Bakıda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin plenar iclası keçirilib
Mayın 7-də Bakıda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin “Təhsildə gender bərabərliyinin gücləndirilməsi” mövzusunda plenar iclası keçirilib.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunan iclasda İrlandiya, Rumıniya, Polşa, Bosniya və Herseqovina, Monteneqro, Böyük Britaniya, Tacikistan, Gürcüstan, Qırğızıstan, Kipr, Belarus, Ukrayna, Qazaxıstan, Albaniya və Bolqarıstandan təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarından 40-a yaxın nümayəndə iştirak edib.
Təhsil naziri Ceyhun Bayramov çıxışında bildirib ki, gender bərabərliyinin mühüm istiqamətlərindən biri məhz təhsillə bağlıdır. Eyni zamanda, qadın və kişilərin bərabər təhsil almaları ölkədə hüquq bərabərliyinin fundamental əsaslarından biridir.
Nazir qeyd edib ki, XIX əsrin ikinci yarısında Azərbaycanda Avropa standartlarına uyğun qadınlara məxsus təhsil müəssisələri fəaliyyətə başlayıb. 1901-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına Qızlar Gimnaziyası açılıb. Sonralar qadınların dünyəvi təhsil imkanları genişlənib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də qadınların təhsil almalarına geniş imkanlar yaradılıb. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra bu ənənə uğurla davam etdirilib. “Təhsil haqqında” Qanunda bərabərlik təhsilin əsas prinsiplərindən biri kimi müəyyənləşdirilib. Dövlət cinsindən, irqindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradıb.
Diqqətə çatdırılıb ki, bu gün müəllimlərin 82 faizini, təhsil alanların isə 46 faizini qadınlar və qızlar təşkil edir. Təhsil almaq üçün xaricə göndərilən 3558 tələbənin 30 faizini qızlar təşkil edir. Magistratura səviyyəsində təhsil alanların 54, fəlsəfə doktorlarının 51, elmlər doktorlarının isə 46 faizi qadınlar və qızlardır. Ali məktəb rəhbərləri arasında da qadınların sayı artmaqdadır. Hazırda 6 rektor, 37 prorektor, 15 kollec direktoru, 36 direktor müavini, 11 ilk peşə ixtisası təhsili mərkəzinin direktoru, 40 direktor müavini, 1244 ümumtəhsil məktəbinin direktoru, 3569 direktor müavini qadındır. Aparılan araşdırma zamanı məlum olub ki, anaları ali təhsilli olan şagirdlər arasında ali məktəblərə qəbulolma faizi daha artıqdır.
Ceyhun Bayramov vurğulayıb ki, ölkəmizdə gender bərabərliyinin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti danılmazdır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, mədəniyyətimizin və folklorumuzun beynəlxalq miqyasda təbliğində Mehriban Əliyevanın gördüyü işlər hər zaman rəğbətlə qarşılanır. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsil almalarında Heydər Əliyev Fondu müstəsna işlər görüb. Fond, eyni zamanda, Pakistan, Uqanda və Keniya kimi ölkələrdə qızların təhsil almaları üçün dəstək göstərib. Nazir vurğulayıb ki, ölkə Prezidenti tərəfindən inklüziv təhsilin inkişafı üçün 2018-2024-cü illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib və hazırda həyata keçirilməkdədir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında qeyd edib ki, Azərbaycan qadını sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində, xalqımızın haqq səsinin beynəlxalq tribunalardan səsləndirilməsində böyük işlər görüb. Azərbaycan qadınının qazana bildiyi nailiyyətlər təbii ki, ölkədə bərabərliyin təmin olunması ilə əlaqədar görülən işlərlə bilavasitə bağlıdır. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”, 2006-cı ilin dekabrında isə Azərbaycan Respublikasının Milli Məclisi “Gender bərabərliyinin təminatları” haqqında Qanun qəbul edib. Bununla da ölkədə gender sahəsində geniş işlər aparmaq üçün zəruri normativ hüquqi baza yaradılıb. Bu gün Azərbaycan qadınlarının statistik vəziyyətinə nəzər yetirdikdə onların fəaliyyəti haqqında real mənzərə dərhal göz önündə canlanır. Ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edir. Sosial-iqtisadi həyatda fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Eyni zamanda, dövlət qulluğunda çalışanların 28,5, sahibkarların isə 21,5 faizini qadınlar təşkil edir. Diqqətçəkən daha bir məqam da odur ki, son illər idmanla məşğul olan azərbaycanlı qadınların, çempionların sayı sürətlə artır. Hazırda bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizini qadınlar təşkil edir. Qadınların həyatın müxtəlif sahələrində fəal iştirak etmələri, ilk növbədə, onların bilik səviyyəsinin yüksəldilməsi, ümumiyyətlə, bu sektorda qadın iştirakçıların ildən-ilə artması ilə əlaqədardır. Bu gün ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 79,8, orta ixtisas təhsil müəssisələrində çalışanların 77,9, ali təhsil müəssisələrində çalışanların isə 51,9 faizi qadınlardır.
AHİK sədrinin sözlərinə görə, ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 48,2 faizi qızlardır, həmçinin səhiyyə işçilərinin 65,7 faizini, elmi işçilərin 56 faizini qadınlar təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, qadınların sosial-iqtisadi, siyasi və mədəni sahələrin inkişafında iştirakçılıqdan birbaşa aparıcı mövqeyə keçməsi həm də lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradılıb. Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın timsalında tam aydın görmək mümkündür. Bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə ən yüksək vəzifələrdə uğurla təmsil olunurlar. Ölkənin ali qanunvericilik orqanı olan Milli Məclisin üzvlərinin 20 nəfəri xanım deputatdır.
Diqqətə çatdırılıb ki, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. İşğal nəticəsində 242 məktəbəqədər tərbiyə müəssisəsi, 616 ümumtəhsil məktəbi və 4 kollec dağıdılaraq məhv edilib, Azərbaycanın təhsil sisteminə 1,5 milyard dollardan çox ziyan dəyib. Qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalan bu insanların 20 min nəfərdən çoxunu müəllimlər, onların da əksəriyyətini qadınlar, 100 min nəfərdən çoxunu isə şagirdlər təşkil edir. Dünya birliyi bu ədalətsizliyə hələ də dözür. Problemin həll olunmamasının başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və vasitəçilərin bu məsələyə biganə münasibətidir. Bu bizi narahat edən əsas problemdir.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O bildirib ki, Azərbaycanda qadınların inkişafı gender bərabərliyi çərçivəsində sistemli şəkildə həyata keçirilib. Ölkəmizdə dövlət quruculuğu sahəsində qadınlar daim kişilərlə birlikdə siyasi qərarlar veriblər. Bu il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin və qadınlara seçib-seçilmək hüququnun verilməsinin 100 illiyini qeyd edir. Azərbaycan müsəlman Şərqində bu sahədə ilk islahatlar həyata keçirən dövlətdir.
Komitə sədri deyib ki, Azərbaycanda qadınların dövlət siyasətində fəal iştirakı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirilir. İnkişaf tədbirləri bir çox sahələrdə olduğu kimi, ölkə təhsilində daha çox müşahidə olunur. İctimai, sosial həyatda gənclərin daha fəal olmaları üçün təhsildənkənar xüsusi layihələr həyata keçirilir. Bununla yanaşı, dövlət erkən nikahların və qızların təhsildən uzaqlaşmasının qarşısını almaq üçün xüsusi proqramlar reallaşdırır.
Daha sonra Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Kristine Blover və Komitənin direktoru Susan Floken çıxış ediblər.
Tədbir işini panel iclaslarla davam etdirib.
AZƏRTAC
Tarix: 25-06-2018, 13:01