Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Cəbhəyanı Dneprdə Azərbaycan dili məktəbi fəaliyyətini davam etdirir




Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə azərbaycanlıların yaşadıqları bütün ölkələrdə Azərbaycan dili məktəblərinin fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı Azərbaycan dilinin qorunmasının, eləcə də xaricdə yaşayan soydaşlarımızın ana dilini mükəmməl bilməsinin milli kimliyin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Dörd ilə yaxındır müharibə şəraitində olan Ukraynanın cəbhəyanı bölgələrindən sayılan Dnepr şəhərində həftəsonu Azərbaycan dili məktəbi fəaliyyətini davam etdirir. Bu məktəb artıq 19 ilə yaxındır ki, Ukraynada doğulub böyüyən azərbaycanlı uşaqlara Azərbaycan dili, tarixi və ədəbiyyatını tədris edir.
Həftəsonu Azərbaycan dili məktəbinin müəllimi Yaqut Bəşirova AZƏRTAC-a açıqlamasında bildirib ki, “Dnepropetrovsk Azərbaycanlıları Liqası”nın təşəbbüsü ilə yaradılmış Azərbaycan Milli Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən məktəbdə artıq 10 ildir Azərbaycan dili, tarixi və ədəbiyyatı tədris olunur. Onun sözlərinə görə, əsas məqsəd Ukraynada doğulub böyüyən soydaşlarımıza ana dilini və milli-mənəvi dəyərlərimizi aşılamaqdır. Məktəbdə təhsil alan şagirdlər vətənpərvər və savadlı gənclərdir.
“Son dörd ildə müharibə şəraitinə baxmayaraq, təhlükəsizlik qaydalarına ciddi əməl etməklə dərslərimizi oflayn rejimdə davam etdiririk. Məqsədimiz Azərbaycan dilini, adət-ənənələrimizi qoruyub saxlamaqdır. Birinci sinifdən on birinci sinfə qədər şagirdlərimizə Azərbaycan dili və tarixi tədris olunur”, - deyə Yaqut Bəşirova əlavə edib.
O qeyd edib ki, Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılarla bağlı mövqeyi strateji və milli xarakter daşıyır. Bu yanaşma diaspor təşkilatlarının Azərbaycan dilinin nəsildən-nəslə ötürülməsini planlı və məqsədyönlü şəkildə həyata keçirməsinə mühüm töhfə verəcək.
“Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan dilini qorumaq hər birimizin borcudur. Bu çağırış milli kimliyin və dövlətçilik ideyasının gələcək nəsillərə ötürülməsi anlamını daşıyır. Dilin qorunması hər bir vətəndaşın sosial və mədəni məsuliyyətidir”, - deyə Yaqut Bəşirova vurğulayıb.


Tarix: Dünən, 14:41

Xəbəri paylaş