Təhsil nazirinin müavini Paris şəhərinə rəsmi səfər edib
Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etmək məqsədi ilə Fransanın Paris şəhərində rəsmi səfər edib.
Nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov, Beynəlxalq əlaqələr sektorunun müdiri Tural Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Bakı Dövlət Universitetinin SABAH qruplarının III kurs tələbəsi Nigar Hüseynova daxildir.
İki gün davam edən tədbiri açıq elan edən Fransa Respublikasının ali təhsil, tədqiqat və innovasiyalar naziri xanım Frederique Vidal 1998-ci ildə qəbul olunmuş Sorbon bəyannaməsindən sonra Avropa Ali Təhsil Məkanında əldə olunmuş uğurlardan bəhs edib.
Açılış mərasimində Fransa Respublikasının Baş naziri Eduard Filip, YUNESKO-nun Baş katibi Odri Azulay, Təhsil, Mədəniyyət, Gənclər və İdman üzrə Avropa komissarı Tibor Navraksis iştirak edib. Tədbirə həmçinin, 48 ölkənin təhsil üzrə rəhbər şəxsləri, ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.
Konfransda üzv ölkələr arasında ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi, mümkün çağırışların aydınlaşdırılması və qarşılıqlı dialoqun gücləndirilməsi məqsədi ilə müzakirələr aparılıb.
Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkəmizin 2005-ci ildə qoşulduğu Bolonya prosesi çərçivəsində təhsil sahəsində aparılan islahatlar, onların müsbət nəticələri haqqında məlumat verib, o cümlədən Azərbaycan-Fransız Universiteti timsalında həyata keçirilən ikili diplom proqramını xüsusilə vurğulayıb. Eyni zamanda Firudin Qurbanov “EXPO-2025” çərçivəsində ölkəmizin irəli sürdüyü insan kapitalı mövzusuna diqqəti cəlb edib və ölkələri Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb.
Nazirlərin görüşündə Bolonya çərçivəsində üzv ölkələrin üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətini özündə ehtiva edən hesabat təqdim olunub, üzv ölkələrin əldə etdiyi uğurlar təqdir edilib və mövcud çağırışların həlli istiqamətində zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.
Səfər çərçivəsində nümayəndə heyəti Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş tədbirdə iştirak edib.
***
Təhsil nazirinin müavini Firudin Qurbanov səfər çərçivəsində Fransa Respublikasının ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidalla görüşüb. Görüşdə Azərbaycan və Fransa arasında mövcud təhsil əlaqələrinin genişləndirilməsi, ikili diplom proqramlarının yaradılması, sosial elmlər sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat proqramlarının və nəşlərin həyata keçirilməsi müzakirə olunub. Müzakirələr zamanı əvvəllər də uğurla təşkil olunmuş Azərbaycan-Fransa universitetlərarası forumunun keçirilməsinin davam etdirilməsi təşəbbüsü irəli sürülüb.
Nazir müavini Rumıniyanın milli təhsil naziri Valentin Popa və Belarus Respublikasının təhsil naziri İqor Karpenko ilə də ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən ölkələrimizin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tarix: 25-06-2018, 13:05