SABAH innovasiya forumu təşkil olunub
Martın 2-də SABAH qruplarının təşkilatçılığı ilə SABAH innovasiya forumu keçirilib.
Tədbirdən məqsəd bu il məzun olacaq SABAH qrupları tələbələrinin inkişaf istiqamətlərindən biri olan sahibkarlıq sahəsində fəaliyyətlərinə dəstək olmaqdır.
Forumda təhsil nazirinin müavini Ceyhun Bayramov SABAH qrupları haqqında məlumat verib, tədbirin əhəmiyyətini qeyd edib.
Qeyd olunub ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yeddi ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir. Layihənin əsas məqsədi ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.
Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərir və 2.300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ilində SABAH qruplarında 45 ixtisas üzrə 748 tələbə məzun olacaq.
Diqqətə çatdırılıb ki, SABAH innovasiya forumu SABAH Karyera Akademiyası çərçivəsində reallaşdırılır.
SABAH Karyera Akademiyası proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin (işə qəbul, magistratura, startap və elmi araşdırma) müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.
Forumda ayrı-ayrı müəssisə və şirkətlərin nümayəndələri sahibkarlıq və digər məsələlərlə bağlı fikirlərini bildirib, təcrübələrini bölüşüblər.
Sonra SABAH startap komandaları layihələrini təqdim ediblər.
Qalib komanda mükafatlandırılıb.
AZƏRTAC
Tarix: 11-04-2017, 12:20