Təhsil keyfiyyətinin idarə olunmasında yeni qiymətləndirmə mexanizmlərinin əhəmiyyəti
Minarə Paşayeva,
Şirvan şəhəri 13 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Ölkəmiz üçün müasir düşüncəli və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında ən kütləvi təhsil sahəsi olan ümumi təhsil xüsusi əhəmiyyətə malikdir. Ona görə də ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi mühüm vəzifə hesab olunmuşdur.
Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.
Digər tərəfdən Təhsil Nazirliyinin əmri ilə 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilmişdir.
Təhsilin keyfiyyəti. Təhsilin keyfiyyəti tədris prosesində əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş standartlara nisbəti ilə müəyyən olunur. Təlim nəticələrinin obyektiv qiymətləndirilməsi keyfiyyəti üzərə çıxaran əsas etibarlı mənbədir.
Təhsildə keyfiyyətin müəyyən edilməsi şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi ilə şərtlənir.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində təhsilin keyfiyyət səviyyəsi belə müəyyən edilir:
9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.
“Qanun”un 42-ci maddəsində isə keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi mexanizmi də müəyyənləşdirilmişdir.
Təhsilin keyfiyyəti və onun idarə olunması bu günün ən aktual problemidir ki, bunun da əsasını şagirdin təlim nəticələri təşkil edir. Belə ki, şagirdin təlim nəticələri təhsil sahəsində baş verən bütün fəaliyyətlərin nəticəsi kimi ortaya çıxdığından şagirdin təlim nəticələrindən çıxış edərək müəllimin tədris fəaliyyəti, təhsil müəssisələrinin, təhsili idarəetmə strukturunun və bütövlükdə ölkənin təhsil sisteminin fəaliyyətini də qiymətləndirmək mümkündür.
Təhsil keyfiyyətinin idarə olunmasının səmərəli təşkili mexanizmləri. Təhsildə keyfiyyətin idarə olunması qiymətləndirmə və monitorinqlərlə həyata keçirilir.
Qiymətləndirmə ölçülən parametrin qiymətinin, obyektin və ya sistemin halının qəbul olunmuş standarta nisbətdə müəyyən olunmasıdır. Bu prosedur ölçmə nəticəsinin standarta yaxınlıq dərəcəsini kəmiyyət göstəricisinə çevirməyə imkan verən qiymətləndirmə şkalasının olmasını tələb edir. Şagirdin hər hansı fəndən müəyyən mövzu, bölmə və ya tam kurs üzrə bilik və bacarıqlarının nailiyyət səviyyəsi onun göstərdiyi təlim nəticələrinin uyğun qiymətləndirmə standartları ilə müqayisə olunması ilə müəyyənləşdirilir.
Fasiləsiz aparılan qiymətləndirmələr isə müəyyən dövr ərzində parametrin qiymətinin və vəziyyətinin dəyişmə dinamikasını müəyyən edən proses isə monitorinq adlanır.
Monitorinqlər faktiki vəziyyətin müntəzəm şəkildə qiymətləndirilməsi nəticəsində alınan informasiyanın toplanması və təhlil edilməsi yolu ilə həyata keçirilir.
Təhsildə keyfiyyətin idarə edilməsini məktəblərdə aşağıdakı mərhələlərə bölmək olar:
Müəllim məktəb rəhbərliyi təhsil şöbəsi Təhsil Nazirliyi
Təhsil keyfiyyətinin əsas göstəricisi olan şagirdlərin təlim nəticələri şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə reallaşır. Şagird nailiyyətlərinin qiymətləndirilməsi isə, ilk növbədə, fənn müəllimi tərəfindən həyata keçirilir. Dərs prosesini idarə edən müəllim həm də keyfiyyətli təhsilin idarəedicisidir. Bunu nəzərə alaraq, tədris etdiyim fənn üzrə keyfiyyət göstəricilərini daim artırmağı ən vacib məsələ hesab edirəm.
Yeni qiymətləndirmə sistemi və onun məktəb mərhələsi-məktəbdaxili qiymətləndirmə və onun fomalarından səmərəli və məqsədyönlü istifadə təhsil keyfiyyətinin müəllim səviyyəsində idarə olunmasında mühüm rol oynayır.
Təhsil keyfiyyətinin idarə edilməsi, ilk növbədə, tədris prosesində təhsilverən kimi fəaliyyət göstərən müəllimin əsas funksiyasıdır. Müasir təhsil sistemində müəllim daha çox idarəçidir, prosesin yönəldicisidir. Onun qarşısında qoyulmuş əsas tələb hər bir dərsə uyğun standartları reallaşdırmaqla müəyyənləşdirilmiş məqsədləri həyata keçirib təlim nəticələrinə nail olmaqdır. Nəticələrin isə standartlara uyğunluq dərəcəsi təhsilin keyfiyyət göstəricisidir.
Təhsil keyfiyyətinin idarə olunmasında yeni qiymətləndirmə mexanizmlərinin rolu. Təhsilin keyfiyyət göstəricisi üzrə qiymətləndirilməsi müəllimin fəaliyyətində üç mərhələdən keçir:
I. ilkin (diaqnostik qiymətləndirmə)
II. cari (formativ qiymətləndirmə) və
III. yekun (summativ qiymətləndirmə)
Təcrübə göstərir ki, məktəbdaxili qiymətləndirmənin ilkin və cari mərhələləri qeyri-rəsmi xarakter daşısa da müəllimin bu mərhələlərə ciddi və yaradıcı yanaşması son yekun mərhələnin keyfiyyət göstəricisində mühüm amildir.
Bu faktı nəzərə alaraq həm dərs ilinin əvvəlində, həm də yeni təlim materiallarının tədrisi öncəsi də ilkin diaqnostik qiymətləndirmədən istifadə edirəm. Diaqnostik qiymətləndirmə təhsil keyfiyyətinin idarə olunmasında mühüm əhəmiyyətə malikdir. Bu qiymətləndirmə növü təhsil keyfiyyətinin ilkin parametrlərini düzgün müəyyənləşdirməyə kömək edir, sonrakı mərhələ üçün baza rolu oynayır. Bu qiymətləndirmə növünü həm yazılı, həm şifahi aparmaq olar. Bu mərhələnin əhəmiyyəti ondadır ki, sonrakı mərhələdə tədris olunacaq mövzular üçün bilik, bacarıq həcmi müəyyənləşir, əldə olunacaq səriştələrin məzmun və mahiyyəti dəqiqləşdirilir.
Cari-formativ qiymətləndirmə yeni biliklərin əldə edilməsinə, bacarıqların formalaşdırılmasına və yeni səriştələrə nail olmağa hesablandığı üçün daha geniş spektrə malikdir. Bu qiymətləndirmə növü dərs prosesinin əsas mərhələlərini əhatə etdiyi üçün daha mühüm əhəmiyyət kəsb edir, sinifdə təhsil keyfiyyətini daha optimal şəkildə dəyərləndirməyə imkan yaradır; müəllim bir dərsdə müxtəlif iş formaları və üsullarından istifadə etməklə konkret mövzu ilə şagirdlərin təlim nəticələrini obyektiv qiymətləndirə bilir. Təcrübədə müəyyənləşdirmişəm ki, formativ qiymətləndirmənin tətbiqi zamanı qiymətləndirmə vasitələrinin rəngarəngliyi, qiymətləndirmə meyarlarının dəqiqliyi və zənginliyi keyfiyyətin idarə olunmasının mühüm stimuluna çevrilir.
Cari qiymətləndirmədə şagirdin özünə dəyər verməs də vacib amildir. Ona görə dərsin müəyyən mərhələlərində özünüqiymətləndirmədən də istifadə edirəm.
Esse yazıların aparılması zamanı qarşılıqlı qiymətləndirməyə də üstünlük verirəm.
Düşünürəm ki, şagirdin özünəqiyməti və qarşılıqlı qiymətləndirmə təhsil keyfiyyətinin dinamikasına əhəmiyyətli dərəcədə təsir edə bilir. Şagirdin özünə tənqidi yanaşması, yoldaşlarına dəyər verə bilməsi də təhsil keyfiyyətinin yüksəlməsində əhəmiyyətli rola malik ola bilər.
Müəllimin təhsil keyfiyyətinin idarəedicisi kimi son nailiyyəti tədris vahidləri üzrə kiçik summativ qiymətləndirmə, yarımilliklərin nəticələrinə görə böyük summativ qiymətləndirmədir. Summativ qiymətləndirilmələr əvvəlki qiymətləndirmə növlərindən fərqli olaraq rəsmi qiymətləndirmədir və hesabatlılığı təmin edir. Bu qiymətləndirmə növündən istifadə edərkən çoxvariantlılığa, məntiqi düşüncəyə əsaslanan tapşırıqlara xüsusi önəm verirəm.
Bütün bunlar müasir qiymətləndirmə üçün əsas amil olan obyektivliyi, şəffaflığı, şagirdin özünü ifadə bacarığını təmin edir.
Böyük summativ qiymətləndirmə təhsil keyfiyyətinin idarəedilməsinin müəllim mərhələsindən məktəb rəhbərliyi mərhələsinə keçidi təşkil edir, çünki BSQ-lər məktəb rəhbərliyi tərəfindən hazırlanır və onların rəhbərliyi ilə keçirilir.
Təhsil keyfiyyətinin idarə olunmasında yeni qiymətləndirmə mexanizmlərinin əhəmiyyəti. Beləliklə, Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyasında deyildiyi kimi, yeni qiymətləndirmə sistemi aşağıdakıları təmin edir:
təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini; təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı məlumat verilməsini; qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılmasını; təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyasını; qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsini.
Nəticə olaraq, təhsil keyfiyyətinin idarə olunmasında yeni qiymətləndirmə mexanizmlərinin əhəmiyyətini belə qruplaşdırmaq olar:
* Dəqiq qiymətləndirmə standartlarının mövcudluğu;
* Üsu və vasitələrin zənginliyi, qiymətləndirmə meyarlarının dəqiqliyi;
* Nailiyyətlərin qiymətləndirilməsində nəticələrin obyektiv əsaslandırılması;
* Qiymətləndirmədə şəffaflığın təmini, erqonomik göstəricilərin mövcudluğu;
* Nəticələrin təhlilə cəlb edilə bilməsi, hesabatlılığın təmini.
Tarix: 2-04-2018, 11:08