Müasir psixologiyada kreativlik və yaradıcı istedad problemi
N.ÇƏLƏBİYEV,
ADPU-nun Şəki filialının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
Müasir psixologiya elmində geniş istinad edilən “Kreativlik” anlayışı (latınca-creativ- yaratma, yaradılma) “yaradıcı qabiliyyətlər” anlayışı ilə anoloji sinonimliyə malik olub, yaradıcılıq və yaradıcı fəaliyyətlə sıx şəkildə bağlıdır. Yaradıcılıq və yaradıcı qabiliyyətlər probleminin tarixinə və əhəmiyyətinə nəzər yetirdikdə bu problemin hələ də mükəmməl şəkildə tədqiq edilmədiyi ortaya çıxır. Bu problem üzrə uzunmüddətli tədqiqatlar aparmış rus psixoloqları D.B.Boqoyavlenski, V.A.Krutetski, A.Mateyko, K.Rocers, A.Xolodnaya, V.N.Drujinin, E.P.İlin, S.V.Maksimova, N.A.Şeydenko, V.Q.Podzolkov, A.N.Sergeyev, T.V.Qalkina və b. qeyd edirdilər ki, yaradıcı proses praktik olaraq heç də asanlıqla dərk olunan proses deyildir, o, spontan mahiyyət kəsb edir və onu təbii-elmi metodlarla öyrənmək mümkünsüzdür. Bu spontanlıq yaradıcı fəaliyyətin nə vaxt baş verəcəyini və yaradıcı həllin nə vaxt təzahür edəcəyini proqnozlaşdırmağı çətinləşdirir.
Uzun müddət ərzində insanların yaradıcı nailiyyətləri onların ümumi və xüsusi qabiliyyətləri səviyyəsində öyrənildiyindən yaradıcı qabiliyyətlər faktiki olaraq fərqləndirilməmiş və intellektlə eyniləşdirilmişdir. Psixoloqlar xüsusi qabiliyyətlərin ayrı-ayrı növlərinin simptomlarının öyrənilməsi sahəsində xeyli uğurlu nəticələr əldə etmişlər. Məsələn, rus psixoloqu V.A.Krutetski müəyyən etmişdir ki, riyazi qabiliyyətlər üçün aşağıdakı xüsusiyyətlər səciyyəvidir:
riyazi materialı asan qavrama;
·riyazi obyektləri sürətlə və geniş ümumiləşdirmə qabiliyyəti;
·riyazi mühakiməyə meyillilik;
riyazi məsələlərin həlli prosesində fikrin çevikliyi.
Təsviri fəaliyyət və musiqi qabiliyyətləri üçün də səciyyəvi xüsusiyyətlər özünü göstərir. Musiqi sahəsində bu, lad hissi harmonik eşitmə, musiqi ritmi hissi, təsviri fəaliyyət (rəsmetmə) üçün isə bu xüsusiyyətlər proporsiyaları sürətlə və asanlıqla qurmaq, obyektin hissələri arasında nisbəti və perspektivi qiymətləndirmə qabiliyyətləri buna misal ola bilər.
Rus psixoloqu V.P.Yakunkovaya görə, ədəbi qabiliyyətlər üçün poetik qavrayış, obrazlı hafizə, estetik hisslər, obrazlı təfəkkür, yaradıcı təxəyyül, dəqiq və ifadəli ədəbi dil kimi parametrlər vacibdir.
Yaradıcı qabiliyyətlərin və kreativliyin yaradıcı fəaliyyətin əsas növü kimi fərqləndirilməsində və onların problemli situasiyaların orijinal həll yolunun tapılmasında yaradıcılıq testlərinin müstəsna rolu olmuşdur. Müəyyən edilmişdir ki, insanın yaradıcı imkanları onun qabiliyyətləri və təlim uğurları ilə korrelyasiyaya malik deyildir. Kreativliyin qabiliyyətlərin xüsusi növü kimi fərqləndirilməsi tendensiyası elmi psixologiyada 1950-ci illərə təsadüf edir və məşhur Amerika psixoloqları L.Terstoun və C.Gilfordun adı ilə bağlıdır. Coy Pol Gilford 1957-ci ildə ilk dəfə “Divergent təfəkkür” konsepsiyasını yaratmış və onun yaradıcılıqla bağlı olan xarakteristikasını və komponentlərini müəyyənləşdirmişdir. Bunların sırasında sürətlilik (daha çox ideyalar və problemin həll yolunu tapmaq qabiliyyəti), çeviklik (eyni vaxtda konkret problemə fərqli yanaşmaq qabiliyyəti), orijinallıq (orijinal ideyalar yaratmaq qabiliyyəti), emal etmək (ideyaları sistemləşdirmək, detallara ayırmaq və onları reallaşdırmaq qabiliyyəti) olmaqla əsas struktur komponentləri aşkara çıxarmışdır. O, həmin konsepsiyasında konvergent və divergent təfəkkür tipləri arasında fərqləri də müəyyənləşdirmişdir.
Kreativlik ümumi anlamda yaradıcılıq qabiliyyəti kimi izah olunur. Rus psixoloqu V.N.Drujinin qeyd edir ki, bütün insanlar potensial olaraq kreativ olsalar da, onların heç də hamısı yüksək kreativlik səviyyəsinə və qabiliyyətinə malik deyillər.
E.P.İlin bu baxımdan insanları yüksək kreativli və aşağı kreativli olmaqla iki tipə ayırır. A.Xolodnaya “kreativlik” anlayışını geniş və dar olmaqla 2 mənada izah edir. Dar mənada kreativlik divergent təfəkkürdür. Geniş mənada kreativlik isə yaradıcı intellektual qabiliyyətlərdir, yəni, orijinal məhsulların və ideyaların yaradılması prosesidir. Təfəkkürün itiliyi, aydınlığı, çevikliyi, problemlərə həssaslıq, orijinallıq, onların həllində ixtiraçılıq ünsürləri kreativlik amilləridir.
S.Mednik yazır ki, idrak aktının konvergent və divergent tiplərə bölünməsi yaradıcı fəaliyyəti səciyyələndirmək üçün qeyri-adekvatdır. Kreativliyin mahiyyəti fikri sintez prosesinin son mərhələsində və assosiasiyalar zonasında stereotipləri qırmaq qabiliyyətidir. ABŞ alimi H.Heyvin isə qeyd edirdi ki, “kreativlik” adı altında qeyri-standart üsullarla dəyərli nəticələr əldə etmək qabiliyyəti başa düşülür.
F.Barron və D.Harrinqtonun qənaətinə görə, kreativ məhsullar öz təbiəti etibarı ilə fərqli ola bilər: riyaziyyatda problemin yeni həll üsulu; kimyəvi prosesin kəşf edilməsi, musiqi və ədəbi əsərlərin, rəsm əsərləri və heykəltəraşlıq şedevrlərinin yeni fəlsəfi və ya dini sistemin yaradılması, hüquqşünaslıqda innovasiyalar, sosial problemlərin həllinin yeni sisteminin qurulması və s.
N.Y.Xryaşeva isə qeyd edir ki, kreativlik zəngin təxəyyüldə, yumor hissində yüksək estetik dəyərlərə meyillilik, problemi detallara ayırmaq qabiliyyəti kreativlik əlamətləri hesab edilir. T.A.Barışeva və Y.A.Jiqalov “kreativlik” anlayışını daha mükəmməl şərh edirlər. Onlara görə, kreativlik çoxsəviyyəli və çoxölçülü sistemli törəmədir. O, özündə yalnız intellektual potensialı deyil, həm də motivasiyanı, emosiyaları, estetik hissləri, ekzistensial, kommunikativ xüsusiyyətləri və kompetentliyi birləşdirir. T.A.Barışeva və Y.A.Jiqalov “divergent təfəkkür” anlayışını C.Gilforddan daha geniş anlamda izah edirlər. Onların fikrincə, “divergentlik”, polifoniklik, çoxfaktorluluq yaradıcı prosesdə iştirak edən bütün koqnitiv proseslərdə (yalnız təfəkkürdə yox) kreativ keyfiyyətdir. Divergentlik persepektiv səviyyədə çoxmodallılıq, sərbəstlik, çoxplanlılıq və s. ilə şərtlənir.
A.Mateykonun qənaətinə görə, yaradıcı prosesin mahiyyəti mövcud təcrübənin yenidən təşkili əsasında yeni kombinasiyaların formalaşdırılmasından ibarətdir.
S.Mednikə görə, divergent təfəkkür prosesi aşağıdakı ardıcıllıqla cərəyan edir: problem qoyulur və fikri axtarış semantik məkanda problemin məzmunundan uzaqlaşaraq müxtəlif istiqamətdə baş verir. Divergent təfəkkür - sanki, küncdə, periferik, “problemin yanında” olan təfəkkürdür.
Şəkil 1. Divergent təfəkkür prosesinin sxemi
S.Mednik qeyd edir ki, yaradıcı prosesdə həm divergent, həm də konvergent təfəkkür iştirak edir.
Şəkil 2. Konvergent təfəkkür prosesinin sxemi.
Bir çox psixoloqlar (C.Gilford, K.Teylor, Q.Qruber, Y.A.Panamaryov və b.) belə hesab edirlər ki, kreativlik (yaradıcılıq qabiliyyəti) intellektdən asılı olmayan müstəqil amildir. Kreativliklə intellekt arasında korrelyasiya mövcud olsa da, bu, o qədər də əhəmiyyətli deyildir.
E.P.Torrens yazır ki, əgər İQ 120-dən yüksəkdirsə, yaradıcı qabiliyyətlər özünü sərbəst kəmiyyət kimi göstərir, yəni aşağı intellektli insanlar arasında kreativlər yoxdur, lakin aşağı kreativliyi olan intellektuallar mövcuddur. Müasir tədqiqatların əksəriyyətində kreativlik prosesi konvergent və divergent təfəkkürün vəhdətində axtarılır.
Coy Pol Gilford həmçinin intellekt, yaradıcılıq və şəxsiyyətin psixometrik istiqamətdə tədqiqi üzrə elmi nəzəriyyələrin liderlərindən biri hesab olunur. O, produktiv təfəkkürün və şəxsiyyətin yaradıcı qabiliyyətlərinin öyrənilməsi sahəsində psixoloji testologiyaya da böyük töhfələr vermişdir.
Coy Pol Gilford və onun həmkarları 1954-cü ildən başlayaraq kreativliyin 16 hipotetik intellektual parametrlərini aşkara çıxardılar. Onlardan başlıcaları aşağıdakılardır:
- fikrin sürəti (vahid zaman ərzində irəli sürülən ideyaların miqdarı);
- fikrin çevikliyi (bir ideyadan başqasına yönəlmə qabiliyyəti);
- orijinallıq (ümumi qəbul edilmiş ideyalardan fərqli yeni ideyalar yaratmaq qabiliyyəti);
- hər şeylə maraqlanmaq (ətraf aləmin problemlərinə qarşı həssaslıq);
- hipotezaları işləmək qabiliyyəti;
- irrelevantlıq (reaksiyaların stimulların təsirindən məntiqi cəhətdən asılı olmaması);
- fantastiklik (stimulla reaksiya arasında məntiqi əlaqədən uzaq olmaq. Reallıqdan tam ayrılmaq).
Həmin modeldə ən vacib parametrlərdən biri informasiyanın işlənilməsi prosesində əqli fəaliyyət üsullarında və onun xarakterindəki dəyişmələrin əks etdirilməsidir. Gilforda görə, əqli əməliyyatlara hafizə, dərketmə, divergent və konvergent təfəkkür və qiymətləndirmə daxildir.
Müasir psixologiyada kreativlik və yaradıcı istedadın diaqnostikası aktual problemlərdən biri olaraq qalmaqdadır. Bu sahədə ilk təşəbbüslər C.P.Gilforda və onun həmkarlarına məxsusdur. 1950-ci ildən başlayaraq ABŞ-da Kaliforniya Universitetində işləyən C.P.Gilford “Cənubi Kaliforniya Divergent Məhsuldarlıq Testləri” adlı testlər tərtib etmiş və bununla təfəkkür tiplərindən biri olan divergent təfəkkürün ölçülməsində tətbiq etmişdir. Bu testlər batareyası 14 testdən ibarət idi. İlk 10 testə sınanılan şəxslər sözlü (verbal) cavb verməli, qalan 4 test isə təsviri olaraq cavablandırılmalı idi.
Həmin testlərdən bir neçəsinə nəzər yetirək.
1. Verbal test:
Söz assosiasiyalarından istifadə:
Verilən sözlə mənaca oxşar olan sözü tapın. “Ağır”: çətin, yüngül, dözülməz...
2. Təsviri test:
Tərtib etmə. Hamıya məlum olan obyekti onu təşkil edən ən çox necə detalla tərtib etmək olar?
Müasir dövrdə kreativliyin diaqnostikasında “Torrens testləri” adlanan metodikadan geniş istifadə olunur. Bu testlər öz məzmununa görə C.P.Gilfordun Cənubi Kaliforniya testlərinə bənzəyir. E.Torrens 12 test tərtib etmiş və onları verbal, təsviri və işarə olmaqla 3 batareyada birləşdirmişdi. Lakin o, “kreativlik” anlayışından imtina etmiş, testləri verbal, təsviri və sözlü-səsli yaradıcı təfəkkür testləri kimi xarakterizə etmişdi. O, həm də bu testləri test yox, tapşırıqlar adlandırmışdır.
1980-ci illərdə E.Torrens məktəbəqədəryaşlı uşaqlarda hərəkətlərin diaqnostikası üçün kreativlik testləri hazırlamışdır. Bu testin tapşırıqları elə qurulmuşdu ki, uşaq özünün yaradıcı qabiliyyətlərini hər hansı binada sərbəst hərəkətləri ilə nümayiş etdirə bilsin. Torrens testlərinin nöqsanlarından bəhs edən alimlər onların əsas çatışmazlıqlarını fərdin motivasiya və digər şəxsi xüsusiyyətlərini nəzrə almamasıdır. Bir çox psixoloqlar E.Torrans testlərinin kriteriyalarının yaradıcı qabiliyyətləri aşkara çıxarmaq üçün yetərli olmaması və az proqnostik olması ilə əlaqələndirirlər.
Kreativlik testləri ilə insanların elmdə, texnikada, incəsənətdə və insan fəaliyyətinin digər sahələrində tam şəkildə öyrənmək mümkünsüzdür. Çünki bu qabiliyyətlər fərdin şəxsiyyət keyfiyyətlərinin intellektual və xüsusi qabiliyyətlərinin mürəkkəb kombinasiyasıdır. Təfəkkürün çevikliyi və orijinallığı, böyük divergent məhsuldarlıq yaradıcı nəaliyyətlər üçün vacib şərtdir. Yaradıcı aktda divergent məhsuldarlığın tormozlanmasından sonra tənqidi qiymətləndirmə fazası gəlir. Məsələn, “beyin həmləsi” (əqli hücum) zamanı məhsuldar və qiymətləndirici faza zamana görə bölünür. İdeyaların tənqidi qiymətləndirilməsi zamanla şərtlənir, daimi olmur. Bəzi psixoloqlar belə hesab edir ki, kreativliyin ölçülməsi yalnız yaradıcılığın ayrı-ayrı aktlarının analizi yolu ilə mümkün ola bilər.
Luis Terstoun (1887-1955) psixologiyada ilk dəfə diaqnostik əhəmiyyətli “çoxfaktorlu təhlil” metodunu yaratmış, həmçinin intellektin strukturunun multifaktor konsepsiyasını formulə etmişdir. L.Terstoun qabiliyyətlərin kreativliyinin yeni informasiyanın müxtəlif üsullarla və sürətlə mənimsənilməsinin mümkünlüyü rolunu təhlil etmişdir. O, yaradıcı nailiyyətlərdə induktiv təfəkkürün, qavrayışın bəzi xüsusiyyətlərinin rolunu qeyd etmiş, habelə bildirmişdir ki, problemin yaradıcı həlli heç də diqqətin problemə cəmləşdirilməsi zamanı yox, daha çox relaksasiya, diqqətin dalğınlığı anında baş verir. L.Terstounun nöqteyi- nəzərincə, kreativlik yeni ideyaların yaradılması qabiliyyəti kimi yaradıcı nailiyyətlərlə birbaşa bağlı olan prosesdir. Onun tərtib etdiyi standart ölçmə şkalası “Terstoun şkalası” adlanır. O, Ç.Spirmen və R.Kettelin intellektin ölçülməsində “analitik faktor” metodundan imtina edərək, özünün çoxfaktorlu təhlil konsepsiyasını irəli sürmüşdür.
Ötən əsrdə Qərb ölkələrində kreativliyin idrak mustəvisində tədqiqi cəhdləri qeyri-adi intellektual faktorların və idrak üslublarının öyrənilməsi və qiymətləndirilməsinə istiqamətlənmişdir.
C.P.Gilford bu faktorları “divergent təfəkkür” adı ilə bir ad altında birləşdirdi. İntellektin fərqli xüsusiyyətlərini tədqiq edərkən mütəxəssislər intellektlə kreativliyin bir çox fərqli cəhətlərini aşkara çıxardılar. Bəzi psixoloqlar İQ ilə kreativlik arasında korrelyasiyanın olduğunu müəyyən etsə də, əksər psixoloqlar bu hipoteza üzrə tamamilə ziddiyyətli nəticələr əldə etdilər. Bu sahədə aparılan tədqiqatların nəticələrini təhlil edən psixoloqlar belə nəticəyə gəldilər ki, intellekt testlərinin göstəriciləri ilə kreativlik arasında qarşılıqlı əlaqə mövcuddur, lakin o, xətti deyil, daha mürəkkəb xarakter kəsb edir. Qısa şəkildə bunu belə səciyyələndirmək olar: əgər İQ orta və ortadan yüksəkdirsə, o, kreativliklə xətti asılılığa malikdir. Yəni, İQ nə qədər yüksəkdirsə, kreativlik də o qədər yüksəkdir. Əgər intellekt testinin nəticələri daha yüksəkdirsə, yəni, normanın sərhədlərini aşırsa, onda intellekt göstəriciləri ilə kreativlik arasında qarşılıqlı əlaqə itir. Rus psixoloqu N.S.Leytes istedadın aktual, potensial və gizli olmaqla 3 əsas formasını fərqləndirirdi. [7. s.303]
Bu fakt öz-özlüyündə sübut edir ki, kreativliyin təzahürü üçün daha yüksək intellektual göstəricilər vacib şərtdir. Əgər belə səviyyə əldə edilmişdirsə, yəni, fərd kifayət qədər yüksək bilik səviyyəsinə və formalaşmış məntiqi təfəkkürə malikdirsə, onda gələcəkdə onun daha da genişləndirilməsi kreativlik üçün əhəmiyyətsizdir. Lakin çox yüksək intellektual səviyyə əksər hallarda kreativliyin enməsi ilə nəticələnir və belə halda fərdin təhlil, təkib, sistemləşdirmə, tənqid və s. kimi məntiqi mühakimə qabiliyyətləri və yeni ideyaların generasiyası üçün maneələr yaranır. Kreativliyin intellekt testləri ilə deyil, kreativ testlərlə ölçülməsi zamanı memarlar, rəssamlar, riyaziyyatçılar və yazıçılarda fərqli nəticələr əldə edilmişdir. Deməli, xüsusi qabiliyyətlərlə kreativlik arasında xüsusi əlaqə mövcuddur. Kreativliyin öyrənilməsinə şəxsiyyət aspektindən yanaşma deməyə əsas verir ki, emosional və motivləşdirici amillər kreativliyin səviyyəsinə təsir göstərməkdədir. Burada özünə məftunluq, aqressivlik, sosial rəyi və sosial sərhədləri qəbul etməmək kimi xüsusiyyətlər də nəzərə alınmalıdır. Rus psixoloqu N.İ.Muraçevski təlimdə uğursuzluğa düçar olan şagirdlərdə əqli fəaliyyət və təlimə müsbət münasibətin olmamasını əqli (intellektual) inkişafın səviyyəcə aşağı olduğunu aşkar etmişdir. [3. s.321] Kreativ tipli şəxsiyyətlə qeyri-kreativ tipli şəxsiyyət tamamilə fərqli xüsusiyyətlərə malikdir. Yaradıcı uğurların nevrozlarla, sinir sistemi və beyin patologiyası ilə əlaqəsi haqqında da nöqteyi-nəzərlər mövcuddur. Kreativliyin şəxsiyyətin motivlər aləmi ilə əlaqəsi haqqında baxışlarda vahid yanaşma mövcud deyildir. Lakin yaradıcı fərd özünü daha yaxşı reallaşdırmağa cəhd göstərdiyi, yeni fəaliyyət növlərini asanlıqla uyğunlaşdığı bəllidir. Belə şəxslərdə riskə meyillilik də özünü göstərir.
Qeyd edə bilərik ki, intellektual qabiliyyətlərin xüsusi tipi olan kreativlik müasir dövrdə daha çox Amerika və Britaniya psixoloqlarının diqqətini cəlb edən problemdir. Onların indiyədək əldə etdikləri başlıca qənaətlər aşağıdakılardır:
şəxsiyyətin yaradıcı uğurları ilə kreativlik arasında əlaqə mövcuddur, lakin onun mahiyyəti hələlik sonadək öyrənilməmişdir;
·kreativliyi tam əminliklə ənənəvi qəbul edilmiş intellektdən ayırmaq olmaz. Onlar arasında əlaqə mövcuddur;
·hələlik kreativliyi ölçmək üçün etibarlı metodlar əldə edilməmişdir.
Geniş mənada “kreativlik” dedikdə, stereotiplərdən imtina etmək qabiliyyəti, novatorluq başa düşülür. Divergent təfəkkür qabiliyyəti aşağıdakı 4 kriteriya əsasında müəyyən edilir:
cəldlik: vahid zaman vahidi ərzində irəli sürülən ideyaların sayı;
·orijinallıq: şablon və stereotiplərdən uzaq olmaqla tipik ideyalardan fərqli yeni ideyalar irəli sürmək;
·həssaslıq: detallarda qeyri-adi momentləri qavramaq, qeyri-müəyyənlikləri və ziddiyyətləri görmək qabiliyyəti, eyni zamanda bir ideyadan operativ şəkildə digərinə keçmək qabiliyyəti;
·obrazlılıq: öz fikirlərini assosiasiya və simvolların köməyi ilə ifadə etmək cəhdləri, təsvir edilən kontekstdə işləmək bacarıqları, sadədə mürəkkəbi, mürəkkəbdə sadəni görmək qabiliyyəti. Divergent təfəkkürün parlaq nümunəsi “əqli hücum” və ya populyar kartlardır. Konvergent təfəkkür isə xətti və ya məntiqi əsaslara söykənir və adətən klassik İQ testləri vasitəsilə müəyyənləşdirilir.
Dərketmə prosesində insan ya kəşf edir, ya da hər hansı bir şeyin artıq ona məlum olduğunu yəqin edir. Bu zaman hafizə ona bəlli olan hər şeyi hifz edir. Konvergent və devergent təfəkkürü inkişaf etdirmək və onların hər birinin fərqli xüsusiyyətlərini bilmək vacibdir.
Divergent (latınca divergere - ayrılmaq) təfəkkürdən insan o zaman istifadə edir ki, problemin həllində verilənlər əsasında bir neçə həll variantlarına istinad edilməsi vacib olur. Divergent qabiliyyətlər fəaliyyət şəraitində (kreativlik) reqlament olmadan çoxsaylı yeni, maraqlı, qeyri-adi, çoxsaylı ideyalar irəli sürməkdən ibarətdir. Bu təfəkkür tipinin fərqləndirici başlıca xüsusiyyəti eyni bir obyektə aid çoxsaylı bərabər əhəmiyyətli düzgün ideyalar irəli sürməkdən ibarətdir. Divergent təfəkkür problem və məsələləri yaradıcı təfəkkür əsasında həll etmək metodudur.
Konvergent təfəkkür qabiliyyəti verilən fəaliyyət şəraitindən intellektin həmin şəraitə necə uyğunlaşması ilə xarakterizə olunur. Konvergent təfəkkür tez, dəqiq və məntiqi əsaslara istinad edən düşüncə tərzidir. O, ideyaların rasional irəli sürülməsi və daha yaxşı həll yolunun axtarışı ilə xarakterizə olunur. İnsan intellektinin aşağıdakı 3 xüsusiyyəti onun konvergent təfəkkür qabiliyyətinə malik olduğunu əks etdirir:
səviyyəlilik: qavrayışın sürəti, diqqətin konsentrasiyası, lüğət ehtiyatı, sensor fərqləndirmə və s.
·kombinator: mövcud bilik ehtiyatından qoyulan problemin həllində istifadə qarşılıqlı əlaqə və asılılıqları və qanunauyğunluqları dərk etmək bacarıqları;
prosessual: əldə edilmiş məlumatın intellektual fəaliyyət və əqli əməliyyatlar vasitəsilə transformasiya etmək strategiyası.
Amerika psixoloqu P.Torrens tərəfindən təklif edilmiş “Kreativlik testi” 5-6 yaşlı və 17-18 yaşlı uşaqlar üçün yaradıcı istedadın aşkar edilməsinə xidmət edir. Test özündə “Rəsmi tamamla” tipli tapşırıqları birləşdirir. Bu test tapşırıqlarına cavablar zamanı sınanılan şəxslər tapşırığı icra etməli və imzaları ilə təsdiq etməlidir. Əgər uşaqlar yaza bilmir və ya yavaş yazırlarsa, eksperimentator və ya assissentlər onlara kömək edirlər.
Ötən əsrin 20-ci illərində məşhur alman psixoloqu Karl Bülerin “Uşağın ruhi
inkişafı” adlı əsəri nəşr olundu. O, bu əsərində psixikanı instinkt, dressura (şərti reflekslərin yaranması - N.Ç.) və intellekt olmaqla 3 əsas struktura ayırmışdır. Həmin dövrdə digər alman psixoloqu Volfanq Kölerin “İnsanabənzər meymunlarda intellektin tədqiqi” adlı əsəri çapdan çıxdı. O, həmin əsərində insanabənzər meymunlarda problemli vəziyyətlərdə davranışın “sınaq və səhvlər” adlı təsadüfi həll metoduna əsaslandığını aşkara çıxarmışdır.
Müasir psixologiyada intellektin daha çox aşağıdakı 4 növünün adı qeyd olunur:
- gündəlik həyatda istifadə olunan konkret-praktik intellekt;
- sözlər, terminlər, işarələrin köməyi ilə müəyyənləşdirilən intellekt;
- təfəkkürün anadangəlmə qabiliyyətlərinin, 16-20 yaşlardan sonra (cinsi mənsubiyyətdən asılı olaraq) mücərrədləşdirmə və mühakimə qabiliyyətinin məcmusu olan potensial intellekt;
- insanın həyatı boyu qazandığı bilik, bacarıq və vərdişlərin məcmusundan ibarət olan həyatda qazanılmış intellekt [1 , s.205].
Yaradıcı fəaliyyət prosesinin mahiyyəti müasir dövrdə müxtəlif anlamlarda interpretasiya olunur. Rus alimi A.Mateyko qeyd edirdi ki, yaradıcı fəaliyyət əvvəlki təcrübənin yenidən təşkili əsasında yeni kombinasiyaların yaradılması prosesidir. ABŞ psixoloqu K.Rocersə görə isə yaradıcı fəaliyyət əməliyyatlar vasitəsilə yeni məhsulların yaradılması prosesidir.
Müasir xarici ölkə alimlərinin əksəriyyəti belə hesab edir ki, yaradıcılıq sahəsində kriteriyalara həsr olunmuş çoxsaylı tədqiqatlara baxmayaraq, hələ də onun sərhədləri dəqiq müəyyən edilməmişdir. Yaradıcı və qeyri-yaradıcı fəaliyyət tamamilə subyektiv qiymətləndirilən problemdir.
Müasir elmi psixologiyaya görə, yaradıcılıq insanın ictimai əhəmiyyətli yeni maddi və mənəvi sərvətlər yaratması ilə xarakterizə olunan fəaliyyətidir. Bəzi alimlər hətta heyvanların problemli vəziyyətlərdə davranışını, uşaqların yaradıcılığını, insanların müxtəlif başçatladan məsələləri həll etməsini də yaradıcı fəaliyyətə aid edirlər. Halbuki, bunlar ictimai əhəmiyyət kəsb etmir.
Rus psixoloqu A.V.Petrovski yaradıcılığı “qeyri-adaptiv aktivlik” kimi səciyyələndirir. A.Rapoport, Q.A.Ball, F.D.Batyuşkov və b. yaradıcılıq fenomeninin elmi, poetik, musiqi, təsviri, habelə inzibati, hərbi və s. kimi növlərini fərqləndirirlər. M.S.Koqan və A.M.Etkinə görə, ünsiyyət özü də yaradıcılıqdır.
Bəzi alimlərin qənaətinə görə (B.A.Lezin, E.P.İlin, M.A.Blox, S.O.Qruzenberq) belə hesab edirlər ki, yaradıcı prosesi yalnız özünümüşahidə metodu ilə öyrənmək olar.
Məşhur rus psixoloqu S.L.Rubinşteyn qeyd edirdi ki, hər bir yaradıcı fəaliyyətdə təxəyyülün böyük rolu var. Bu, özünü daha çox bədii yaradıcılıqda büruzə verir. Təxəyyüllə yaradıcı fəaliyyət arasında əks əlaqə mövcuddur. Təxəyyül yaradıcı fəaliyyət prosesində formalaşır. Ortadan yüksək intellektə sahib olan insanların təxəyyülləri kasıbdır və orta intellektdən fərqlənmir.
Bir sıra qərb alimləri (Qetzels, Jakson, Jones, Lyuton, Razik, Sinnot və b.) belə hesab edirlər ki, istənilən yaradıcı fəaliyyətdə fantaziya mövcuddur və o, istənilən yaradıcı fəaliyyətin təbii əsasıdır, “şüuraltına gedən kral yoludur.”
Müasir xarici ölkə psixologiyasında kreativliyin öyrənilməsi başlıca olaraq iki istiqamətdə aparılır:
1.Birinci tədqiqat istiqamət kreativliyin intellektdən asılılığını, idrak proseslərinin kreativliklə əlaqəsini əhatə edir.
2. İkinci istiqamət isə şəxsiyyətin psixoloji xüsusiyyətlərinin kreativliyə təsirini, şəxsiyyət və motivasiya əlamətlərinin bu prosesdə rolunu öyrənir.
Alman psixoqu Vilyam Ştern istedadın reaktiv və spontan olmaqla iki əsas növünü fərqləndirir. Reaktiv istedada malik olan uşaqlar praktik fəaliyyət zamanı hər addımda stimullara ehtiyac duyurlar. Spontan istedadlı uşaqlar isə daha çox intellektual və yaradıcı fəaliyyətə meyllidirlər.
Fikrimizcə, istedad qabiliyyətlər kompleksi kimi mənalandırıldığına görə, yaradıcı istedad da yaradıcı qabiliyyətlərin kompleksi kimi izah olunmalı və qəbul edilməlidir.
Rus fizioloqu İ.S.Pavlov “bədii”, “mütəfəkkir” və “orta” olmaqla 3 cür yaradıcı insanların olduğunu qeyd edirdi. Birincilər bədii yaradıcılıqda, ikincilər isə elmdə və ixtiraçılıqda üstündürlər. Orta tipdə bədii və mütəfəkkir tipin ortaq xüsusiyyətləri özünü göstərir.
Müasir Qərb psixologiyasında istedadın aşağıdakı tipləri fərqləndirilir: Ümumi intellekt, spesifik (akademik) intellekt; yaradıcı intellekt; bədii və incəsənət sahəsində intellekt; psixomotor intellekt; liderlik intellekti; sosial intellekt. Rus psixolqu R.S.Nemov intellektin inkişafında və formalaşmasında fəaliyyət növlərinin (oyun, təlim, əmək) xüsusi rolunun olduğunu qeyd edir.
Tarix: 15-04-2021, 16:35