Təhsil nazirinin müavini Firudin Qurbanov Yaponiyada bir sıra görüşlər keçirib
Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) çərçivəsində bu ölkədə səfərdə olan təhsil nazirinin müavini Firudin Qurbanov bir sıra görüşlər keçirib.
Səfər çərçivəsində təhsil nazirinin müavini Firudin Qurbanov Tokio şəhərində Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya nazirinin müavini Şinjiro Komatsu ilə görüşüb. Görüşdə Firudin Qurbanov Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Yaponiyalı nazir müavini Yaponiya ilə Azərbaycanın Təhsil nazirlikləri arasında əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə hər iki ölkənin ali təhsil müəssisələri arasında akademik mübadilə ilə yanaşı, birgə elmi tədqiqatların aparılması, müəllimlər üçün təlimlərin keçirilməsi təklif olunub. Eyni zamanda azərbaycanlı tələbələrin Yaponiyada təhsil almaları üçün imkanların genişləndirilməsi istiqamətində müzakirə aparılıb. Yaponiyalı nazir müavini peşə təhsili ilə bağlı bir sıra layihələrin keçirilməsində maraqlı olduqlarını vurğulayıb. 2019-cu ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edəcək ölkəmizə uğurlar arzulayıb.
Səfər çərçivəsində nazir müavini Firudin Qurbanov Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Şərgi və Orta Asiya, Qafqaz Departamentinin Baş direktoru Koji Fujiya ilə görüş keçirib. Görüşdə Firudin Qurbanov peşə təhsili sahəsində aparılan islahatlar, əldə olunan yeniliklər barədə məlumat verib. Azərbaycanla bağlı əlaqələrdən danışan Koji Fujiya iqtisadi və sosial proqramlara, eləcə də insan resurslarının inkişafı, peşə təhsili istiqamətində layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Tarix: 2-10-2018, 12:50