Eşitməsi qüsurlu məktəbəqədər yaşlı uşaqların təlimi
Dilarə
Dostuzadə,
ARTİ-nin
inklüziv təhsil şöbəsinin dosenti,
pedaqogika
üzrə fəlsəfə doktoru
Sağlamlıq imkanları məhdud xüsusi məktəbəqədər müəssisələrin qarşısında duran mühüm vəzifələrdən biri də eşitməsi problemli məktəbəqədər yaşlı uşaqların şifahi nitqinin inkişaf etdirilməsindən ibarətdir.
Eşitməsi qüsurlu məktəbəqədər yaşlı uşaqların şifahi nitqinin inkişafı çox mürəkkəb bir prosesdir. Məktəbəqədər yaşlı uşaqlarda şifahi nitqi inkişaf etdirərkən, onlara düzgün tələffüz, həmçinin görmə qabiliyyətinə əsaslanan dodaqdan oxu bacarığı öyrədilməlidir.
Uşaq bağçasının məktəbə hazırlıq qrupunda eşitməsi qüsurlu uşaqlara şifahi və yazılı daktil nitq arasındakı fərqi başa salmaq zəruridir. Uşaqlar bilməlidirlər ki, sözü düzgün tələffüz etməyi bacarmadan onu düzgün yazmaq mümkün deyildir. Bu uşaqlar bağçaya gəldikləri gündən nitq vərdişlərinin aşılanması probleminin həllində iki cəhət: söz ehtiyatının məhdudluğu və sözlərin mənasını dərk edə bilmək bacarığından məhrum olmaları nəzəri cəlb edir. Yalnız surdopedaqoqun köməyi ilə göz və qulaq qavraması (səs gücləndirici aparatdan istifadə etməklə), daktil-vibrasiya həssaslığı və kinestetik hiss etməni aktiv cəlb etmək mümkündür.
Tərbiyəçi dil aparatının işlənmə funksiyasını uşaqlara başa salır və öz eşitməsilə uşaqların nitqinin düzgün səslənməsinə nəzarət edir. Tərbiyəçi bu uşaqların dil aparatının hərəkətini başa düşərək mənimsənilməsinə müvafiq səs, söz, cümlə tələffüz etməsinə kömək edir.
Surdopedaqoq eşitməsi qüsurlu uşaqları yazılı və daktil (şifahi) nitqə öyrədir, bu zaman uşaqlar üçün şifahi və yazılı ünsiyyət asan olur. Şifahi daktil nitqdən istifadə olunması lüğət ehtiyatının artmasına, yeni söz və cümlələrin başa düşülməsinə kömək edir. Təlimin ilkin mərhələsində məktəbəqədər yaşlı uşaqlar şifahi daktillə ünsiyyət əsasında ətrafındakılarla danışıq dilinə yiyələnirlər.
Zəifeşidən uşaqların erkən yaşda eşitməsi zəifləmiş, nitqləri onlarda olan qalıq eşitmə əsasında inkişaf edir. Normal danışıq səsinin qavranılma imkanı şifahi dildə onun müxtəlif pozuntuları olsa da, müstəqil mənimsənilməsinə kömək edir. Xüsusi təlimə qədər uşaqda nitq hərəkətlərinin mənasının başa düşülməsi formalaşır, söz, cümlənin mənasının dərk edilməsi baş verir, sözləri xatırladan, təhrif olunmuş sözlər, zəifeşidən uşaqlarda mümkün məna kəsb edir. Eşitmənin qavranılma imkanı sözün natamam səs imkanından ibarət olmasına baxmayaraq, uşağa sərbəst olaraq bir qədər söz ehtiyatı əldə etməyə imkan verir.
Bağçada təlimin başlanması ilə eşitmənin sürətli inkişafı və istifadəsi şəraitində müstəqil lüğət ehtiyatının artması nitqin qrammatik quruluşunu mənimsəmək imkanını artırır. Kar və zəifeşidən uşaqlar nitqin qavranılmasına görə də bir-birindən fərqlənirlər. Karlar nitqi göz və qulaq-göz (səsgücləndirici aparat vasitəsilə) analizatorları ilə yalnız xüsusi təhsil prosesində qavrayırlar.
Zəifeşidənlər nitqin qavranılmasına görə müstəqil yiyələnmə imkanına malikdirlər (qulaq seyvanı yaxınlığında danışıq səsi ilə). Zəifeşidənlərin eşitməsi yaxşı olduqda, onların təlim-tərbiyə prosesində iştirak etmək imkanı (göz vasitəsilə qavranılması) böyük olur. Uşaqlarda nitqin göz analizatoru vasitəsilə qavranılmasının əhəmiyyəti qüsurun ağır olması ilə artır. Kar və zəifeşidən uşaqlarda dilin qavranılması xüsusiyyətləri pedaqoji prosesdə müxtəlif tələblər irəli sürür. Sonradan karlaşmış uşaqlar üçün xüsusi bağçada ayrıca qrup təşkil edilir. Onlarda eşitmə qüsurunun müxtəlif səviyyəsi müşahidə olunur.
Sonradan karlaşmış uşaqların dilinin inkişafı, eşitmə əsasında təbii dil ünsiyyəti şəraitində yaranır. Bu uşaqların əksəriyyəti xüsusi bağçaya daxil olarkən qulaq qüsurunun ağır dərəcəsini almış olurlar. Sonradan karlaşmış uşaqların dodaqdan oxuya yiyələnmə prosesi, eşitməsi tam pozulmuşlardan fərqlidir. Bu uşaqlar eşitməni itirdikləri zaman əvvəllər dilə yiyələndikləri üçün şifahi nitqi göz analizatoru vasitəsilə qavrama vərdişini xüsusi olaraq öyrənməlidirlər.
Sonradan karlaşmış uşaqlara dodaqdan oxunu öyrətmək böyük çətinliklər törədir. Bu uşaqların xüsusi təlim prosesində formalaşmış kinestetik və müvafiq olaraq söz, cümlə tələffüzünün göz obrazı əsasında yeni əlaqə yaratmaq və uşağın aktivliyini artırmaq lazımdır. Beləliklə, sonradan karlaşmış və zəifeşidən uşaqlarda nitqin formalaşması və qavranılması bir-birindən fərqlənir.
Eşitmə çatışmazlığı olan uşaqların diferensial təlimi problemin həllində ünsiyyət zamanı daktil və əl-qol hərəkəti dilin istifadəsi məsələsi başlıca əhəmiyyət kəsb edir. Tez kar olmuş uşaqların əl-qol hərəkəti dilinin işlənməsi zərurəti onun ünsiyyətdən istifadə etməsi üçün meydana çıxır. Bu uşaqların söz dilinin öyrənilməsinə qədər əl-qol hərəkəti, həyat təcrübəsinin zənginləşməsinə, təfəkkürünün inkişafına və ətraf mühitlə əlaqə yaratmağa kömək edir. Kar uşağın əl-qol hərəkətlərinin köməyi ilə ünsiyyəti onun söz dilinin inkişafını üstələyir, buna görə də əl-qol hərəkət dili, təlim-tərbiyə prosesində köməkçi vasitə kimi uşaqların söz dilinin kasad olduğu zaman istifadə edilə bilər. Məşğələ prosesində söz yazılı və şifahi dilin formalaşmasına əsasən cest dilinin istifadəsi azaldılır.
Zəifeşidən uşaqlarda dilin inkişafı təkcə xüsusi təlim şəraitində deyil, həm də ətrafdakılarla birbaşa ünsiyyətinə tələbat böyük olduqda müstəqil şəkildə baş verir. Zəifeşidən uşaqlarda cestin ünsiyyət zamanı istifadə olunması söz dilinin inkişafını gecikdirir.
Surdopedaqoq zəifeşidən uşaqlarda jest dili vasitəsilə danışmaqdan çəkinməli, məşğələ zamanı lazımi vasitələrdən istifadə edilməlidir. Zəifeşidən uşaqları kar uşaqlarla bir qrupda oturtmaq və cest dilindən istifadə etmək olmaz. Sonradan karlaşmış uşaqlarda şifahi dil ancaq dil ünsiyyəti zamanı saxlanıla bilir.
Təcrübə göstərir ki, eşitməsi qüsurlu uşaqlar çox vaxt əşyaları dərk edə bilmir, əyani şəkildə gördükdə isə qavrayırlar. Bağçada nitq inkişafının təlimi prosesində məktəbəqədər yaşlı uşaqların hafizəsi, düşünmə qabiliyyəti inkişaf edir və onlar səsləri düzgün tələffüz etməyi, səslərdən heca və söz düzəltməyi öyrənirlər.
Məktəbə hazırlıq dövründə uşaqların nitqinin inkişafının normal təşkili sonralar məktəbdə oxu və yazı vərdişlərinə yiyələnməsində, şifahi sözlü nitqin inkişafında böyük əhəmiyyət kəsb edir.
Aparılan araşdırmalar nəticəsində müəyyənləşdirildi ki, məktəbəqədər yaşlı uşaqlara tərbiyəçilər, nitq inkişafı sahəsində dərin bilik və vərdişlər aşılamaqda çətinlik çəkirlər. Bu çətinliyi aradan qaldırmaq üçün tərbiyəçi səslərin birləşdirilməsi, sözlərin, hecaların yaranması yollarını bilməli və məktəbəqədər yaşlı uşaqlara öyrətməlidir. Eşitməsi qüsurlu uşaqlar onlardan yeri gəldikdə nitqlərində istifadə edirlər. Məsələn: a-ta, a-na, nə-nə, ba-ba və s. sözləri ayrı-ayrı səslərlə (hissə-hissə) deyil, uşaqlara səlis hecalarla deməyi öyrətmək lazımdır. Oxunmuş mətnlərin, nağılların (məsələn, turp nağılı, tülkü və durna və s.) uşaqlar tərəfindən başa düşülməsi də nitq əsasında inkişaf etməyə başlayır.
Məşğələ prosesində texniki vasitə və əyanilikdən səmərəli istifadə etdikdə, uşaqların nitqi fəallaşır, keçilən materialları asanlıqla mənimsəyə bilirlər. Təlim prosesində daktil (əl hərəkəti) əlifbası əsas yer tutur. Daktillə yazılan sözlər əyani olaraq uşaqlara öyrədilir. Daktillə düzgün yazı dəqiq öyrənilən hərəkətləri tələb edir, bu vərdiş isə uşaqlarda məktəbəhazırlıq dövründə yaranır. Uşaqlar bütün yazı formalarını (əl hərəkətlərini) görür, düzgün yazmağı və dodaqdan müstəqil oxumağı öyrənirlər.
Respublikamızda qüsurlu (kar - zəifeşidən və sonradan karlaşmış, kor və zəif görən, əqli cəhətdən qüsurlu, nitqi nöqsanlı və s.) uşaqlar üçün tərbiyə və təlim ocaqlarının olduğunu nəzərə alaraq, onların təlim-tərbiyəsini təmin etmək məqsədilə müvafiq dərsliklərin tərtibi mühüm bir problem kimi qarşıda durur.
Xüsusi məktəbəqədər və məktəb müəssisələrinin proqram və dərslikləri tərtib olunarkən psixoloq, defektoloq, loqoped, metodist, məktəb və uşaq bağçalarında işləyən müəllim və tərbiyəçilərin işə cəlb olunması son dərəcə vacibdir. Bu məktəblər və uşaq bağçaları üçün proqram və dərsliklər ciddi şəkildə ölçülüb – biçilməli, uşaqların təlim yükü normaya salınmalıdır.
Xüsusi məktəbəqədər müəssisələr üçün hazırlanan dərsliklərdə fiziki qüsurların adları çəkilməməli, onların qüsurlarından, uşaqlarda həsəd hissi yaradan hallardan söz açılmamalıdır. Proqram və dərsliklərdə uşaqların imkanlarına uyğun peşələrə yönəldən materiallara üstünlük verilməlidir.
Xüsusi məktəbəqədər müəssisələr üçün proqram və dərsliklərin hazırlanması, nəşri, saxlanması qaydaları Azərbaycan dilində dərsliklərə dair qaydalara uyğun olmalıdır. Jest dili ilə hazırlanmış şəkilli vəsaitlərə (meyvələr, ərzaqlar və s.) böyük ehtiyac vardır.
Arzu edərdik ki, xüsusi məktəbəqədər və məktəblər üçün yeni proqram, metodik vəsait, tövsiyə və dərsliklər hazırlansın, müəllim-tərbiyəçilərin istifadəsinə verilsin.
Tarix: 14-11-2017, 09:55