BDU və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
Bakı Dövlət Universiteti (BDU) və Yerusəlim İbrani Universiteti (HUJI) biotexnologiya ixtisasının bitki biotexnologiyası ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramına qəbul elan edir.
Universitetdən bildirilib ki, magistratura səviyyəsini əhatə edən proqram tələbələrə beynəlxalq təhsil və müasir elmi-tədqiqat mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təhsilini uğurla başa vuran məzunlara həm BDU-nun, həm də Yerusəlim İbrani Universitetinin diplomu təqdim olunacaq.
Proqram çərçivəsində iştirakçıların təhsil və yaşayış xərcləri dövlət hesabına ödəniləcək. Beynəlxalq ikili diplom proqramı Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamına uyğun olaraq maliyyələşdirilir.
Proqrama biologiya, biologiya müəllimliyi, biologiya və gigiyena, biotexnologiya, bitki mühafizəsi, ekologiya, əczaçılıq, fizika, fizika müəllimliyi, kimya, kimya müəllimliyi, kimya mühəndisliyi, qida məhsulları mühəndisliyi, qida mühəndisliyi, su bioehtiyatları və akvabitkilər, su bioehtiyatları və akvakultura və ya tibbi biologiya ixtisasları üzrə bakalavr dərəcəsinə malik olan və 2026-cı ildə yerli ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslər müraciət edə bilərlər.
Namizədlərdən ümumi orta müvəffəqiyyət göstəricisinin minimum 80 olması, həmçinin minimum 6.0 IELTS və ya minimum 89 TOEFL iBT nəticəsinə malik olmaları tələb olunur. 2026-cı ilin dekabr ayınadək bu sertifikatlardan birini təqdim edəcək namizədlər də proqrama müraciət edə bilərlər.
2026/2027-ci tədris ili üzrə ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanlarının nəticələri əsasında aparılır.
Tarix: Bu gün, 16:15
