedaqoji ustalığı problemin həllini şagirdə dərk etdirməsidir. Əgər şagird yaranan çətinliyin nədən ibarət olduğunu bilirsə, onda problem situasiyası yaranır. Əks halda, problem-situasiya, problem yarada bilməz. Məsələn: Hündür bir ağacın altında dayanan ikinci sinif şagirdinə onun hündürlüyünü tapmaq tapşırığı verilsə, o, bu situasiyada problemin həlli qarşısında acizdir. Başqa bir nümunəyə diqqət yetirək: VII sinifdə oxuyan şagirddən soruşsaq ki, vakkumda istiliyi konvensiya üsulu ilə vermək olarmı, ondan yox cavabı alarıq. Belə olan surətdə günəşdən istiliyin vakkumdan keçib bizə çatması nə ilə əlaqədardır, fikrə şagirdin diqqəti yönəldilsə şübhəsiz fikirləşməli olacaqdır. Sonuncu informasiya şagirdə intellektual çətinlik yaradaraq istilikkeçirmənin başqa formasının mümkünlüyü barədə düşünməli olur.
Professor Yəhya Kərimov “Problem nədir?” sualını belə cavablandırır: “Problem odur ki, tapşırıgı yerinə yetirilmə qaydası və ya alınacaq nəticə şagirdə məlum deyil. Lakin o, həmin qaydanı öyrənmək, nəticə əldə etmək üçün müəyyən bilik və bacarıga malikdir. Buna əsasən şagird həmin nəticəyə nail olmaq üçün diqqətini toplayar, düşünər, axtarışa girişə bilər. Deməli, kifayət qədər bilik və bacarığı olmayan şagird problemin həllinə səy göstərə bilməz” (Y.Ş.Kərimov.Təlim metodları, Bakı 2007 səh. 132).
Texnologiyadan fəal dərsin quruluşunun birinci mərhələsi olan motivasiya, problemin qoyulması ilə bağlı düşüncələrimizi ifadə edərkən bildirmək istəyirik ki, müasir müəllim qabaqlayıcı təlim nümayiş etdirməlidir. Problem necə olmalıdır? Suala metodik ədəbiyyatda münasibət belədir:diqqəti cəlb edən və maraqlı; şagirdlərin imkanlarına müvafiq (onun inkişaf səviyyəsinə uyğun gələn, lakin asan olmayan); müstəqil tədqiqat üçün mümkün olan; öz bacarığını həyata keçirməyə imkan verən. Müəllim dərsdə düzgün motivasiya qoymaq üçün səriştə və peşəkarlığını aşağıdakı amillər əsasında daim artırmalıdır: yeni pedaqoji texnologiyalardan fəal-interaktiv təlim mexanizmlərin, ibtidai siniflər üçün fənn kurikulumların, təhsilin əsaslarının, məzmunun, mahiyyəti və tətbiqi ilə əlaqədar nəzəri və praktiki biliklər qazanmaq; müəllimin dərsdə idarəçilik fəaliyyətinə səmərəli köməklik edən metodik ədəbiyyatlara, nümunəvi dərslərin dinlənilməsinə, İKT-nin müasir imkanlarından faydalanmaq; təhsildə yaranan innovasiyalardan irəli gələn əməli işlərlə müəllimlərin praktik tanışlığı; dərsi səciyyələndirən cəhətlərə uyğun olaraq təlim işinin planlaşdırılmasında müəllimin fəaliyyəti; müəllimin üzərinə düşən pedaqoji tələblərin dərsdə öz əksini tapması. Texnologiya fənnin tədrisində motivasiya probleminin nəzəri olaraq elmi şərhinə mənbələrə istinad etməklə aydınlıq gətirdikdən sonra, onun praktik olaraq tədris olunan mövzunun nümunəsində verməklə vəhdət yaratmış olarıq.
Motivasiya müasir dərsin vacib komponenti olub, təfəkkür əməliyyatını hərəkətə gətirən və öyrənənlərin idrak fəallağına təkan verən prosesdir. Bu zaman tələbənin öyrənmədə qazandığı ən mühüm nailiyyətlərindən düşünmənin sərbəstliyi və müstəqilliyinə nail olmaqdır. Uzun illər pedaqoji fəaliyyətdə olmağıma baxmayaraq, ənənəvi yanaşmadan fərqli olaraq kurikulumun tələbləri baxımından fəal təlim texnologiyalarını təhsilin keyfiyyətinin inkişafına yönəldib tələbə şəxsiyyətinin tərbiyə olunması problemi indi daha da aktualdır. Məhz buna görə tədris etdiyimiz texnologiya fənninin məqsəd və vəzifələrini metodik olaraq tələbələrə çatdırmaqda dərsin motivasiya mərhələsinin səmərəli olmasına daim maraq göstərib öyrənənlərlə əməkdaşlığa önəm verirəm. Müəllim motivasiyanı düzgün qurubsa, onu dərsinin 50%-i yerinə yetirilmiş sayıla bilər fikri onda həqiqət olar ki, mərhələlərin hissələrini təhlil və tərkib kimi tədqiq etmək bacarığına malik olsun.
Texnologiya fənnin tədrisində motivasiya ilə əlaqədar problemin mərhələlər üzrə nəzəri və praktik şərhini məqsədəuyğun sayırıq. Burada didaktik suallara verilən real cavabların əsasladırılması müəllimin başlıca vəzifəsi olmalıdır. Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir? Sualı cavablandırmaq: problemi qoymaq üçün sual və tapşırıq verilir - yönəldici
suallar təklif olunur – tədqiqat sualı çıxarılır - fərziyyələr irəli sürülür.
Məsələn, I-sinif. Mövzu: Materiallar, emal texnologiyaları və emal vasitələri.
Yazı taxtasından materialları və emal vasitələrini əks etdirən şəkillər asılır.
Dərsin birinci mərhələsində motivasiya, problemin qoyuluşu ilə bağlı mövzuya uyğun müəllim şagirdlərə müxtəlif suallarla müraciət edir:
Bizi əhatə edən məmulatlar nədən hazırlanmışdır? Şagirdlərin "müxtəlif materiallardan hazırlanmışdır"- cavabı deyilən xüsusi ehtimallardan ümumiləşdirilərək çıxarılır.
Məmulatı hazırlamaq üçün nə etmək lazımdır? İştirakçılar sual ətrafında çox geniş fəallıq edirlər. Cavab - "materialları emal etmək lazımdır" kimi doğru fikir formalaşdırılır. Materialları emal etmək üçün nədən istifadə etmək lazımdır? Tədricən sualın qoyuluşunda çətinlik dərəcəsi artırılır. "Emal vasitələrindən istifadə etmək lazımdır" qənaətinə gələn şagirdlər böyük sevinclə daxili maraqlarını nümayiş etdirməklə verilən sualları cavablandımış olurlar. Dərsdə tədqiqat sualının hansı rolu var? Suala "şagirdin qarşısında problem qoyulursa, o zaman onda idrak fəallığı yaranır" cavabını dərsin növbəti mərhələsində praktik olaraq iştirakçılar dərk etmiş olurlar.
Prosesin ardıcıllığına uyğun olaraq tədqiqat sualı: Şəkillərdə çəkilmiş materiallar və emal vasitələri hansılardır? məzmununda verilir. Tədqiqat sualı ətrafında şagirdlərin fərziyyələri maraqla dinlənilir. Bu belə də olmalıdır. Çünki mövzu ilə bağlı şagirdlər artıq əvvəlki sualları cavablandırmaqda göstərdikləri idrak fəallığı nəticəsində standarta uyğun bilik və fəaliyyət nümayiş etdirmişlər. Tədqiqatın aparılması mərhələsində müəllim iki tapşırıq üzrə şagirdləri 4 qrupa bölür. Məmulat hazırlamaq üçün materialları və emal vasitələrini əks etdirən şəkilləri müəllim şagirdlərə paylayır. I və III qrupa emal ediləcək materialları və emal vasitələrini seçməyi, II və IV qrupa emal vasitələri ilə yerinə yetiriləcək emal texnologiyalarını (əməliyyatları) sadalamağı tapşırılır. Dərsdə məlumatın mübadiləsi üçüncü mərhələdə qruplar tapşırığı icra edirlər. Hər qrupun nümayəndəsi təqdimat edir, müəllim onları dinləyir. Dərsin məlumatın müzakirəsi və təşkili növbəti mərhələsində müəllim şəkillər üzrə suallar əsasında müzakirəni təşkil etməklə motivasiya davam etdirilir. Məmulat hazırlamaq üçün hansı materialları seçdiniz? Şagirdlər əməkdaşlıqla bildirirlər: yarpaqları və ağac budaqlarını, tumları, balıqqulaqlarını, qozanı, kibrit çöplərini, quş lələklərini, plastilini, sapları, parça və kağızları, düymələri, plastik qabı, ipi və lenti seçdik. Materialı emal etmək üçün hansı vasitələri seçdiniz? Cavab olaraq:qələmi, fırçanı, heykəltəraş bıçağını, yapışqanı, qayçını, xətkeşi, metrəni və iynəni seçdik deyə bildirilər. Emal vasitələri ilə hansı əməliyyatlar yerinə yetirilir? Ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə kimi əməliyyatlar yerinə yetirilir sadalanılmaqla şagirdlər cavablandırmada fəallıq göstərirlər. Dərsin nəticələr və ümumiləşdirmə mərhələsində müəllim şagirdlərin fikirlərini ümumiləşdirərək, bir daha texnologiya dərslərində onların istifadə edəcəkləri materiallar, emal vasitələri və emal texnologiyaları üzərində dayanır. Qeyd edir ki, iş zamanı məmulata uyğun materiallardan, emal vasitələrindən və emal texnologiyalarından istifadə edəcəklər. Sonuncu qiymətləndirmə mərhələsində qruplar müvafiq meyarlara uyğun dəyərləndirilir: emal texnologiyalarını sadalama; emal texnologiyalarını fərqləndirmə; emal vasitələrini sadalama.
Müəllim "emal vasitələrinə aid nümunələr göstərin" ev tapşırığını verməklə şagirdlərin daxili motivlərini düşünmə fəallığına yönəltmiş olur. İbtidai sinif müəllimi ixtisası qazanan hər bir tələbə “Texnologiya və onun tədrisi metodikası” fənnini öyrənməklə pedaqoji peşə hazırlığında səriştəliliyi qazanmaqla qeyd etdiyimiz nümunəyə müvafiq olaraq, təlimin motivasiyanın tələblərinə uyğun apara bilər. Tələbənin “Texnologiya və onun tədrisi metodikası” fənnin öyrənilməsi üzrə təlim nəticələrinə aiddir:
- Əmək alətlərinin, müxtəlif materialların xüsusiyyətlərini bilir və təhsil prosesində tətbiq edir;
- Qrafik savad elementlərinin köməyi ilə texniki şəkil, eskiz və sxemlər qurur və mahiyyətini şərh edir;
- Texnika elementləri, modelləşdirmə və maketləşdirmə ilə bağlı praktik tapşırıqları yerinə yetirir;
- İstehsal, emal texnologiyaları, kulinariya, məişət, özünəxidmət və kənd təsərrüfatı əməyinin sahələrini fərqləndirir və müqayisə edir;
- Ayrı-ayrı sahələr üzrə təlim materialının öyrədilməsi üçün metod və vasitələri seçir və tətbiq edir;
Fənn üzrə təlim nailiyyətlərini qiymətləndirmək üçün müvafiq meyarlar seçir və tətbiq edir.
Yekun olaraq demək istəyirəm ki, standarta əsaslanan təlim nəticələri tədrisdə bilik və fəaliyyətlə qazanmaq motivasiya ilə reallaşır.
İstifadə olunmuş ədəbiyyat
1.Axundov N.və.b., Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün «Texnologiya» fənni üzrə müəllim üçün metodik vəsait. Bakı, «Aspoliqraf», 2016, 56 səh.
2. Ş.O.Ağayev. Texnologiya və onun tədrisi metodikası (Bakalaviratlar üçün mühazirə mətnləri).Bakı, 2021, ADPU-nəşriyyatı. 315 səh.
3 aprel 2023-cü il, "Təhsil"
Tarix: 3-04-2023, 22:38
Xəbəri paylaş