İnsan kapitalının inkişafı və təhsil problemləri
Müsahibimiz təhsil eksperti,
ADPU-nun dosenti, pedaqogika üzrə
fəlsəfə doktoru İlham Əhmədovdur
“İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusuna həsr olunmuş Ümumdünya Sərgisinin (“Expo-2025”) Azərbaycanda keçirilməsinə dair ölkəmizin təşəbbüsünü necə qiymətləndirirsiniz? Bu tədbirin Bakıda keçirilməsi təşəbbüsü müsbət həll edilərsə, “Expo-2025” strateji baxımdan Azərbaycana nə verə bilər?
- Bu, çox gözəl təşəbbüsdür, belə bir təşəbbüsə, bu tədbirin ölkəmizdə keçirilməsinə beynəlxalq səviyyədə dəstək verilməsi çox yaxşı olardı. Bu halda tədbirə, çox ehtimal ki, nüfuzlu alimlər, dünyanın tanınmış universitetlərinin və şirkətlərinin nümayəndələri, insan resurslarının idarəedilməsi sahəsində yüksək səviyyəli menecerlər (TOP menecerlər) qatılacaqlar. Burada elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yarana bilər. Biz belə əməkdaşlığa hazır olduğumuzu nümayiş etdirməliyik. Belə bir tədbirin ölkəmizdə keçirilməsi üçün, yəqin ki, kompleks hazırlıq tədbirlərinə ehtiyac olacaq: həm təşkilati hazırlıq, həm də ölkəmizdə təhsilin və elmin səviyyəsini qarşıdakı 7 ildə elə bir səviyyəyə çatdırmalıyıq ki, qonaqlarla öz müsbət təcrübələrimizi bölüşə bilək, onlara insan kapitalının inkişafı sahəsində maraqlı innovasiyalar təqdim edə bilək, onlarla eyni səviyyəli beynəlxalq əməkdaşlıq edə bilək. Belə müsbət təcrübə 1-2 universitetdə və ya 1-2 məktəbdə yox, ümumən təhsil müəssisələrimizin əksəriyyətində mövcud olmalıdır, çünki “tək əldən səs çıxmaz”. Yəqin ki, iştirakçılar tədbirə gəlməzdən əvvəl bizim təhsil, elm və insan kapitalı sahəsində ümumi durumla maraqlanacaq, universitetlərimizin və elmi institutlarımızın saytları ilə tanış olacaq, TOP universitetlərin reytinqində tutduğumuz mövqe ilə maraqlanacaqlar. Bu mənada görüləcək işlər üçün 7 il çox az vaxtdır, bu az vaxtda elm və təhsil sahəsində daha yaxşı göstəricilərə can atmalıyıq.
İnsan kapitalının inkişafı mövzusu ölkəmiz üçün yeni deyil. Xatırlayırsınızsa, hələ 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk dəfə Prezident seçildikdən az sonra Cenevrədə “İnformasiya cəmiyyəti quruculuğu üzrə ümumdünya sammiti”ndə maraqlı məruzə etdi. Bu məruzədə cənab Prezident qeyd etdi ki, «…uşaqlarımız bilikli olmalı, dünyada gedən prosesləri izləməli, yeni texnologiyalara sahib çıxmalıdırlar. …İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olmasına, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik». Sonrakı dövrlərdə hər zaman insan kapitalının inkişafı məsələləri ölkəmizdə gündəmdə olmuşdur. Görünür, gözlənilən qərarın qəbul edilməsində bu amillər nəzərə alınacaqdır.
Bu gün Azərbaycan Respublikası qarşısında duran strateji vəzifə sosial-iqtisadi həyatın modernləşdirilməsi, beynəlxalq təcrübə və elmi innovasiyaların sosial-iqtisadi həyata uğurlu tətbiqidir. Bu məsələlərin həlli məhz insan kapitalının inkişafını, insanların müasir bilik və bacarıqlara yiyələnməsini tələb edir. Bu səbəblərdən son 15 ildə ölkəmizin əsas hədəfi insan kapitalının inkişafıdır. Çünki müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi insan kapitalının səviyyəsi ilə müəyyən edilir. Təsadüfi deyil ki, BMT-nin "Minilliyin inkişaf məqsədləri" proqramında davamlı inkişafın təmin edilməsi üçün müəyyən edilmiş 8 prioritet məqsədin əksəriyyəti insan kapitalının inkişafı ilə bağlıdır.
Ölkəmizdə reallaşan bir çox strateji sənədlərdə, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritələri” kimi strateji sənədlərin hər birində insan kapitalının, təhsilin inkişafı prioritetlik təşkil edir. Bu konseptual sənədlərin məqsədi ölkədə insan kapitalının inkişafı ilə iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, bütün istiqamətlərdə tərəqqini sürətləndirmək, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaqdır. İnsan kapitalının inkişafı təhsilin əsas hədəflərindəndir.
Azərbaycan Respublikası insan kapitalının inkişaf etdirilməsini təhsil siyasətinin əsas qayəsi hesab etməklə yanaşı digər imkanlardan da faydalanmağa çalışır. Qeyd etdiyimiz kimi, Azərbaycan “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusuna həsr olunmuş Ümumdünya Sərgisinin (“Expo-2025”) Azərbaycanda keçirilməsi ilə bağlı təklifini irəli sürərək, növbəti vacib bir kampaniyaya imza atdı. Təklif olunan mövzunun əsas hədəfi “biz insanları - dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq” devizidir. Bu baxımdan “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusuna həsr olunmuş Ümumdünya Sərgisinin (“Expo-2025”) Azərbaycanda keçirilməsi son 15 ildə bu sahədə görülən işlərin təbii davamı kimi qəbul edilə bilər. Bu məsələ ilə əlaqədar Paris şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qeyd edirdi: “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını - texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Expo 2025” sərgisində, düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək. Biz insanları - dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq”.
Mətbuatın verdiyi məlumata görə, artıq Maliyyə Nazirliyi bu tədbirin keçirilməsinə hazırlıq üçün lazım ola biləcək vəsaiti elan edib. Tədbirə hazırlıq üçün 7 il ərzində təxminən- 765 milyon avro vəsait sərf ediləcək. Bu məbləğə növbəti 7 il ərzində elm və təhsil sahəsində intensiv inkişafa nail olmaq üçün əlavə investisiyalar də əlavə edilsə, yəqin ki, bu məbləğ iki dəfə artar.
Təbii ki, reallaşması nəzərdə tutulan bu strateji məsələlər ölkəmizdə insan kapitalının inkişafına verilən diqqətin təzahürüdür. İnsan kapitalının inkişafı daha çox təhsil sektorunun üzərinə düşür. Bu mənada bir daha təkrar etmək istəyirəm ki, belə bir tədbirin ölkəmizdə keçirilməsinə cəhd edilməsi təqdirəlayiq hadisədir. Qərar müsbət olarsa, hesab edirəm ki, bu tədbirə qədərki dövrdə ölkəmizdə insan kapitalının inkişafı və təhsil problemlərinə daha da çox diqqət yetiriləcək, daha çox konkret işlər görüləcəkdir.
- Ölkədə təhsilin durumu, təhsil islahatlarının vəziyyəti barədə fikrinizi bilmək istərdik.
- Müasir təhsil çox mürəkkəb və dinamik bir sistemdir. Bir tərəfdən, təhsil çox ətalətlidir (kütləsi, əhatə dairəsi böyük olduğundan ətaləti də böyükdür), digər tərəfdən, dünyanın indiki intensiv inkişaf tempinə uyğun olaraq təhsil dinamik inkişaf etməlidir. Belə bir deyim var: - bu gün təhsilin vəziyyəti necədirsə, gələcəkdə ölkənin durumu elə olacaq. Bu səbəbdən təhsil bu gün bütün ölkələr üçün prioritet sahədir, bu sahədə aparılan islahatlarda naşılıq etmək təhsil sistemini, ardınca isə ölkənin bütün digər sahələrini çox geri ata bilər. Təhsil, sözün həqiqi mənasında, fasiləsiz xarakter alıb, Hz. Peyğəmbərimizin söylədiyi kimi, bu günün təhsili beşikdən qəbr evinə qədər davam etməlidir.
Müasir təhsil fasiləsiz olduğu kimi təhsil islahatları da fasiləsiz olmalıdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin qeyd etdiyi kimi, “...təhsil sahəsi daim islahat tələb edən sahədir.” Bu gün inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə təhsil islahatları həyata keçirilir, bütün ölkələr daha mükəmməl təhsil sistemi qurmaq haqqında düşünürlər. Çünki, bugünkü təhsil müasir innovasiya cəmiyyətinin texnologiyaları tələblərinə hələ də cavab vermir, müasir təhsil yeni rəqəmsal zamanın yaradıcı insanını yetirməkdə acizdir, gənc nəslin tələblərinə cavab vermir. Bill Qeyts 10 il əvvəl deyirdi ki, vaxt gələcək universitetlər internetlə rəqabətə girə bilməyəcəklər. Həmin dövr yetişib artıq.
Amma keçid dövrünü yaşayan ölkələrdəki təhsil problemləri inkişaf etmiş ölkələrdəki təhsil problemlərindən tam fərqlənir. Bunun bir çox səbəbi var. Əsas səbəb bu ölkələrdəki insan kapitalının və təhsilə qoyulan investisiyaların az olmasıdır. Amma, əslində ən böyük investisiya imkanı məhz təhsil sistemindədir. Bu sektora qoyulan hər bir dollar on qat geri qayıdır. Təhsilə qoyulan investisiya təkcə universitetlərin təmiri, yeni məktəblərin tikintisi demək deyil. Bunların təhsilin inkişafına real təsiri azdır. Təhsilə qoyulan əsas investisiya insan resurslarına, texnologiyalara, təhsildə İT-nin tətbiqi və yeni innovasiyaların yaradılmasına, elm-təhsil-innovasiya-istehsalat (biznes) əlaqələrinin inkişafına xidmət etməlidir. Bu gün heç bir tədris korpusu olmayan və milyonlarla tələbəsi olan meqauniversitetlər var. Bu universitetlər dünyanın müxtəlif universitetlərindən tələbələr cəlb edərək milyard dollarlarla pul qazanırlar. Çünki bu universitetlərə vaxtında kifayət qədər maliyyə yatırılıb və sözün həqiqi mənasında müasir təhsili mükəmməl bilən insan resursları bu universitetlərin yaradılması və idarə edilməsi proseslərinə cəlb edilib.
Son 20 il ərzində ölkəmizdə təhsil sahəsində aparılan islahatlara ötəri nəzər salanda görünür ki, müasir dövrün təhsil sistemi qarşısında qoyduğu məsələlərə hələ kifayət qədər nail ola bilməmişik. Xüsusən də yeni kurikuluma keçid prosesi və prosesin ilkin nəticələri narahatlıq doğurur. Bu prosesləri belə dəyərləndirmək olar: “yaxşı ideyanın pis icrası”. Ali təhsil sahəsindəki islahatlarda da problemlər az deyil.
Təhsildəki problemlər kompleks xarakterlidir (maliyyə, idarəetmə, kadr, elmi-metodik və texniki-texnoloji təminat və s.). Təhsilə məsul qurumlar çox vaxt ekspertlərin verdiyi təklifləri müzakirə etmək, çıxış yolunu birgə tapmaq əvəzinə özlərini görməməzliyə vururlar, sanki hər şey öz qaydasındadır, amma vaxtında reaksiya verilərsə, islahatlara müəyyən zəruri korreksiyalar edilərsə, vəziyyəti qismən yaxşılaşdırmaq mümkün olardı.
- Xeyli vaxtdır ki, məktəblərimizdə kurikulum sistemi tətbiq edilir. Bu sistem özünü doğrultdumu?
- Əslində köhnə təhsil standartlarını müəyyən qədər təkmilləşdirib, müasirləşdirib istifadə etmək olardı. Çünki pedaqoji ictimaiyyət həmin standartlarla tanış idi, müəyyən iş təcrübəsi toplanmışdı. Amma daha geniş formatda dəyişiklik etmək qərarına gəlindi. Təəssüf ki, bu dəyişiklik prosesi öncəsi lazımi hazırlıq işləri aparılmadı, layihələnmədə, strateji və taktiki məsələlərdə səhvlərə yol verildi. Mövcud resurslardan (ilk növbədə insan resurslarından, əvvəlki illərdə toplanmış təcrübələrdən) kifayət qədər dolğun istifadə edilmədi.
Artıq 10 ildən çoxdur ki, məktəblər yeni kurikulumlarla işləyirlər və bu yöndə xeyli nöqsanlar özünü büruzə verir (standart və dərsliklərin keyfiyyəti, müəllimlərin bu prosesə hazırlığı və s.). Təhsil ictimaiyyəti kurikulum islahatını heç də yüksək qiymətləndirməyib. Digər bir problem isə yeni kurikulumun pedaqogikasının, müvafiq fənn metodikalarının kifayət qədər işlənilməməsidir. Məlumdur ki, hər bir fənnin özünün tədris metodikası var. Kurikulum əsasında tədris aparmaq üçün isə metodikalar hələ tam formalaşmayıb. Pedaqoji universitetlərdə gələcək müəllimlərə ayrı-ayrı fənlərin tədrisi metodikası kursları əsasən köhnə təhsil standartları və texnologiyalarına əsaslanır. Kurikulum islahatı pedaqoji təhsillə koordinasiya edilməyib.
Hər bir islahat kimi təhsil islahatı da insanların (pedaqoji ictimaiyyətin) bu prosesə ciddi hazırlanmasını tələb edir. Bütün dünyada müəllimlərin ixtisasartırma və təkmilləşdirmə sistemi onlayn rejimdə təşkil edildiyi halda, bizdə məktəb müəllimləri üçün nəinki müasir, heç arxaik də olsa ixtisasartırma və təkmilləşdirmə sistemi yoxdur, necə deyərlər, köhnəsi ləğv edilib, əvəzinə adekvat yeni bir sistem yaradıla bilməyib. Universitet müəllimlərinin ixtisasartırma və təkmilləşdirmə sistemi daha bərbad vəziyyətdədir. Belə şəraitdə müəllimləri necə maarifləndirmək, yeni biliklər vermək, islahat prosesinə fəal cəlb etmək olar? Kurikulum islahatının büdrəməsinin səbəblərindən biri də budur.
- Kurikulumu Azərbaycanın milli təhsil konsepsiyası kimi də təqdim edirlər, bu konsepsiya təhsilə nə verdi?
- Bildiyiniz kimi, orta təhsil təhsilin fundamentidir, bu fundament zəif olarsa, ali təhsil sistemi, ümumən insan kapitalı inkişaf edə bilməz. Bu yaxınlarda 9-cu siniflərin imtahanları oldu. İmtahan nəticələri narahatlıq üçün ciddi əsas verir. Bu nəticələr uzun bir prosesin indikatorudur. Yəni kurikulum sisteminin tətbiqində istənilən nəticələri əldə edə bilməmişik. Burada müəyyən boşluqlar mövcuddur. Artıq kurikulum sistemi ilə təhsil alan şagirdlər 2019-cu ildə universitetlərə qəbul imtahanları verəcəklər. Çox az vaxt qalıb imtahanlara. Valideynləri, şagirdləri və məktəbi narahat edən məsələ budur: məktəbin verdiyi biliklərlə şagirdlər imtahanlarda yüksək nəticə əldə edə biləcəklərmi, yoxsa yenə repetitor yanına getməyə ehtiyac var?
Bilirsinizmi, repetitorların əksəriyyəti uzun illərdir bu işlə məşğuldurlar və onların əksəriyyəti ənənə üzrə köhnə standartlarla işləyirlər. Köhnə standartlar və proqramlar fənyönümlü, elmyönümlüdür. Yeni kurikulum isə şəxsiyyətyönümlüdür. Repetitorların əksəriyyəti yeni kurikuluma yaxşı bələd deyillər. Digər tərəfdən, qəbul imtahanlarına düşəcək tapşırıqların formatı da müəllimlərə hələ tam aydın deyil. Burada müəyyən problemlər yarana bilər. 2019-cu ildə qəbul imtahanlarında abituriyentlərin nəticələri əvvəlki illərlə müqayisədə xeyli zəif ola bilər. Əgər əvvəlki illərdə qəbul imtahanlarından sonra universitetlərdə 5000-6000 boş yer qalırdısa, 2019-cu ildə ola bilsin ki, yeni sistemlə imtahan zamanı yerlərin 50%-i boş qalsın. Bu mənada kurikulum milli təhsil konsepsiyası kimi təhsilin məzmununu müəyyən edən əsas sənəd kimi uğurlu olmadı.
- Yeni kurikulumla təhsil almış şagirdlərin universitet təhsili nə dərəcədə “rahat” olacaq, onlar ali məktəbdə “özlərini necə hiss edəcəklər”?
- Tələbə adını qazanan şanslı abituriyentlər universitetlərdə əvvəlki illərin tələbələrinin öyrəndikləri təhsil standartları ilə təlim keçəcəklər. Bu ali məktəb standartları əsasən orta məktəbin fənyönümlü, elmyönümlü təhsil standartları üzərində qurulub. Orta məktəbi bitirən şagirdlər qeyd etdiyimiz kimi şəxsiyyətyönümlü proqramlarla təhsil almışlar, ali məktəb proqramları isə fənyönümlüdür, yəni köhnə məzmuna əsaslanır. Bu vəziyyət yeni kurikulumla oxuyan tələbələr üçün, təbii ki, çətinlik yaradacaqdır. Bu halda orta məktəblə ali məktəb arasında varislik itə bilər. Universitetlərdə bu varisliyi təmin etmək üçün yeni məktəb proqramlarına əsaslanan, onun məntiqi davamı olan məzmun islahatı aparılmalıdır. Düzdür əvvəllər də bu iki təhsil pilləsi arasında müəyyən boşluq olub, lakin boşluq zəif hiss edilib, universitetlər bu boşluğu doldurmağa çalışıblar. Amma indi bu boşluq vakuum halında, daha böyük həcmdə ola bilər.
Bu gün universitet proqramları şəxsiyyətyönümlü deyillər, bu amil yeni nəsil tələbələr (yeni kurikulum əsasında təhsil alan) üçün təlimdə çətinlik yarada bilər. Məsələn, bir çox mövzular var ki, məktəbdə öyrədilməyib, amma universitet proqramları nəzərdə tutur ki, tələbələr bu biliklərə sahibdirlər. Nəticədə tələbələr ali məktəbdə müəyyən fənləri mənimsəyə bilməyəcək, sessiya imtahanlarında kütləvi kəsiləcəklər, kredit borcları artacaq. Nəticədə tələbələr vaxtında dövlət imtahanında iştirak edə bilməyəcək və diplomlarını xeyli gec alacaqlar, tələbələrdə narazılıq yaranacaq. Bu mənada, görünür ki, yeni kurikulumla təhsil almış şagirdlər tələbə kimi universitetlərdə hələ bir neçə il “özlərini narahat hiss edəcəklər”.
Çox ehtimal ki, gələcəkdə universitetlər təhsil standartlarını şəxsiyyətyönümlü məzmuna gətirməli olacaqlar. Bu halda universitetlər köhnə standartları tətbiq etməklə paralel, yeni təhsil standartları üzərində işləməli, onu sınaqdan çıxarmalı, sonda yeni standartlara keçməlidirlər. Bu keçid bir neçə il çəkə bilər. Yəni, öyrətmə və yeni standartların yaradılması, təkmilləşməsi, dəyişilmə və sınaq proseslərinin eyni zamanda aparılması ehtiyacı yarana bilər, bu da ki, çox çətinliklər yaradacaq.
- Biz dünyanın qabaqcıl təhsil sistemindən faydalanıb, Azərbaycanın özünəməxsus təhsil sistemini formalaşdırsaq doğru, olmazmı?
- Bilirsiniz, biz qloballaşma dövründə yaşayırıq, əmək bazarı, peşə standartları, keyfiyyət standartları, elm, təhsil, texnika, texnologiya, bir sözlə artıq hər bir xidmət, məhsul qlobal xarakter daşıyır, bu tələbləri nəzərə almadan milli xarakterli nə isə yaratmaq çətindir (bəlkə də mənasızdır). İstənilən fəaliyyət sahəsində əvvəlcə bu standartları tam mənimsəyib, 100% səviyyəsində tətbiq edə biləriksə, deməli qlobal səviyyədə işləməyə qadirik. Yalnız bundan sonra bu nailiyyətlərin əsasında daha mükəmməl, bütün dünyanın diqqətini cəlb edə bilən, nə isə innovasion və milli xarakterli bir iş etmək olar. Əks halda dünya standartından zəif, diqqəti cəlb etməyən bir iş olar bunun nəticəsi. Məsələn, musiqi sahəsində Ü.Hacıbəyov, F.Əmirov və ya V. Mustafazadə milli nə isə yaratmaq üçün əvvəl dünya təcrübəsini yaxşı öyrənmiş, sonda milli ilə bəşərini əlaqələndirmiş, bu əsasda milli kökə əsaslanan əsərlər yarada bilmiş və dünya musiqi tarixində iz qoymuşlar. Eyni ilə də digər sahələrdə tanınmış soydaşlarımız, qlobal səviyyədən baxıb dəyərli milli irs yarada bilmişlər. Necə deyərlər, qlobal düşünüb, lokal hərəkət etmək lazımdır. Təhsil sistemi də belədir.
Aşağı səviyyə və az investisiya ilə özünəməxsus, orijinal nə isə yaratmaq mümkün deyil. Buna bəlkə də onilliklər lazımdır, hər halda son 25 ildə bunu edə bilmədik, əksinə elm və təhsildə olanların da müəyyən qismini, təəssüf ki, itirdik. Məsələn, kurikulum sistemini və ya Boloniya prosesini 10 ildir tətbiq edirik, amma hələ də qlobal tələblərdən çox uzağıq, mükəmməli yaratmaq istəyi ilə yaxşını pislə əvəzlədik. Qlobal tələblər səviyyəsinə çatdıqdan (və ya yaxınlaşdıqdan), onların təcrübəsini öyrəndikdən sonra milli, özünə məxsus təhsil sistemi qura bilərik. Əks halda yaratdığımız perspektivsiz təhsil sistemi olar, dünya təhsil məkanına inteqrasiya etməyəcək. Yaxın gələcəkdə (təxminən 10 ildə) biz təhsil sahəsində qlobal tələbləri heç olmasa, 70% səviyyəsində icra etməyə çalışmalıyıq, dünyanın TOP-1000 universitetləri sırasında 2-3 universitetlə təmsil olunmalıyıq. Sonrakı mərhələdə isə tədricən əldə etdiyimiz nailiyyətləri təkmilləşdirərək, inkişaf etdirərək, daha çox investisiya yatıraraq dünya standartlarına daha yaxın ola bilərik. Büdcəsi milyardlarla dollar olan universitetlə büdcəsi 10 milyon $ olan milli universitetlərimiz və ya maaşı 10000$ olan alimlə maaşı 300-400$ olan alimimiz eyni nəticə verə bilərdimi (TOP-100 universitetdə işləyən tanınmış professorları bizim universitetlərə dəvət edib 400$ maaşla işlətsək, nə qədər məhsuldar olardılar görəsən?) Təəssüf ki, AMEA-nın da büdcəsi bu gün müasir elmi tədqiqatlar aparmaqdan çox uzaqdır. Bu mənada təhsil və elm sahəsində hələ görüləsi işlərimiz çoxdur. Bəzən mütəxəssislər gileylənirlər ki, bizdə elmə qoyulan vəsait geri qayıtmır. Əgər ağaca gündə 5 litr su verilməli ikən 1 litr su verilərsə, bu ağac bar verərmi, xüsusən də əgər bu ağac 25 il belə suvarılıbsa?
Ölkə Prezidenti, cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqımız istedadlı xalqdır, inanırıq ki, elm-təhsil sahəsində də ölkəmiz inkişaf edərək dünya səviyyəsinə yaxınlaşacaq, elm və təhsil sahəsində çoxsaylı innovasiyalarla qlobal səviyyədə nailiyyətlərə imza atacaqdır.
Düşünürəm ki, “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusuna həsr olunmuş Ümumdünya Sərgisinin (“Expo-2025”) Azərbaycanda keçirilməsi təşəbbüsü öz müsbət həllini taparsa, bu tədbirə həm hazırlıq mərhələsində, həm də sərgidən sonra (əldə edilən təcrübə və məlumatlar, yeni əməkdaşlıq əlaqələrinin yaradılması) ölkəmizdə elmin, təhsilin və insan kapitalının inkişafına yeni təkan verə bilər. Buna ölkəmizin ehtiyacı var, çünki qeyri-neft sektorunun inkişafı insan kapitalının səviyyəsindən çox asılıdır.
“Təhsil”
Tarix: 30-04-2018, 11:20