Mingəçevirdə “Cyber Summer School 2026” üzrə təlimlər uğurla davam edir
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən təşkil olunan V “Cyber Summer School 2026” kiber yay düşərgəsində təlim proqramı üçüncü gün də uğurla keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhərində keçirilən düşərgənin üçüncü tədris günündə iştirakçılar proqram üzrə formalaşdırılmış “Blue Team” (Azərbaycan dilində tədris) və “Red Team” (ingilis dilində tədris) qruplarında kibertəhlükəsizlik sahəsinin əsas istiqamətlərini əhatə edən nəzəri və praktiki məşğələlərdə iştirak ediblər. Proqram çərçivəsində hər iki qrup üçün "Əməliyyat sistemləri və Virtualizasiya Texnologiyaları/Operating Systems and Virtualization", "SSDLC / SSDLC", "Risklərin və təhlükəsizlik zəifliklərinin idarə edilməsi/Risk and Vulnerability Management" və "Tətbiqi kriptoqrafiya / Applied Cryptography" mövzuları üzrə təlimlər davam etdirilib.
Təlimlər AKTA-nın qızıl üzvü olan “Yer xSP” MMC-nin direktoru Rəşad Əliyev, “Azercell Telekom” MMC-nin Kibertəhlükəsizlik mühəndisi Səfərli Səfərəli və Kapital Bankın GRC mütəxəssisi Şamil Abbasov tərəfindən aparılıb. İştirakçılar əməliyyat sistemlərinin təhlükəsiz idarə olunması və virtualizasiya texnologiyalarının tətbiqi, təhlükəsiz proqram təminatının hazırlanması həyat dövrü (SSDLC), risklərin və təhlükəsizlik zəifliklərinin müəyyən edilməsi və idarə olunması, eləcə də tətbiqi kriptoqrafiyanın əsas prinsipləri ilə bağlı nəzəri biliklər əldə edib, praktiki tapşırıqları yerinə yetirərək mövzular üzrə bacarıqlarını inkişaf etdiriblər. Günün sonunda iştirakçıların təlim müddətində əldə etdikləri biliklərin qiymətləndirilməsi və möhkəmləndirilməsi məqsədilə interaktiv viktorina təşkil olunub.
Qeyd edək ki, 6-11 iyul tarixlərində keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının inkişafına töhfə vermək, gənclərin nəzəri bilik və praktiki bacarıqlarını gücləndirməkdir. Düşərgə çərçivəsində növbəti günlərdə də kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlər, komanda tapşırıqları, kiberyarışlar və digər inkişafyönümlü fəaliyyətlər davam etdiriləcək.
Tarix: Bu gün, 12:50
