“Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin yekunları haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası təhsil nazirinin 2018-ci il 26 oktyabr tarixli F-729 nömrəli əmrinə əsasən, 2019-cu il 12-14 fevral tarixlərində Bakı şəhərində “Sabahın alimləri” VIII Respublika Müsabiqəsi keçirilmişdir. Müsabiqə İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunmuşdur. Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi olmuş, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən müsabiqəyə elmi dəstək verilmişdir. Bu tədbirdə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Şəki, Mingəçevir, Şirvan, Lənkəran, Cəlilabad, Balakən, İsmayıllı, Qax, Xaçmaz və Ucarda yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər.
Müsabiqədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatı on-line həyata keçirilmişdir. Elektron qeydiyyatdan keçirilmiş 225 layihədən müsabiqədə 187 layihə ilə 311 şagird iştirak etmişdir. Bu layihələrdən 63-ü fərdi, 124-u isə kollektiv işlənilmiş layihələr olmuşdur.
Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti yaradılmışdır. Qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilmişdir. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 50 layihə üzrə 84 şagird, o cümlədən I yerə 8 layihə üzrə 14 şagird, II yerə 17 layihə üzrə 28 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülmüşdür. Qaliblər sırasından İntel İSEF-də iştirak etmək üçün 5 layihə (8 şagird) seçilmişdir.
Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim edilmiş, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları verilmişdir.
Müsabiqə çərçivəsində şagirdlərin elmi rəhbərləri üçün Təlim Akademiyası, məktəblilər, müəllimlər və media nümayəndələri üçün “açıq qapı” saatları təşkil edilmişdir.
Qeyd olunanları nəzərə alaraq və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2019-cu il 12-14 fevral tarixlərində “Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin Münsiflər heyəti tərəfindən seçilən qaliblərinin siyahısı təsdiq edilsin (əlavə 1).
2. Təşkilatçıların 2019-cu il 4 fevral tarixli birgə qərarına uyğun olaraq qaliblərə (əlavə 1), qalib şagirdlərin rəhbərlərinə (əlavə 2) nəzərdə tutulmuş pul mükafatları, Münsiflər heyətinin üzvlərinə (əlavə 3), Elmi Ekspertiza Komitəsinin üzvlərinə (əlavə 4) isə qonorar verilsin.
3. 2019-cu ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-də iştirak etmək üçün seçilmiş şagirdlərin siyahısı təsdiq edilsin (əlavə 5).
4. Nəzərə alınsın ki, ABŞ-a gedəcək şagirdlərin yol xərcləri İntel Fondu tərəfindən ayrılan qrant hesabına və bir qismi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müsabiqə üçün nəzərdə tutulmuş xərclər hesabına ödəniləcəkdir.
5. Aparat rəhbərinin müavini, “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin direktoru Y.Piriyevə tapşırılsın:
5.1. İntel İSEF-də iştirak edəcək şagirdlərin layihələrinin ingilis dilində hazırlanmasına nəzarət etsin;
5.2. Şagirdləri ABŞ-da müşayiət edəcək nümayəndə heyətinin tərkibi barədə təkliflərini Nazirliyin rəhbərliyinə 10 gün ərzində təqdim etsin;
5.3. İntel İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini təmin etsin.
6. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini M.Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
19 mart 2019-cu il
F-143
Tarix: 10-04-2019, 13:52