Təhsil innovasiyaları haqqında
Məlumdur ki, innovasiya - yeniliyin məzmunu və reallaşmasıdır. Bu termindən iqtisadiyyatda, sonralar isə müxtəlif elmlərdə geniş istifadə etməyə başlamışlar. İnnovasiyaların, yeniliklərin yaradılması müxtəlif elm sahələrində spesifik cəhətlərlə müəyyən edilir. Amma müxtəlif sahələrdə intellektual yeniliklərin yaradılması, ixtiraçılıq, səmərələşdirmə kimi mürəkkəb proseslərin müəyyən ümumi tərəfləri və bu proseslərin alqoritmi mövcuddur.
Bu gün - biliklərə əsaslanan iqtisadiyyatın qurulması mərhələsində milli təhsilimizin əsas məqsədlərindən biri kreativ düşüncəli, yaradıcı, tənqidi təfəkkürə malik yeni nəsil formalaşdırmaqdır. Milli təhsilimizin bütün pillələrində testlərdən ifrat dərəcədə istifadə, təbii ki, yaradıcılığın inkişafına mane olur (beynəlxalq təcrübədə testlərin təhsildə tətbiqi getdikcə məhdudlaşır, məsələn, ABŞ-da testlərin təhsildən çıxarılması məqsədi ilə son illər bir neçə milyard dollarlıq təhsil meqalayihəsi həyata keçirilir).
İnnovasiyaların yaradılması özlüyündə hələ iqtisadi inkişaf demək deyil. Yaradılmış innovasiyalar iqtisadiyyatda tətbiq edilməlidir ki, real iqtisadi səmərə, inkişaf olsun. Əgər elmi fəaliyyətin məqsədi pul sərf etməklə yeni informasiya əldə etməkdirsə, innovasiya fəaliyyətinin məqsədi yeni informasiya vasitəsi ilə pul qazanmaqdır.
Sovetlər dövrünün alimləri müəyyən innovasiyalar yaradırdılar, lakin onların çox az qismi iqtisadiyyatda tətbiq edilirdi (əsasən hərbi-sənaye komplekslərində). İnnovasiyaların böyük qismi rəflərdə "yatır", az hissəsi isə hansısa yollarla xarici şirkətlərin əlinə düşürdü (çox hallarda müəllif hüquqları məsələləri həll edilmədən). Bu səmərəsiz fəaliyyət innovasiyaların idarə edilməməsi ilə əlaqədar idi. Deməli, yeniliyin yaradılması hələ kifayət deyil, onu operativ tətbiq etməyi, faydalanmağı (kommersiyalaşdırmağı) bacarmaq lazımdır.
Hələ 2500 il əvvəl dahi Çin filosofu Konfutsi demişdir ki, elm və təhsildən faydalanmağı bacaran xalq firavan yaşayar.
İnnovasiyaların idarə edilməsini menecment elmi öyrənir. İnnovasiyaların menecmenti (innovasiyaların idarə edilməsi) kimi adlanan bu sahə hazırda sürətlə inkişaf edir. Bu gün insan fəaliyyətinin bütün sahələrində innovasiyalardan geniş istifadə edilir.
Əslində bəşər tarixində innovasiyalar həmişə olmuş, bəşəriyyətin inkişafı məhz innovasiyalar hesabına mümkün olmuşdur. Son illərdə innovasiyalar haqqında daha çox söhbətlər gedir. Bu İKT-nin sürətli inkişafı və onun müxtəlif sahələrdə tətbiqləri hesabına çoxsaylı yeni innovasiyaların yaradılması, onların qlobal bazara çıxış imkanlarının artması, tətbiqlərinin operativliyi, rəqabətədavamlılığın və iqtisadi səmərənin yüksəlməsi ilə əlaqədardır.
"İnnovasiya" və "yenilik" anlayışları sinonimlərdir, çox hallarda eyni mənada istifadə olunurlar. İnnovasiya (yenilik) - yeninin yaradılması və tətbiqi prosesidir, yəni elm, texnika, iqtisadiyyat və idarəetməni birləşdirən mürəkkəb intellektual prosesdir. O, istehsal və istehlak münasibətləri kompleksini əhatə edir. Geniş mənada innovasiya dedikdə, yeniliklərin (yeni texnologiya, məhsul, xidmət, istehsal, maliyyə, kommersiya) inzibati, təşkilati-texniki və sosial-iqtisadi qərarlar şəklində mənfəətli istifadəsi başa düşülür. Bu səbəbdən də həm "innovasiya", həm də "yenilik" terminləri eyni mənada işlənilir.
İnnovasiyanı yaradan və tətbiq edən insanlara innovator deyirlər. İnnovator olmadan innovasiya və innovativ inkişaf mümkün deyil. İnnovator yaradıcı, qeyri-standart təfəkkürə, yüksək erudisiya və savada, sahibkarlıq qabiliyyətinə malik olmalıdır. Bu xüsusiyyətlər isə keyfiyyətli təhsil hesabına yarana bilər. Deməli, innovatorların yaranmasında, dolayısı ilə innovasion inkişafda təhsilin rolu mühümdür.
İnnovasiya prosesləri ilə innovatika elmi məşğul olur.
İnnovatika - innovasiya fəaliyyətinin elmi bünövrəsi, nəzəri əsasıdır. İnnovatika - innovasiyanın proqnozlaşdırılması və yaradılmasının elmi metodologiya və üsullarının hazırlanması, inkişafı ilə məşğul olan elmi istiqamətidir. İnnovatika dedikdə həmçinin innovasiya fəaliyyətinin, innovasiyaların tətbiqinin planlaşdırılması və təşkili üsulları da başa düşülür. İnnovatikanın müasir inkişafının təhlili, bu inkişafın proqnozu bir çox fundamental elmlərin problemlərini ifadə etməyə imkan verir. Bu problemlərin həlli innovatikanın tədqiqat obyekti kimi nəzəri bazasının və metodoloji əsaslarının inkişafına təkan vermişdir.
Beləliklə, innovatika elmi istiqamət kimi yeni biliklərin, texnologiyaların, metodologiya və metodların daxili nizamlanmış tam sistemidir. Bu sistem innovasiya proseslərinin vahid, qarşılıqlı əlaqəli və tam sisteminin məntiqi birləşdirilmiş konseptual sxemini əhatə edir.
İnsan fəaliyyətinin bütün sahələrində olduğu kimi, təhsildə də innovasiyaların mühüm rolu vardır. Əslində təhsil tarixindəki bütün islahatlar ictimai inkişafdan doğan innovasiyaların təhsildə sistemli tətbiqinə xidmət etmişdir.
Təhsil tarixində elə islahatlar da olmuşdur ki, onların müəllifləri və icraçıları innovasiya haqqında təsəvvürlərə malik olmamışlar. İnnovasiyalara əsaslanmayan islahatlar, bu proseslərin düzgün layihələnməməsi nəticəsində təhsil sistemi iflic edilmiş, onun islahatdan əvvəlki işlək mexanizmi dağıdılmış, yeni təhsil modeli isə yaranmamışdır.
Təhsildə innovasiya dedikdə, müxtəlif yeniliklərin təlim-tərbiyənin məqsəd, məzmun, metod və formalarına tətbiqi, təhsilin iqtisadiyyatı, təşkili və idarə edilməsində pedaqoq və təhsilalanın müştərək fəaliyyətlərinin yeni biliklər əsasında təşkili nəzərdə tutulur.
Təhsildə innovasiyalar ölkə və ya regional səviyyədə, təhsil islahatları və ya müəyyən məqsədli inkişaf proqramları çərçivəsində, mərkəzləşdirilmiş formada və ya təhsil müəssisəsinin təşəbbüsü ilə lokal formada həyata keçirilə bilər. Bu zaman pilot layihə çərçivəsində eksperimental fəaliyyət təşkil edilə bilər. Təbii ki, bütün bu proseslər hüquqi-normativ baza əsasında reallaşmalıdır.
Müxtəlif səviyyəli təhsil müəssisələrində innovasion proseslərin metodoloji baxımdan ümumi cəhətləri çoxdur. Bu səbəbdən ideyalar faktiki olaraq təhsilin istənilən səviyyəsi üçün əhəmiyyətli ola bilər.
Müasir zamanda innovasiyaların yaranmasına səbəb olan müəyyən tendensiyalar aşağıdakılardır:
- tədris prosesinin humanistləşməsi;
-uşaqların təhsilləri və gənc nəslin inkişafı keyfiyyətinə verilən yüksək tələblər;
- mədəni-mənəvi dəyərlərə yönəlmə;
- təhsil müəssisələri arasında rəqabətlilik münasibətləri.
Hər bir təhsil müəssisəsi yeniləşmə prosesində 3 mərhələdən keçir:
1) Təşəkkül (yeni təhsil müəssisəsinin, yeni kollektivin yaranması və ya kollektivin böyük hissəsinin təzələnməsi mərhələsi);
2) Fəaliyyət (təlim-tərbiyə prosesinin ənənəvi, stabil proqram və pedaqoji texnologiyalar əsasında işinin təşkili mərhələsi);
3) İnkişaf (təlim-tərbiyənin köhnə məzmunu və mövcud pedaqoji texnologiyalar yeni sosial-iqtisadi tələblərə cavab vermədiyindən yeni məzmun, forma və texnologiyaların yaradılması və tətbiqi mərhələsi).
İnkişafda olan təhsil müəssisələri ənənəvi, stabil formatda işləyən təhsil müəssisələrindən fərqlənir. Bu fərqlər özünü idarəetmədə də göstərir. Ənənəvi iş rejimində müsbət nəticə verən pedaqoji texnologiyalar bəzi hallarda yeni innovasion iş rejimində arzuolunan nəticələr verməyə bilər. Təhsil müəssisələrində innovasion fəaliyyətin əsas subyekti müəllim, idarəetmə obyekti isə təlim-tərbiyə prosesidir. İnkişaf etmiş təhsil müəssisələrində idarəetmənin predmeti təhsilin məqsədi, məzmunu, metod və formalarıdır. Praktik olaraq, hər bir innovasion təhsil prosesinin obyekti təhsil alanlardır. Tədqiqatçıların və təhsil müəssisəsi rəhbərlərinin əsas vəzifəsi təhsilin proqnozlaşdırılan nəticələrinə maksimum yaxınlaşmaqdır. Ona görə təhsil müəssisəsində tətbiq edilən hər bir innovasiya prosesi idarə edilməlidir.
Hər bir innovasiya, yenilik, yeniliyin tətbiqi öz inkişafı prosesində müəyyən mərhələlər keçir: ideyanın yaranması, məqsədin formalaşması, yeni ideyanın konkretləşməsi (formalaşması), yeniliyin reallaşdırılması, yayılması, yeniliyin "adiləşməsi", "köhnəlməsi".
İnnovasion rejimdə təlim-tərbiyə prosesinin bütün iştirakçılarının — müəllim və şagirdlərin fəal şəxsi özünütəyin prosesi gedir. Bu, insanların qarşılıqlı münasibətlərinin xarakterində öz əksini tapır. İnnovasiyaların həyat mərhələləri yeniliyi qəbul edən kollektivin inkişaf mərhələləri ilə sıx bağlıdır.
Təhsil müəssisələrində innovasiyaların yaranmasının aşağıdakı yolları mövcuddur:
a) Müəssisəyə məxsus yeni təcrübənin yaranması;
b) Kənar təcrübədən istifadə;
c) Elmi araşdırmaların nəticəsi;
d) Eksperiment;
e) "Sınaq və səhv" yolu.
İnnovasion prosesə daxil olan kollektiv, bir qayda olaraq, öz inkişafında bir neçə mərhələ keçir. Cəsarətsizlik-"əməkdaşlığın" stabilliyi-yetkin kollektiv. Son iki mərhələ-innovasiya prosesinin kollektiv tərəfindən yüksək dərki mərhələsidir. Bu, kollektivin hər bir üzvünün bütün mərhələlərdə iştirakı ilə təyin edilir. Kollektivin cəsarətsizlik mərhələsindən yetkinlik mərhələsinə inkişafı innovasiya tsikllərinin dəyişmə sürətindən asılıdır. İnnovasiya proseslərini idarə edən menecerin ilkin vəzifəsi innovasiyalara olan münasibəti öyrənmək, bu barədə fərqli münasibət və rəyləri toplamaqdır.
Müasir təhsildə gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Təhsildə modernləşmənin əsas məqsədi bu gün reallaşan kütləvi təhsil şəraitində yüksək keyfiyyətə nail olmaqdır. İnkişaf etmiş ölkələrin təhsil sistemləri qlobal tendensiyalara uyğun inkişaf edir. Qlobal tendensiyalar isə dünyanın yeni inkişaf səviyyəsi ilə müəyyən edilir. Bu məqsədlə bir çox ölkələrdə müvafiq təhsil strategiyaları və inkişaf proqramları hazırlanmış, hazırda icra edilməkdədirlər. Bu gün təhsildə strateji yanaşma digər fəaliyyət sahələrinə nisbətən vacibdir.
Almara ABBASOVA,
ADPU-nun Elmi təşkilati şöbəsinin bas mütəxəssisi,
Zenfira SEYİDOVA,
ADPU-nun Elmi təşkilati şöbəsinin mütəxəssisi,
Kəmalə ABBASOVA
Azərbaycan Universitetinin əməkdaşı, hüquqşünas
Tarix: 8-07-2021, 16:43