Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sumqayıt Dövlət Universitetində ali məktəb müəllimlərinin ixtisasartırma kursunun təşkili

 

Azərbaycanda dövlət müstəqilliyi əldə edilənə qədər elmi-pedaqoji kadrların hazırlanmasının mühüm mərhələlərindən biri də müəllimlərin ixtisasartırma təhsilinə cəlb edilməsi olmuşdur.
Hər bir insanın inkişafı və təhsili məktəblə, ali təhsillə, diplomdansonrakı əlavə təhsillə, yaşlıların təhsili və özünütəhsillə bağlıdır. Fasiləsiz təhsil maariflənmə, yeni biliklərə yiyələnmə, insan fəaliyyətinin müxtəlif istiqamətləri: siyasi, mədəni, texniki və professional sahələrlə bağlıdır.
Son illərdə ümumrespublika səviyyəsində həyata keçirilən islahatlar təhsildən də yan keçməmişdir. Bu islahatların ölkənin təhsil sistemi qarşısında qoyduğu tələbləri isə konkret olaraq məktəbdə müəllim reallaşdırır. Bu baxımdan müəllim kimi hazırlanan, təkmilləşən insanların şəxsiyyətinə bir sıra psixoloji-pedaqoji tələblər qoyulur. Hal-hazırda təhsildə Milli Kurikulum, Bolonya siyasəti həyata keçirilir. Bu baxımdan müasir müəllim təhsillə bağlı qəbul olunan yeni qanunlar və tərtib olunan bütün sənədlərlə tanış olmalıdır. Bir sözlə, müəllim hazırlığı təhsil sisteminin prioritet və vahid sistem, şəbəkə şəklində fəaliyyət göstərən sahəsidir. Bu sistem cəmiyyətin və dövlətin bütün fəaliyyət sahələri üçün kadr hazırlığını keyfiyyətlə təmin edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının “Konsepsiya və Strategiyası” haqqında qərarında müəllim hazırlığı sahəsində mövcud olan problemlər və müəllim qarşısında qoyulan tələblər öz əksini tapmışdır.
Suveren, hüquqi, demokratik Azərbaycan Respublikasında elm və təhsilin inkişafı dövlətin xüsusi diqqət yetirdiyi prioritet sahələrdən biridir. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli 168 nömrəli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proq­ramı»nda qeyd olunur ki, cəmiyyətin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşması onun təhsil sistemi ilə təmin edilir.
“Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmış və ali təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar milli və ümumbəşəri dəyərləri özündə əks etdirən məsələlər nəzərə alınmaqla, müəyyən dövr üçün vahid dövlət tələblərini əks etdirən, ümumi normalar məcmusu hesab edilən ali təhsilin dövlət standartı və proq­ramı ixtisasartırmanın yeni formada təşkilinə istiqamət verir.
Təhsil sistemində nəzərdə tutulan fasiləsiz təhsil insanın bütün həyatını əhatə edir, ömrü boyu müşayiət edir, inkişafına, professional və ictimai rolunun həyata keçirilməsinə şərait yaradır, təhsilin bütün bölmələrinin əlaqəli şəkildə yeniləşməsini, islahatların keçirilməsini gündəmə gətirir.
Bu islahatları müvəffəqiy­yətlə həyata keçirmək, hər şeydən əvvəl, onun iştirakçılarının bilik səviyyəsindən və vaxtaşırı yeniləşməsindən, yaşlıların ayrılmaz hissəsi olan əlavə təhsilin səviyyəsindən asılıdır. Təsadüfi deyildir ki, inkişaf etmiş bütün ölkələrdə, o cümlədən Azərbaycanda yaşlı insanların təhsil sistemi “fasiləsiz”, “ömür boyu”, “əlavə təhsil” anlayışlarını özündə birləşdirir. Başqa sözlə, hər bir ölkədə təhsil elə təşkil edilməlidir ki, cəmiyyətin hər bir üzvü öz təhsilini artıra bilsin, ömrü boyu bu məsələ onun fəaliyyət gündəmində olsun.
Fasiləsiz təhsil anlayışı daha ümumiləşmiş anlayış olub, təhsilin bütün mərhələlərini, formalarını, tərbiyə, ümummədəni və professional hazırlığı, özünütəhsil və əlavə təhsili özündə birləşdirir.
Əlavə təhsil anlayışı isə məzmun baxımından baza təhsilinin təkmilləşməsi, yenilənməsi məqsədilə təşkil edilən ixtisasartırma, yenidənhazırlanma təhsili olub, fasiləsiz təhsilin ayrılmaz bir bölməsidir. Yeri gəlmişkən, qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsində qeyd edilir ki, “Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uy­ğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli inkişafının təmin edilməsi vəzifəsini daşıyır.
Sovet dövründə təhsil sis­temi - 1921, 1958, 1966, 1984 və 1988-ci illərdə 5 dəfə yenilənmişdir. Bu dəyişiklik məktəb tipləri, onların tərkibi, təlim müddəti və s. əhatə etmişdir. Respublikamızda dövlət müstəqilliyi elan edildikdən sonra 1992-ci ilin dekabrında “Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edildi və bununla təhsilin inkişafında yeni dövr başladı. Bu qanunla təhsilin ayrı-ayrı pillələri və fasiləsiz təhsil sisteminin tətbiqi müəyyənləşmişdir. Fasiləsiz təhsil sistemi insanın ömrü boyu təkmilləşməsinə işarə edir. İnsanın ömrü boyu təhsil almasının vacibliyini hələ Məhəmməd Peyğəmbər vaxtilə duymuş və belə ifadə etmişdir: “Elmi beşikdən qəbrədək öyrənin”. Deməli, respublikamızda yaşayan vətəndaşların təhsil müəssisələrində müstəqil yolla müntəzəm olaraq təkmilləşməsi fasiləsiz təhsil hesab edilir. Ailə tərbiyəsi Azərbaycanda fasiləsiz təhsilin özülüdür. Ümumi orta təhsil məktəbi fasiləsiz təhsil qismində baza mərhələsini təşkil edir.
Sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri, habelə mənəvi keyfiyyətləri öyrənməklə, məqsədyönlü, planlı və mütəşəkkil aşılamaq yolu ilə cəmiyyətin inkişafına güclü təkan verən, pedaqoji fəaliyyət sahəsi olan müəllim daim innovasiyalar və texnologiyalarla bağlı yeni mənbələri araşdırmalı, öyrənməli və əməli fəaliyyətində səmərəli tətbiq etməyə nail olmalıdır.
Pedaqoji işçilərin əlavə təhsilində nəticələrin əldə edilməsi onlara dərs deyən alimlərin, müəllimlərin və metodistlə­rin mövqeyindən, bacarıqlarından, həyat təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır.
Sumqayıt Dövlət Universitetində ixtisasartırma kursunda müəllim hazırlığı innovasiyalar və texnologiyalar əsasında aparılaraq müəllim hazırlığının yenidən formalaşdırılmasını zəruri edir. Universitetdə ixtisasartırma və yenidənhazırlanma təhsili onunla izah olunur ki, hər bir mütəxəssisin bilik və bacarığı müntəzəm şəkildə təkmilləşir. SDU-da professor-müəllim heyətinin ixtisasartırma kursu Azərbaycan Təhsil Nazirliyinin 21.09.2015-ci il tarixli 46-25-5825/17 nömrəli razılıq məktubu əsasında Elmi Şuranın 02 oktyabr 2015-ci il tarixli iclasının qərarı ilə yaradılmışdır.
Ali məktəb müəllimlərinin ixtisasının artırılmasında fərdiləşdirmə diferensiallaşmanın əsasını təşkil edir. Müəllimlərin fərdi yaradıcılıq planı əsasında kurs işləri və ya referat işlərinin yazılması fərdiləşmədə nəticənin aşkar edilməsinə və ümumiləşdirilməsinə şərait yaradır.
Ali məktəb müəllimlərinin yaradıcılıq məzuniyyətlərinin düzgün təşkili ixtisasartırmanın keyfiyyətini yüksəldir. Bu vaxt müəllim qazandığı təcrübə ətrafında düşünür, elmi əsaslarını axtarır və bunun əsasında dissertasiya işləri yazmağa istiqamətlənir və ya fikrini kitab şəklində pedaqoji ictimaiyyətə çatdırır. Bütün bunları həyata keçirərkən məqsəd aydınlığı əsasdır.
Bu baxımdan Sumqayıt Dövlət Universitetində professor-müəllim heyəti və başlan­ğıcda Sumqayıt şəhər, Qubadlı rayon təhsil şöbəsinə aid olan ümumtəhsil məktəbləri müəllimlərinin müxtəlif ixtisaslar üzrə ixtisasartırma kurslarında təhsil almaları planlaşdırılmış və icra edilməkdədir. İxtisasartırma təhsili iki mərhələdə, hər biri 6 həftə, nəzəri və təcrübi olmaqla aparılır. Nəzəri dərslər universitetdə, təcrübi dərslər isə BDU və digər qabaqcıl universitetlərdə təşkil edilir.
Sumqayıt Dövlət Universitetində Əlavə təhsil mərkəzinin fəaliyyətinin başlanğıcı dövründən indiyə qədər ixtisasartırma təhsili almış dinləyicilərin, professor-müəllim heyətinin əks olunmuş cədvəli
Əlavə təhsillə bağlı fərmanın icrası ilə əlaqədar “Fasiləsiz təhsil hamı üçündür” konsepsiyası hazırlanmış, ixtisasartırma, yenidənhazırlama təhsili, təkmilləşmə, stajkeçmə proseslərinin çərçivələri və modelləri dəqiq müəyyənləşdirilmiş, dayaq məntəqələri üzrə işlək mexanizm hazırlanmış, burada təhsilin təşkili modeli formalaşdırılmış, cəlb olunan kontingent haqqında məlumat bankı yaradılmışdır. İxtisasartırma kursuna cəlb olunma modelinin tətbiqi strategiyası işlənmiş, məzmun islahatlarına başlanmış, alternativlik, çoxvariantlılıq, tələbatına uyğunluq prinsiplərinin həyata keçirilməsinə şərait yaranmışdır. Beləliklə, Sumqayıt Dövlət Universitetində pedaqoji kadrların ixtisasının artırılması, yenidən hazırlanması və təkmilləşdirilməsi prosesi təhsil statusu almış və vahid bir sistemə çevrilmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 6 sentyabr 2010-cu il tarixli 163 №-li qərarla “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydaları”nı təsdiq etmişdir. Bu qərarın həyata keçirilməsi məqsədi ilə ixtisasartırma təhsilinin yeni modul-kredit sistemi Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. Hazırda 3 mərhələdə 20 kreditdən ibarət 120 saatlıq ixtisasartırma kurslarının yeni model üzrə təşkili məqsədilə hazırlıq işləri aparılır. Ölkəmizdə baş verən dəyişikliklər ictimai strukturların məzmunlarını yeniləşdirir, ictimai həyatla məşğul olan təşkilatların sosial rolları modernləşir. Bu dəyişikliklər müəllimlərin hazırlanmasına təkmilləşməsinə də aiddir. Təsadüfi deyildir ki, müxtəlif xarakterli, məzmunlu beynəlxalq konfranslarda, ölkədə təhsil sistemində keçirilən konfrans və elmi yığıncaqlarda təhsil müəssisələrinin, xüsusən ixtisasartırma institutlarının strukrurlarında istər forma, istərsə də məzmun yenilikləri, yeni təlim modelləri, müəllimlərin funksiyaları müzakirə olunur, yeni qərarlar qəbul edilir.
Bu müzakirələr təlimdə yeni situasiyanın formalaşmasına dəlalət edir. Məhz buna görə də, bizim fikrimizcə, yaşlıların təhsilinə bütövlükdə və xüsusən ixtisasartırma təhsilinə, onun məzmununun dəyişilməsinə, yaşlılara dərs deyən müəllimlərin təkmilləşməsinə, proqramların dövrün tələbinə uyğun vaxtaşırı dəyişilməsinə, yeniləşməsinə münasibət yeniləşməlidir.
Ölkəmizdə fasiləsiz təhsil sistemində, ali və orta təhsil müəssisələrində çalışan pedaqoji kadr hazırlığı üçün həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində faktiki olaraq müxtəlif təcrübələr aparılmışdır. Bu təcrübələrdə ayrı-ayrı fənn müəllimlərinin ixtisaslarının artırılması üçün tələblər əvvəlcədən öyrənilməklə, alternativ tədris plan-proqramlarının hazırlanması vacib hazırlıq mərhələsi kimi qəbul edilir. Bunun üçün orta məktəblərdə fənn birləşmələri, Sumqayıt Dövlət Universitetində isə kafedraların xüsusi rolu vardır. Bu məsələ dərs dinləmələri, qarşılıqlı və "açıq dərs"lər formasında, metodik yığıncaqlarda, kafedralarda keçirilən müxtəlif tədbirlərdə, müzakirələrdə müəyyənləşdirilir. Hansı müəllimin ixtisasartırma kursuna göndərilməsi və onun daha çox nəyi öyrənməsi tövsiyə formasında hazırlanır. Aparılan belə hazırlıq və onların təhlili göstərir ki, ixtisasartırma təhsil müəssisələrində məzmun islahatı ilə bağlı həyata keçirilən işlərin yekunu digər və bütövlükdə bütün fənlər üçün real şərait yaratmalıdır. Müəllimlərin növbəti tədris ilində ixtisas­artırma kursuna göndərilməsinə Sumqayıt Dövlət Unive­rsitetində ayrı-ayrı kafedralarda il boyu hazırlıq görülür. Müəllimin əvvəllər kursda olduğu müddət nəzərə alınmaqla, onun növbəti kursda nəyi öyrənməyə daha çox fikir verməsi barədə kafedralarda tövsiyələr edilir. Tədris prosesini tərtib olunmuş tədris planı və proqramında nəzərdə tutulan fənlərə uyğun aparılması tövsiyə edilir. Fənlərin aid olduğu kafedralarda aparıcı müəllimlərə həvalə edilən belə dərslər dinləyicilər tərəfindən böyük həvəslə dinlənilir.
Universitetin rəhbərliyi belə təhsil formasının mənimsənilməsinə daim diqqət və qayğı ilə yanaşır.

Həsən İBRAHİMOV,
Məlahət İSMAYILZADƏ,
SumqayıtDövlət
Universitetinin metodistləri


Tarix: 30-04-2018, 11:23

Xəbəri paylaş