Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil Nazirliyinin qeyd olunan əmrində və Fəaliyyət Planında qarşıya qoyulmuş vəzifələrin icra vəziyyətini araşdırmaq məqsədilə ötən dərs ilinin sonunda respublikanın 34 rayon və şəhəri əhatə edilməklə 11 böl­gədə 2500 nəfərdən artıq təhsil işçisinin iştirakı ilə keçirilən zona müşavirələrində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin hesabatı dinlənilmiş, eyni zamanda digər bölgələrdən toplanmış aidiyyəti məlumatların təhlili aparılmışdır.
Məlum olmuşdur ki, yerlərdə yaradıcı və təşəbbüskar iş əzmini artırmaqla təhsil orqanları və pedaqoji kollektivlərin fəaliyyətinin ümumi məqsədə yönəldilməsində səfərbəredici amilə çevrilmiş Nazirliyin həmin sənədləri rayon (şəhər) təhsil şöbələrinin şura iclaslarında və məktəb pedaqoji şuralarında geniş müzakirə olunaraq onların mahiyyəti, qarşıda duran həlli vacib məsələlər və gözlənilən nəticələr diqqətə çatdırılmış, nəzərdə tutulmuş hədəflərin reallaşdırılması istiqamətində əməli tədbirlər müəyyənləşdirilmişdir.
Hesabatlar və təhlilllər göstərmişdir ki, yerli təhsili idarəetmə orqanları və məktəb rəhbərləri əmək və icra intizamının yaxşılaşdırılmasına, şagird kontingentinin optimallaş-masına, məktəbəhazırlıq qruplarının təşkilinə, sinifdənxaric və məktəbdənkənar tədbirlərin kütləviliyinə lazımi diqqət yetirmiş, şagirdlərin azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə olunmaları, mənəviyyata zidd zərərli vərdişlərdən uzaqlaşdırılması, onlara hüquqi biliklərin və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzarətdə saxlanılmışdır.
Bunlarla yanaşı, yerlərdə şagirdlərin fənlər üzrə təlim nailiyyətlərinin, buraxılış imtahanları və ali məktəblərə qəbulun yekunlarının təhlil və müzakirə edilməsi nəticə etibarı ilə pedaqoji kollektivlərdə təhsilin keyfiyyəti ilə bağlı mövcud nöqsan və çatışmazlıqların daha aydın təsəvvür olunmasına və onların aradan qaldırılması üçün sistemli iş mexanizmi müəyyənləşdirilməsinə müsbət təsir göstərmişdir.
Hesabatların nəticələrinə görə, Nazirliyin adıgedən həmin əmrlərində təsbit edilmiş hədəflərin yerinə yetirilməsi Gəncə, Sumqayıt şəhərləri və Astara, Abşeron, Ağdaş, Quba, Qusar, Qəbələ, Şəki, Oğuz, Ucar, Şəmkir, Qazax, Masallı, Cəlilabad rayonlarında daha qənaətbəxş olmuşdur.
Bütün bunlarla bərabər, dinlənmiş hesabatlar və aparılmış təhlillər yerli təhsili idarəetmə orqanlarının fəaliyyətindəki bir sıra boşluqları, eləcə də konkret olaraq Nazirliyin həmin əmrlərinin nümunəsində rəhbər təşkilatların sənədləri ilə iş sahəsində yol verdikləri çatızmazlıqları aşkara çıxarmışdır.
Müəyyən edilmişdir ki, təhsil şöbələrinin rəhbərlərinin bilavasitə hədəflərə yönəlmiş lakonik hesabat hazırlamaq və onu elektron vasitələrdən istifadə yolu ilə təqdim etmək bacarığı lazımi səviyyədə deyildir, auditoriyanın maraq və diqqətini nəzərə almadan hesabatları üzündən oxumaq kimi köhnəlmiş və müasir tələblə uyğunlaşmayan təcrübədən hələ də kənarlaşa bilməmişlər. Hesabatlara mövzuya aid olmayan faktların daxil olunması, tədbirlərin keçirilməsindən əldə olunası gözlənilən nəticələri müəyyən etmədən onların sxematik təsvir edilməsi, bir sıra hallarda görülən işlərin mahiyyətcə bir-birini tamamlamaması və pərakəndə xarakter daşıması və digər belə hallar hesabatların təsir gücünü və əhəmiyyətini azaldan cəhətlər kimi biruzə verilmişdir.
Həmçinin məlum olmuşdur ki, Nazirliyin həmin əmrlərində irəli sürülmüş bəzi vacib məsələlərlə, o cümlədən şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə baxılması, ibtidai siniflər üzrə pedaqoji kadrların tərkibinin təhlil edilməsi və dərs saatlarının bölüşdürülməsindəki uyğunsuzluqların aradan qaldırılması, istedadlı uşaqlarla iş sisteminin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin, xüsusilə buraxılış sinifləri üzrə imtahan nəticələrinin yaxşılaşdırılması ilə əlaqədar ilboyu görüləcək işlər nəticəyönümlü əsasda sistemli planlaşdırılmadığı üçün nəzərdə tutulan hədəflərə tam nail olunmamışdır.
Fəaliyyət sahələri üzrə işlərin planlaşdırılmasında yol verilən nöqsanlar şagirdlərin tərbiyəolunması sisteminin təkmilləşdirilməsi sahəsində keçirilən tədbirlərdə də müşahidə edilmişdir. Belə ki, ayrı-ayrı məktəblərdə təhsilalanlarda milli-mənəvi və bəşəri dəyərlərin, fəal həyat mövqeyinin, vətənpərvərlik tərbiyəsinin formalaşmasına, onların estetik və hissi-emosional bacarıqlarının inkişafına, ölkəmizdə aparılan sosial-iqtisadi siyasət və quruculuq işlərinə, Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında məlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş tədbirlər icra olunsa da, bütün bunların nəticə baxımından şagirdlərin mənəviyyatında, həyata baxışlarında, ümumi dünyagörüşlərində hansı müsbət dəyişikliklərə səbəb olduğu bu sahədə müvafiq inkişafyönlü təkliflər hazırlamaq üçün pedaqoji-psixoloji cəhətdən öyrənilib ümumiləşdirilməmişdir. Eyni zamanda aşkara çıxarılan əsas nöqsanlardan biri də ondan ibarətdir ki, aidiyyəti üzrə həmin tədbirlərin sistemli şəkildə təşkilində heç də bütün məktəblərin iştirakı təmin edilməmişdir.
Həmçinin nəzərə alınmalıdır ki, hazırkı dövrün tələblərinə uyğun olaraq, təlim-tərbiyə işlərinin təşkili və keyfiyyətinin getdikcə yaxşılaşdırılması ilə yanaşı, ümumtəhsil məktəblərində sağlam mənəvi-psixoloji və təhlükəsiz fəaliyyət mühitinin yaradılması, təhsilalanların fərdi xüsusiyyətlərini öyrənməklə risk qrupuna daxilolma ehtimalı müşahidə edilənlərin müəyyənləşdirilməsi və onlarla pedaqoji-psixoloji-sosioloji aspektdə tədbirlərin aparılması, məktəb-valideyn əlaqələrinin bilavasitə şagirdlərin mənafeyinin qorunmasına yönəldilməsi yerli təhsili idarəetmə orqanlarının və pedaqoji kollektivlərin ən ümdə vəzifələrindən biri hesab olunmalı və bu məsələlərlə əlaqədar Nazirliyin “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə” 2019-cu il 13 may tarixli
(№ F-260) əmri rəhbər tutulmalıdır.
Qeyd olunanlara əsasən, yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisə-lərinin fəaliyyətinə rəhbərlik və nəzarəti gücləndirmək, Nazirliyin müvafiq kollegiya qərarları, əmr və sərəncamlarında nəzərdə tutulan hədəflərin yerinə yetirilməsində onlara pedaqoji metodiki köməkliyi təmin etmək və 2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Dinlənilmiş hesabatlar və aparılmış təhlillərə görə, Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 2018-ci il 14 avqust tarixli, F-550 nömrəli əmrində, “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 15 yanvar tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planındakı hədəflərin yerinə yetirilməsi sahəsində yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri tərəfindən müəyyən işlərin görüldüyü, bir sıra əməli tədbirlərin həyata keçirildiyi qeyd edilsin.
2. Müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsi vəziyyətinin öyrənilib qiymətləndirilməsi ilə bağlı hesabatların bilavasitə böl­gələrdə dinlənilməsi yerli təhsil orqanları və müəssisələrində icra və məsuliyyət mədəniyyətinin müasir dövrün tələblərinə uyğun formalaşmasına müsbət təsir etdiyi üçün bu təcrübənin növbəti illərdə də tətbiqi məqsədəmüvafiq hesab olunsun.
3. Nazirliyin adıgedən həmin əmrləri ilə müəyyən olunmuş hədəflər məzmun və mahiyyət baxımından ümumi təhsil sahəsində bilavasitə aktual problemlərin həllinə yönəldiyi və genişmiqyaslı xarakter daşıdığı üçün onların yerinə yetirilməsi istiqamətində əməli tədbirlər 2019-2020-ci dərs ilində də davam etdirilsin.
4. Yerli təhsili idarəetmə orqanlarına tapşırılsın ki, dinlənilmiş hesabatların və fərdi qaydada aparılmış təhlillərin nəticələri əsasında verilmiş tövsiyələri, eləcə də bu əmrdə göstərilmiş iradları nəzərə alaraq, aşağıda qeyd edilən əlavə tədbirlər də sis­temli əhatə olunmaqla yeni dərs ili üçün təkmilləşdirilmiş Fəaliyyət Planı təsdiq edib yerinə yetirilməsini ciddi nəzarətdə saxlasınlar:
4.1. Dərs ili ərəfəsində ərazilər üzrə əqli və fiziki cəhətdən sağlam məktəbyaşlı uşaq­larla yanaşı, xüsusi təhsilə cəlb olunası uşaq­ların da müəyyənləşdirilməsi və onların adlı siyahısının tərtib edilməsi;
4.2. İbtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının səviyyəsinin öyrənilib müzakirə edilməsi və nəticələrdən asılı olaraq, sinif müəllimlərinin fəaliyyətinin qiymətləndirilməsi barədə müvafiq təkliflərin hazırlanması;
4.3. Ümumtəhsil məktəblərində xarici dillərin tədrisi ilə bağlı mövcud vəziyyətin araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, xüsusilə də, IV, IX və XI siniflərdə şagirdlərin xarici dil bacarıqlarının proqram tələblərinə uyğunluğunun, eləcə də fənn müəllimlərinin elmi-nəzəri və metodiki cəhətdən peşəkarlıq səviyyəsinin qiymətləndirilməsini əhatə edən hesabatın hazırlanması;
4.4. “İnformatika” fənninin maddi-texniki və tədris bazasının və pedaqoji kadr heyətinin, şagirdlərin İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin hazırkı durumunun təhlil edilməsi və müzakirə olunaraq əməli təkliflərin müəyyənləşdirilməsi;
4.5. Dərs ilinin birinci yarımilinin sonunda V və VI sinif şagirdlərinin tədris dili, xarici dil və riyaziyyat fənləri üzrə bilik və bacarıqlarının monitorinqinin aparılması, nəticələrə görə ibtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də bu fənlərdən zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması ilə bağlı davamlı tədbirləri əhatə edən səmərəli iş sisteminin yaradılması;
4.6. Təlim-tərbiyə prosesində diaqnostik və formativ qiymətləndirmənin imkanlarından səmərəli istifadə sahəsində müəllimlərin səriştəliliyinin artırılması üçün öyrədici və təşkilati-metodik tədbirlərin (seminar, dəyirmi masa, təqdimatlar və s) keçirilməsi, bu sahədə fərqlənən müəllimlərin təcrübəsinin təbliğ edilməsi.
4.7. Məktəblərdə diaqnostik qiymətləndirmənin nəticələri əsasında “İstedadlılarımızı tanıyaq” layihəsinin keçirilməsi və hər bir uşaqda mövcud olan istedad potensialının üzə çıxarılması, qiymətləndirilməsi və davamlı inkişafına şərait yaradılması;
4.8. Şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin (bədii əsərlərin təhlili əsasında müstəqil rəy və mülahizələri əhatə edən referatların hazırlanması, fiziki, kim­yəvi və bioloji hadisələr üzrə təcrübələrin aparılması və nəticələrin ümumiləşdirilməsi, bölgənin təbiətinin, tarixi-mədəni abidələrinin öyrənilməsi və dəyərləndirilməsi və s.) həyata keçirilməsi.
4.9. Şagirdlərin tibbi müayinədən və icbari dispanzerizasiyadan keçirilməsinə müntəzəm nəzarət edilməsi;
4.10.  Psixoloji, hissi-emosional vəziy­yətinə görə, risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi, onların hər biri üçün fərdi pedaqoji-psixoloji bərpa planının hazırlanıb valideynlərin iştirakı ilə həyata keçirilməsi;
4.11. Məktəblərdə valideynlər üçün uşaq­ların yaş, psixoloji və fizioloji xüsusiyyətlərinə dair maarifləndirmə tədbirlərinin təşkili, valideynlərin məktəb həyatında, övladlarının təlim-tərbiyəsində yaxından iştirakının təmin edilməsi və məktəb-icma münasibətlərinin inkişaf etdirilməsi.
4.12.  Ümumi təhsillə bağlı dövlət sənədlərinin, hüquqi normativ aktların, Təhsil Nazirliyinin kollegiya qərarları, əmr və sərəncamlarında irəli sürülən vəzifələrin təhsil şöbələrinin (idarələrin) əməkdaşları, ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri tərəfindən hərtərəfli öyrənilməsinin təmin edilməsi.
5. Ümumi və məktəbəqədər təhsil şöbəsi (Aydın Əhmədov), Təhsilin inkişafı proq­ramları şöbəsi (Emin Əmrullayev), Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (Vəfa Yaqublu) zəruri ehtiyacı nəzərə alaraq, yerlərdə fənn kurikulumları və qiymətləndirmə növlərinin tətbiqi, tədris materiallarının planlaşdırılması üzrə müəllimlərin hazırlıq səviyyəsinin təkmilləşdirilməsinə köməklik göstərilməsi üçün “Öyrədənlərin öyrədəni” üsulu əsasında təlimçilər qrupunun formalaşdırılması barədə 1 ay müddətində təkliflər hazırlayıb rəhbərliyə təqdim etsinlər.
6. Ümumtəhsil məktəblərində 2019-2020-ci dərs ilinin ilk məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunsun.
7. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın ki:
7.1. Bu əmrin məqsəd və mahiyyətinin təhsil şuraları və pedaqoji şura iclaslarında pedaqoji kollektivlərə çatdırılmasını və müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü iş mexanizmi yaradılmasını təmin etsinlər;
7.2. Müvafiq mövzular üzrə ilk dərs məşğələlərinin səmərəli keçirilməsi üçün zəruri təşkilati işləri vaxtında başa çatdırılsınlar və bu dərslərdə ictimaiyyətin nümayəndələrinin, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakını nəzərdə tutsunlar;
7.3. Əmrin icrası ilə əlaqədar 2019-cu ilin dekabr, 2020-ci ilin may ayında təsdiq­edici sənədlər əlavə olunmaqla Nazirliyə arayış göndərsinlər.
8. İnformasiya şöbəsi (Elnur Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
 
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
30 avqust 2019-cu il
F-531


Tarix: 6-11-2019, 19:02

Xəbəri paylaş