Firudin Qurbanov: Gənclərimiz həm bilikli, həm də lazımi bacarıqlara malik olmalıdırlar
“Dəyişən dünya üçün gənclərimiz həm bilikli, həm də lazımi bacarıqlara malik olmalıdırlar. Onların müasir texnologiyalardan istifadə bacarıqları olmalıdır. Bunun üçündür ki, ölkəmizdə gənclər üçün çox gözəl şərait yaradılıb. Ölkə Prezidenti gənclərin inkişafına xüsusi diqqət yetirir”.
Bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.
Nazir müavini bildirib ki, dövlət başçısı gənclər qarşısında çox mühüm tələblər qoyub və gənclər bu tələbləri yerinə yetirmək üçün çalışmalıdırlar: “Əminik ki, siz o vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Biz bilmirik ki, gələcəkdə bizi hansı çağırışlar gözləyir. Əgər bir kompüterin yaradılması ilə sənaye inqilabı baş verirsə, sonra yeni texnologiyalar olacaq. Bu gün süni intellekt çox sürətlə inkişaf edir. Robotlar artıq insanlara xidmət edir. Bu gün dünyada 4 milyondan çox sənaye robotu, 600 mindən çox robotlaşdırılmış sistem var və bu, sürətlə inkişaf edir”.
Firudin Qurbanov gənclərə tövsiyə edib ki, onlar vaxtında düşünməli, düzgün qərar verməli və tənqidi təfəkkürünü inkişaf etdirməlidirlər: “Gələcəkdə razılaşdırılmamış fəaliyyətlərdə, böhran vəziyyətlərində kim düzgün qərar vermək bacarığına malik olsa, o, təşkilatçı olacaq. Peşəkar olmaq lazımdır. Onun üçün daim öz üzərinizdə çalışmalısınız”.
Tarix: Bu gün, 12:36
