Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İranın dron hücumları nəticəsində Naxçıvan aeroportunda xəsarət alanların kimliyi məlum olub



İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanında xəsarət alan 4 nəfərin kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaralanan 4 nəfər bunlardır:
1. Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov;
2. Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov;
3. Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva;
4. Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dron hücumları nəticəsində Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.
Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.
Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.
Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.


Tarix: Bu gün, 15:03

Xəbəri paylaş