Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

TƏLİM PROSESİ: ƏNƏNƏ VƏ MÜASİRLİK

 
Əjdər AĞAYEV,
pedaqoji elmlər doktoru, professor 

Oxucularımızın xahişi ilə
Hörmətli redaksiya!
Sizin “Təhsil” jurnalının abunəçisiyəm. Jurnalda gedən bütün materialları maraqla oxuyuram, çünki təqdim olunan rəsmi sənədlər, Təhsil Nazirliyinin göstəriş və təlimatları, eləcə də təhsil problemləri ilə əlaqədar nəzəri və metodik məqalələr, görkəmli mütəxəssislərlə, təhsil işçiləri ilə müsahibələr, dünyagörüşünün genişlənməsinə təsir edən, hər kəsdə maraq doğuran yazılar və digər materiallar biz müəllimlərin öz işini təkmilləşdirməsinə, məlumatlılığının artmasına kömək edir. Jurnalın tərtibi, illüstrasiyalarla təqdimatı olduqca xoşagələndir. Müəllimlərin də arzusunu nəzərə alaraq sizdən xahiş edirəm ki, professor Əjdər Ağayevin bir dəfə mətbuatda çap olunmuş, lakin kütləvi yayılmamış, təhsilin modernləşdirilməsi baxımından çox əhəmiyyətli olan «Təlim prosesi: ənənə və müasirlik» adlı məqaləsini «Təhsil» jurnalında da dərc edəsiniz. İstərdik ki, alimin elmi-pedaqoji qənaətləri hazırkı yeniləşmə prosesində nəzərə alınsın.

Dərin hörmətlə, Xəqani Quliyev,
Salyan rayonundakı Çuxanlı
kənd tam orta məktəbinin müəllimi
***
Redaksiyadan: Oxucumuz Xəqani müəllimin xahişini və məqalənin aktuallığını nəzərə alaraq Əjdər Ağayevin həmin yazısını dərc edirik.

Təlim, təlim prosesi haqqında orta əsrlərdən üzü bəri bütün inkişaf etmiş ölkələrdə filosof və pedaqoqlar qiymətli fikirlər söyləmiş, bu barədə çox yazmışlar. Lakin təlim mövzusu, təlim prosesi problemi həmişə mübahisə və diskussiyalar doğurmuşdur. Bu da təbiidir. Çünki pedaqoji prosesin tərkib hissəsi olan təlim prosesi əvvələn, çox mürəkkəb və müxtəlif fərdi, iradi xarakter xüsusiyyətlərinə malik olan insanla bağlıdır. Öyrətmə mürəkkəb sosial-mənəvi, fiziki-psixoloji və digər yaş, təcrübə və s. fərqləri olan insanların müxtəlif metodik-pedaqoji üsul, vasitə və yanaşmalardan istifadə edərək qarşılıqlı əməkdaşlığı şəraitində baş verir. İkincisi, öyrənilən və ya öyrədilən biliklərin məzmunu elmin və texnikanın inkişafı ilə yeniləşir, çoxalır, təlim prosesinə müasirlik gətirir. Üçüncüsü, cəmiyyət inkişaf etdikcə, uşaqların məlumatlılığı, təfəkkür inkişafı və s. iradi-idraki keyfiyyətləri ən azı bir qərinə əvvəlki uşaqların səviyyəsindən yüksək olur. Beləliklə, təlim prosesinin təşkilində də, strukturunda da, məzmununda da, forma və metodlarında da təkmilləşmə, yeniləşmə özünü göstərir. Bu hal orta əsrlərdə, XIX əsrdə və XX əsrdə də belə olmuşdur. XXI əsrdə isə daha bariz şəkildə meydana çıxmaqdadır. Buna görə də təlim prosesinin elmi izahı həmişə cəmiyyətin sosial, iqtisadi inkişafından, elmin və texnikanın tərəqqi səviyyəsindən, yeniliklərlə zənginləşən praktik təcrübənin xarakter xüsusiyyətlərindən asılı olmuşdur. Bu gün də belədir. Bugünkü təlim metod və texnologiyaları yeniliklərinin özülü XX əsrin 70-80-ci illərində - keçmiş Sovetlər birliyi ölkələrində, o cümlədən Azərbaycan Respublikasında ciddi şəkildə qoyulmuşdu. Bu yeniləşmə möhkəm elmi və sosial özülə əsaslanırdı və qabaqcıl dünya təcrübəsindən faydalanırdı. Ona görə də təhsil elmi və təcrübəsi bir-birini qidalandırırdı və bir-biri üçün bazaya çevrilmişdi.
Bu gün (yəni hazırda) təlim prosesində öyrətmək üçün nədən istifadə edilirsə, hamısına metod deyirlər. Əslində isə onların bir çoxu konkret metodlara aid olan – onun tərkibində yer tutan vasitə və ünsürlərdir.
Mehdi Mehdizadə təlim prosesində müəllim və şagirdlərin fəaliyyətinin vəhdətinin nəzərdə tutulmasını, təlim prosesində şagirdlərin öyrənməyə təşviq edilməsini məqbul hesab edirdi. O, hər hansı metodun tətbiqindən öncə məqsəd və vasitənin aydın olmasını vacib bilirdi. Buna görə də professor Bəşir Əhmədovun “pedaqoji prosesdə başlıca yeri məqsəd tutur... məqsəd-vasitə-metod ardıcıllığı özünü göstərir” fikrini məqbul sayırdı.
Məhz təlim prosesinin və bu prosesdə praktik işlərin elmi-nəzəri əsasda qurulması məqsədəçatmanı – səmərəli nəticəni yüksək səviyyədə təmin edir.
Hər bir dərsin təşkili və həyata keçirilməsi mövzudan, sinifdən, təchizatdan və s. asılı olaraq qurulur.
Məqsədəçatmanı təmin edən metod və vasitələr seçilir, tətbiq olunur. Ona görə də “məqsəd-vasitə-metod” formulu, ötən əsrdə olduğu kimi, indi də əhəmiyyətlidir.
Yeni nəşr olunan - xaricdən tərcümə edilmiş bəzi kitablarda fəal təlim metodları adlandırılan söz assosiasiyaları, əqli hücum, rollu oyun, debat, esse, sosioloji araşdırma, müsahibə, müzakirə və s. ayrıca metodlar kimi götürülməkdənsə, metodlar təsnifatına priyom və vasitələr kimi daxil edilməlidir.
Mən burada axtarış metodlarına diqqəti cəlb etmək istərdim. Ötənlərdə bu metodlara daxil edilirdi: evristik müsahibə və ya qismən axtarış metodu, problemli şərh metodu, tədqiqat metodu, seminar metodu, referat metodu, disput metodu və s.
İnteraktiv və ya fəal metod adlandırılan əqli hücum, esse yazmaq, rollu oyun, müzakirə, debat, işgüzar səs-küy və s. şagirdlərdə müstəqilliyi artıran, məntiqi və tənqidi təfəkkürü gücləndirən metod və ya vasitələr, priyomlar elə həmin mövcud olan axtarış metodları qrupuna daxildir. Bunları xaricdən gətirilən yeni metod kimi dəyərləndirmək düz deyil. Bunların kökü elə ötən əsrin 70-80-ci illərindəki metodlar təsnifatında vardır. Ona görə də fəal adlandırılan bu metodları tətbiq etmək istəyən müəllim əvvəlcə keçilmiş milli-tarixi-nəzəri və praktik yolun dəyərlərini öyrənməli, xarici təcrübədən götürülən fəal təlim metodlarını (vasitə və priyomları) bu bazada özününküləşdirməli, sonra elmi-metodik əsaslarla tətbiq etməlidir.
Ölkədə təlim prosesinin səmərəli nəticələr verməsi üçün cəhdlər edilir. Bu, təkcə milli istək deyil, qlobal cəmiyyət həyatındakı inkişafın tələbidir. Belə ki, təhsil əsri-intellekt əsri hesab edilən XXI yüzilliyin cəmiyyət həyatında baş verən yenilikləri qırmızı xətt kimi təhsildən, təlim prosesindən keçir.
Hazırda təhsilin təşkili formaları, məzmunu, təlimin metod və vasitələri, qiymətləndirmə, pedaqoji prosesi idarəetmə və digər məsələlərə elmi və praktik olaraq yenidən baxılır, milli və dünya təcrübəsi dəyərləri nəzərdən keçirilib, inteqrativ nəticələrə gəlinir. Yeniləşmələr dünya təcrübəsində istifadə edilən anlayışlarla milli pedaqoji prosesə daxil olur və ya daxil etdirilir.
Hazırda pedaqoji mətbuatda və pedaqoji yığıncaqlarda təlimin fəal metodları, metod və texnologiyalar, keyfiyyətin qiymətləndirilməsi, interaktiv metodlar, cütlərlə iş, qruplarla iş, işgüzar səs-küy, rollu oyunlar, inteqrasiya, mübahisə, esse, tənqidi təfəkkürün inkişaf etdirilməsi və onlarla digər anlayışlar işlədilir. Beynəlxalq təşkilatlar ayrı-ayrı layihələrlə müəyyən qrup müəllimləri yeni praktik təcrübə və bilgilərlə tanış edir, onları bu fəaliyyətə hazırlayır. Bu praktik hazırlamada mütərəqqi yönümlə yanaşı, elmi əsaslara diqqət yetirilməməsi, milli-ənənəvi mütərəqqi nəzəri fikir və təcrübələrdən lazımınca istifadə edilməməsi nəticəsində qeyri-təbiilik yaranır. Belə ki, milli pedaqoji fikir və təcrübə (tarixilik) arxa planda qalır, milli təcrübəvi və nəzəri inkişaf nəticələri (varislik) diqqətdən yayındırılır, sırf xarici təcrübə əsasında modernləşmə praqmatizmdən uzağa getmir. Bu isə milli effekt vermir. Məsələn, xaricdən alınmış kurikulum anlayışının təcrübəyə ötürülməsinin müəyyən anlaşılmazlıqlar yaratdığı məlumdur. Çünki bu anlayış milli pedaqoji təcrübədən meydana çıxmamışdır. Yeni ideyalar, fikirlər milli təcrübəyə daxil edilərək, necə deyərlər, cücərdilməli, yetişdirilməlidir, bu zaman özününküləşdirmə getməlidir. Bu isə tarixiliyi, varisliyi və müasirliyi nəzərə almaqla mümkündür.
Milli pedaqoji təcrübə - pedaqoji fikir tarixi-nəzəri və təcrübi olaraq öyrənilməzsə, milli inkişaf tendensiyaları nəzərə alınmazsa (çünki bu, ölkənin, xalqın özünəməxsusluğu, sosiallığı və fəlsəfi düşüncəsi, sosial-iqtisadi inkişafı və digər müvafiq şərtlərlə şərtlənir), müasir təcrübə geniş yayıla bilməz. Ona görə də təhsildə modernləşmə mütləq milli baza əsasında, onun inkişaf səviyyəsi kimi nəzərdə tutulmalı, tarixilik, varislik və müasirlik vəhdətdə və dinamik şəkildə nəzərə alınmalıdır.
Təlim prosesi müasir təlim texnologiyalarına yiyələnməklə müasirləşir, təkmilləşir. Bu, perspektivdə dayanan əsas vəzifələrdən biridir.
Müasir təlim texnologiyası – öyrənmə və öyrətmə fəaliyyətinin təşkilində, pedaqoji prosesin gedişində, yeniləşdirilməsində, qiymətləndirmədə və digər təlim xarakterli işlərdə nəzərə alınan, istifadə olunan iş, forma, üsul və tərzlərin kompleks və əlaqəli həyata keçirilməsidir.
Təlim texnologiyası təhsil pillə və mərhələsinə, təhsilin məzmununa, formasına və təlim (dərs) tipinə görə müxtəlif çalarlı ola bilər. Bununla belə ümumi qaydada təlim texnologiyasının strukturuna öyrədən-öyrənən fəallığının təşkili, öyrənmə nəticələrinin ilkin müəyyənləşdirilməsi – korreksiya aparılması – öyrənmənin daha fəal və müstəqil qurulması – təkmil aparılması, nəticələrin əldə edilməsi və qiymətləndirmə daxildir. Üsul, vasitə və tərzlər, faktik yanaşmalar bu prosesdə öyrədənin ustalığından asılı olaraq əlaqəlilik və öyrənənlə əməkdaşlıq şəraitində yerinə görə seçilir və tətbiq olunur. Bu, həmişə belə olmuşdur. Dərsi optimallaşdırma, əyaniləşdirmə, intensivləşdirmə, fənlər və mövzulararası əlaqə yaratma, məntiqi, tənqidi, yaradıcı təfəkkürü, şagird müstəqilliyi və şəxsiyyətini inkişaf etdirmə və formalaşdırma məqsədi ilə verilən biliyin məzmununu ötürmək məqsədilə müxtəlif fəal (interaktiv) metodlardan – debatlardan, müzakirə və diskussiyalardan, qruplarla, cütlərlə işdən, əqli hücumdan, didaktik oyunlardan və digər yaradıcı işlərdən istifadə olunur ki, bütün bunlar müasir təlim texnologiyalarından istifadə prosesinə daxildir və bu prosesdə öz həllini tapır. Qeyd etməliyəm ki, bütün bu yanaşmalar dövrün təhsilləndirmə məqsədi və texniki, texnoloji imkanlarına uyğun olaraq müxtəlif adlarda həmişə olmuşdur.
Məlum olduğu kimi, təhsil sosial mahiyyətli fəaliyyət sahəsidir. Təhsilin iştirakçıları yalnız öyrənənlər və öyrədənlər deyil, həm də valideynlərdir, ictimaiyyətdir, sosial təsisatları quran və təmin edən qurumlardır, mətbuatdır, kütləvi informasiya vasitələridir, proqram, dərslik, elmi-metodik əsər müəllifləridir və s. Bundan əlavə, hər bir bilik verən və bilik alan insan fizioloji-psixi, sosial-mənəvi, əqli-intellektual keyfiyyət və xüsusiyyətlərə fərqli malikdir. Təbii irsi imkanların, mühit və şəraitin, tərbiyəvi təsirlərin doğurduğu, meydana çıxardığı əlamət və keyfiyyətlər də öyrədən və öyrənənə xasdır. Belə olan halda, ümumiyyətlə, müasir şəraitdə təhsilin, təlimin, tərbiyənin təşkili bir sıra vacib şərtləri nəzərə almağı zəruri edir. Geniş şərh vermək fikrində olmasam da, yalnız təlim (öyrətmə) prosesində və təlim texnologiyalarından istifadə zamanı keyfiyyətin təminatına xidmət edə bilən bəzi prinsip və şərtləri qısaca oxucuların diqqətinə çatdırmaq istərdim.
Hər bir proses, hadisə, inkişaf özündən əvvəlki vəziyyət üzərində baş verir, qurulur, formalaşır, yəni tarixini yaradır. Ötənlərdə yaradılan məzmunu, tutaq ki, təlimin üsullarını və digər pedaqoji təkmilləşmə hallarını bilmədən yenini yaratmaq və qavramaq, perspektivi görə bilmək mümkün deyil. Eləcə də bu günə qədər keçilmiş yoldan varis qalanı da saf-çürük edə bilmək, ortaya qoymaq əsasdır. Eyni zamanda, problemə müasirlik, yeniləşmə təfəkkürü ilə yanaşa bilmək, müasirlik tələblərinə uyğun iş qura bilmək, metodika hazırlamaq bacarığı da mühümdür. Yalnız ən azı bu üç prinsip üzrə elmi-nəzəri, metodiki hazırlığı olan şəxslər müasir, dolğun, düzgün, perspektivli pedaqogika və metodikanı yarada bilər ki, bu halda tədris-təlim işinin metodologiyası düzgün həyata keçirilər.
İndiki bəzi hallarda rast gəlinən formalizmi aradan qaldırmaq üçün bır sıra şərtlər nəzərə alınmalıdır. İlkin olaraq sosial şərtləti qeyd etmək istərdim.
Məktəb-valideyn, direktor-müəllim, direktor-valideyn, sinif rəhbəri-valideyn, müəllim-valideyn (və ya əksinə) münasibətləri şəffaf, pedaqoji-etik normalara uyğun qurulmalı, ələbaxımlıqdan, təmənnalılıqdan uzaq olmalıdır.
Şagirdləri öyrənmək, onları hazırlıq və məlumatlılığına görə qruplara ayırmaq, hər bir qrup üçün ona müvafiq məzmun və üsul seçmək daha məqsədəuyğundur...
İkincisi, psixoloji-diaqnostik şərtdir. Burada hamıya məlum olan yanaşmalar, psixi hal və halətlərin, temperamentin, maraq və meylin, qabiliyyətin, nitqdə, qavramada, eşitmədə, hərəkətdə və s. qüsurların aşkarlanması, nəzərə alınmasından əlavə təlim prosesinin gedişinin psixoloji-diaqnostik təhlili nəzərdə tutulur. Müəllim (öyrədən) özü öz işini, metodik ustalığını, bilgisini və nailiyyət səviyyəsini həmişə diqqət mərkəzində saxlamalı, özü öz işinin qiymətini aşkarlaya bilməlidir. Yeri gəldikdə şagirdlər də öyrədən-öyrənən əməkdaşlığının keyfiyyət qiymətləndirilməsində iştirak etməli, müəllim onların təkliflərini təlim prosesində nəzərə almalıdır...
Üçüncüsü, fizioloji-bioloji şərtlərin də təlim prosesində nəzərə alınması keyfiyyətə təsir göstərən amillərdəndir. Belə ki, şagirdlərdə səs, boy, coşqunluq, süstlük və s. bu kimi müxtəlifliyin nəzərə alınması xoşagəlməyən, yaxud gülüş doğuran hansı əlamətinsə qabarmamasına kömək edir.
Təlim texnologiyalarının tətbiqində intellektuallıq, maddi-texniki təminat, pedaqoji-metodik ustalıq, həyatla əlaqəlilik və fəaliyyət üçün praktik hazırlıq şərtləri də vardır. Bütün bunlar müəllimin yaradıcı fəaliyyəti ilə tənzimlənir və öz həllini tapır.
Cənub guşəsində isinən, zəngin, sərvətli, bərəkətli torpaqda boy atan, 11 iqlimdən 9-nu hiss edən, genində Şərq müdrikliyinin təbii imkanları olan insanın təlim-tərbiyəsi onun öz potensialına uyğun qurulmalıdır. Onun üçün praqmatiklik azdır, o, həyat, insan, əmək, cəmiyyət fəlsəfəsinə də bələd olmalı, coşğunluğunun tələbinə uyğun olaraq yüksək estetik mədəniyyətə, ünsiyyət və davranış normalarına sahib olmalıdır. Azərbaycanda kurikulum – tədris planı, tədris proqramı və dərsliklər milli mütəxəssislər tərəfindən düşünülməli və hazırlanmalıdır, o şəxslər tərəfindən ki, Azərbaycanın klassik və müasir təhsil nəzəriyyəsi və təcrübəsinə mükəmməl bələddirlər. Burada mütəxəssisin ixtisasa uyarlıq şərti diqqətdən yayınmamalıdır. Məsələn, rus dili, yaxud ingilis dili üzrə mütəxəssisin Azərbaycan dili üzrə kurikulum hazırlaması nə etik cəhətdən, nə də peşəkarlıq cəhətdən məqbul sayılmaz.
Göründüyü kimi, təlim prosesi tarixi-nəzəri və təcrübi bilikləri, varislik ötürücülüyünü nəzərə almaqla və müasir intellektual və texnoloji tələblərini yerinə yetirməklə modernləşdirilə bilər.
   


Tarix: 14-03-2017, 10:56

Xəbəri paylaş