Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Rəşid bəy Əfəndizadənin 1898-ci ildə İstanbulda Azərbaycan dilində nəşr olunmuş «Uşaq bağçası» adlı ilk dərsliyi haqqında qeydlər

 
Nazim Nəsrəddinov,
əməkdar müəllim, türkoloq

Azərbaycanın görkəmli maarifçilərindən biri Rəşid bəy Əfəndizadə (1863-1942) maraqlı həyat yolu keçmişdir. R.Əfəndizadə 1863-cü ildə Şəkidə anadan olub, ilk təhsilini də bu şəhərdə alıb. 1879-cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda bu yeni təhsil ocağının ilk tələbələrindən biri də R.Əfəndizadə olub.
O, 1882-ci ildə seminariyanı bitirərək, Qutqaşendə (indiki Qəbələ-N.N. ) kənd məktəbinə müdir təyin olunub, 1890-cı ilin əvvəllərində Xaçmaz (indiki Oğuz rayonundadır- N.N.) kənd məktəbinə müəllim işləməyə göndərilib. 1892-ci ilin sonlarında R.Əfəndiyev Tiflisə gəlib, dekabrın 27-də Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib köməkçisi vəzifəsinə təyin olunub. Onun əyalət müəllimliyindən Zaqafqaziyanın baş şəhərinə işləməyə dəvət edilməsi təsadüfi deyildi. Zaqafqa­ziya Müəllimlər Seminariyasında Rəşid bəyə şəriətdən və Azərbaycan dilindən dərs deyən Hüseyn Əfəndi Qayıbov 8 il idi ki, Əhli-Təsənni İdarəsinin müftisi vəzifəsində işləyirdi. Hüseyn Əfəndi seminariyada Rəşid bəyə xüsusi diqqət yetirir, onun hərtərəfli təhsil almasına çalışırdı. Rəşid bəyin yaxşı xətti var idi, o, bədii yaradıcılıqla da məşğul olurdu. “Ziyayi-Qafqasiyyə” qəzetində dərc olunmuş bir yazıdan öyrənirik ki, Hüseyn Əfəndi seminariyanın son kursunda oxuyan şagirdlərindən birinin doğma şəhəri Şəkiyə həsr etdiyi şeirini çap olunmaqdan ötrü redaksiyaya göndərmişdi (“Ziyayi-Qafqasiyyə” qəzeti, N7,1882-ci il). Qəzetin idarə heyəti (o vaxtlar qəzetin redaktoru Cəlal Ünsizadə, naşiri isə Səid Ünsizadə idi-N.N.) seminariya tələbəsinin şeirini o vaxtın yeganə anadilli mətbu orqanında çap etməsə də, gənc yazarı naümid qoymamış, gələcəkdə məxsusi bir məcmuədə ona yer ayıracağına söz vermişdi. Təəssüf ki, XIX əsrdə Tiflisdə geniş naşirlik fəaliy­yəti göstərən Səid Ünsizadənin belə bir şeir məcmuəsi nəşr edib-etmədiyini müəyyənləşdirmək mümkün deyil. Hər halda, 1882-ci ildə seminariyanı müvəffəqiyyətlə bitirən şəkili Rəşid bəy Əfəndizadənin bədii yaradıcılığında Nüseyn Əfəndi Qayıbovun rolu yaddan çıxmamalıdır.
Rəşid bəy Əfəndizadə (rus dilində yazılmış sənədlərdə Rəşid bəyin adı və soyadı Abdurəşid İsmayıl Əfəndi oğlu Əfəndiyev kimi yazılıb- N.N.) Azərbaycan dilində təhsil alan hər bir azərbaycanlının hələ ibtidai məktəb illərindən tanıdığı söz ustalarından biridir. «Ay havada uçan durna» misrası ilə başlanan gəraylını yaşlı nəslin adamları nostalji hisslərlə hələ də zümzümə edirlər.
R.Əfəndizadənin «Fəsillər» şeirinin bir bəndi hələ də orta məktəb dərsliklərində şifahi xalq ədəbiyyatının janrlarından birinə - mövsüm nəğmələrinə nümunə kimi təqdim olunur:

Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır.
Üçü yığır, gətirir,
Üçü vurur, dağıdır...

Əlbəttə, bu yanlışlıq Rəşid bəy Əfəndizadənin şeir dünyasına məhəbbətdən irəli gəlir.
Sənədlərdən məlum olur ki, R.Əfəndiyevdən əvvəl Əhli-Təsənni İdarəsində katib köməkçisi vəzifəsində şamaxılı Mirzə Seyfəddin Seyidov işləyirmiş. O,Tiflis Məhkəmə Palatasına tərcüməçi vəzifəsinə keçəndən sonra R.Əfəndiyev onun yerinə müvəqqəti olaraq işə götürülüb. Səriştəsi, bilik və bacarığı, yazı mədəniyyəti nəzərə alınaraq, R.Əfəndiyev bir neçə aydan sonra daimi işə keçirilib. R.Əfəndiyev bundan üç ay sonra kənd mollası və müəllimlik attestatı almaq üçün Tiflis-Kutaisi Sünni Məclisinə müraciət edir. 1893- cü il iyunun 6-da imtahan verir. Zaqafqaziya Ruhani İdarəsinin 2 iyul 1893-cü il tarixli qərarı ilə ona kənd mollası və müəllimliyi təsdiq edən 760 nömrəli attestat verilir. Məşhur müəllimlər seminariyasını bitirib, 10 ildən artıq bir müddətdə kənd məktəblərində müəllimlik edən R.Əfəndiyevin dini idarədən sənəd alması təəccüblü görünməməlidir. Bu, çox güman ki, yeni vəzifədə möhkəmlənmək, Zaqafqaziya Müəllimlik Seminariyasında işə düzəlmək, hazırladığı dərslikləri Ali Ruhani İdarəsinin xətti ilə çap etdirmək məqsədi daşıyırdı. R.Əfəndiyev Ruhani İdarəsində katib vəzifəsindən o yana yüksələ bilməyib. Yaxşı xətti, tər­cüməçilik məharəti, vəzifə borcuna vicdanlı münasibəti Rəşid bəyə baş ucalığı gətirsə də, aldığı az maaşdan bezərək, o, ailəsini yaxşı yaşatmaq üçün əlavə gəlir yolları axtarır. Özünü oda-közə atsa da, yeganə çıxış yolunu elmdə və ədəbi yaradıcılıqda görür. Bu cəhətdən R.Əfəndiyevin 1898-ci il apelin 4-də müfti H.Qayıbov həzrətlərinə yazdığı ərizə maraq doğurur.
Ərizəçi ayda 34 manat 29 qəpik əməkhaqqı aldığını, 6 nəfərlik ailəsini güclə dolandırdığını ürəkağrısı ilə bildirir və vacib maddi həyati tələbatını ödəməkdən ötrü gördüyü işlərdən söz açır:
«Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ xalq maarif sistemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını («Uşaq bağçası» dərsliyi nəzərdə tutulur-N.N.) nəşr etmək qərarına gəlmişəm. Kənd məktəblərində Azərbaycan və rus dillərini tədris edərkən 10 il ərzində müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq nəticələr qazanmışam. Gündəlikdə əsas yeri rus məxəzlərindən götürülmüş məqalələr, Puşkin, Lermontov, Krılov, Koltsov, Jukovski və başqalarının əsərləri tutur. Senzor Komitəsinin icazəsi ilə əsəri ərəb əlifbasının kolliqrafiya qaydaları ilə çap etdirməkdən ötrü Türkiyəyə- Konstantinopol (İstanbul-N.N.) şəhərinə göndərmişəm. İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən adam olmadığından tipoqrafiyanın rəhbərləri dərsliyin düzgün korrektə olunacağına zəmanət vermir. Odur ki, dərsliyi korrektə etmək üçün Konstantinopola getmək istəyirəm”. R.Əfəndiyev ərizəsinin sonunda səfərlə əlaqədar olaraq, ona iki aylıq məzuniyyət verilməsini xahiş edir. Zaqafqaziya müftisi H.Ə.Qayıbovun 18 may 1898-ci il tarixli 770 nömrəli təliqəsinə əsasən Konstantinopola getmək üçün R.Əfəndiyevə mayın 20-dən iki aylıq məzuniyyət və xarici pasport verilir. R.Əfəndiyevin ilk dərsliyi- “Uşaq bağçası” elə həmin il İslanbulun (şəhərin adı dərslikdə belə yazılıb- N.N.)
Bab-i Ali caddəsindəki 38 nömrəli ünvanda yerləşən İvanaki Panayotidis mətbəəsində çap olunmuşdur.
Kitabın üz qabığında başlıqdan sonra «Savadsız adam bir ayda oxuyur və..” sözləri yazılıb ki, bu da dərsliyin dəyərini göstərən epiqraf kimi başa düşülməlidir. Ümumi təəssürat üçün titul səhifəsinin yazılarını olduğu kimi təqdim edirik: «Müəllif və mucidi (yaradanı, vücudə gətirəni-N.N.) Rəşid bəy Əfəndizadə. On sənə müzirində kəsb olunmuş təcrübədən sonra tazə üsuli-sövti üzrə təsis olunub, təliq (ərəb yazısı növlərindən biri-N.N.) və cüls xətləri üzrə tərtib olunubdur. Qiyməti 1 manat 20 qəpikdir. Hər həqqi müəllif və naşirinə aiddir. Maarif nəzarət cəliləsinin rəzasəti ilə təb olunmuşdur. İslambul. İvanaki Panayotidis mətbəəsi, Bab-i Ali cadəsi, 38. 1316 səneyi-islamiyyə (1898 səneyi məsihiyyə)».
Yeri gəlmişkən onu da qeyd edək ki, İstanbulun Bab-i Ali caddəsində o vaxtlar onlarla mətbəə var idi. İvanaki Panayotidis mətbəəsi texniki imkanlarına görə di­gərlərindən əsaslı şəkildə fərqlənirdi.
Mətbəənin ən məşhur nəşrlərindən biri 1897-ci ildə burada çap edilmiş “Kamus-I Rumi-Rumcadan Türkçeye Luğat”dir. İki cildlik bu lüğətin tərtibçisi-yazanı mətbəə sahibinin özüdür. Nəfis tərtibatlı bu qamus 2054 səhifədir. Dünya lüğətçilik tarixinin nadir kitablarından biridir.
Tarixilik xatirinə qeyd etmək istəyirik ki, «Uşaq bağçası»nın çapına 1896- cı il fevralın 29-da Qafqaz Senzor Komitəsi tərəfindən icazə verilsə də, dərsliyin nəşri iki ildən çox ləngimişdir. Kitabın çapındakı bu ləngimələr nəşriyyat problemləri ilə bağlı olub. Belə ki, bu illərdə Tiflisdə -Zaqafqaziyanın baş şəhərində Azərbaycan dilində mətbəələr, demək olar ki, öz fəaliy­yətini dayandırmalı olmuşdu. 1878-ci ildə yaradılmış “Ziya” mətbəəsi Səid Ünsizadənin İstanbula müraciətindən bir az sonra bağlanmışdı. Bu mətbəənin bazası əsasında yaradılan «Kəşkül» mətbəəsi də 1891-ci ildə «Kəşkül» qəzeti bağlanandan sonra öz fəaliyyətini dayandırmışdı.
Haqqında söz açılan hər iki mətbəə Azərbaycan dilində kitab çapını xeyli ləngitmişdir. Ünsizadə qardaşlarının 1878-1891-ci illərdə Tiflisdəki coşqun nəşriyyatçılıq fəaliyyətinin əngəllənməsi Zaqafqaziyadan kənardakı türkdilli ədəbiyyatın da inkişafına öz mənfi təsirini gös­tərmişdir.
Unutmaq lazım deyil ki, türk dünyasının böyük yazarlarından, Səid Ünsizadənin əqidə və məslək dostlarından biri İsmayıl bəy Qasprinski türkdilli jurnalistik fəaliy­yətinə 1879-cu ildə «Ziya» qəzetindən başlamışdır.
İ.Qasprinskinin «Tərcü­man»­dan əvvəlki bir sıra kiçik həcmli jurnalları» Tuncuq», « Şəfəq», «Qəmər» Ünsizadə qardaşlarının mətbəəsində çap olunmuşdur.
İ.Qasprinski 1881-ci ildə Tiflisdə «Ziya» mətbəəsində çap etdirdiyi «Tuncuq» jurnalının «Ön söz»ündə bu xidmət­ləri çox yüksək də­yərləndirmişdir.
«Uşaq bağçası»nın həcmi 137 səhifədir. Əsər giriş və 3 fəqərədən-hissədən ibarətdir. Dərslik «Müəllim Rəşid bəy Əfəndizadə» imzalı 7 səhifəlik müqəddimə ilə başlayır. Birinci hissənin materialları 25 səhifədə yerləşdirilib. İkinci hissə yenidən nömrələnib (səh.1-78). Üçüncü hissə­nin materialları 79-cu sə­hifədən başlayır, 105-ci səhifə­də tamamlanır. Sonuncu-nöm­rəsiz səhifədə Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun və şeyxülislam Axund Əbdüssəlam Axundzadənin hərəsinin ayrı-ayrılıqda bir cümləlik müs­bət rəyi-icazəsi çap olunub:
“Həmin kitabçanı Zaqafqazın cəmi sünniməzhəb müsəlmanlarının məktəblərində ümxaz (istifadə-N.N.) olunmağa nafe (faydalı-N.N.) hesab edüb imza edirəm.
Zaqafqaz müftisi Hüseyn Əfəndi Qayıbov»
“Həmin kitabçanı cəmi şiəməzhəb müsəlmanlarının ibtidai məkatibində şagirdlərin istifadəsi üçün təlim kitabı əxz (əldə etmə, alma-N.N.) olunmağa mənfəətli hesab edirəm.
Zaqafqaz şeyxülislamı Axund Əbdüssəlam Axundzadə”.
Dərsliyin birinci hissəsi dilin fonetik və leksik materiallarının tədqiqinə həsr olunub. Buradakı nəzəri materialların izahında yeri düşdükcə atalar sözü və məsəllərdən istifadə olunub. Dərsliyin ikinci və üçüncü hissələrinin materialları müntəxəbat xarakterlidir. Burada rus və dünya ədəbiy­yatından tərcümə və iqtibas edilmiş təmsil, hekayə, zərifə və s. janrlarda olan nəzm və nəsr nümunələri məktəbyaşlı uşaqların mənəvi dünyasını zənginləşdirən, onların mütaliə mədəniyyətinə yönələn dəyərli materiallar kimi diqqəti cəlb edir:

Məktən vəqtidir, əzizim, dur ayağa, ey oğul,
Gün çıxıb, pəncərədən
düşdü otağa, ey oğul.

Çox zamandır ki, xoruslar
oyadıblar xəlqi,
Paltarın əgninə gey, çəkmən
ayağa ey oğul.

Quş ola, heyvan ola,
insan ola məzmumdur (məzəmmət olunmuşdur-N.N.)
Kəsbdən qeyri qədəm
qoyma qırağa, ey oğul.

Yük çəkir hər cücü öz
ruzqini, hər arı özün
Vuracaq baldan ötü daşa,
batdağa, ey oğul.

Kəsbdir gərçi dutur torçu
balıq dəryadan,
Kənçinin meyli olur
bostana, bağa, ey oğul.

Fikr eylə, imdi, oğul: elm,
sənət kəsbdir,
Sən də get məktəbə, elmə,
dur ayağa ey oğul.

Bu şeir K.D.Uşinskinin Ana dili dərsliyindəndir. Müəllifi K.D.Uşinskinin yaxın dostu, görkəmli pedaqoq, Zaqafqaziyanın təhsil tarixində əhəmiyyətli rol oynayan N.Modzalevskidir. Modzalevskinin dərsliklərdə dəfələrlə yer tutan bu şeirini H.Qaracadaği də, R.Əfəndizadə də, M.Ə.Sabir də tər­cümə etmişlər. Tərcümələr o qədər maraqlı alınmışdır ki, onların orijinal olub-olmamasını müəyyənləşdirmək, bir neçə tədqiqatdan başqa, demək olar ki, heç kəsin yadına düşməmişdir.
Rəşid bəy Əfəndizadənin ikinci dərsliyi “Bəsirətül-ətfal”dır. Onun ilk variantı 1901-ci il sentyabrın 12-də Bakıda nəşr olunmuşdur, müəllif 1907-ci ildə bu dərsliyi müsəvvər (şəkilli-N.N.) İstanbulda Bab-i Ali caddəsindəki 72 nömrəli binada yerləşən Mahmud bəy mətbəəsində nəşr etdirmişdir. Dərslikdəki illüstrasiyalar məşhur rus rəssamı Vladimir Amosoviç Taburinindir.
R.Əfəndizadənin İstanbulda nəşr olunan “Bəsirətül-ətfal”ı Bakıda nəşr olunan “Bəsirətül-ətfal”dan həcmcə xeyli kiçikdir. Cəmi 128 səhifədir.
Dərslikdə klassik Azərbaycan ədəbiyyatından, “Kəlilə və Dimnə”dən, şifahi xalq ədəbiyyatından tərcümə seçilmiş materialların çoxu dərslik müəllifinin yüksək tərbiyəvi əhəmiyyəti olan şərhləri ilə müşayiət olunub.
“Uşaq bağçası, eləcə də “Bəsirətül-ətfal“ dərsliklərindəki materialların əksəriy­yə­tindən müasir dərsliklərinin yeni nəşrlərində səmərəli şəkildə istifadə etmək olar.
   


Tarix: 6-02-2018, 12:49

Xəbəri paylaş