Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Preziden İlham Əliyevin qəbul etdiyi müdrük qərarlar sağlam gələcəyimizin təminatıdır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi genişmiqyaslı müsahibəsində ölkəmizin son dönəm keçdiyi tarixi yolu və qarşıda duran yeni hədəfləri dərindən analiz etdi. Bu müsahibə təkcə bir siyasi hesabat deyil, həm də Azərbaycanın sülh, quruculuq və qlobal nüfuz dövrünə qədəm qoymasının rəsmi bəyanatı idi. Bir pediatr alim və həkim kimi bu çıxışı izləyərkən, dövlət başçısının hər bir cümləsində sağlam gələcək paradiqmasının nə qədər dərindən işlənildiyini görməmək mümkün deyil.

Prezident İlham Əliyev müsahibəsində ən mühüm məqam kimi 2025-ci ili tarixi il adlandıraraq, Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulduğunu vurğulayıb: “Artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır… Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq.”

Qeyd edim ki, müharibənin rəsmən bitməsi və sülh şəraitində yaşamaq prosesinin başlaması millətin psixoloji sağlamlığı üçün ən böyük müalicəvi faktordur. Uzun illərdir müharibə uşaqları sindromu ilə böyüyən nəsillərin yerini, artıq Zəfər ruhunda yetişən yeni bir nəsil tutur. Dövlətimizin başçısının qətiyyətli sülh siyasəti bu günümüz və gələcəyimiz üçün təhlükəsiz mühit təmin edir.

Dövlətimizin başçısı müsahibəsində səhiyyə turizmi baxımından da ölkəmizin böyük perspektivləri olduğunu deyib: “Biz biznes turizmi və potensial qaydada sağlamlıq turizmi haqqında düşünə bilərik. Hazırda onun üzərində çalışırıq. Bəlkə də bir şey söyləmək vaxtından əvvəl olardı. Lakin istirahət məqsədilə turizm artıq mövcuddur: Naftalan, Qalaaltı və ya Duzdağ və bir çox digər yerlər var. Lakin səhiyyə turizminə də nail olmaq mümkündür. Planlar çoxdur. Ümid edirik ki, onların hamısı həyata keçiriləcək”.

Cənab Prezident İlham Əliyev iqtisadi tərəqqinin bilavasitə vətəndaşların sosial rifahına yönəldiyini xüsusi vurğulayaraq, son illərdəki genişmiqyaslı infrastruktur layihələrini dövlət siyasətinin prioritet istiqaməti kimi xarakterizə edib. Dövlətimizin başçısı qeyd edib ki, iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə ayrılan diqqət və qayğı daha da artacaqdır. Bunun bariz nümunəsi kimi son 20 ildə ölkəmizdə 3600 məktəb və yüzlərlə səhiyyə ocağının inşası və əsaslı təmirini göstərmək olar ki, məhz bu güclü tibbi infrastruktur pandemiya dövründə milli mübarizə qabiliyyətimizin əsasını təşkil etdi.

Prezident İlham Əliyevin Çinlə əməkdaşlıq çərçivəsində "yaşıl nəqliyyat"ın inkişafı və bərpaolunan enerji mənbələrinə investisiya qoyuluşu barədə fikirləri birbaşa profilaktik  təbabətlə səsləşir. Müasir pediatriyada müsbət ekoloji amillər uşaq ölümlərinin və xroniki xəstəliklərin azalmasında mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının şəhərlərimizdə yaşıl zonaların yaradılması qərarı, əslində gələcək nəsillərin təmiz hava və sağlam ekosistem hüququnu bərpa etməkdir.

Müsahibədə ABŞ və Çin kimi dünya nəhəngləri ilə imzalanan strateji sənədlər, həmçinin Azərbaycanın regional İT və süni zəka qovşağına çevrilməsi hədəfi xüsusi yer tutur. Bir alim olaraq vurğulamalıyam ki, dövlət başçısının süni zəka və yüksək texnologiyalarla bağlı uzaqgörənliyi səhiyyəmizin də gələcəyini müəyyən edir. Məlumat mərkəzlərinin yaradılması səhiyyə sahəsində klinik və elmi tədqiqatların inkişafına birbaşa təkan verəcəkdir. Bu qərarlar uşaq xəstəliklərinin erkən diaqnostikasında ən müasir dünya standartlarının ölkəmizə gəlməsi üçün yaşıl işıqdır.

Dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatının hərbi və strateji birliyi barədə təklifləri, sadəcə siyasi bir addım deyil, həm də milli identikliyimizin və genofondumuzun qorunması baxımından tarixi zərurətdir. Çünki sarsılmaz hərbi-strateji vəhdət bir xalqın öz genetik yaddaşını, dilini və mədəniyyətini kənar müdaxilələrdən qoruyur, gələcək nəsillərə ötürməsi üçün təhlükəsizlik zəmanəti və mənəvi-siyasi iradə formalaşdırır.

Prezident İlham Əliyevin başçılığı ilə dövlətimizin yeni dövrdə xarici siyasətinin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsidir. Odur ki, dövlətimizin başçısının "Bizim ailəmiz Türk dünyasıdır" mesajı həm bu gün, həm də gələcəkdə nəsillərin öz köklərinə bağlı, milli-mənəvi dəyərlər əsasında sağlam ruhda yetişməsi üçün əsaslı ideoloji bünövrədir. Bu bünövrədən güc alan qalib xalqın övladı fəlsəfəsi nəsillərin psixologiyasında ən yüksək motivasiya mənbəyinə çevrilir.

Prezident İlham Əliyevin diqqət çəkdiyi milli prioritet və strateji hədəflər bir daha göstərir ki, dövlət siyasətinin mərkəzində insan amili və onun sağlam gələcəyi dayanır. Əminliklə demək olar ki, bu gün qəbul edilən hər bir müdrük qərar, sabahın sağlam və xoşbəxt uşaqlarının təminatıdır. Bizim vəzifəmiz isə bu möhkəm təməllər üzərində sağlam nəsillər yetişdirməkdir.

Dövlətimizin başçısının müsahibədə böyük qürurla bəyan etdiyi Zəfər reallıqları, iqtisadi müstəqillik və yaşıl gələcək hədəfləri bizə daha sağlam bir Azərbaycan cəmiyyəti qurmaq üçün geniş imkanlar açır. Biz həkimlər, dövlət başçısının ətrafında sıx birləşərək, onun qurduğu bu möhkəm təməllər üzərində fiziki cəhətdən sağlam, ruhən qalib və intellektual baxımdan yüksək inkişaf etmiş yeni Azərbaycan nəslini yetişdirməyə hazırıq.

Bu müdrük qərarlar bizim peşə fəaliyyətimizdə ən böyük dayaqdır. Çünki güclü dövlət həm də sağlam nəsil və sarsılmaz gələcək deməkdir.

Təranə Tağı-zadə

Azərbaycan Pediatrlar Assosiasiyasının sədri,
Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti,
tibb üzrə fəlsəfə doktoru, dosent


Tarix: Dünən, 14:23

Xəbəri paylaş