Peşə təhsili müəssisələri üçün Çindən gətirilmiş avadanlıqların təqdimatı
Noyabrın 22-də Abşeron Binə Peşə Liseyində Çin Xalq Respublikası Hökuməti tərəfindən həyata keçirilən “Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi” texniki yardım layihəsi çərçivəsində gətirilmiş avadanlıqların təqdimatı keçirilib.
Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, eləcə də bir sıra peşə təhsili müəssisələrinin və işəgötürənlərin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev hazırda peşə təhsili sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Layihə haqqında məlumat verən nazir müavini bildirib ki, Azərbaycan Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində müxtəlif kateqoriyalı avtonəqliyyat vasitələrinin sürücülərinin hazırlığını və ixtisasartırmasını həyata keçirmək üçün 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim sistemləri üzrə avadanlıqlar, iş masaları, mexanizmlər, alətlər və digər ləvazimatlar ölkəmizə gətirilərək Abşeron Binə Peşə Liseyində, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb.
Daha sonra İdris İsayev peşə təhsili sahəsində göstərilən dəstəyə görə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuaya təşəkkür edərək birgə əməkdaşlığın yüksələn xətlə inkişafına əminliyini ifadə edib.
Səfir Vey Cinhua çıxış edərək son dövrlərdə Azərbaycanda müxtəlif sahələrdə, eləcə də peşə təhsili sahəsində görülən işləri yüksək dəyərləndirib, həmçinin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayıb.
Tədbirin sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında texniki yardım layihəsi çərçivəsində gətirilmiş avadanlıqların təhvil-təslim aktı imzalanıb.
Tədbir iştirakçıları texniki yardım layihəsi çərçivəsində gətirilmiş avadanlıqlarla tanış olublar.
Tarix: 11-12-2018, 13:16