Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sinifdənxaric və məktəbdənkənar tədbirlərin imkanlarından istifadə

 
Afilə CƏFƏROVA,
Bakı şəhəri 177 nömrəli tam orta məktəbin direktor müavini

Məlumdur ki, məktəblilərin milli ruhda tərbiyə olunmalarında sinifdənxaric və məktəbdənkənar tədbirlərdən istifadə etmək çox vacibdır. Şagirdlərlə aparılan dərsdənkənar tədbirlər onların hərtərəfli inkişaflarına kömək edir. Belə ki, adət-ənənələrimizə sadiqlik, milli kökə bağlılıq, inam tərbiyə etmək dərsdənkənar işlərin mahiyyətini təşkil edir.
Qeyd edək ki, müəllimlərin şagirdlərlə apardıqları dərsdənkənar tərbiyəvi işlərə milli və siyasi tədbirlər də aiddir. Bunun əsas məqsədi şagirdlərin şüurunda milli dünyagörüşün əsaslarını formalaşdırmaq, onlarda yüksək mənəvi keyfiyyətlər tərbiyə etmək və bəzi tərbiyəedici xüsusiyyətlərə inam yaratmaqdan ibarətdir.
Müasir şəraitdə sinifdənxaric tədbirlərin təkmilləşdirilməsi istiqamətlərinin məzmununu, yeni forma və üsullarla müəyyənləşdirmək üçün əməyə hazırlıq, əqli, əxlaqi, fiziki, estetik, iqtisadi və ekoloji tərbiyə, habelə insan  hüquqlarına hörmət əsasında hər bir məktəbli ilə bir neçə yönümdə iş aparılmalıdır. İlkin olaraq, şagirdləri tərbiyələndirici vasilələri, bilavasitə dərsdə və dərsdənkənar vaxtlarda onların əməli fəaliyyətini vahid sistemdə birləşdirməyin daha təsirli yollarının aşkara çıxarılması hər bir müəllim və məktəb rəhbərlərinin diqqət mərkəzində olmalıdır.
Məktəblilərin həmin amillər zəminində təlim və sinifdənxaric fəaliyyətinin, ictimai faydalı və məhsuldar əməyinin onların milli mənəvi dünyagörüşünün formalaşdırılmasına tabe etdirməyin metodları işlənib hazırlanmalıdır. Bunlar fənn müəllimlərinin və sinif rəhbərlərinin gündəlik əməli fəaliyyətinə çevrilməlidir.
Yeniyetmə şagirdlərin tərbiyə amilinin və sinifdənxaric tədbirlərin qarşılıqlı
təsirlərinin ən real variantları seçilməli, yerli şəraitə uyğun tətbiq olunmalıdır.
Məktəblilərin təlimini, tərbiyəsini və inkişafını vahid prosesdə həyata keçirmək işində dərsin, tərbiyə işlərinin, sinifdənxaric tədbirlərin üzvi surətdə əlaqələndiril-məsi, bir-birini tamamlaması tələbinə ciddi əməl edilməlidir.
Bütün bunlar sinifdənxaric işlərin tərbiyə və mahiyyətində, təkmilləşdirilməsi istiqamətində, müasir tərbiyə nəzəriyyəsində, məktəb təcrübəsində çox vacib məsələlərdəndir.
Aydındır ki, müəllimlər məktəbdə tədbirlər keçirərkən əsasən ideya istiqamətlərinə diqqət yetirməli, bunların şagirdlərin yaş xüsusiyyətlərinə, onların arzu və istəklərinə nə səviy­yədə cavab verdiyini öyrənməli, onların fəallığını təmin etməlidir. Dərsdənkənar işlər mahiyyət  etibarı ilə eyni məqsədə xidmət edib, şəxsiyyətin hərtərəfli inkişafı, gənc nəslin həyata hazırlanması sahəsində məktəbin qarşısında qoyulan vəzifələrin həyata keçirilməsinə yönəldilir. Belə tədbirlər dərsdənkənar proses olmaqla şagird biliklərinə əlavələr etməyə, onları genişləndirməyə, zənginləşdirməyə imkan verir.
Müəllimlərin şagirdlərlə apardıqları sinifdənxaric və məktəbdənkənar işlər zamanı qarşıya çıxan vəzifələr bir prosesdə birləşir. Həmin vəzifələri biz belə qruplaşdıra bilərik:
- Şagirdlərdə milli tərbiyə ilə əlaqədar ədəbiyyatlara maraq və məhəbbət tərbiyə etmək;
- Şagirdlərin Vətənimiz, torpağımız, onun qüdrəti, xalqımızın qəhrəman keçmişi, bu günü və gələcəyi, onun sərvətləri ilə əlaqədar biliklərinin zənginləşdirilməsi;
- Düşmənə nifrət hissinin aşılanması;
- Ana dilinin gözəlliyinin, dilimizin incəliyindən həzz almaq bacarığının formalaşdırılması, nitqin və təfəkkürün inkişaf etdirilməsi;
- Şagirdlərdə Vətənə canlarını qurban verən milli qəhrəmanlara, əmək, sənət və peşə adamlarına hörmət hissinin aşılanması;
- Şagirdlərin ictimai-siyasi fəallığını inkişaf etdirmək,onlara dəstək olmaq, köməklik göstərmək.
Sinifdənxaric və məktəbdənkənar işlər təlim prosesini tərbiyəedici vasitə kimi tamamlayaraq, şagirdlərin təhsil səviyyəsinin yüksəldilməsinə, onların təlimə maraqlarının artırılmasına da güclü təsir göstərir.
Sinifdənxaric və məktəbdənkənar işlərin başlıca istiqamətləri aşağıdakılardan ibarətdir:
- Əxlaq tərbiyəsi;
- İdeya-siyasi tərbiyə;
- Estetik tərbiyə;
- İqtisadi tərbiyə;
- Fiziki tərbiyə.
İş zamanı hər bir istiqamətin cəhətlərini nəzərə almaq lazımdır. Belə ki, müxtəlif istiqamətlərdə aparılan tərbiyə işlərinin məzmununda müşahidə edilən xüsusiyyətlər onların təşkili üçün münasib forma və metodların seçilməsinə təsir  göstərir.
Məsələn, milli tərbiyənin, vətənpərvərlik tərbiyəsinin qarşısında qoyulmuş vəzifələri lazımınca yerinə yetirmək hər bir müəllimin vəzifəsidir.
Sinifdənxaric işlər və məktəbdənkənar tədbirlər şagirdlərin tədris işi ilə sıx əlaqələndirilməlidir. Bu tələb ümumi tərbiyə işində varisliyi bərqərar edir. Təsadüfi deyil ki, görkəmli pedaqoqlardan bəziləri bu tələbi varislik prinsipi adlandırır.
Sinifdənxaric tədbirdə şagirdlərin fəallığına, müstəqilliyinə, yaradıcılığına daha geniş yer vermək mümkün olur. Sinifdənxaric tədbirlərlə nəinki bütün şagirdləri əhatə etmək olar, həm də təfəkkürü zəif olanlarla fərdi məşğul olmaq mümkündür (unutmayaq ki, belə şagirdlər tədbirlərdə daha çox fəallıq göstərirlər).
Məktəblərdə tədbirlər müxtəlif formalarda aparılır ki, bunları da kütləvi tədbirlər və fərdi iş kimi qruplaşdırmaq olar.
Kütləvi tədbirlərə bütün sinfi və ya bir neçə sinfi, yaxud bütün məktəbi əhatə edən oxucu konfransları, bədii, elmi-kütləvi məruzələr, müəyyən ədəbi-bədii gecələr, kinolar, rəsm sərgiləri, ekskursiyalar, divar qəzetlərinin çıxarılması və s. daxildir.
Fərdi iş təlim materiallarını müstəqil surətdə mənimsəyən və kütləvi tədbirlərdə sərbəst iştirak etməyənlərlə aparılır. Bu isə həm tək-tək şagirdlərlə, həm də qrup halında aparıla bilər.
Sinifdənxaric və məktəbdənkənar tədbirlər müəllimin özünə müsbət təsir edir, müəllimə proqrama ciddi əməl etməklə, şagirdləri maraqlandıran əlavə ədəbiyyat oxutmağı, teatra, kinofilmlərə, tarixi abidələrə, muzeylərə baxmağı məsləhət görməkdə sərbəstlik verir. Eyni zamanda əgər dərsdə bir siniflə iş aparılırsa, burada iş həm bir, həm də bir neçə siniflə, hətta bütün məktəblə aparılır.
Bu tədbirlər həm də şagirdlər üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, şagirdlər sinifdənxaric və məktəbdənkənar tədbirlərin fəal iştirakçısı və yaxud bilavasitə icraçısı olduqlarından tədbir onların nitq mədəniyyətinə qüvvətli təsir göstərir.
Sinifdənxaric tədbirlər şagirdin idarəetmə vərdişlərinin formalaşdırılmasına, elmi dünyagörüşünün genişləndirilməsinə, onda əsl azərbaycanlıya xas olan yüksək mənəvi və əxlaqi keyfiyyətlərin formalaşdırılmasına imkan yaradır. Şagirdin asudə vaxtının səmərəli təşkilini təmin etməklə yanaşı, sinifdə müəyyən fənlərdən verilmiş biliyi dərinləşdirir, şagirdlərin meyl və qabiliyyətini müəyyənləşdirib üzə çıxarır.
Sinifdənxaric tədbirdə şagird müəyyən vəzifəni yerinə yetirmək üçün ona tapşırılan iş üzərində axtarış aparır, bunun üçün o, müstəqil çalışmağa səy edir, bu cəhət şagirdi məsələnin mahiyyətini dərindən dərk etməyə doğru istiqamətləndirir. Şagird daha müstəqil olur, söhbət və mübahisələrə qoşulur və bu iş onun məntiqi təfəkkürünü inkişaf etdirir, nitqini zənginləşdirir.
Sinifdənxaric və məktəbdənkənar tədbirlər məktəbin tədris proqramına daxil deyil, könüllülük prinsipinə əsaslanır və bir növ sinifdə aparılan işlərin davamı olur. Deməli, sinifdənxaric və məktəbdənkənar tədbirlər yalnız öz formasına görə tədris prosesindən fərqlənir, məzmununa görə isə bu proseslə birləşir. Ona görə də biz müəllimlər bu işə ciddi əhəmiyyət verməliyik.
Bəzi müəllimlər sinifdənxaric və məktəbdənkənar tədbirlərə az fikir verir və yaxud çox səthi yanaşırlar. Sinifdənxaric iş planlı və müntəzəm olaraq müəllimlərin iş planında özünə layiqli yer tutmalıdır. Əks təqdirdə hərtərəfli insan tərbiyəsindən söhbət gedə bilməz..
Sinifdənxaric işlərin formaları çox müxtəlif və rəngarəngdir. Lakin yadda saxlamaq lazımdır ki, sinifdənxaric işlərin bu və ya digər formasını seçərkən, mövzuları müəyyənləşdirərkən yerli şəraiti, məktəbin tələbatını, şagirdlərin marağını, yaş və bilik səviyyəsini və bir sıra digər məsələləri mütləq nəzərə almaq lazımdır. Bundan əlavə, sinifdənxaric tədbirlərdə müvəffəqiyyət qazanmaq üçün müəllim hər şeydən əvvəl, könüllülük prinsipinə, şagirdlərin istək və arzularına, dünyagörüşlərinə fikir verməlidir.
Bəzən də şagirdi maraqlandırmayan, onun zövqünü oxşamayan tədbirlərin keçirilməsi dinləyici və tamaşaçı tərəfindən qəbul olunmur. Bir şeyi də nəzərə almaq lazımdır ki, eyni bir şagirdin müxtəlif fənlər üzrə sinifdənxaric işlərlə yüklənməsinə yol vermək olmaz. Belə olan təqdirdə həmin şagirddə keçirilən tədbirə qarşı məhəbbət əvəzinə, nifrət yaranır.
Məktəblilərlə aparılan sinifdənxaric iş formalarından istifadə zamanı aşağıda qeyd olunan amillərin nəzərə alınması təsir qüvvəsinin səmərəsini daha da artırır:
— Bədii mətnlərin oxunması, kitab müzakirələrinin keçirilməsi, əxlaqi söhbətlərin təşkili;
—  Rollu oyunların (“Kosa-kosa”, “Gəldim, qaç”, “Qoduqodu” və s.) təşkili;
— Oyun-səyahətlərin təşkili;
— Bayram tədbirlərinin keçirilməsi (Nov­ruz, Qurban, Ramazan) ;
— Müvafiq soyqırımı və matəm günlərinin qeyd olunması (20 Yanvar Şəhidlər günü, 26 fevral Xocalı faciəsi, 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü və s.);
— Sinif və məktəb fəalları dəstəsinin işinin təşkili (nəzarət, rejim, kitabların təmiri, ictimai-faydalı əmək və s.);
— Müsabiqə və yarışların keçirilməsi;
— Viktorina və gecələrin təşkili;
— Əmək işlərinin yerinə yetirilməsi, əməyin insan həyatında yeri və s. müəyyənləşdirilməsi;
— Kino, televiziya və radio verilişlərindən istifadə;
— Ekskursiya və turizm işlərinin təşkili və s.
Bütün bu sadalanan tərbiyəvi tədbirlər şa­girdlərə başlıca olaraq yurdsevərlik, milli özünüdərk, soykökünə bağlılıq, İslam dəyərləri və Şərq mədəniyyətini əxz etməyi, yüksək milli və bəşəri həqiqətləri aşılayır. Habelə şagirdlərdə bacardıqları səviyyədə intellektual mənəvi fəzilətə rəğbəti, rəzalətə nifrəti, tərbiyədə aşkarlıq və demokratik meyli stimullaşdırır, həyatda, cəmiyyətdə, qarşılıqlı münasibətlərdə normal davranmağın əhəmiyyətini başa salır, istifadə edilən tərbiyə və təlimin harmonik vəhdətindən istifadə edilməsi həqiqətlərini anladır.
Sinifdənxaric şəraiti öyrənmək və şagirdlərin maraqlarını müəyyənləşdirmək yalnız işin ilkin mərhələsidir. Əsas məsələ isə sinifdənxaric işlərin təşkili və buna daha çox şagirdin cəlb olunması və bu işlərin keyfiyyətinin yüksəldilməsidir. Belə ki, məktəblərdə keçirilən müxtəlif fənlər üzrə gecələr, diskussiyalar, görkəmli şəxsiyyətlərlə görüşlər, respublikamızın müxtəlif görməli yerlərinə ekskursiyalar artıq ənənə halını almışdır. Ancaq bu ənənə bəzən mənasız, yadda qalmayan tədbirlərin keçirilməsinə, ona baxanların isə həm vaxt itkisinə, həm də yorulmasına səbəb olur.
Ayrı-ayrı fənlər üzrə sinifdənxaric işlərin və marağa görə məşğələlərin əlaqələndirilməsi, şagirdlərin müxtəlif yaradıcı işləri, referatlar, inşalar, təlimdə geri qalan şagirdlərlə dərsdən sonra əlavə işlərin məzmunu şagird müstəqilliyini istiqamətləndirməyə kömək edir.
Şagirdlərin dərnək, klub, olimpiadalarda, konsertlərdə, elmi cəmiyyətlərdə iştirakı da buna nümunədir.
Biz bir şeyi nəzərə almalıyıq ki, məktəbin şagirdlərlə dərsdən kənar vaxtlarında apardığı tərbiyə işləri də şagirdlərin müstəqilliyə hazırlanmasında çox kömək edir.
Problemin mahiyyəti ondan ibarətdir ki, əgər müasir məktəb həqiqətən də yetişməkdə olan nəslin keyfiyyətli təhsilini təmin etmək istəyirsə, öz  fəaliyyətinin təhsilin tamlığına əsaslanan, ənənəvi modeldən fərqli bir funksional model üzərində qurulmasına nail olmalıdır.
Bu o deməkdir ki, ilk dəfə olaraq baza və əlavə təhsil bərabərhüquqlu, bir-birini qarşılıqlı tamamlayan komponentlərə çevrilir. Hər bir uşağın şəxsiyyətinin inkişafı üçün zəruri olan belə bir mühitdə məktəbdə şagirdlərin birtərəfli inkişafına, nəhayət, son qoyulur və onların cəmiyyətdə uğurla adaptasiyasına şərait yaranar.
Əlbəttə, məktəbin şagirdlərin minimal dövlət standartları üzrə hazırlığını çətinliklə təmin etdiyi, kəskin maliyyə çatışmazlığı şəraitində bu problemin qaldırılması bir qədər paradoksal səslənə bilər.
Müasir məktəbin düşdüyü çətin şərait hamıya yaxşı məlumdur. Onların əksəriyyətinin texniki bazası müasir tələbləri ödəmir. Lakin unutmaq olmaz ki, son illərdə təlim-tərbiyə sahəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bir sıra səmərəli işlər görülmüşdür.Təhsil Nazirliyi tərəfindən tərbiyə işinin müxtəlif istiqamətlərini əhatə edən bir çox nazirlik, idarə və təşkilatların cəlb olunduqları tədbirlər, seminarlar, konfranslar və müşavirələr keçirilmiş və keçirilməkdədir.
Əsas təhsildən yayınan yeniyetmə və gənclər arasında zərərli vərdişlərin - siqaret çəkmə, içkiyə meyl, narkomaniya və cinayətkarlıq hallarının aradan qaldırılmasına qarşı profilaktik tədbirlər həyata keçirilir. Bunun üçün müxtəlif adamlarla, valideynlərlə, idarə və təşkilatlarla əlaqə yaratmalı, təbliğat işləri gücləndirilməlidir.
Söylənilən müddəalara əsaslanıb təklif etmək istərdim ki, bu tədbirlər ya bütünlüklə metodbirləşmələrə, ya da məktəbdə fəaliyyət göstərən müxtəlif dərnək və maraq məşğələlərinə həvalə edilsin. Tədris ili ərzində hər bir dərnək və maraq məşğələlərinin qoyduğu tədbirlər hesabat xarakterli olsun. Mənə elə gəlir ki, belə tədbirlər daha keyfiyyətli olar və uzun müddət yaddaşlardan silinməz.
Beləliklə, tədris fəaliyyətində sinifdənxaric işlər və məktəbdənkənar tədbirlərin bu tərzdə əlaqələndirilməsi hər bir şagirdin fərdi qabiliyyətini, bacarıq və istedadını əhəmiyyətli dərəcədə inkişaf etdirir, yaradıcılıq potensialını artırır, elmi dünyagörüşü və fəal həyat mövqeyini məqsədyönlü şəkildə formalaşdırır.


Tarix: 17-07-2020, 16:21

Xəbəri paylaş