Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

 
Mayın 15-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev Respublika fənn olimpiadalarının nəticələrinin analitik təhlili ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib.
Olimpiada qaliblərini təbrik edən təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tədris ilinin əvvəlində Bakı şəhəri 20 nömrəli məktəb-liseyin açılışında etdiyi çıxış zamanı olimpiada nəticələrini xüsusi vurğulaması, bu nəticələri təhsilin keyfiyyətinin vacib amili kimi qeyd etməsi müvafiq sahənin ölkə rəhbərliyi üçün prioritet istiqamət olduğunun bariz göstəricisidir.
Təhsil naziri 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. Nazir qeyd edib ki, bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.
Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan təhsil naziri bildirib ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar ki, bu da müstəqillik dövründə qazanılmış bütün medalların təxminən 3 faizi edir.
Olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsün olduğunu diqqətə çatdıran Ceyhun Bayramov bildirib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişiklik təklifi Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.
Sonra Respublika fənn olimpiadaları iştirakçılarının fikirlərinin və vaxtilə olimpiadalarda iştirak edən, hazırda dünyanın müxtəlif ölkələrində elmi fəaliyyətlə məşğul olan həmyerlilərimizin təbriklərinin yer aldığı videoçarx nümayiş olunub.
Sonra Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medalın sahibi, ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadə qazandığı uğurlarla bağlı fikirlərini bölüşüb.
Tədbirin sonunda olimpiada qaliblərinə mükafatlar təqdim edlib.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.
  Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir. 


Tarix: 25-06-2018, 13:03

Xəbəri paylaş