Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Ordusu: Gücün, qürurun, zəfərin simvolu





Ulu Öndər Heydər Əliyevin hərbi təhsil siyasəti  
Hər bir xalqın dövlətçilik tarixində qürurla xatırladığı günlər var. Azərbaycan xalqı üçün belə günlərdən biri 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu tarix təkcə peşə bayramı deyil, həm də dövlətimizin gücünü, müstəqilliyini və təhlükəsizliyini təmin edən Milli Ordumuza verilən yüksək dəyərin ifadəsidir. Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri kimi tanınır. Lakin bu güc birdən-birə formalaşmayıb. Onun arxasında uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, peşəkar kadr hazırlığı və milli maraqlara söykənən strateji yanaşma dayanır. Bu uğurlu yolun konsepsiyası isə Ümummilli Lider Heydər Əliyev tərəfindən hazırlanıb.

Hərbi təhsilin banisi
Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək yaxşı bilirdi ki, güclü dövlətin dayaqlarından biri güclü ordudur. Məhz buna görə o, hələ sovet dövründə respublikada hərbi təhsilin inkişafına xüsusi diqqət ayırırdı. Sovet dövründə azərbaycanlı zabitlərin sayı kifayət qədər az idi və milli hərbi kadr potensialının formalaşdırılması mühüm vəzifə kimi qarşıda dururdu. Ümummilli Lider bu problemi uzaqgörənliklə qiymətləndirərək hərbi təhsil sahəsində mühüm addımlar atdı. Azərbaycanda hərbi təmayüllü məktəblərin fəaliyyətinin genişləndirilməsi, gənclərin hərbi peşəyə marağının artırılması və vətənpərvərlik ruhunda tərbiyəsi onun diqqət mərkəzində idi.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində Azərbaycandan kənarda keçmiş SSRİ-nin apancı ali məktəblərində milli kadr hazırlığı sahəsində apardığı siyasətin mühüm istiqamətlərindən biri də hərbi milli kadrların yetişdirilməsi yolundakı tarixi xidmətləridir. 70-80-ci illərin ən əhəmiyyətli haıdisələrindən biri kimi orta və ali hərbi təhsil sisteminin yaradılması ilə yanaşı, həmin illərdə keçmiş SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsi qeyd olunmalıdır. Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı ilə 1972-ci ildən etibarən hər il 300-400, 1970-ci illərin sonu və 80-ci illərin əvvəllərindən Azərbaycandan kənara ildə 800-900 nəfər gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilirdi. Məhz 70-80-ci illərdə yaradılan baza hərbi məktəbləri, eləcə də respublikadan kənarda təhsil almış milli kadrlar hesabına bu gün müstəqil Azərbaycanın ordu quruculuğu və milli hərbi sistemi formalaşıb, məhz o illərdə yaradılan təməl üzərində qurulub. Beləliklə 1970-1980-ci illərdə dahi liderin böyük uzaqgörənliklə istər mülki, istər hərbi ixtisaslar üzrə respublikadan kənar təhsil müəssisələrində kadr hazırlığı siyasətinin bu gün müstəqil Azərbaycanın xoşbəxt gələcəyi üçün nə qədər böyük əhəmiyyət daşıdığının şahidi oluruq. Ulu Öndər sonralar deyirdi: “1970-ci illərin axırında biz hər il Sovetlər İttifaqının cürbəcür şəhərlərində yerləşən təxminən 45-dən artıq hərbi məktəbə təhsil almaq üçün Azərbaycandan ümumən 800-900 nəfər gənc göndərirdik. Bunların hamısını edərkən biz öz xalqımız haqqında düşünürdük. Düşünürdük ki, xalqımızda hərbi peşə itməsin, - çar Rusiyası vaxtı demişdilər ki, “müsəlmanlar orduda qulluq edə bilməz”, - xalqımız hərbi peşədən məhrum olmasın. Mən eyni zamanda o vaxt düşünürdüm ki, gələcəkdə bu bizə lazım olacaqdır”.
Ordu sahəsində ən böyük uğurlardan biri o oldu ki, Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.
Ulu Öndər 17 iyun 2002-ci ildə C.Naxçıvanski adına hərbi liseyin yaradılması sahəsində işləri belə qiymətləndirirdi: “Biz bu işi başlayanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi. Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaqdır”.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması mümkün oldu. Bu təşəbbüslər sonradan milli zabit korpusunun formalaşmasında mühüm rol oynadı.
Bu səbəbdən Heydər Əliyevin Azərbaycanda hərbi təhsilin banisi kimi dəyərləndirilməsi təsadüfi deyil. Ulu Öndərin yaratdığı kadr potensialı sonrakı dövrlərdə milli ordu quruculuğunun əsas sütunlarından birinə çevrildi. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb vəziyyətə baxmayaraq, məhz bu təcrübə və dövlətçilik yanaşması Azərbaycan Ordusunun formalaşmasına imkan verdi.
Nəticə etibarilə, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə başlamasından sonra milli hərbi kadr hazırlığı sahəsində həyata keçirdiyi tədbirlər ölkəmizin dövlətçilik tarixində mühüm yer tutur. Ümummilli Liderin uzaqgörən siyasəti sayəsində yaradılmış hərbi kadr potensialı müstəqil Azərbaycanın ordu quruculuğunun əsasını təşkil edib, dövlətimizin müdafiə qüdrətinin möhkəmlənməsinə əvəzsiz töhfələr verib. Bu siyasət xalqımıza Şanlı Zəfəri qazandırdı. Bu xidmətlər Azərbaycan xalqının yaddaşında daim yaşayacaq və gələcək nəsillər üçün örnək olaraq qalacaq.

Nizami ordu quruculuğu prosesinə start
Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev nizami ordu quruculuğu prosesinə start verdi.
Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycan Ordusunun formalaşdırılması prosesinə başlanılması yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğunu da prioritet istiqamət elan etdi. Qısa müddətdə nizami ordu formalaşdırıldı, vahid komandanlıq sistemi yaradıldı, hərbi intizam gücləndirildi və Silahlı Qüvvələrin inkişaf strategiyası müəyyən edildi. Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində idi. Əsası C.Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrinin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi.
1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Ümummilli Lider 14 sentyabr 1994-cü il tarixində respublikanin ali məktəblərinə daxil olmuş birinci kurs tələbələri ilə görüşdəki nitqində bu barədə bildirirdi: “Biz ordu quruculuğuna daim diqqət yetiririk. Ordumuzun möhkəmlənməsi həm bu gün Azərbaycanın müdafiəsi üçün lazımdır, həm də gələcəkdə müstəqil Azərbaycanın suveren bir dövlət kimi yaşaması üçün vacibdir. Azərbaycan müstəqildir və daim müstəqil olacaqdır. Bunun üçün Azərbaycanın güclü dövlət orqanları olmalıdır, dövlət quruculuğu prosesi həyata keçirilməlidir. Azərbaycanın müstəqilliyini qorumaq üçün onun güclü ordusu olmalıdır”.
Ordu quruculuğu sahəsində davamlı işlərin nəticəsi olaraq 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Bu gün Azərbaycan ordusunda Ali Hərbi Məktəbin yüzlərlə məzunu şərəf və məsuliyyətlə xidmət göstərməkdədir. 2001-ci ildə Heydər Əliyevin fərmanı ilə məktəb Azərbaycan Ali Hərbi Məktəbi olaraq adlandırılıb. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. 20 avqust 2001-ci il tarixli Fərman ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Heydər Əliyev qeyd edirdi ki, “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur”.
Ulu Öndər gənclərə hərbi peşəni ən dəyərli peşə hesab edirdi. 20 iyun 2001-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində keçirilən görüşdəki nitqində Heydər Əliyev bildirdi: “Dünyada çox peşələr var. Hər bir ölkədə, o cümlədən müstəqil Azərbaycanda da. Amma bütün peşələrdən xalq üçün, millət üçün, hər bir vətəndaş üçün, dövlət üçün ən vacib, ən dəyərli peşə milləti, xalqı, torpağı qorumaq peşəsidir - yəni hərbi peşədir”.
Müstəqillik illərində Heydər Əliyev ordunun vətənpərvərlik, şəxsi heyətinin milli-mənəvi dəyərlər ruhunda formalaşdırılmasını mühüm vəzifə kimi qoyurdu: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”,

Müstəqilliyimiz və Suverenliyimizin dayağı
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. "Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır"- deyən Ulu Öndərin müəyyən etdiyi ordu quruculuğu strategiyasını uğurla davam və inkişaf etdirən Prezidenti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Ordumuz 2020-ci il sentyabrın 27-də erməni təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq tarixi Zəfərə imza atdı. 2023-cü ilin sentyabrında isə birgünlük antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizmi məhv edildi və dövlətimizin suverenliyi tam təmin olundu.
2020-ci ildə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər təkcə döyüş meydanında əldə edilmiş uğur deyildi. Bu, illərlə aparılan məqsədyönlü hazırlığın, güclü dövlət idarəçiliyinin, peşəkar hərbi təhsilin və xalq-ordu birliyinin məntiqi nəticəsi idi. Azərbaycan əsgəri döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıqla bütün dünyaya sübut etdi ki, Vətən sevgisi, peşəkarlıq və yüksək döyüş ruhu qarşısında heç bir maneə davam gətirə bilməz. Qazanılan Zəfər həm də göstərdi ki, vaxtilə Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasəti öz strateji məqsədinə çatıb.
Bu gün Azərbaycan Ordusu dövlətimizin, müstəqilliyimizin qarantıdır. Ümummilli Liderin layiqli davamçısı Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun gücü sayəsində torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə sabitliyin qorunması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi güclü Ordunun, vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasının göstəricisidir.
Şanlı Zəfərdən sonrakı illərdə də ordu quruculuğu sahəsində tədbirlər davam etdirildi. Milli ordunun döyüş qabiliyyətliliyinin daha da möhkəmləndirilməsi, hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edildi. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olundu, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradıldı: Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verildi.
Bu gün Azərbaycan xalqı milli ordumuzun qəhrəmanlıq salnaməsindən qürur hissi ilə danışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”.
26 İyun həm keçmişə ehtiram, həm də gələcəyə inam günüdür. Bu gün biz şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla yad edir, qazilərimizin qəhrəmanlığını yüksək qiymətləndirir və Azərbaycan əsgərinə dərin hörmətimizi ifadə edirik. Çünki Azərbaycan Ordusu dövlətimizin gücü, xalqımızın qüruru və tarixi Zəfərimizin ən möhtəşəm simvollarından biridir.

muallim.edu.az




Tarix: Bu gün, 11:00

Xəbəri paylaş