ŞƏHİDLİK ZİRVƏSİ
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzar vətən yaxşıdır.
Vahid sorma vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan göründü.
Əliağa Vahid
Ünvanı Əbədiyyət sayılan ŞƏHİDLİK ZİRVƏSİ. Doğrudan da ən uca zirvə ŞƏHİDLİK ZİRVƏSİdir. Biz uşaq olanda həmişə ananı ən uca zirvə sanmışıq. Ancaq oxuyub təhsil aldıqdan sonra başa düşdük ki, anasız yaşamaq olar, Vətənsiz isə yaşamaq olmaz. Döyüşə gedən hər bir döyüşçümüz də öz ana vətənini müdafiə etmək amalı ilə silaha sarılıb düşməni məhv etmək üçün ordu sıralarına qoşulublar. Həmin anda fikirləşmirdilər ki, onları nə kimi çətin anlar gözləyir. Həmin anda igid əsgərlərimizin yalnız bir məqsədi var idi - torpaqlarımızın 28- 30 illik işğalına son qoymaq. Çünki əsgərlərimiz Doğma Vətənini özlərinə Ana sanırdılar.
Azərbaycan Silahlı Qüvvələrinin belə mübariz əsgərlərindən biri də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Fəxri Habil oğlu Məmmədovdur. Fəxri Məmmədov 44 günlük qalibiyyətli Vətən müharibəsinin ilk şəhidlərindəndir.
Valideynlər öz övladlarına ad qoyanda sanki onların taleyində o adın nə dərəcədə əhəmiyyətli olacağını fikirləşirlər. Fəxri doğrudan da adı kimi fəxr ediləcək bir övlad oldu. O,Vətən müharibəsinin ilk şəhidlərindəndir. Elə şəhidlərindən ki, gənc olmasına baxmayaraq, həmişə qəlbi Vətən eşqilə çırpınıb.
O, əslən Lacın rayonunun Şamkənd kəndindəndir. Hələ orta məktəbdə oxuyarkən öz dədə-baba yurdlarına, Laçına - əzəli torpaqlarımıza qayıdacaqları haqqında özunə xəyal qururdu. Ancaq o bilmirdi ki, onu qabaqda nələr gözləyir.
Fəxri Habil oğlu Məmmədov Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxuyarkən Mərkəzin ən nümunəvi təhsilalanlarından biri idi. O, sevib seçdiyi peşənin inçəliklərini , sirlərini öyrənməklə yanaşı, Mərkəzin bütun tədbirlərində fəal iştirak edirdi. Fəxri musiqi ilə məşğul olmuş, gitarada əsasən Vətən haqqında mahnılar ifa etməyi sevirdi.
Biz müəllim kollektivi, başda Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mahir müəllim olmaqla, Fəxrinin şəhid olma xəbərini eşidən kimi evlərinə getdik. Bizi Fəxrinin atası Habil kişi qarşıladı, həm fəxr hissi, həm də pıçıltı ilə – “Oğlum Vətən yolunda şəhid olub, Vətən sağ olsun!” dedi. Eyni ilə Kəmalə ana da sanki öz-özü ilə pıçıldayırmış kimi,– “Oğlum Vətən yolunda şəhid olub, Vətən sağ olsun!” deyərək bizi qarşıladı. İki bacısı isə lal-dinməz oturaraq Fəxri haqqında danışan müəllimləri, qohumları, qonşuları dinləyirdi.
Fəxri Məmmədov 2000 –ci il iyunun 27-də Bakı şəhərində anadan olub və ilk təhsilini Bakı şəhəri şəhid Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə almışdır. Təhsil aldıgı müddətdə nümunəvi şagird kimi yaddaşlarda dərin iz qoymuşdur. 2016-cı ildə IX sinfi bitirdikdə 14 nömrəli Bakı Peşə Liseynə (hal- hazırda Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) daxil olur. Qəbul olduğu təhsil ocağında kompüter üzrə təhsil almağa başlayır. Orada da müəllim və tələbələrin hörmətini qazanmağı bacarır. Bütün tədbirlərə qatılır. Eyni vaxtda Fəxri atıcılıq dərsləri almağa başlayır.
Təhsilini başa vurduqdan sonra 2019- cu il iyul ayının 23-də Vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Hərbi xidmətini Ağcabədi və Beyləqandakı “N” saylı hərbi hissələrdə keçirmiş, orada atıcılıq peşəsinə yiyələnmiş, eyni zamanda snayper və baş atıcı olmuşdur. Xidmət etdiyi müddətdə dəfələrlə tərifnamə almış, komandir və əsgər yoldaşlarının hörmətini qazanmışdır. Bu səbəbdən də Fəxriyə vaxtından qabaq ezamiyyət verilmişdir.
Fəxri tələbəlik illərində olduğu kimi, burada da asudə vaxtlarında musiqi ilə məşğul olurmuş və Vətən haqqında mahnılar oxuyurmuş. 2020-ci il iyulun 27- də Fəxrinin 20 yaşı tamam olur. Fəxri 20 yaşını hərbi xidmətdə əsgər yoldaşları ilə birgə qeyd edir və öz yoldaşlarına söz verir ki, 21 yaşını Şuşada qeyd edəcək. Fəxrinin hərbi xidmətinin başa çatmasına çox az qalmışdı. Son vaxtlar anası ilə danışanda:
- Anacan, az qalıb, 3 aydan sonra gələcəm, səni, atanm və bacılarımı babamın yurduna, Laçına aparacam - deyirdi Fəxri.
Sən saydığını say, gör fələk nə sayır.
O həmin günü böyük səbirsizliklə gözləyirdi. Fəxri Məmmədov 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
ŞƏHİDLƏR ölməz, unudulmaz.
İllər keçsə də bizdən sonra gələn nəsillər böyük minnətdarlıq hissi ilə onları yad edəcəklər. Şəhidlərin davamçıları varsa, onlar hər zaman anılırsa, deməli onlar ölməyib, yaşayırlar. Hər birimizin borcudur ki, şəhidlikləri ilə bizə Qələbə sevincini yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.
Doğrudan da, şəhidlər haqqında yazılan bu misralar necə də yerində deyilib:
Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar.
Bacısının dedikləri: Şəhid bacısı olaraq demək istəyirəm ki, düşmən qarşısında inamla dayanıb torpaqlarmızı, vətənimizi qoruyarkən şəhid olan İGİD QARDAŞIM FƏXRİ və onun simasında vətən uğrunda şəhid olan, BACI və QARDAŞLARIM, nur içində yatın. Biz Qələbə çaldıq. Allah bütün əsgərlərimizi qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!.
Məmmədov Fəxri Habil oğlunun dəfn olunduğu yer Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”-dır.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
(24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
“Azərbaycan bayrağı ordeni” (ölümündən sonra) təltif edilmişdir.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Dilarə QASIMOVA,
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru
Tarix: 9-06-2022, 00:09
Xəbəri paylaş